MÜASİR AZƏRBAYCAN ROMANI

VAQİF YUSİFLİ
50351 | 2015-01-17 11:34
(icmal)

(Əvvəli ötən şənbə saylarımızda)


Bu gün Azərbaycan oxucusu böyük səbirsizliklə ədəbi hadisə ola biləcək romanlar həsrətindədir. Olsun ki, bu romanlar yazılır və tezliklə oxucu o romanları ya "Azərbaycan" jurnalı səhifələrində, ya da kitab halında oxuyub feyziyab olacaqlar. Ancaq o romanlar hələ ki, ortada yoxdur. Amma oxumağa, mütaliə etməyə qalsa, öncə qeyd etdiyimiz kimi, son iyirmi ildə yaranan 100-dən artıq romanımız var və bu romanların içərisində oxucuların maraqla qarşıladığı nümunələr heç də az deyil.
Təbii ki, oxucuların da bədii-estetik zövqü və maraq dairəsi eyni deyil.
Bir qisim oxucu yalnız tarixi romanlarla maraqlanır, onları böyük şəxsiyyətlərin həyatı, mübarizəsi əks olunan əsərlər özünə cəlb edir.
Bir qisim oxucu isə müasir gerçəkliyi, cəmiyyət həyatında baş verən sosial-mənəvi prosesləri, ictimai-siyasi olayları, bugünkü reallıqları və Qarabağ hadisələrinin romanlarda əksini izləmək istəyir.
Bir qisim oxucular da ancaq detektiv romanların aludəçiləridir, onlar üçün çətinlik yox, Çingiz Abdullayevin romanları yetər ki, o oxucular "susuzluqlarını" yatırsınlar.
Bir də romanlarda ancaq sevgi macəralarını izləyən var.
Bir də dini mövzuda yazılan romanları həvəslə mütaliə edən oxucular.g
Və bir də avtobioqrafik romanlara həvəslilər...
Bu "birdələrin" sayını yenə artıra bilərik. Ancaq professional oxucu qismi də var ki, onlar, mövzusundan asılı olmayaraq bədii-estetik səviyyəsi, yüksək sənətkarlığı ilə seçilən ROMANlar oxuyur.
Bu "oxucu - roman" bölgüsünü bir kənara qoyaq, görək 100-dən artıq romanlarımız nədən bəhs edir? Buyurun, bu təsnifatı izləyin:
Tarixi romanlar: İlk növbədə, bu janrın ustaları sayılan Əzizə Cəfərzadənin və Fərman Kərimzadənin romanlarını xatırlamalıyıq. Azərbaycan tarixi romanının inkişafında onların hər biri böyük rol oynamışdır. Əzizə xanım 16, Fərman Kərimzadə isə 5 tarixi romanın müəllifidirlər.
"Gülüstandan öncə", "Eldən elə", "Bir səsin faciəsi", "Zərrintac-Tahirə", "İşığa doğru", "Rübabə Sultanım", "Xəzərin göz yaşları" tarixi romanlarında Əzizə Cəfərzadə Azərbaycan tarixinin çox az müraciət olunan hadisə və olaylarına, diqqətdən kənarda qalan şəxsiyyətlərinə üz tuturdu.
Fərman Kərimzadənin "Qoca qartalın ölümü" və "Təbriz namusu" romanları "Xudafərin körpüsü", "Çaldıran döyüşü", "Qarlı aşırım" əsərləri qədər şöhrət qazanmasa da, tarixə yeni, müasir bir baxışın ifadəsi kimi maraqlıydı. Sağ qalsaydı, Fərman Kərimzadə müasir tarixi romanımızın yeni, parlaq nümunələrini yarada bilərdi. Heyf ki, o, AXIRINCI AŞIRIMDAN-ÖLÜM SƏDDİNDƏN keçə bilmədi.
"Son iyirmi ildə Xalq şairi Sabir Rüstəmxanlı özünü tarixi roman janrında sınamış və "Göy Tanrı", "Xətai yurdu", "Difai fədailəri", "Ölüm zirvəsi" romanlarını qələmə almışdır. Bu əsərlər Azərbaycan tarixinin bir sıra qaranlıq, işıqlandırılmamış səhifələrini əks etdirir.
Çingiz Hüseynov iki kitabdan ibarət "Doktor N" (rus dilində) romanını çap etdirmişdir. Roman görkəmli ədib, böyük ictimai xadim Nəriman Nərimanovun həyatına, keşməkeşli ömür yoluna həsr edilmişdir.
Qumral Sadıqzadənin "Son mənzili Xəzər oldu" və "Mənim nakam qardaşım" sənədli romanları da tarixi səpgidə qələmə alınmışdır. Birinci roman müəllifin öz atası Seyid Hüseynə, ikinci roman isə qardaşı Cığatayın faciəli ömür yoluna həsr edilib.
Tarixi xronika da bu janrın işlək növüdür. Bu sahədə iki yazıçı - Elçin Hüseynbəyli və Yunis Oğuz daha fəaldırlar.
Elçin Hüseynbəyli "Don Juan", "Şah Abbas" romanlarını məhz bu üslubda qələmə alıb. Amma təbii ki, onun romanlarında sənəd, məxəz həqiqəti ilə bir sırada bədii təxəyyül də mühüm rol oynayır.
Nəriman Əbdülrəhmanlının "Könül savaşı" romanı da Azərbaycan Don-Juanına həsr olunub.
Yunis Oğuzun "Nadir şah", "Təhmasib", "Əmir Teymur" romanları da tarixi həqiqətləri əks etdirir və hiss olunur ki, müəllif bu əsərləri qələmə almaq üçün çoxlu kitablar oxumuşdur.
Tarixi xronikanın daha bir nümunəsini Hüseynbala Mirələmov yaratmışdır - "Nadir şah". İki "Nadir şah" ancaq yazıçıların fərdi manerası ilə seçilir.
"Xallı gürzə" tarixi romanı ilə oxucuların rəğbətini qazanmış Mustafa Çəmənli bu janrda bir daha qələmini sınamış, "Ölüm mələyi" romanını çap etdirmişdir. Bu roman Azərbaycan tarixinin çox mürəkkəb və ziddiyyətli bir dövrünü - I Şah Təhmasibin 54 illik, II Şah İsmayılın isə qısamüddətli şahlıq illərini əks etdirir.
Mərhum şair Davud Nəsib də bu janrda iki hissəli "Cavanşir" romanını yazmış, Azərbaycan tarixinin nisbətən az müraciət olunan bir dövrünün ictimai-siyasi mənzərəsini, Cavanşirin hakimiyyət illərini və ölümünü təsvir etmişdir.
Akif Əlinin "Azman" romanı Babək hərəkatı haqqındadır və müəllif mümkün qədər çalışıb ki, tarixi mənbələrdən məlum olan hadisələri müasir "gözlə" oxuya bilsin.
Elbəyi Cəlaloğlunun "Eşq dənizləri qovuşanda" romanı böyük sufi Şəms Təbrizinin həyatından bəhs edir və deyək ki, əsasən məlumat - roman səpgisindədir.
Bu xüsusda mülahizələrimizə yekun vurub deyə bilərik ki, son iyirmi ilin nəsri bir sıra maraqlı tarixi romanlarla diqqəti cəlb etsə də, hələ ki, "Dəli Kür", "Pərvanə", "Qarlı aşırım", "Fətəli fəthi", "Mahmud və Məryəm" səviyyəsində elə bir tarixi romanımız yaranmayıb.
Müasir gerçəkliyi, yaşadığımız dövrü əks etdirən romanlar. Bu bölgüdə birinci sırada Qarabağ mövzusunu qeyd etməliyik.
Əvvəlcə belə bir faktı xatırladaq:
L.Tolstoyun "Hərb və sülh" romanı 1812-ci il Rusiya-Fransa müharibəsindən 50-60 il sonra qələmə alınıb, Remark "Qərb cəbhəsində təbəddülat yoxdur" romanını Birinci Cahan müharibəsinin qurtarmasından düz on il sonra, 1929-cu ildə nəşr etmişdir. Deyirlər ki, müharibə çox bəşəri və qlobal bir hadisədir, bu hadisənin isti-isti yazıya köçürülməsi böyük sənət əsərlərinin yarsanmasına gətirib çıxarmayacaq. Əlbəttə, bu fikirdə müəyyən həqiqət olsa da, başqa bir əks-fikir də var. Deyə bilərik ki, elə L.Tolstoyun özü 1854-1855-ci illərdə Krım müharibəsində iştirak etmiş, müharibə gedə-gedə məşhur "Sevastopol hekayələri"ni yazmışdır. Yaxud E.Heminquey İspaniyadakı Vətəndaş Müharibəsində şəxsən iştirak etmiş, 1936-1940-cı illər arasında bu mövzuda bir çox hekayələr yazmış, müharibədən az sonra "Əcəl zəngi" romanını bitirmişdi. Heminquey sanki qabaqcadan hiss edirdi ki, qarşıdan daha böyük bir TAUN-faşizm gəlir və yazmışdı ki "İspaniya müharibəsindən sonra mən dərhal yazmalıydım, çünki bilirdim ki, növbəti müharibə surətlə irəliləyir və hiss edirdim ki, vaxt az qalıb".
Deməli, müharibə ilə bağlı bu iki fikir bir-birinə tam ziddir, amma hər ikisində həqiqət var. Ümumiyyətlə, hər iki fikri bir kənara qoyub üzümüzü çağdaş nasirlərimizin müharibə ilə bağlı yazdıqları romanlara tutaq (Bu mövzuda saysız-hesabsız şeirlər, poemalar, publisistik əsərlər, hekayələr, povestlər də yazıldığını unutmuruq) Təəssüf ki, Qarabağ mövzusunda yazılan romanları yalnız barmaqla saymaq olar (Münaqişənin başlanmasından isə iyirmi altı il keçir).
Sabir Əhmədlinin "Axirət sevdası", Aqil Abbasın "Dolu", Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə", Kamil Əfsəroğlunun "Çadır", Zümrüd Yağmurun "Yağış qadın", Nurəddin Ədiloğlunun "Qara sarmaşıq" romanları bu və ya digər dərəcədə Qarabağda baş verən müharibədən, bu müharibədə iştirak edən döyüşçülərin, komandirlərin, müharibəyə nifrət edən və bundan əzab çəkən insanların taleyindən söz açır. Aqil Abbasın əsərini sırf MÜHARİBƏ ROMANI adlandırmaq olar. Burada döyüş səhnələri ilə yanaşı, bu müharibəyə münasibətdə bir-birinə əks mövqedə dayanan insanların psixologiyası və təbii ki, qanlı savaşların törətdiyi maddi və mənəvi itkilərdən söz gedir. Aqil Abbasın canlı, dəqiq təsvirləri göstərir ki, o, bu müharibəni təkcə yazıçı və jurnalist kimi müşahidə etməmiş, elə müharibənin içində olmuşdur. Nizami Cəfərovun belə bir fikri ilə tamamilə şərikik: "Ümumiyyətlə, Qarabağ müharibəsi ilə bağlı bu günə qədər oxuduğum və say etibarilə də çox olmayan əsərlərin içərisində mən "Dolu" romanı qədər həqiqətən dolu və əhatəli əsər oxumamışam. Mənim zənnimcə, bu, ilk növbədə onunla bağlıdır ki, Aqil Abbas ümumiyyətlə Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri var".
H.Mirələmovun romanında isə döyüş səhnələri azdır, müharibə daha çox insanların daxilində gedir. Romanda milli xarakter kimi Süleyman və Bəy Kamran obrazlarının məharətlə işlənməsini yalnız təqdir etmək olar.
Sabir Əhmədlinin "Axirət sevdası"nda isə müharibənin insan qəlbinə vurduğu yara, oğul itkisini yaşayan, sarsılan Atanın-Sabir Əhmədlinin dərin daxili-psixoloji düşüncələri öz əksini tapır. Müharibə, qanlı savaş bir insan ürəyində əks-səda tapır və bu roman öz bədii mükəmməlliyilə Sabir Əhmədlinin ən uğurlu əsərləri ilə ("Yamacda nişanə", "Qanköçürmə stansiyası", "Dünyanın arşını", "Yaşıl teatr") bir sırada duyur.
Kamil Əfsəroğlunun "Çadır" romanı da müvəffəqiyyətlidir. Hiss olunur ki, müəllif müharibə dövrü insanlarını, onların çəkdiyi əzabları yaxşı duyur. "Çadır" sözü keçən əsrin 90-cı illərindən başlayaraq bizim leksikonda daha çox işlənməyə başladı və evindən-eşiyindən köçkün düşən yurddaşlarımızın sığınacağı olan bu çadırlar ədəbiyyata da ayaq açdı (Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestini, Mətləb Misirin "Çadır rəngləri" silsilə şeirləri xatırlayın)... Çadır həqiqətləri haqqında ilk romanı isə Kamil Əfsəroğlu yazdı. Romanı oxuyuruq və xırım-xırda qüsurlarına baxmayaraq, həyatın acılıqlarını, soydaşlarımızın qaçqın-köçkün məişətini, yanğısı tükənməyən yurd həsrətini, başlarına gələn müsibətləri dərindən hiss edir, özümüzü də o çadırlarda görürük.

(ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV