adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

ZƏLİMXANIN POEZİYA ALƏMİNƏ SƏYAHƏT

QƏZƏNFƏR PAŞAYEV
25956 | 2015-01-17 09:18
Tədqiqatçı monoqrafiyasında Zəlimxan Yaqubun saza-sözə, aşıq sənətinə münasibətini şairdən sitatla tamamlayır və hər şey aydın olur: "Saz mənim üçün Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır". Şair öz məramını poeziya dili ilə belə çatdırır:

Sən varsan, həyatda mən varam demək,
Səsimi hər yana yetir, ay sazım.

Və ya:

Qalxıb şəhər könlüm, meyli kəndədi,
Xəyalım yaylaqda, göy çəməndədi.
Özüm Göyçədə yox, Göyçə məndədi,
Hər yeri gəzməyə ömür də çatmaz,
Yaxşı ki, sən varsan, ay sədəfli saz.

Ədəbiyyatşünas alim Azər Turan şairin poemalarından danışarkən həqiqətdən söz açan fikir söyləyir: "Etiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müstəvisində Bəxtiyar Vahabzadənin "Muğam" poeması hansı işi görübsə, Zəlimxan Yaqubun "Saz" poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb".
Dahi Ü.Hacıbəyli yazırdı ki, aşıq sənəti elə bir aləmdir ki, burada bəstəkarın da, şairin də, xanəndənin də, rəqqasın da istənilən qədər götürə biləcəyi pay vardır. Mənə belə gəlir ki, şairlərimiz arasında aşıq sənətindən, aşıq yaradıcılığından Xalq şairi Zəlimxan Yaqub qədər pay götürən, bu sənət aləmi ilə üzvi surətdə bağlı olan ikinci bir adlı-sanlı şairimiz yoxdur. Burada bir məsələdən də söz açmaq yerinə düşərdi. Akademik Mirzə İbrahimov yazır: "Aşıq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, bir tərəfdən xalq yaradıcılığına bağlıdır, o biri tərəfdən yazılı ədəbiyyata. Həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Onun kökləri, rişələri folklordan su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır".
Tam əminliklə deyə bilərik ki, aşıq poeziyasına məxsus keçidin daimi olmasında, xalq yazıçısının söhbət açdığı körpünün daha möhtəşəm olmasında, ədəbiyyata qovuşmasında Zəlimxan Yaqub qədər xidmətləri olan başqa bir çağdaş şairimiz də yoxdur. Məhz buna görə də şairin çağdaş ədəbiyyatımızın, aşıq yaradıcılığının və folklorun qovşağında bərqərar olması təəccüb doğurmur.
Onu da demək vacibdir ki, Zəlimxan Yaqub görkəmli aşıq Hüseyn Saraçlının itkisindən təsirlənərək "Aşıq Hüseyn Saraçlı" dastanını yazmış və Xalq yazıçısı Elçinin doğru olaraq qeyd etdiyi kimi, yazılı ədəbiyyatımıza dastan janrını gətirmişdir.
"Böyüklərin qədrini ancaq böyüklər bilər"

Bu bölüm də çox maraqla oxunur. Həqiqət budur ki, Zəlimxan Yaqubun dediyi kimi, hər bir qələm sahibinin xatirə yazmaq dövrü və xatirəyə çevrilmək məqamları var. Zəlimxan Yaqubun görkəmli şəxsiyyətlər, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət adamları haqqında təkrarsız məqalələri, xatirələri vardır. Lakin Zəlimxan Yaqub Zəlimxan olmazdı, əgər bu şəxsiyyətlərə şeirlər, poemalar həsr etməsəydi.
Şair Məhəmməd Əmin Rəsulzadəyə, Səməd Vurğuna, Mikayıl Müşfiqə, İlyas Əfəndiyevə, İsa Muğannaya, Hüseyn Arifə, Məmməd Araza, Tofiq Bayrama, Musa Yaquba, Cavad Heyətə, Mikayıl Mirzəyə və bir çox başqalarına şeirlər həsr edib. İsa Muğannaya "Ün", Turan Cavidə "Cavidin qız balası", Xudu Məmmədova "İnsan" poemalarını ithaf edib. Bir çox yazıçı və şairlərimiz, ictimai xadimlər haqqında xatirə məqalələri yazıb. Bütün deyilənlər barədə monoqrafiyada müfəssəl danışılıb.
Monoqrafiyada Xalq şairinin Ulu öndərimizə həsr etdiyi irihəcmli "Əbədiyyət dastanı" poemasından da bəhs edilir. Bu, təbiidir. Zəlimxan Yaqubun göz yaşları ilə yazdığı bu möhtəşəm "Əbədiyyət dastanı" Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində əbədilik qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevə kədər dağının zirvəsindən oxunan elegiyadır.
"Əbədiyyət dastanı" ali kədər və ali sevgidən yaranıb.

Mən belə ağlamışam,
qanlı fələk ilk dəfə
Ürəyimi qıranda.
Yetim qalıb, atamı
torpağa tapşıranda.

Ali kədər zirvəsində dayanan şair onun ümümxalq kədəri olduğunu dərindən dərk etmiş, bu kədərin və bu sevginin sonsuzluğunu inanılmaz ürək çırpıntıları ilə vəsf etmişdir. Şairin "Əbədiyyət dastanı" poemasına yazdığı giriş məqaləsi də ümummilli liderimizə həsr olunan məntiqi fikirlərlə zəngindir: "Ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan, qapımızı qəfil döyən qara xəbər hamı kimi məni də dərindən-dərinə sarsıtdı. Bu sarsıntılar içində əlimə nə vaxt qələm aldığımdan heç özümün də xəbərim olmadı. O vaxt özümə gəldim ki, artıq sonuncu misranı yazıb, son hissəni tamamlamışam".
Bu deyilənləri ölməz "Əbədiyyət dastanı" poemasının son misraları da təsdiqləyir:

Həsrətini çəkəcəyəm illər boyu,
Kövrək qəlbim oyum-oyum oyulacaq.
Eşqin ilə yaratdığm bu dastanın
Son nöqtəsi mən öləndə qoyulacaq.

"Şair bu dünyanı boşuna gəzməz"

Musa Nəbioğlu bu bölümü də ilhamla işləmişdir. O, yazır: "İnsan ömrünün böyük bir hissəsini yollarda, səfərlərdə keçirir. Əslində, bütün həyatımız bir səfərə bənzəyir. İnsan doğulduğu gündən onu axirətə aparan bir yolun yolçusuna çevrilir. Və bu böyük yolun hər dayanacağı, hər tini, hər döngəsi, enişi, yoxuşu insana çox şey öyrədir, dünyagörüşünü zənginləşdirir, həyat təcrübəsini artırır".
Həqiqətən də, yollar, səfərlər çox vaxt əzablı olsalar da, barlı-bəhrəli olurlar. Bunu biz Zəlimxan Yaqubun dəfələrlə səfərlərdən necə barlı-bəhrəli döndüyünün şahidi olaraq da görmüşük. Mənim qənaətimə görə, çağdaş poeziyamızda Zəlimxan Yaqub qədər rəsmi və qeyri-rəsmi səfərlərdə olan ikinci bir şair tapmaq çətindir. O, bütün Türk ellərini, Avropa, Asiya, Afrika qitələrini gəzib, Vətənə bol-bol ədəbi materiallarla, şeirlərlə, poemalarla dönüb. Onun hər səfəri bir kitaba çevrilib. Tədqiqatçı M.Nəbioğlu "Şair bu dünyanı boşuna gəzməz" bölümündə söz açdıqlarımızdan hərtərəfli danışıb, həqiqəti şairin misralarında tapıb:

Şair bu dünyanı boşuna gəzməz,
Hər səfər bir tarix, bir kitab olar.

Şair səfərləri zamanı Vətən-qürbət məsələsini də ortaya qoyub:

Elə gəzməyə də Vətən torpağı,
Elə ölməyə də Vətən yaxşıdı

- qənaətinə gəlib.


"Təbiət Allahın şah əsəridi"

Bu bölümdə tədqiqatçı Zəlimxan Yaqubu təbiətlə təmasda, təbiətlə vəhdətdə araşdırır. Hüseyn Arifdən sonra təbiət vurğunu olan, təbiətin qoynunda dinclik tapan şairimiz Zəlimxandır. Təbiətdən böyük ziyarət olmaz - deyən şair təbiəti ilham mənbəyi, şeir qaynağı, poeziya bulağı, müqəddəslik beşiyi adlandırır.
Musa Nəbioğlu şairin təbiəti vəsf edən, ilhamla yazılmış şeirlərini eyni ilhamla tədqiq edir. Ən uğurlu şeirlərə məhəbbətini, vurğunluğunu gizlətmir. Zəlimxanın təbiəti dərindən duyduğunu xüsusi vurğulayır:

Ən böyük hikməti təbiətdə gəz,
Olsa da yolları dolaşıq, çətin.
Yüz il yaşasan da, sirrini verməz,
Dilini bilməsən sən təbiətin!
Təbiətin dilini bilmək üçün gərək Zəlimxan kimi onun vurğunu olasan, təbiəti bütün vücudunla sevəsən, onun qoynunda boy atasan. Şair 13 cildlik külliyyatının birinci cildinə yazdığı ön sözdə təbiətlə bağlı göstərir ki, gözündən su içdiyi bulaqlar ona aşıqlıq, şairlik bəxş edib. Həmin bulaqlar onu hallı-havalı çaylara, çaylar da sahilsiz ümmana - söz, ruh, təfəkkür ümmanına qovuşdurub:

Qəlbimi riqqətə gətirməsəydi,
Ana təbiətin yaratdıqları,
Mən hardan bilərdim şairlik nədir

- deyərək hər şeyin başlanğıcını Yaradanla Ana təbiətin vəhdətində görür.

"Allahın sözünü sevənlər yazır"

Nəbioğlunun əsərinin bu bölümü də böyük ilham, şairin yaradıcılığına dərin məhəbbətlə yazılıb. Sevgiyə nökərəm, sevgidi şahım - deyən Zəlimxan bütün yaradıcılığı boyu bir gün də sevgisiz yaşamayıb. Tədqiqatçının doğru olaraq göstərdiyi kimi, Zəlimxanın şeirini oxuyan oxucu altında imzası olmasa belə şeirin kimə məxsus olduğunu müəyyənləşdirə bilər. Şairin şeirlərində diqqəti çəkən mühüm cəhət vardır. Şair sevənləri ismətli olmağa, sevgiyə müqəddəs, ülvi məhəbbət kimi baxmağa çağırır. Şair üçün sevgi inamdı, ümiddi, həyatdı, dindi, imandı. Sevgi dağın Allah heç kimə göstərməsin - deyə dua edir. Sevən ürək saf, təmiz, pak, kindən-küdurətdən uzaq olar. Sevənlərin mərd olduğu qənaətinə gəlir. Sevən adamın gözündə cəhənnəmə bənzər bir yer də dönüb laləzar olur. Şair etiraf edir: "Mənim bircə dinim var, dinimin adı sevgi". Şair gözəllik qarşısında heyrətdən lal olur. Musa Nəbioğlunun qənaəti də maraqlıdır. "Zəlimxan Yaqub üçün gözəllik başdan-başa ilhamdı, düşüncədi". Şairin sevgiyə həsr etdiyi şeirlərin sayı-hesabı yoxdur. Onları əzbər bilər insanların, xüsusən də gənclərin də sayı hesaba gəlməz. Necə ki, sevənlər var, sevilənlər var, şairin şeirləri unudulmayacaq, nəsildən nəslə keçəcək, könüllərdə yaşayacaq - deyən tədqiqatçı haqlıdır.

"Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam"

Tədqiqatçı bu bölümdə Vətən və vətənpərvərlik mövzusunda qələmə aldığı poeziya nümunələrini araşdırır. Akademik Budaq Budaqovdan misal gətirir və göstərir ki, Zəlimxan Yaqub bir vətənpərvər şair kimi qanı canına hopdurulmuş ana torpağın yetişdirdiyi vətənə layiq oğullarımızdandır. Şair doğru deyir: "Sənin eşqin, sənin odun olmasa, şair qəlbi alovlanmaz, ey Vətən". Bu isə tədqiqatçının qənaətidir: Zəlimxanın hər şeirindən Vətən ətri gəlir, el-obanın, yurd-yuvanın istisi, sazımızın nəfəsi, dilimizin şirinliyi duyulur.

(əvvəli 9-cu səhifədə)

Şair ölkəmizin cənnət guşələrinin əsrarəngiz gözəlliyini tərənnüm etməkdən doymur:

Nə həddi var əfsanəvi cənnətin,
Azərbaycan torpağına bənzəyə.

Vətəni, eli-obanı, müqəddəs torpaqlarımızı bundan gözəl tərənnüm etməkmi olar? Bu, Nəbioğlunun göstərdiyi kimi, bütün sevgilərdən baş olan Vətən sevgisi, torpaq sevgisi, tarix və yaddaş sevgisidir.


Bu dünya əbədi dirilərindi

Musa Nəbioğlunun "Sözün Zəlimxan zirvəsi" əsərinin bu bölümündə fani dünya, insan, zaman haqqında şairin şeirləri, fikirləri tədqiqat süzgəcindən keçirilir. Nə yaxşı ki, araşdırıcı şairin son vaxtlar yazdığı şeirləri bu son bölümdə nəzərdən keçirir. Artıq müəyyən yaşa dolmuş şairin düşüncəsində, fikrində, təfəkküründə baş verən dəyişiklik, mübtəla olduğu xəstəlik ilə bağlı bəzən ümidsizliyə qapılması, həyat həqiqətlərini dərindən dərk etməsi bu şeirlərində əksini tapır. Lakin şair ümidini üzmür:

Bircə təsəllim var, eşqim ürəkdən,
Adım yaddaşlardan silinməyəcək.

Musa Nəbioğlu söhbət açdıqlarımızı dərindən duymuş və yazmışdır ki, insan-dünya, həyat-ölüm bütün dövlərdə ədəbiyyatın əsas mövzularından olmuşdur. Elə şair tapmaq çətindir ki, bu dünyanın gərdişinə şeir həsr etməmiş olsun. Bu baxımdan Zəlimxan Yaqubun yaradıcılığı da istisna deyil. Dünyanın gərdişinə, həyat fəlsəfəsinə, insanın bu dünyadakı və axirətdəki aqibətinə həsr etdiyi şeirlərində şairin özünəməxsus müdrik yanaşması diqqəti cəlb edir.
Tədqiqatçı fikirlərində haqlıdır. Lakin unutmaq olmaz ki, Zəlimxanın sağlamlıq durumu ona dünyaya başqa gözlə baxmaq, dünyanı daha yaxşı dərk etmək imkanı verib:

Ürək səsdə, təlaşda,
Baş fikirlər içində.
İnsan çox düşünsə də,
Qalır sirlər içində.

***

Bilmək olmur zamanı,
Bilmək olmur həyatı

- deyir.

Və ya:

Hamı bu dünyanındır,
Dünya heç kəsin deyil.
Bu iki misalda şair həqiqəti bəyan edir.
Qəbiristana gedən yolda düşüncələrə dalan, adamları fağır, addımları ağır görən şair deyir ki, cığırları nəmli olan bu yolda giriş var, çıxış yoxdur. Bu, Musa Nəbioğlunun doğru qənaətidir. Bu isə şairin həqiqətindən bəhs edən sətirləridir:

Ah qalxır, aha qovuşur,
Ağı segaha qovuşur.
İnsan Allaha qovuşur,
Qəbiristana gedən yolda.

Burada bədbinliklə həqiqət tam açıqlığı ilə çulğaşır. Bununla belə, şairin arzuları tükənmir. Şair zamana sığmayan, yazıb-yaratmaq eşqilə döyünən ürəyindəkiləri boşaltmaq, bütün arzularını həyata keçirmək üçün Yaradandan möhlət istəyir:

Qapısını öz əlimlə döyərəm,
Əzrailə xoş gəlmisən deyərəm.
Nəfəsimi gülə-gülə verərəm,
Aman ölüm, mən dediyim vaxtda gəl

- deyir.

Allah Zəlimxan Yaquba poeziyamızın naminə uzun ömür versin. Dünyanın keşməkeşlərini dərindən duyan şair oxuyanda göz yaşlarımı saxlaya bilmədiyim, məni haldan-hala salan şeirini də yazıb:

Bildiyim bircə şey var:
Bir ustanın əliylə,
Naxış-naxış qazılmış,
Məzarımın üstündə,
Başdaşıma yazılmış,
Belə bir bənd olacaq:
Yer üzündə bəndənin,
Göy üzündə Allahın,
Qədrini bildi, getdi.
İşıq ömrü yaşadı,
Sevdi-sevildi, getdi.

Bu misralar yadıma sevimli şairimiz Səməd Vurğunun misralarını saldı:

Şirin bir xatirədək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Zəlimxan xoşbəxt şairdir. O, bu dünyada o dünyalığını da qazanıb. Sevərək yaşayan, ümumxalq məhəbbəti qazanan, sevilən şair əbədilik qazanıb. Və nəhayət onu da deyim ki, Musa Nəbioğlu bütün əsər boyu şairin poeziyasından dərin məhəbbətlə söz açmış, ortaya şairə layiq bir əsər qoymuşdur. Bizə qalırsa, tədqiqatçının "Sözün Zəlimxan zirvəsi" əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqub poeziya aləminə uğurlu səyahətdir.

TƏQVİM / ARXİV