MƏLƏKLƏR DUYMASIN

ƏBÜLFƏT MƏDƏTOĞLU
64698 | 2015-01-17 11:57
Bir qəribə film var. Mən onu hər dəfə seyr edəndə nostalji hisslər yaşayıram. Yəqin siz də baxmısınız o filmə, adı da maraqlıdı. Deyim, daha doğrusu yazım, bəlkə xatırladınız: "Alma almaya bənzər".
Bu filmdə milli mentalitetdən gələn, koloritimizi göstərən kifayət qədər məqamlar var. Mən o məqamların heç birindən söz açmayacam. Sadəcə, bənzəyişdən, bənzəmələrdən danışacam. Özü də o bənzəyişdən ki, adamı bəzən çaş-baş salır...
Yəqin sizlər də qarşılaşmısınız. Mən isə hətta canlı şahidiyəm. Oxuduğum orta məktəbdə iki bacı təhsil alırdı. İkisi də bir sinifdə, özü də əkiz idilər. Bir-birlərindən heç kim, müəllimlər də fərqləndirə bilmirdi bu əkizləri. Lap sonda, yəni orta məktəbi bitirəndən sonra məlum oldu ki, sən demə qızlardan biri daha yaxşı oxuduğundan bacısının əvəzinə də həmişə o suallara cavab verib, o imtahanlara giribdi. Və həmişə də bu iki bacı yaxşı oxuyanlar kimi digərlərinə, yəni bizlərə nümunə göstərilirdi. Deməli, bu Allahın yaratdığı bənzəyiş, yəni bir almanın digərinə bənzəməsi kimi bir şey idi. Təbii ki, coğrafi ərazilər də insanlar kimi bir-birinə bənzəyir. Mən həyatımda bir-birinə bənzəyən yerlərə çox az rast gəlmişəm, xüsusilə Azərbaycan coğrafiyasında.
Müstəqillik əldə etdiyimiz tarixdən bu günə qədər iki dəfə sərhəddi keçmək, ölkə hüdudlarından kənara çıxmaq mənə nəsib olub. Və ikinci səfərimdə mən qarşılaşdığım mənzərələr önündə susub lal qaldım. İnana bilmədim ki, doğulduğum bölgədən, gəzib gördüyüm yerlərdən uzaq düşmüşəm. Çünki burda hər şey, hər bir ağac, hər bir dağ, hər bir çeşmə Qarabağı, Kəlbəcəri, Laçını, gəzib dolaşdığım, gördüyüm yerləri mənə xatırladırdı.
Elə bilirdim ki, Ağdərə yolu ilə Kəlbəcərə gedirəm... elə bilirdim ki, Cıdır düzünün ayağından axan çay boyunca üzü dağlara tərəf gedirəm...
Və boylanıb baxıram ki, görüm Cıdır düzündən bu mənzərəni seyr edənlərdən kimisə görəcəmmi... Amma neyləyim ki, bütün bunlar bənzəyiş idi. Mən Trabzonda Uzungöl boyunca, Yaşıl Vadi boyunca gəzib dolaşanda məhz Qarabağı ziyarət elədim, məhz Qarabağı gördüm və necə ağladığımı yəqin ki, söyləmək artıqdı. Çünki içimə axan göz yaşlaramı ancaq Allah görürdü və bir də mənim sonradan kağıza köçürdüyüm misralarda o yaşantıları ifadə etməyə cəhd göstərdim. Kimsə, nə vaxtsa o misraları oxusa, yəqin ki, həmin duyğulara qiymət verə biləcəkdi...
Hə, həyat boyu hər şeyin gözəlinə, hər şeyin yaxşısına can atan bütün insanlar kimi mən də şahidi olduğum, seyr etdiyim o gözəlliyin içərisində təkrar-təkrar nəyi, haranı itirdiyimin fərqinə vardım... Təkrar-təkrar Şuşanın, Qarabağın, Kəlbəcərin dəyərini, möcüzəsini, əzəmətini, bir sözlə, qeyri-adiliyini yaşadım mən orda. Əslində yaşamadım, əslində onlar üçün topsuz-tüfəngsiz, xəncər-bıçaqsız ölüb dirildim.
Və bu ölüb-dirilmə prosesində bircə ümid yerim var idi, o da güvəndiyim böyük Yaradan, böyük Allahım idi. Məni heç vaxt darda qoymayan Allahımın etdiyim duaları eşidib məni mütləq o yerlərə qaytaracağına, bənzərini gördüyüm bu yerləri gözlərimdə o yerlərə köçürəcəyimə imkan vercəyinə, yol açacağına inanıram. Çünki mənim Allahım ədalətin, haqqın Allahıdı!
Hə, deməli, yaşadığım o hisslərin içərisində məni təsəlli hisslərinə bürüyən bir məqam da var idi. O da içimdə olanların, içimdə yaşayan insanların çevrəmdə dayananların məni az-çox duymaları, məni başa düşmələri və duyğularıma qiymət vermələr idi. Məhz onlara görə, məhz sənə görə həmin duyğuları şeirə çevirdim.

Kirpiyimi suvarır
duman mənim, çən mənim
Göyərən dərdimə bax -
ay bəxtəvər, sən mənim!

Əllərimin içində
qabar yeri - dən mənim
üzümdə qırışa bax
ay bəxtəvər, sən mənim!
Ürəyimin kökündə
həm "və" var, həm "tən" mənim
Bəxtəvərəm, var sən tək -
Sevgimə Vətən mənim!

***
Oxuduqlarımdan, eştidikldərimdən bilirəm ki, həyatda tale oxaşarlıqları da var. Və bu oxşar talelər bəzən o qədər bir-biriylə eynilik təşkil edir ki, onun da fərqinə vara bilmirsən. Digər tərəfdən tarixin və talelərin də təkrarı bəllidi. Şəxsən mən artıq tarixin və talelərin təkrarına inanmağa başlamışam. Təkcə doğulduğum kəndin timsalında artıq neçə nəslin qaçqınlıq, köçkünlük taleyini yaşadığı hər kəsə bəllidi. Hətta böyük Cəfər Cabbarlının "1905-ci ildə" əsəri tarix və tale baxımından bugünün hadisələriylə, yəni Qarabağın və onun sakinlərinin həyat hadisələriylə yüzdə doxsan doqquz eynilik deməkdi!
Bax, bu gerçəkliyin içində insan çaşıb qalmaya bilmir və həmin o çaşqınlığın mənə görə əsas səbəbi də zaman-zaman baş verənlərdən gerçəyi dərk edə bilməməyimiz, hadisənin kökünü bir yolluq qazıb atmağa cəhd göstərməməyimizdi. Elə bil ki, biz xəstəliyi, yaranı müalicə etmək əvəzinə, onu yalnız ovutmaqla, sakitləşdirməklə müxtəlif məlhəmlərlə unutdurmağa daha çox vaxt, güc, ağıl sərf edirik. Şəxsən mənim üçün bu, doğrudan-doğruya anlaşılmazdı. Nə isə...
Deməli, biz özümüz öz ağlımızın, düşüncəmzin, bəzən də məntiqimizin girovuna çevrilirik. Fikrimi bir az da açıq söyləsəm, qəti addım atmaq məqamında ətrafın, dünyanın nə deyəcəyini, hansı reaksiyalar verəcəyini düşünüb tərəddüd içində qalırıq. Necə deyərlər, ağıllı düşənən qədər dəli vurub çay keçir. Bax, bu atalar sözündəki məntiq zənnimcə günümüzün reallığıdı. Və həmin o reallığın bir tərəfi də bizim arzulara, xəyallara daha çox könül verməyimizdi. Şəxsən mən elə bir qaçqın, köçkün tanımıram ki, o daha çox qarabağlı günlərinin xatirlərini və bir də o yerlərə dönmək arzularını dilə gətirməsin. Özü də daha çox xeyir və şər məclislərində bu xatirə və arzular dilə gəlir. Görünür, bu da bizim bir özünəməxsusluğumuzdu. Nə isə...
Amma bütün hallarda bir etiraf da var. O da hər şeyin Allaha, onun mələklərinə bəlli olmasıdı. Əks halda... Yaxşısı budu bu şeiri oxuyaq:

Bütün
səhərlər
xoşbəxtliyə açılsaydı
nə vardı-
onda
bütün dünyada
mələklər kimi
bütün insanlar da
xoşbəxt olardı...
Amma
bütün səhərlər
xoşbəxtliyə
açılmadığı kimi
bütün dünyada
bütün insanlar da
xoşbəxt deyil!..

heç mələklər də
bu günə kimi
açmağa çalışmayıb
həmin tilsimi...
Odur ki,
milyon illərdi
insanlar
hansısa ümidlərlə
kiridir içini!..

***
Yazının əvvəlində, elə davamında da qarma-qarışıq olsa da, bənzərliyi, oxşarlığı qaratmağa çalışdım. Bu da təsadüf deyil. Çünki mən hərdən öz taleyimə özüm-özümə güzgüdə baxan kimi tamaşa edirəm. Mənə elə gəlir ki, baxdığım. Müşahidə etdiyim taleyimin oxşarı mənim içimdədi, mənimlə birlikdə hər yerə gedir, hər yerdə olur və heç kim də onu görmür. O hansısa nağıldadı bilmirəm, yoxsa filmdə, bir papaq məsələsi var... Papağı başına qoyursan, səni heç kim görmür. Mənim tale oxşarım da, tale bənzərim də məhz həmin papağın içindədi, papağın altındadı. Ona görə də özümdən başqa onu heç kəs görmür. Mən onunla danışıram, onunla mübahisə edirəm, hətta bəzən onun xətrinə də dəyirəm. O da qaş-qabağını sallaıyır, o da kövrəlir. Amma...
Amma elə həmin anda güzgüyə baxanda gördüm ki, qaş-qabaq sallayan da mənəm, kövrələn də mənəm, ürəyi ağrıyan da, necə deyərlər, özüm-özümlə danışmışam, özüm-özümün xətrinə dəymişəm...
Yəqin ki, sizdə də belə olur. Amma etiraf etmirsiniz. Mən isə yaşadıqlarımı, düşündüklərimi etiraf etməkdən, yazmaqdan çəkinmirəm. Ona görə ki, bu düşüncələrim, bu yaşadıqlarım ömür payımdı, tale yazımdı. Onu yalnız Yaradanım əlimdən ala bilər. Bəndələr isə olsa-olsa müvəqqəti maneələr, sədlər çəkə bilərlər. Məşhur aşıqlarımızın birinin dediyi kimi, haqqdan gələnin qarşısını kəsmək mümkün deyil.
Hə, bax, bütün bunların yekunu olaraq yenə üzümü sənə tuturam və yenə də həmin o yaşadıqlarımın hamısının sənə də aid olduğunu açıq şəkildə bəyan edirəm. Və sənə demək istəyirəm ki:

Kimsə desə,
hətta
hansısa üsulla
sübut da etsə
heç cür inanma-
bil ki,
adama
ürəyindən doğma
bir kimsə yoxdu!

onu da unutma ki,
doğulan gündən
SƏN-
ürəyimsən!
bu qədər
sadə gerçəkliyə
şübhən varsa
ürəyindən soruş
onun cavabından sonra
görüm nə deyəcəksən...

... Bütün hallarda hər şeyi Allah bilir və hər şeydən onun xəbəri var. Yenilikləri də, ziddiyyətləri də nizamlayan, yaradan Onun özüdü. Məncə, doğulduğum yerləri təkrar mənə göstərən həmin o Trabzon bölgəsi əslində Yaradanın mənə həm xatırlatması idi, həm də bir növü cəzası. Necə deyərlər, gerçəklikdən aldığım dərs! Bu dərsin həyatıma necə təsir edəcəyini isə artıq duymağa başlamışam. Siz də bu həyat dərslərindən vaxtında və düzgün nəticə çıxarmağa çalışın. Çünki o bizə bir dəfə verilir!

TƏQVİM / ARXİV