BORÇALI GÖZƏLİ

FAİQ QİSMƏTOĞLU
65404 | 2015-01-17 09:05
... Dupduru, bulaq suyu kimi təmiz və səmimi təsir bağışlayır. Elə bilirsən ki, hansısa yaylaqdan, dağdan indi enib. Üzünü dağların qoynundakı bulağın suyuyla yuyub və çöhrəsindəki təbəssüm sanki günəşə bənzəyir. Xəfif-xəfif əsən külək də bu əsrarəngiz gözəlliyə bir rəng qatır. Bir qədər duruxur və saçlarını əlləri ilə darayıb yenidən stolun arxasına keçir. Heç bir şey demək istəmir, ancaq susmağı və dillənməməyi daha çox üstün tutur...
Demişdilər ki, ondan kəlbətinlə dişi necə çəkirlərsə, sözü də elə almaq olar. Yoxsa nə qədər yalvarıb-yapışsan da, qılığına girsən də bir kəlmə danışan deyil. Çoxları istəyib ki, onu danışdırsın, boş damarını tutsun, ancaq alınmayıb. Çalış ki, onunla söhbət eləyəndə ehtiyatsız bir ifadə işlədib qəlbini qaraltmayasan. Elə ki, qəlbini qaraltdın, elə ki ürəyinə yol tapa bilmədin, çətin ki, sənə nəsə aça və nəsə söhbət eləyə...
Bir balaca ovqatı deyəsən yaxşı deyildi. Ancaq bunu hiss etdiyimdən istər-istəməz bir qədər ehtiyatlı hərəkət elədim. Hal-əhvalını soruşdum və ehmalca yanında əyləşdim. Diqqətlə mənə baxdı və dilləndi:
- Səni kimsə mənim yanıma göndərib. Həmin adam çox istədiyim bir insandı, ancaq çətin ki, söhbətimiz alına.
Bu sözlərdən sonra bir qədər ruhdan düşdüm. Amma yenidən onu dilə tutdum. Dedim ki, sən Borçalı mahalındansan. O tərəfin adamları çox mehriban və ürəyi açıq olur. Çox da söhbətə tutub səni yormayacam. Sadəcə olaraq, eşitdiyim bir-iki sözü yada salmaq istəyirəm. Bəlkə bu barədə ürəyindən keçənləri mənə də danışasan?!
Diqqətlə mənə baxıb dedi:
- Mənim ürəyimdən heç nə keçmir. Heç elə danışmaqla da aram yoxdur. Yəqin deyiblər ki, çoxlu bayatılar, qoşmalar, təcnislər, dodaqdəyməzlər, dildönməzlər bilirəm. Lap bilirəm, sənə nə dəxli var?
Bəli, bunların hamısını mənə demişdilər. Mənə demişdilər ki, bu Borçalı gözəli həm də gözəl saz çalır və şirin səsi var. Amma nə kiminsə yanında sazı götürüb səsləndirməz, nə də oxumaz. Bir-iki ürəyi istədiyi adam olanda, bax, onda ovqatı ala buluddan nəm çəkir. Elə həmin anda yaxınlarından biri oturduğumuz yerə gəldi. Və başladı Borçalı gözəli ilə şirin söhbətə.
...Yaşı altmışı haqlasa da Mahizər Nəsibovanın çöhrəsində qeyri-adi bir cavanlıq, gənclik cizgiləri var. Sanki Borçalının güllərinin-çiçəklərinin ətiri onun çöhrəsinə hopub. Qəribə də olsa o çöhrəsindəki bu cizgiləri kiməsə göstərmək fikrində deyil. Təbəssüm yarananda və güləndə hiss eləyirsən ki, qeyri-adi bir çalarlar var onun çöhrəsində. Bu da təbiidir. O dağların, o qayaların, o gül-çiçəklərin ətrini duyan və havasını udan insan belə də olmalıdır.
Danışmağa başlayır. Deyir ki, ağır bir külfət olmuşuq və doqquz uşağı atam çox çətinliklə böyüdüb və məni də 13 yaşda Borçalının Kəpənəkçi kəndinə ərə verib. Səhərdən axşama qədər işləyib tər tökmüşük. Və zəhmətlə böyümüşük. Çətinliklə də olsa boya-başa çatmışıq. Amma taleyim yaxşı gətirmədi. Həyat yoldaşımı tez itirdim. Bu sözləri deyəndən sonra bir qədər fikrə gedir və yenidən sözünü davam etdirir:
- Fikirləşdim ki, o hadisədən sonra birtəhər olacam. Atamgilin yanına qayıtdım. Anamın mənə yazığı gəlirdi. Deyirdi ki, bu uşağı çox işlətməyin, bəxti qaradı. Amma buna baxmayaraq, mən səhərdən axşama qədər ata evində işləyir, sil-süpür edir və ailəmizə kömək göstərirdim. Zarafat deyil, bir çətən külfəti halal zəhmətlə dolandırmaq üçün gərək səhərdən-axşama qədər atam-anamla yanaşı hamımız çalışırdıq. Şükürlər olsun ki, çətin vəziyyətdən çıxdıq və hərəmiz öz dolanışığımızı və yaşayışımızı tapa bildik.
Elə bil ki, qəlbi yenidən açılır. Çoxlu bayatılar, qoşmalar, təcnislər, dodaqdəyməzlər deyir. Sonra da sazı sinəsinə basıb şirin Borçalı ləhcəsində oxuyur. Bir qədər əsəbi halda dillənir:
- Birdən bunları gedib orda-burda yazarsan ha. Çünki heç vaxt mən tanınmağımı istəməmişəm. Öz evimdə-eşiyimdə bu sazla, bu mahnıyla həmişə yaşamışam. Əgər mahnı oxumasaydım, saz çalmasaydım çoxdan bərtəhər olmuşdum. Məni yaşadan elə bu mahnılar və bir də bu sazdı. Kövrələndə, içimi kədər qara bulud kimi alanda sazı sinəmə sıxıb o ki, var çalıram və dərdimi yüngülləşdirirəm. Sonra da hönkür-hönkür ağlayıram...
Məni tanıyanlar yaxşı bilirlər ki, Mahizər hər adamın yanında nə saz çalandı, nə də oxuyan. Üç-dörd dostum var, onların yanında çalıb-oxuyuram. O günü bir dostum vardı, telefonla zəng edib yalvarıb-yaxarırdı ki, həmişə oxuduğum mahnını oxu. Mən də oxudum və bundan sonra sakitləşdi. Ümumiyyətlə, o adam dərd içini yeyəndə, kədər başından aşanda o dəqiqə mənə zəng edir və yalvarıb-yaxarır ki, sən Allah, o mahnını bir də oxu...
O həmişə nə oxuyandı, nə də saz çalan. Ürəyi istədiyi adamı görəndə qəlbi açılır. Bilmirəm, mən də nə dərəcədə günah, yaxud savab iş gördüm, bunu Mahizər xanım deyəcək. Çünki danışdığımıza görə, onun barəsində yazmamalıydım. Ancaq yaxın dostları mənə dedi ki, yazsan yaxşıdı. Ona görə ki, bu insan bəzən özünə və istedadına inanmır. Amma biz onun həm özünə, həm istedadına, həm də saz çalıb-oxumağına heyran qalmışıq.
Bax, belə. Mən də həmin anları qələmə aldım. Buna görə Mahizər xanım bağışlasın. Çünki onun oxuduqları və sazda çaldıqları mahnıları gündə televiziya kanallarında reklam olunan və camaatın gözünə girən müğənnilərin heç birisi bacarmaz. Ən azından ona görə ki, onların Mahizər kimi ürəyi yoxdu...

TƏQVİM / ARXİV