adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

DüŞüNMƏYƏ DƏYƏN MƏSƏLƏ

OQTAY SALAMOV
25242 | 2008-12-27 01:43
Qəbulu, ən azından müzakirəsi çoxdan gözlənilən, bütün ağılkəsən çərçivələri aşmış "Təhsil haqqında" qanunun tilsimi, deyəsən, sınmaq təhlükəsi qarşısındadır. Mətbuatda qanunun maddələri dərc olunmasa da (əgər sırf təhsillə bağlı mətbuatda dərc olunubsa, mən sözümə görə üzr istəyərəm, ən azından mən görməmişəm) bəzi müddəaları haqda məlumatlar var. Onlardan biri haqda mülahizələrimi bildirmək istəyirəm.
   
   Məlumata görə, "Təhsil haqqında" qanunda nəzərdə tutulur ki, beynəlxalq olimpiada və yarışlarda yer tutan şəxslər ali məktəblərə imtahansız qəbul olunsun. Sözsüz ki, həddən artıq ağıllı, real olan bu məsələnin əleyhdarları var və olmalıdır. Əgər tərsinə olsaydı, təəccüblənməyinə dəyərdi. Bura Azərbaycandır axı. Ümumiyyətlə, qəbulun bir təşkilat, tədrisin başqa təşkilat tərəfindən aparılması keyfiyyət, təhsil və savaddan daha çox maddi və nüfuz mənasında bir çoxlarını qıcıqlandırır. Bunu deməklə nə hansısa bir sirri açırıq, nə də yeni bir fikir söyləyirik. Bu haqda danışmağın mənası yoxdur, elə qanunun qəbulunun gecikdirilməsinin səbəblərindən biri də bu məsələ ilə bağlıdır. İndi imtahansız qəbul məsələsində də məntiqdən, ağıldan daha çox maraqlar, emosiyalar danışır. Təəssüf və heyf...
   
   Adamı bir azca ruhlandıran odur ki, təhsil nazirimiz bu maddəyə müsbət yanaşır. Nazir Misir Mərdanov beynəlxalq olimpiada və yarışlarda yer tutan şəxslərin ali məktəblərə imtahansız qəbul olunması ilə bağlı fikirlərini bölüşəndə belə praktikanın tətbiqinin təhsilin keyfiyyətinə müsbət təsir göstərə biləcəyini söyləyib: "Hazırda Azərbaycan 5 fənn üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Ötən 15 ildə həmin olimpiadalarda iştirak edənlərin sayı 30-a çatmayıb. Onların ali məktəblərə imtahansız daxil olması ilə dünya dağılmaz".
   
   Buyurun, görün bu gözəl təklifin mübahisəsi hansı həddə qalxıb ki, təhsil naziri onun həllini dünyanın dağılması ilə müqayisə etməyə məcbur olur. Belə şəxslərin imtahansız qəbul edilməsi ən alqışlanmalı, çox mütərəqqi haldır. Hələ bu azdır, məsələ qaldırılmalıdır ki, niyə 15 ildə belə tədbirlərə qatılan iştirakçıların sayı bu qədər azdır. Test üsulunun bütün müsbət cəhətləri ilə bərabər, mənim fikrimcə, ən mənfi cəhəti abituriyentin 8 ixtisası (əvvəllər hətta 15 idi) birdən seçmək ixtiyarının olmasıdır. Yadınızdadırsa, əvvəllər "Böyüyəndə hansı ixtisasın sahibi olacaqsan?" mövzusunda inşa tapşırardılar. İndi yəqin ki, "Hansı qrupa imtahan verəcəksən?" mövzusu tapşırılır. İxtisas da "o olmasa, bu olsun" prinsipi ilə "seçilir". Nəticədə diplomat olmaq istəyənin adı məktəb müəllimi siyahısına düşür və yazıq o şagird ki, bu "müəllim"dən dərs alacaq. Kənddə belə bir məsəl var: "Naxıra zorla göndərdin, bəs bunun "Ho" deyəni kim olacaq?"..
   
   Beynəlxalq olimpiada, yarış qalibi isə ən azından özünün seçdiyi ixtisas üzrə qəbul olunar və gələcəkdə əsl ixtisas sahibi kimi yetişəcəyinə güman var. Əgər kimsə qorxursa ki, beynəlxalq olimpiada və yarışlara da müdaxilə eləyə bilən valideynlər tapılacaq, lap yaxşı. Qoy olsun, onsuz da test yolu ilə qəbula da yol tapanlar az deyil. Heç olmazsa, bu adamın beynəlxalq aləmdə fərasətlisini seçmiş olarıq.
   
   Rusların "Umniki i umnitsı" bilik yarışından xəbəriniz olmuş olar. İştirakçılar müxtəlif fənlər üzrə bilik yarışına çıxırlar. Mərhələlər keçirlər, rəqibləri dəf edirlər. Biliklərini qiymətləndirənlər də yüksək ixtisaslı müəllimlər, universitet rektorlarıdır. Çox ciddi seçim və ələmələrdən sonra bilik yarışında qalib çıxanlar birbaşa ali məktəb tələbəsi adını qazanırlar. Təcrübə o qədər köklüdür ki, bu yolla qəbul olunmuş tələbələrin sonradan əla qiymətlərlə oxumaları, gözəl ixtisasçı olduqları haqda süjetlər göstərilir, məlumatlar verilir. İndi gəl belə təklifi Azərbaycan üçün elə. Adamı topa tutarlar. Bizimki odur ki, xaricin sarsaq şoularını televiziyalarımıza gətirib sarsaq tamaşaçıdan SMS-lə pul qoparaq. Əgər "Umniki" kimi yarış ekranlarımıza gətirilsə, onda prestijli ixtisas yerinə hansısa "Həsən ağanın qohumu", "koşeloku çemodan olan" yox, əsl bilikli tələbə qəbul olunar axı... Bax, belə olsa, dünya doğrudan da dağılmaz. İndi isə... Özünüz görürsünüz dəə.. Düşünməyinə dəyər, vallah dəyər...

TƏQVİM / ARXİV