adalet.az header logo
  • Bakı 19°C

KƏNDiMiZ YADIMA DüŞƏNDƏ AğLAYIRAM..

VAHİD ƏLİFOĞLU
25780 | 2008-12-20 06:00
Müsahibim nə şairdi, nə də yazıçı. Sıradan adi bir köçkün, ibtidai təhsilli, keçmiş traktoçu, Qayıdış qəsəbəsində yaşayan Qurbanov Əvəz Allahverdi oğludu.
   
   -Salam, Əvəz kişi. Nə var, nə yox? Necəsən?
   
   - Ay əleykümə salam. Sağ ol bala. Belə də yaxşıyam. Allah verəndən yeyib-içib dolanırıq...
   
   - Təqdimata ehtiyacın var?
   
   - Təqdimat nədi?
   
   - Yəni kimsən? Nəçisən? Kimin oğlusun? Haralısan?
   
   - Hə, başa düşdüm. Adım Əvəzdi. Familyam Qurbanov. Atam Allahverdidi, annam Fitat. 1940-cı ildə Füzuli rayonunun Rəfəddinli kəndində anadan olmuşam. Yeddi uşağım var. Allah səninkiləridə salamat etsin. Üçü oğlandı, dördü qız...
   
   - Uşaqların yanında olur?
   
   - Yox bala. Qızlar ərə gedib. Gədənin ikisini evləndirmişəm, biri subaydı... Oğul-qız nəvələrim var. Axırıncı nəvəm beş aylıqdı...
   
   - Adını nə qoymusan?
   
   - (Bir az fikirləşir). Füzlidə bir katib var idi, ey. İmişlidən, tanıyırdın?
   
   - Hə, Qədim Əhmədov.
   
   - Ay sağ ol. Adı Qədimdi.
   
   - Katibin adını qoymusan?
   
   - Yox, əşi. Babamın adıdı...
   
   - Heç kəndiniz yadına düşür?
   
   - (Kövrəlir. Bir-iki dəfə burnunu çəkir) Hərdən düşür...
   
   - Yadına düşəndə neyləyirsən?
   
   - Durub yenirəm çəpərə. Çəpərin ayağında " təndirxanamız" var. Otururam təndirin böyründə, doyunca ağlayıb qayıdıram evə...
   
   - Ağladığını görən olub?
   
   - Hə bir-iki dəfə Güldəstə görüb.
   
   - Güldəstə kimdi?
   
   - Ayıbda olmasın, arvadımdı...
   
   - Görəndə nə deyir?
   
   - Heç. O da qoşulur ma...
   
   - Kənddə nəyin qaldı?
   
   - Kürsülü daş evim. Lafetli traktorum... Yaxşı bağım var idi... Bilirsən də bizim kənd olan dərəyə "Qozlu çay" dərəsi deyirlər.
   
   - Toylara çox çağırırlar səni?
   
   - Hə, kömək eləməyə çağırırlar. İki dəfə də Bakıya çağırıblar. (Qürrələnir)
   
   - Nə köməkliyi edirsən?
   
   - Nə bilim. Çay qaynadıram, odun yarıram...
   
   - Bəs toy şadlıq evində olanda neyləyirsən?
   
   - Heç nə, yeyib-içib toya baxıram...
   
   - Toyda oynayırsan?
   
   - Hə.
   
   - Hansı havaya?
   
   - "Bala Nərgiz"ə...
   
   - Araq içirsən?
   
   - Yox, içmirəm.
   
   - Heç içməmisən?
   
   - İçmişəm, lap çoxdan...
   
   - Bəs indi niyə içmirsən?
   
   - Cavanlıqda bir toyda çoxlu içib dava saldım. Toy dağıldı. Fitat şəhərə apardı məni Seyidin yanına. Cəddinə and içdim ki, tay içməyəcəm..
   
   - O vaxtdan içmirsən?
   
   - Hə.
   
   - Arvadını sevib almısan?
   
   - (Gülür) Sevmək nədi. Traktorla kəndlərinə çınqıl aparmışdım. Yolda çıxdı qabağıma. Bu laqdan su aparırdı. Xoşuma gəldi. Soraqlaşıb evlərinin yerini öyrəndim. İki gündən sonra göndərdim "hə"sini aldı...
   
   - Toyu aşıqlı elədin?
   
   - Hə.
   
   - Oxuyan kim idi?
   
   - Rəhmətlik Ağabala.
   
   - Tay hansı oxuyandan xoşun gəlir?
   
   - Süleymandan...
   
   - Əsgərlikdə olmusan?
   
   - Hə, altı ay.
   
   - Altı ay niyə?
   
   - "Kamsavat" elədilər gəldim rayona "Vayenkomat" Valeriki qoşdu mənə göndərdi Ağdama, Muradbəyliyə...
   
   - Nə var idi Muradbəylidə?
   
   - (Başını salır aşağı) Bilmirsən? Dəlixana var idi də, orda...
   
   - Nə qədər qaldın orda?
   
   - Bir il.
   
   - Ordakılarınan nə təhər dolanırdın? İncidirdilər səni?
   
   - Yox, vallah. Elə mehriban dolanırdıq ki... Bir ildə onlardan nə söyüş eşitdim, nə də pis söz... Onlar çöldəkilərin çoxundan ağıllıydılar... (Gülür)
   
   - Neçə kostyumun var?
   
   - Bir dəst.
   
   - Nə vaxt almısan?
   
   - Beşi il qabaq. Xeyirə, şərə geyirəm. Əla kostyumdu... İki cərgədə düyməsi var...
   
   - Borcun var?
   
   - Sadığın "budkasına" on manat borcluyam. "Çörəkpul"unda verəcəm...
   
   - Kəndinizdən "böyük adamlar" çıxıb?
   
   - Hə.
   
   - Kimlərdi?
   
   - İyirmi il kolxozumuzun sədri olan Seyid... İsgəndər Orucovu da tanıyırsan də, müdir idi... Bir də Telman Əliyev, alimdi, Bakıda dərs deyir... (Fikirləşir) Hə, bir də Bəhram Nəsibov...
   
   - Hə.
   
   - Yaxşı mahnılar qoşurdu... Hayıf...
   
   - Dostların çoxdu?
   
   - Hə, sənin tanıdıqların da var.
   
   - Kimlərdi?
   
   - "MKB"-nin müdiri var idi ey, Rəhim Şəmsiyev. Məni harda görürdü çağırırdı yanına, deyirdi:
   
   - Ə dəli nə var, nə yox?.. Çadırda Biləsuvarın başçısı da nə vaxt gəlirdi adam göndərib məni çağırtdırırdı. Hər dəfə də bir "əlliminlik" verib deyirdi ki, yeznə, apar xərclə... Mənim xətrimi çox istəyirdi.
   
   - Çadırda yaşamaq çox çətin idi?
   
   - Hə. Səhər oyanırdın yorğan-döşək tey su... Çadır seli, suyu saxlamırdı ha...
   
   - Müharibə olsa gedərsən?
   
   - Niyə getmirəm.
   
   - Erməniyə güllə atarsan?
   
   - (Fikrləşir) Bizim kənd erməni kəndlərinə yaxın idi. Xeyirimizə, şərimizə gəlirdilər, biz də gedirdik. Ara qarışanda gecə beş-altısı gəldi kəndə. And-aman elədilər ki, bizdə günah yoxdu. "Saqqallıla" eləyir.
   
   - "Saqqallılar" erməni deyildi?
   
   - Nə bilim. Deyirdilər onlar ayrı ölkədən gəliblər...
   
   - Xəstələnəndə həkimə gedirsən, yoxsa Allaha üz ttursan?
   
   - Mən indiyənəcən xəstələnməmişəm heç...
   
   - Bir yerin ağrımayıb bu günə kimi?
   
   - Ağrıyan vaxt olub. Həkimə getməmişəm. Keçib gedib... İki dişimi çəkdirmişəm...
   
   - Əkinin, biçinin var?
   
   - Hə, bu il buğda əkmişdim.
   
   - Nə qədər oldu?
   
   - Üç ton.
   
   - Neylədin?
   
   - Satıb televizor aldım...
   
   - Televizorda nəyə baxırsan?
   
   - Xəbərlərə...
   
   - Tay nəyə?
   
   - "Qurdlar vadisi"nə...
   
   - Kitab oxumusan?
   
   - Yox.
   
   - Heç oxumamısan?
   
   - Yeddinci sinifə qədər oxumuşam...
   
   - Ən böyük istəyin nədi?
   
   - Kəndə qayıtmaq...
   
   - İnanırsan qayıtmağa?
   
    - Hə...
   
   - Çək-çevirimdən yorulmadın ki?
   
   - Yox. Bunları məndən niyə soruşursan?
   
   - Səndən qəzetə yazacam.
   
   - Yaxşılığıma, pisdiyimə?
   
   - Yaxşılığına.
   
   - Hansı qəzetə?
   
   - "Ədalət"ə.
   
   - (Təəccüblənir) "Ədalət" adında da qəzet olar?
   
   - Bəs nə adında olar?
   
   - "Kolxozçu", "Kommunist"...
   
   - O qəzetlər tay çıxmır...
   
   - Həə? Onda "Ədalət"də çıxanda mənə də oxuyarsan...
   
   - Yaxşı.
   
   - Sağ ol.
   
   - Sən də sağ ol.
   
   ...Bilmirəm bu dialoq kiminsə marağına səbəb olacaq, yoxsa yox? Bircə onu bilirəm ki, Allah bəndəsi Qurbanov Əvəz Allahverdi oğlunun da düşündüklərini deməyə hər kəs kimi haqqı çatır.

TƏQVİM / ARXİV