AZAFLIDAN BAŞLANAN YOL...

VAQİF YUSİFLİ
43958 | 2015-01-16 11:03
(Zirəddin Qafarlının 60 yaşına)

Aylar, günlər, fəsillər, illər ötdü... Zirəddin Qafarlı - müasir Azərbaycan poeziyasının bu istedadlı nümayəndəsi 60 yaşına gəlib çatdı.
Tovuzun Azaflı kəndində dünyaya göz açan, ilk poeziya qaynağını ordan götürən, saz-söz dünyasının havasını ciyərlərinə çəkən Zirəddin on yeddi yaşından yolunu Sumqayıta saldı, orada həyat meydanına atıldı. Fəhləlik elədi, sonra ailə qurdu, oğul-uşaq sahibi oldu. Ordu sıralarında xidmət etdi. Və günlərin birində qəlbindəki odu, alovu şeirə çevirdi. Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun poeziya şöbəsində təhsil aldı. Ədəbi aləmdə səksəninci illərdən tanınmağa başladı. Bir-birinin ardınca şeir kitabları çapdan çıxdı. Və budur, Zirəddin artıq 60 yaşındadır. O, müasir poeziyamızda sayılan, seçilən şairlərdəndir. Şeirləri barədə Nizami Cəfərov, Məhərrəm Qasımlı, Əşrəf Veysəlli və b. söz adamları fikir söyləmişlər.
Zirəddin müasir poeziyamızda heca şeirinin gözəl nümunələrini yaradır, - desək, səhv etmərik. O, əsasən qoşma, gəraylı yazır, hecanın digər şəkillərinə də müraciət edir. Şeirlərində folklordan, xalq şeirindən gələn saf, təmiz bir hava var. Bu havanı o illərdir ki, öz şeirlərində yaşadır. Bu gün şeiriyyət aləmində saysız-hesabsız qoşmalarla, gəraylılarla diqqəti cəlb etmək istəyən, amma çox az hallarda uğur qazanan müəlliflərlə rastlaşırıq. Qoşmanı, gəraylını, heca şeirini adiliyə, hətta bəsitliyə endirən, ürəkdən deyil, kitablardakı nümunələrdən süzülən şeirlərin təkrarına çevirən yazarlarımız az deyil və onlarla müqayisədə Zirəddin Qafarlı kimi "köhnə havalarda" təzə notlar səsləndirən şairlərimiz də var. Zirəddin aşıq şeirini, folkloru çox yaxşı mənimsəyib və mənimsəməklə də iş bitmir. O, müasir poetik təfəkkürün verə biləcəyi imkanlardan bacarıqla, özünün əzəli Allah vergisi istedadıyla poeziyada təzə naxışlar vurmağa can atır. Onun qoşma və gəraylıları ilk növbədə, müasir məzmunla yüklənib, yəni burada günümüzün, çağımızın ovqatı hiss olunur.

Ölüncə mən səndən dönən deyiləm,
Quş olub doyunca ötən ürəyim.
Ağrılar içində köklənib qalan,
Qayğılar içində itən ürəyim.

Bir günün ağ oldu, bir günün qara,
Səni ağlar qoydu bir günüqara,
Boylana-boylana dönüb çinara,
Yollarda tək-tənha bitən ürəyim.

Nə zaman kövrəksən, qaraqabaqsan,
Yenə üz döndərib hara baxırsan?!
Obası dağılmış xarabalıqsan,
Mənim yurd ürəyim, Vətən ürəyim.

Bu Zirəddin Qafarlının adi qoşmalarından biridir. Amma diqqətlə baxın: görəcəksiniz ki, məzmunca klassik qoşmaların heç birinə bənzəmir. Klassik qoşmalarda "ürək" rədifi ilə bitən bin nümunəyə bəlkə də təsadüf etməzsiniz. Burada ÜRƏK əslində, şairin ömrü, günü ilə həmahəngdir, keçdiyi həyat yolunu Ürək obrazında reallaşdırır. Ürəklə şairin keçdiyi həyat yolu tən tutulur. "Mənim yurd ürəyim, Vətən ürəyim" deyimi isə təzədir. Həm də bu ürək sahibinin bu yurdun dərdini çəkən bir insan olduğunu açıqlayır.
Zirəddin Qafarlının şeirləri təkcə onun öz tərcümeyi-halı, ömür yolunun poetik xəritəsi deyil, həm də mənsub olduğu xalqın poetik dünyasının bəlirtiləridir. O, torpaqlarımızın, yurd-yuvamızın müvəqqəti də olsa, düşmən tapdağında olmasından əzəb çəkir - bu, hamımızın dərdidir. Bu nisgildən doğan hisslərini belə ifadə edir:

Özü soyuduqca ağrısı artır,
Dadı damağımda qalan torpağın.
Adını tutmağa üzüm gəlmədi
Hələ ayağımda qalan torpağın.
Bunu ki, bilirsən, evi dağılmış
Oğlusan, bu əliyalın torpağın.
Ruhu bağışlamaz bizi bir daha
Düşmən tapdağında ölən torpağın.
Hayıf o torpağa, hayıf o yurda,
Necə ki, necə ki, qayıtmamışıq,
Dağlar, daşlar belə şəhiddi orda,
Dönək, oğuz oğlu, dönək o yurda!

Zirəddin Vətənə sevgisini bildirən şeirlər də yazır. Bunlar sayca az olsa da, poetik sanbalı etibarilə diqqətəlayiqdir. Poeziyamızda Vətənə həsr olunan vətənsiz şeirlər nə qədər istəsən var. Yəni bu şeirlərin Vətəni yoxdur-adi sözlərdir. İllər boyu sanki eyni düşüncənin məhsulu olan, standart "obrazlarla" yüklənmiş belə "şeirlər" elə yazıldığı vərəqdəcə, kitabdaca qalır. Amma əsl Vətən şeirləri də var ki, onların vətəni ürəklərdir, o şeirlər birbaşa yaddaşa köçür. Mən sübut eləmək istəmirəm ki, Zirəddinin hansısa bir şeiri də bu Vətənnamələrin sırasındadır, amma onun Vətən şeirləri öz poetik sanbalı ilə seçilir. Əlbəttə, səmimiyyəti ilə. Baxın:

Torpağınla öyünməyə haqlıyam,
Ölənəcən səninləyəm, ay Vətən!
Taleyinə ürəyimlə bağlıyam,
Sevincinlə, qəminləyəm, ay Vətən!

Aran ola, yaylaq ola, ya qışlaq,
Səhərəcən yarışaram yağışla,
Gəzməmişəm dağlarını, bağışla,
Binə-binə, dəyə-dəyə, ay Vətən!

Susum bir an-vüqarımdır vüqarın,
Gözə gələr bu dövlətin, bu varın,
Ürəyimə qəşəng-qəşəng qızların,
Ayağıma daşın dəyə, ay Vətən!

Zirəddin Azaflı kəndindən illər boyu uzaq düşsə də, yəni məkanı ora deyil, Sumqayıtın Nasoslu qəsəbəsi olsa da, şeirlərində on yeddi yaşınacan yaşadığı o kəndin ab-havası, təbiəti, aşıq ruhu yaşayır. Sənaye mühitində yaşayan bir adam, pəncərəsi çəmənə, çölə yox, zavoda, betona-dəmirə açılan bir şairin içindəki o təmiz kənd havasına heyrət etməmək olmur. Əlbəttə, Sumqayıt da, Nasoslu da Vətəndir, amma Zirəddinin göz açdığı, Mikayıl Azaflı sazından duyduğu o zövqi-səfa şeirlərinin ruhunu təşkil edir. Olsun ki, ildə bir-iki dəfə kəndinə gedir, Tovuz diyarını, Azaflı kəndini ürəyincə seyr edir, elə bu da yetər ki, içindəki o saflığın çeşməsi daha gur çağlasın. Və görsün ki:

Ağappaq balaca daşlara baxın,
Bir qız yumruğuna dönübdü daşlar.
Qışda hövsələdən çıxan torpağın
Yazda şirin-şirin nağılı başlar.

Və görsün, bizə göstərsin ki:

Çobanlar dağlardan yığılar evə,
Qoyunlar, quzular örüşdən gələr.
Əli ürəyinin üstə durmayıb,
Bir qız qorxa-qorxa görüşdən gələr.

Gah orda, gah burda çıraqlar sönər,
Ay çıxıb dağlardan baxar evlərə.
Dağ çayı bir şirin laylaya dönər,
Axar xumar-xumar, axar evlərə.

Zirəddin Qafarlının şeirlərində bir kövrəklik, həzinlik duyulur və bu, onun sevgidən, məhəbbətdən söz açdığı anlarda daha artıq hiss edilir. Məhəbbət şeirlərinin sayı həmişə digər mövzuda yazılan şeirlərdən kəmiyyətcə üstün olub. Amma burada keyfiyyət məsələsi ortaya çıxır və deyək ki, bu mövzuda da şablon nümunələr çoxdur. Xüsusilə, yaşanılmamış hisslər, yalnız "sevirəm", "ölürəm", "sənsizəm" qrafoman düşüncəsi ilə yazılanlar qat-qat çoxdur. Amma Zirəddinin sevgi şeirlərində o hisslər təmizdir. Hiss edirsən ki, o, ilk məhəbbətini yaşadığı gənclik illərində də, sonralar o eşqi unutmayanda da, həyat yoldaşının itkisindən doğan ahı, amanı şeirə çevirəndə də həmin saflığı qoruya bilir. O, sevgini ali hiss kimi dərk edir, bütün sevənlərin təbii hissləri necədirsə, o hisslərə sadiq qalır, bir sözlə, əzabı qəbul edir.

Yanımdan gəl necə keçirsənsə keç,
İnanma qızışa bu ocaq daha.
Mənim bu dünyada yerim yoxdu heç,
Qəlbində nə yerim olacaq daha?
Onun sevgi şeirlərində ötən günlərin, ayların, illərin unudulmayan anları, ürəkdə heç zaman solmayan xatirələri yaşayır. Peşimançılıq, təəssüf hissləri dilə gəlir və bu da onu göstərir ki, bu hisslər safdır, illər keçsə də üstünə ləkə düşməyib:

Yadıma düşəndə oluram dəli,
Birdən şimşək olub çaxmağım gəlir.
Əriyə-əriyə baxışlarından
Elə sən tərəfə axmağım gəlir.

Susdu o dumanlı, o çənli günlər,
Əlləri sünbüllü, süsənli günlər...
Qaçanda üstümə o sənli günlər,
Özümü yandırıb yaxmağım gəlir.

Zirəddinin şeir dili əzəldən, lap ilk şeirlərindən təmizdir, bəhrələndiyi aşıq şeirindən, folklordan gəlir bu saflıq. Onun qoşmaları, gəraylılarının hər biri poetik səviyyəsindən asılı olmayaraq formanın strukturunu qoruya bilir. O, dünyanın gərdişindən, Yerdə haqsızlıqdan, ictimai hadisələrdən, sevgidən, kənd xatirələrindən yazanda da mümkün qədər şeirin ifadə gözəlliyinə diqqət yetirir. Şeirdə oyun oynamağa, sözlə hoqqabazlıq eləməyə meyl göstərmir. Yersiz filosofluğa da can atmır, yəni zorla fikir quraşdırmır.
Altmış yaş az deyil. Və bu yaşa öz səmimi, təbii şair fitrəti ilə gəlib Zirəddin Qafarlı. Sözə böyük inamıyla yaşayır.
Bu sətirlərlə biz də sözümüzü bitirək:

Sən bir çoban oğlusan, aran, yaylaq görmüsən,
Dağdan dağa yol salıb neçə oylaq görmüsən,
İndi nə oldu dünya, məni maymaq görmüsən?!
Qəlbim səndən genişdir, mənə dardı bu səddin,
Eh, Zirəddin... Zirəddin...

Ömür sellənən sudur, həyat özü məhlədir,
O başı axardısa, bu başı bir dəhnədir,
Ölüb yaşamaq nədir, yaşayıb ölmək nədir?!
İndi ölüncə yaşa, yaz, bu da dəsti-xəttin-
Eh, Zirəddin... Zirəddin...

TƏQVİM / ARXİV