SAHiLDƏ YAŞANAN ŞiRiN ANLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
31741 | 2008-12-20 06:00
Xoruz banından da əvvəl oyanmışdı yuxudan. Əslinə qalanda heç o qədər də yatmamışdı. Dünənki görüşün təsiri onu əməlli-başlı şad-xürrəm etmişdi. Zarafat deyildi, o boyda dilxorçuluqdan, üzücü həsrətdən sonra axır ki, özünün haqlı olduğuna, təbii ki, qismən qızı inandıra bilmişdi. Daha doğrusu, ona izah etmişdi ki, bizim ayrı-ayrı yaşamağımıza baxmayaraq, hər halda bir milli bölgü də var. Adətə görə kişilərin sözü nisbətən üstün tutulur. Onların missiyası daha önəmli sayılır.
   
   Bax elə, bu cür sözlərlə fikirlərlə könlünü almışdı sevdiyinin. O da əvvəl yarıkönül, sonra da ürəyindəki sevginin təkidi ilə barışmışdı onunla. Öz təbəssümü ilə, öz işıq dolu baxışları ilə onun "günah"ından keçdiyini anlatmışdı oğlana. Və beləcə, sevgi dünyaları öz axarına qayıtmış və bu dünyanın yalnız onların üzünə açıq olan qapı-pəncərəsindən öz ruhlarının səsini eşitmiş, öz duyğularının əlindən tutub dolaşmışdılar Bakının küçələrini.
   
   - Sən bilirsən ki, səni nə qədər sevirəm?
   
   - Bunu bilməyim vacibdi?
   
   - Yox, yox, sadəcə soruşdumg
   
   - Onda mən də sadəcə deyim ki, səni sənin ürəyin istəyən qədər sevirəmg
   
   - Bəs öz ürəyin istəyən qədər niyə sevmirsən ki?
   
   - Axı özün demisən ki, ikimizin bir ürəyimiz var.
   
   - Hə, başa düşdüm. Dilimdən tutdun məni. Doğrudan da ikimizin bir ürəyimiz var. Rəhmətlik Nüsrət Kəsəmənlinin məşhur bir şeri var e, xatırlayırsan onu. Həm də mahnı kimi də oxuyurlar:
   
   
   
   Mən ölərəm ikimizin yerinə...
   
   
   
   ... Söhbət getdikcə daha da şirinləşirdi. Görünür, elə bu şirinlikdən idi ki, Sahil parkına necə gəlib çatdıqlarından xəbərləri olmadı. Dənizə uzanan sınıq-salxaq asfalt örtüyü çox yerdən sökülüb dağılmışdı, ətrafdakı balıq tutanlar öz işlərində idi. Onların iki-üç addımlığında gənclər nəsə müzakirə edirdilər. Bir az aralıda isə bir-birinə sarılmış iki gənc yanlarından ötənlərə məhəl qoymadan "öpüş" dənizində üzürdülər. Bircə avarları çatmırdı. Oğlanın bu gənclərə diqqət yetirdiyini görən qız ərkyana bir əsəblə böyrünə yavaşca zərbə endirdi:
   
   - Utanmırsan, onlara tərəf baxırsan. Elə bil görməmişsən - dedi.
   
   Oğlan dərhal özünü yığışdırsa da, amma məğlub olmaq istəmədi.
   
   - Bəs utanmırlar ki, bu qədər camaatın içərisində öpüşürlər - dedi.
   
   Bu qısa dartışma da günün ovqatını pozmadı. Çünki onlar əslində daxilən həmin o "öpüş" dənizində üzənlərə bir həsəd hissi də yaşadılar. Bunu hər ikisinin gözlərindən oxumaq mümkün idi. Sadəcə, hamıdan uzaqda, heç kimin görə bilməyəcəyi bir yerdə bir-birlərinə sarılmaq keçdi ürəklərindən. Amma neynəmək olardı ki, nə onların əxlaqı, nə də imkanları indiki vəziyyətdə nəyisə dəyişmək iqtidarında deyildi. Oğlanın yalnız bir istəyini gerçəkləşdirməyə gücü çatdı. Bir əli ilə qızın küləyin dağıtdığı saçlarını sığalladı, o birisi ilə ovcunda olan əlini sıxdı. Özü də elə möhkəm sıxdı ki, qız yavaşca "uf!" edərək tərs-tərs ona baxdı. Bu baxışlarda sanki yazılmışdı:
   
   - Noolub? Barmaqlarımı sındırdın axı?..
   
   Oğlan bu etirazı təbəssümlə qarşıladı. Onlar qağayılara diqqət yetirə-yetirə xeyli gəzib dolaşdılar. Birdən qız:
   
   - Mən dondurma istəyirəm - dedi.
   
   Heç vaxt nə istədiyini dilə gətirməyən qızın birdən-birə bu şuxluq və ərklə dondurma istəməsi oğlana xüsusi ləzzət etdi. Dondurma satana tərəf az qala yüyürdü. Satıcının təəccübünə baxmadan bir-bir dondurmaları götürüb adlarını oxudu və sonra seçim edə bilmədiyindən satıcıdan yardım istəməyə məcbur oldu:
   
   - Dondurmaların ən yaxşısını istəyirəm - dedi.
   
   Bəlkə də satıcı ilk dəfə idi ki, belə xam müştəriyə rast gəlmişdi. Odur ki, ən bahalı dondurmanı ona təklif etdi. O də sadəlövhcəsinə təklif olunan dondurmanın pulunu ödədi, özü üçün də qazlı su alıb qızın yanına qayıtdı.
   
   Qız dondurmanı alıb təşəkkür etdi. Sonra oğlanın xətrinə toxunmayacaq bir tərzdə iradını bildirdi:
   
   - O boyda pulu bir dondurmaya niyə xərclədin ki?
   
   Xaricdən gətirilən dondurmaların yalnız adıdı. Heyf deyil özümüzünki.
   
   Oğlan:
   
   - İstəyirsən başqasını alım - dedi.
   
   - Yox. Sadəcə, artıq pul xərcləməyini istəmirəm- söylədi qız. Və beləcə onlar dayanacağa tərəf üz tutdular. Artıq onların ayrılmaq məqamı gəlib çatmışdı. Daha gec idi. Qız evə tələsirdi...
   
   P.S. Bəlkə də o anlar bir də təkrar olmayacaq. Ancaq xatirələrində, yaddaşlarında qalacaq. Necə ki qaldı. Elə indinin özündə də Sahildə yanaşı dayanıb o günləri xatırladan oğlan qızın baxışlarından onun da o uzaq keçmişdə olduğunu, o anları yaşadığını oxudu. Yenə heç nə demədən əlindən tutdu, amma bu dəfə o, uzaq keçmişdə olduğu kimi qızın əlini sıxmadı, sadəcə, onun əlinin istisini öz əlinin yaddaşına köçürtdü. Əllər bir-birinə o günlərdən istilik gətirmişdi...

TƏQVİM / ARXİV