Su gəlib daza dəydi, ayaqqabı Buza dəydi

ETİBAR CƏBRAYILOĞLU
45988 | 2008-12-20 06:00
Müntədar əz- Zeydinin ayaqqabısını hamı geyə bilər, amma onun hərəkətini təkrar eləmək hər oğulun işi deyil
   
   "Ədalət"in mənə ayırdığı meydanda bu həftə başqa işlərim vardı. Tamam fərqli bir mövzu haqqında yazmaq istəyindəydim. Həftə başlayan kimi Misirin "Əl-Bağdadiyə" telekanalında çalışan iraqlı jurnalistin atdığı ayaqqabı məni ayıltdı. Başımı yana əyən kimi...
   
   Gördüm ki, dünyanın başı Corc Buşun başına qarışıb. Hamı onun şampun və daraq əskik olmayan başından və jurnalistin tozlu ayaqqabısından danışır. Buşun başına bu nə iş idi gəldi? Amerika prezidentinin bir ayağı "Ağ Ev"dədi, biri adi evdə. Bu gün-sabah vəzifəsini təhvil verib oturacaq itinin, pişiyinin yanında. Belə bir kövrək məqamda Buşun başı bəlaya düşdü. Düzdü, kişinin başına iş gələr. Lakin söhbət Buşdan gedəndə məsələ bir qədər fərqlidi...
   
   Buş bəlkə də ömründə ilk dəfə cəld tərpənib başını yana əydi. Necə deyərlər, Amerikanın başını aşağı düşməyə qoymadı. Onun bu hərəkəti olaya dinamiklik qatsa da, fakt faktlığındadı. Bir cüt ayaqqabının ona tərəf atıldığını bütün dünya gördü. Buş ömrüboyu unuda bilməyəcəyi həmin mətbuat konfransında zarafatından da qalmadı. Bunlar hamısı olayın bizə göstərilən tərəfləridi. Göstərilməyən tərəfləri də yetərincə maraqlıdı. Deyilənə görə başı qəfil ayaqqabı zərbəsindən qurtulan Corc Buş məhdud çərçivədə pərt görünüb. Pərtlik onun astadan pıçıldadığı şeir parçasında da özünü göstərib:
   
   
   
   Gəldim bu İraqın hər üzün gördüm,
   
   Səhrasını gördüm, dənizin gördüm.
   
   Ayaqqabı üstündə tozunu gördüm,
   
   Mənin Amerikaya dönməyim gəlir.
   
   
   
   Sənin haranı qoyum, haran ağlayım, ay dünya... Bir cüt jurnalist ayaqqabısı sənin siyasi gündəmini gör necə dəyişdi.
   
   Söhbət ki, Buşa tolazlanan ayaqqabıdan düşdü, gərək həmin məşhur başmaqların sahibindən da yazam. 29 yaşlı həmkarım Müntədar əl- Zeydi bir cüt ayaqqabısıyla bütün dünyanın diqqətini İraqa yönəltməyi bacardı.
   
   Bu neçə günün içində İraq radiolarında hitlərdə də inanılmaz dəyişikliklər baş verdi. Bir mahnının reytinqi o qədər artıb ki, gəl görəsən:
   
   
   
   Su gəlib daşa dəydi,
   
   Ah bu gecə, bu gecə, bu gecə.
   
   Ayaqqabı Buşa dəydi,
   
   Ah bu gecə, bu gecə, bu gecə.
   
   
   
   Bir neçə gündü bizim məktəblərdə müəllimlərimiz sinifdənxaric oxuda "Buş və bir cüt tozlu ayaqqabı" nağılını keçirlər. Şagirdlərimiz fasilələrdə bir-birinə ayaqqabı tullayırlar. "Əkil-bəkil" oynayan cocuqların repertuarında dəyişiklik olub
   
   
   
   Əkil-bəkil quş idi,
   
   ABŞ prezidenti Buş idi.
   
   Gəldi İraqı görməyə,
   
   Jurnalist qalxdı onu döyməyə.
   
   
   
   Qonağa ayaqqabı tolazlamaq bəlkə də qanacaqdan kənardı. Amma iraqlı həmkarımı qınamağa nə dilim gəlir, nə əlim. Torpağı yağmalanıb, mətbuat işçilərinin əksəriyyəti kirayələrdə yaşayır, aylarla qonorar ala bilmirlər. Bu durumdan bezən jurnalist həmkarım əlinə imkan düşən kimi etirazını bildirdi. Minlərlə insanın ürəyindən tikan çıxartdı. Müntədar bu gün ərəb ölkələrinin demək olar ki, hamısında milli qəhrəmana çevrilib. Ayaqqabısı da tarixdə özünə möhkəm yer tutub. ABŞ prezidenti Corc Buşa tullanan həmin bir cüt ayaqqabıya indidən yüz min dollar vermək istəyənlər var. Nahaq deməyiblər ki, Müntədarın ayaqqabısını geymək olar, amma onun qəhrəmanlığını təkrar etmək hər oğulun işi deyil.
   
   Torpaqlarımız yağmalanıb, ATƏT-in Minsk Qrupunu təmsil edən bivec həmsədrlərin əlində qalmışıq. Mətbuatımızın halı da elə məmləkətimizin halı kimi. Ayaqqabımın hər iki tayını var gücümlə tullamaq istəyirəm.
   
   Adamın bir Buşu ola...

TƏQVİM / ARXİV