YAŞAYAN RUH

ƏBÜLFƏT MƏDƏTOĞLU
28629 | 2015-01-16 09:39
Mənimlə üzbəüz əyləşib. Danışanda həyəcandan az qala dili dolaşır. Kirpiklərinin ucu nəmlidi. Hiss olunur ki, özü də ana olan bu xanım içindəki ana sevgisini, ana məhəbbətini ovuda bilmir və onun yadımda qalan bir ifadəsi mənə də təsir etdi. Belə ki, anasının anım günü ilə bağlı bir yazı hazırlamağımı istəyəndə sözarası dedim ki, ananın yaşı olmur, ana bütün yaşlarda ANAdı! Sözüm onu tutdu və bir az da kövrəlmiş halda dedi ki, heç bu sözü eşitməmişdim.
Mən ona demədim ki, əslində bu böyük ifadəni xalq şairi, böyük Məmməd Araz şeirin dili ilə ifadə edib və vurğulayıb ki, "Ana itirmişəm ana yaşında". Doğurdan da biz bütün yaşlarımızda, ağlımızın kəsib-kəsmədiyi, dünyanı duyub-duymadığımız hər bir anımızda ürəyimizdə, dilimizin ucunda olan bir sözü təkrar etməkdən yorulmuruq. Dara düşəndə də, ağrıyanda da onu çağırırıq. Bilmirəm, bu ilahi sevgi qəlbimizə necə hopub, necə qəlbimizdə özünə bir əbədi ünvan qazanıb. Zənnimcə, bu sirri heç alimlər də bilmir və qəribədi ki, dilimizin ilk sözü olan bu varlıq bəzən dilimizin son sözü də olur...g
Yəqin ki, söhbətin, mövzunun anadan bəhs etdiyini hər kəs anladı. Çünki hamımız övladıq. Nə qədər nankor, nə qədər namuslu, vicdanlı olmağımızdan asılı olmayaraq, bizi dünyaya gətirən həmin varlığa həyatımızın hansısa bir nöqtəsində mütləq ehtiyac duyuruq. Elə bir ehtiyac ki, onu ancaq ana hərarəti, ana ülfəti, ana əlləri, ana nəfəsi oxşaya bilər. Bax, bu mənada, mənimlə söhbət edən Kəmalə xanım bütün ömrünü hüquq elminə, insanlığa və ailəsinə həsr etmiş Nazimə Vəliş qızı Məlikova barəsində danışanda mən onu bütünlüklə anlayırdım. Başa düşürdüm ki, artıq bu itkinin üstündən illər ötsə də, Kəmalə xanım həyatla barışmır, onun yoxluğunu qəbul etmir və hətta ona elə gəlir ki, anasının ruhu yenə evində, ocağının ətrafında dolaşır. Üstəlik, Kəmalə xanım balaca Fatiməyə baxanda təkrar anasını xatırlayır. Çünki Fatimə də Nazimə nənəsi kimi may ayının 10-da doğulub. Onada da qəribə bir canıyananlıq, səmimiyyət var. Özü də bu balaca qızcığaz hər şeylə maraqlanır. Hər şeyə diqqət yetirir, kitabı, dəftəri, qələmi əlindən yerə qoymur. Elə bil ki, bu əl boyda uşaq məhz Nazimə nənənin hərəkətlərini, davranışlarını, jestlərini təkrar etmək üçün dünyaya gəlib. Ona görə də Kəmalə xanım nəvəsi Fatiməni gözündən uzağa buraxmır. Onu oxşayanda, onun saçlarını oxşayanda elə bilir ki, o özü anasının qarşısında diz çöküb oturub və Nazimə xanım Kəmalənin saçlarını sığallayır... Bütün bunlar bir ana-övlad sevgisinin daxildə, yəni ürəyinin alt qatında öz ilkinliyini, əbədiliyini saxlamağından qaynaqlanır. Və Kəmalə xanım da hər dəfə köhnə şəkilləri gözdən keçirəndə, anası ilə bağlı xatirələri yaddaşında təzələyəndə, xüsusilə Dövlət universitetinin hüquq fakültəsində, Ali Məhkəmənin vəkillər kollegiyasında, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda, Abşeron rayon Notariat kontorunda, eləcə də digər çalışdığı yerlərdə Nazimə xanımın ailəsində xoş xatirələr səslənəndə onun ürəyi dağa dönür. Bilir və inanır ki, anası ömrünü həsr etdiyi işində yaxşı bir iz qoyub. Ona görə də onun adı ehtiramla çəkilir...g
Bəli, hər bir övlad ana itkisini böyük sarsıntılarla qarşılayır. Amma neyləyək ki, həyatın mövcud olduğu gündən yazılmamış, amma yazılanlardan da sərt bir qanunu var. İnsan doğumdan ölümə yol gedir. Kimsə bu yolu şərəflə, ilməsini, naxışı hörə-hörə başa vurur, kimsə elə beləcə, olur və ölür. Bax, Kəmalə xanımın və bütövlükdə Nazimə Vəliş qızı Məlikovanın iki qızı və bir oğlu, eləcə də nəvə-nəticəsi onların qürur duyduqları, anaları üçün kövrəlmələri təbiidi. Çünki Nazimə xanım həyatda iz qoya bilib. Bu iz də onun övladları üçün baş ucalığı gətirib, onları qürurlu edib. Deməli, bu gün anasının Tanrı dərgahına qovuşmasını xatırlayan, onun anım günü öz çevrəsində qeyd edən övladları, xüsusilə Kəmalə xanım başlarını dik tutub hər kəsə Nazimə xanım barəsində danışmağa haqq veriblər. Yaxşı ki, bu dünyada analar övladlarına bir üz ağlığı, bir haqqı yadigar qoyub gedə bilirlər.
Ruhu şad olsun, Nazilə xanımın! O ruh yəqin ki, zaman-zaman ocağının, övladlarının, onu xatırlayanların qəlbini isidəcək, yaddaşını təzələyəcək. Çünki o, həm də ana ruhudu!

TƏQVİM / ARXİV