QARA ÇÖRƏK

FAİQ QİSMƏTOĞLU
32588 | 2015-01-16 08:04
Çörək zavodlarında bişirilən qara çörəklərdən çoxları narazılıq eyləyir
Bərəkətinə qurban olaq. Deyirlər ki, çörək Qurandan da irəlidi. Çünki bir tikə çörək dağ aşırar. Çörək elə bir nemətdir ki, onsuz heç vaxt keçinmək mümkün deyil. Ən azından ona görə ki, süfrələrimizdə bu nemətin öz yeri var. Bizim millət bir tikə çörəyi yerə düşən görən kimi o tikəni yerdən qaldırıb və öpüb qoyublar kənara.
Əlbəttə, çörəyin qədrini çoxları yaxşı bilir. Adam da var ki, nə çörəyin qədrini bilir, nə də yaşadığı həyatın. Sirr deyil ki, bu gün ölkəmizdə çörək sənayesində çox böyük irəliləyişlər əldə edilib. Köhnə texnologiyalar daha müasir avadanlıqlar və texnika ilə əvəz edilib. Başqa sözlə demiş olsaq, indi çörəyin bişirilməsində yeni texnologiyadan bəzi çörəkçilər ustalıqla istifadə eləyirlər.
Qayıdaq əsas mətləbin üzərinə. Yəni danışmaq istədiyimiz və haqqında söhbət açacağımız mövzuya. Bu mövzu isə qara çörəklə bağlıdı. Səhhətində problem yaşayan insanlar, xüsusən də şəkərli diabet və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən pasiyentlərə həkimlər qara çörəkdən istifadə etməyi məsləhət bilirlər. Çünki qara çörək daha tez həzm olunur və onun yeyilməsində, həzm edilməsində xəstə bir o qədər də çətinlik çəkmir.
Təəssüf ki, qara çörək sarıdan da istehlakçılar çox böyük əziyyət çəkirlər. Hansı mağaza-dükana baxırsan, orda qara çörək satılır. Ancaq indi gəlin görək, onun tərkibi həqiqətənmi qara undandır?! Bax, əsas məsələdə burda ortaya çıxır. Çörək zavodları nə qədər desən qara çörək istehsal eləyir. Lakin həmin çörəklərin tərkibi bayaq dediyimiz kimi, alıcıları bir o qədər də razı salmır.
Qəribə də olsa deməliyik ki, bəzən qara çörəklərin tərkibinə hansısa maddələr əlavə edilir. Deyilənlərə görə, kakao tozu və digər maddələr qara çörəklərə vurulur ki, onun rəngi dəyişsin və qara olsun. Dəfələrlə mağazalardan qara çörək alarkən satıcıdan bu barədə bilgi almaq istəmişik. Onlar isə deyiblər ki, imanımızı yandıra bilmərik, bu çörəyin tam qara olduğunu bilmirik.
Bax, belə müəmmalı cavablar alınır. Ancaq ayrı-ayrı çörək zavodlarının istehsal etdiyi qara çörəklər isə vitrinləri bəzəyir. Heç bilmirsən o çörəklərin hansına baxasan. Təbii ki, istehlakçı çalışır ki, həmişə keyfiyyətli və ürəyi istədiyi çörəyi alsın. Amma biz çox vaxt buna nail ola bilmirik. Ona görə ki, qara çörəklərin əksəriyyəti deyilənlərə görə, təbii qara çörək deyil.
Ekspertlərdən biri bildirir ki, indiki qara çörəklərin əksəriyyəti lazımı standartlara və tələblərə cavab vermir. Həmin çörəklərin bişirilməsi zamanı texnoloji proseslərin pozulması ilə yanaşı, onun tərkibi də yetərincə deyil. Bir çox çörək istehsalçıları qara çörəyin tərkibinə müxtəlif maddələr qatırlar. Hansı ki, mövcud qanunla çörəyin bu cür bişirilməsi və istehlakçılara satılması səhv addımdı.
Xəstə insanlar çörək axtararkən pis vəziyyətə düşürlər. Amma ayrı-ayrı çörək zavodlarının sahibləri bu barədə dərindən düşünmürlər. Qara un tapılması və ondan çörək bişirilməsi o qədər də çətin iş deyil. Necə olur ki, Füzuli rayonunda "dördyol" deyilən yerdə qara undan təndir çörəkləri bişirilə bilir, ancaq Bakıdakı çörək zavodlarında istehlakçılara təbii olmayan qara çörəklər satılır. Özü də Füzulidə bişirilən o çörəyin dadından heç vaxt doymaq olmur. Amma indi gəlin görək burdakı çörəklər necədi?! Burda hətta çörəyin içərisindən şüşə, kəndir də çıxır.
İqtisadi İnkişaf Nazirliyində istehlakçıların hüquqlarını müadfiə edən müvafiq idarə də var. Gərək bu idarənin əməkdaşları Bakıdakı çörək zavodlarında istehsal edilən qara çörəyin keyfiyyəti ilə maraqlansın və mövcud nöqsanlar varsa, onun aradan qaldırılmasına lazımi köməklik göstərsin.
Əgər bir insan şəkərli diabetdisə, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirsə, keyfiyyətsiz qara çörəyin yeməyindən yeməməyi yaxşıdı. Ən azından ona görə ki, o qara çörəyin tərkibindəki əlavə maddələr yenidən onun orqanizmində fəsadlar yarada bilər və xəstəni çətin vəziyyətə salmaq gücünə malik olar. Belə olanda da həmin insanlar olmazın əziyyətləriylə üzləşə bilərlər.
İnanırıq ki, əlaqədar təşkilatlar və eləcə də istehalkçılar bizim fikirlərimizlə razılaşacaq, qaldırılan problemə öz münasibətlərini bildirəcək və təbii qara çörəyin istehsalı üçün nə lazımdısa o addımlar istehsalçılar tərəfindən atılacaqdı. Axı hamı çalışır ki, aldığı qara çörəyin xeyrini görsün və onu yeyərkən xəstəlik tapmasın.

TƏQVİM / ARXİV