adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

TERAPiYA

OQTAY SALAMOV
23555 | 2008-12-20 06:00
Yaddaşıma arxayınlaşıb "terapiya" sözünün hərfi mənasını və hansı dildən götürüldüyünü öyrənmək üçün ensiklopediyaya, izahlı lüğətə baxmadım. Mən biləni bu sözün dilimizə tərcüməsi "müalicə" kimi olmalıdır. Səhv edirəmsə yaddaşımın terapiyaya ehtiyacı var. Özü də bu terapiya adətən sözün ikinci hissəsidir, birincisində o müalicənin nə ilə aparıldığı göstərilir. Məsələn, arı ilə müalicəyə apiterapiya deyirlər, sidiklə müalicəyə urinoterapiya, zəli ilə müalicəyə girudoterapiya deyirlər və sair. Belə baxanda hamısı türkəçarəni xatırladır. Bəs onda türkəçarəyə niyə elmi ad qoymuruq, özümüzü cahil göstəririk? Təklif eləyirəm ki, bundan sonra türkəçarəyə türküterapiya deyək və bizim, yəni azəri türklərinin Bakı şəhərində mövcud olanlarının (hamısına yaraşır demək olmaz, sürünən də əvvəllər insana aid edilməyən söz idi) istifadə etdikləri müalicə üsullarını toplayıb "Xalq terapiyası" adı altında dərc eləyək. Bir neçəsini mən təqdim edirəm.
   
   Metroterapiya
   
   Əsasən soyuqdəymə, sətəlcəm, bel və oynaq ağrılarında uğurla tətbiq oluna bilər. Tətbiqi çox sadədir, amma müəyyən hazırlıq tələb eləyir. Məsələn, intensiv terapiya almaq istəyirsinizsə iki taksi, əgər öz maşınınız varsa bir taksi də kifayətdir - sifariş verirsiniz. Bir maşınla xəstəni səhər saat 8.30-dan 10.30-a "28 May" metro stansiyasına gətirirsiniz, onu "Memar Əcəmi" istiqamətində qatara mindirməyə cəhd edirsiniz. Bir-iki qatara mindirmək cəhdləriniz baş tutmayacaq, amma perronda xəstənizi yaxşıca "masaj" edəcəklər, ayaqlarını tapdalayacaq, dirsəkləyəcək, öqdən-arxadan sıxacaqlar. Bəxtiniz gətirsə, üçüncü qatara xəstənizi dürtə biləcəksiniz. Qapının qabağına tuşlaya bilsəniz kifayətdir. Sərnişinlər itələyib, ən azından isə metro növbətçisi təpiklə içəri salacaq.
   
   İçəridə xəstəyə yer verilməsi perspektivi sıfır olsa da - çünki cavan-cavan gədələr paçalarını aralayıb sərələnirlər, gözlərini də yumurlar, indi ancaq gözəl qızların oturmaq şansları var, gözlərinin altından baxıb ancaq onlara yer verirlər, sizin xəstəniz isə çox güman ki, bu kateqoriyaya aid olmayacaq - hər ehtimala qarşı xəbərdarlıq edirəm, xəstə vertikal, yəni şaquli, lap yəni dik, ayaqüstə dayanmalıdır. Qoxmayın elə sıxacaqlar ki, istəsə də yıxıla bilməz. İnandırım sizləri, sauna, solyari, spesmasaj, xarici aparatlar... hamısı qələt eləyir. "Elmlər Akademiyası"na çatanda xəstənin dabanından tər süzülməsə, dublyonkasının üst tərəfi də su içində olmasa, başından buxar çıxmasa adımı dəyişərəm. Eskalatorla yuxarı çıxmaq məsələsi də tez başa gəlməyəcək, saat 10 olan kimi ikincini bağlayırlar, millət bir keçidin qarşısında mehribanlaşır. Rus demişkən, tak çto, xəstənin təri tam soyumamış çıxacaq yerin üstünə. Bax, o ikinci maşın söhbətini bu an üçün demişdim. "28 May"dan "Elmlər"ə maşınla gəlməyiniz 40-45 dəqiqə çəkəcək, həmin vaxt yerin üstündə də "probka" olur. Xəstəniz siz çatanacan meningit olar, təzədən soyuqlayar, ikiləyər və sair. Ona görə də stansiyanın çıxışına bir taksi göndərirsiniz, keçmiş xəstə çıxan kimi oturdub aparırsınız xəstəxanaya. Bax, orada ehtiyatlı olun ki, xəstənizin və sizin əziyyətiniz hədər getməsin. Həkimlər Firma dərmanı yazıb özü də "filan aptekdən al" desələr, sonra sizə heç metroterapiya da kömək eləməyəcək.
   
   
   
   Xoxaterapiya
   
   
   
   Qorxu ilə müalicənin Azərbaycan variantıdır. Bariz nümunəsini sitatla göstərirəm: "Plana görə, universitetlərdə yüksək bal toplayan tələbələrin siyahısı hazırlanacaq. İmtahanlarda həmin tələbələrə müəyyən problemlər yaradılacaq. Ən yaxşı halda həmin tələbələr aşağı qiymət alacaq, ən pis halda isə kəsiləcəklər. Daha sonra isə hər yerə car çəkəcəklər ki, baxın, yüksək bal toplayan tələbələr oxuya bilmirlər, immtahanlardan kəsilirlər. Deməli, onlar öz bilikləri ilə deyil, rüşvət müqabilində yüksək bal toplayıblar". Sitat "Azadlıq" qəzetinin 19 dekabr sayında çap olunmuş "Məleykə Abbaszadəyə qarşı müdhiş tələ" yazısından götürülüb. Ola bilsin ki, Məleykə Abbaszadə bu yazını heç vecinə də almasın, amma tələbələr üçün əsl xoxaterapiyadır. Kifayət qədər effektli müalicə üsuludur. Həm tələbələri arxayınlaşmağa qoymur, həm də valideynlərə xatırladır ki, əgər balanız yüksək balı sizin köməyinizlə toplayıbsa, işinizi bitmiş hesab eləməyin, onun yüksək balla oxumasını da təşkil eləmək lazımdır.
   
   
   
   Qidaterapiya
   
   
   
   Vaxt az olduğundan "qida"nın latın, yunan dilində adını tapa bilmədim, daha elmi səsləndirmək olardı. Bu müalicə üsulunun akademiki kimi Azad İstehlakçılar Birliyinin böyüyü Eyyub Hüseynovu tanıda bilərəm. Ciddi inanıram ki, açıqladığı faktların hamısı həqiqətdir, hələ bir çoxlarını üzə çıxarmır. Deməli, kolbasalarımızı yemək olmaz, konfetlər zəhər mənbəyidir, konservlərimizdən uzaq gəzməliyik, bayırda satılan ətlərdən yemək olmaz, quşlarda qrip var, kartof selitra ilə yetişdirilir, xaricdən gələn ərzaqlar gen modifikasiyasına uğradılıb. Yeməyin, pəhriz saxlayın. Hər şeydən! Elmdə də pəhrizlə müalicə var. Yox, adına pəhrizaterapiya demirlər, elmi adı var. Qidaterapiya ilə müalicə olunanda ərzağın saflığı ilə bərabər niyyətinizin, istəyinizin də saflığı şərtdir.
   
   Qarşıdan Yeni il gəlir. Yolka şənlikləri, hədiyyələr. Yaxşı da qiymətləri var, 3 manatdan başlamış 50 manata qədər. Tağı müəllim demiş, burcutmağın yeri yoxdur, kim hansını bacarır onu da alsın. Amma onu da bilin ki, bizim işbazlar vaxtı keçmiş konfeti, peçenye və saqqızları hədiyyə qutularına doldurmaqdan da çəkinmirlər. Bir dəfə yuxusunda İtaliyanı görmüş dostum deyir ki, belələrinə orada "oqraçino" deyirlər... Unutmayın - qidaterapiya!..
   
   Gəlib çıxdım elə məqama ki, bilmirəm bu iki bəndi terapiya adlandırım, yoxsa fobiya. Qandığımı nümayiş elətdirərək deyim ki, "fobiya" nədənsə qorxmaq deməkdir. Beləliklə, bıçaqaterapiya, ya da bıçağofobiya. Üzr istəyirəm, tualetdə unitazın ipini də dartanda kimsə kimisə bıçaqladı xəbəri gəlir. Toyda bıçaqlayırlar, yeməkxanada bıçaqlayırlar, taksidə bıçaqlayırlar, elə-belə, məzə üçün bıçaqlayırlar. Xəstəxanalarda ayrıca bıçaqlanma şöbələri açıblar. Neynəyək, bıçaq istehsalını və idxalını saxlamağı təklif eləyək?
   
   Rüşvətoterapiya, ya da rüşvətofobiya. Bütün növləri tam tədqiq olunub, hər birimiz bu sahədə elmi iş müdafiə edə bilərik. İndi təzə bir növü çıxıb. Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi "Rüşvətsiz Sessiya" adlı kampaniyaya başlayır. Kampaniyanın adı "Tələbəyəm, Rüşvət Vermirəm!"dir. Deyir kampaniyaya qoşulmaq istəyən hər tələbə sessiya ərzində universitetdə qoluna (daha cəsarətliləri isə alnına) qırmızı lent bağlamalı və "RÜŞVƏTƏ STOP" deyərək sivil şəkildə etirazını bildirməlidir. Amma bunu bildirmək üçün tələbənin biliyi də olmalıdır axı. Qırmızını bağla, çıx müəllimin qarşısına, özün də heç nə bilmə. "Antonio, qırmızı geyinmisən?" - məsəli müəllimlərdən uzaq, "öküz, qırmızı, qızışmaq" sözlərindən cümlə düzəldərsiniz...
   
   Kişilər üçün daha bir müalicə üsulu var; qışdır- xaşoterapiya. Vsyo. Susoterapiya...

TƏQVİM / ARXİV