adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

KAMENEV NƏ DAŞ iDi, NƏ QƏMBƏR

16486 | 2008-12-20 05:59
Təqvimdə iyirminci əsrin iyirminci ilinin may ayı idi. Kler Şeridan Londonda fərdi yaradıcılıq sərgisini açmağa hazırlaşırdı. Amma, onun düşüncəsinə görə, nümayiş etdirmək istədiyi kiçik formalı heykəltəraşlıq əsərlərinin sayı yetərincə deyildi. Maraqlı obrazlar yaratmaq üçün prototip kimi, yeni xarakterik simaların sorağında idi. Bir gün təsadüfən qəzet səhifələrində ilk dəfə rast gəldiyi foto şəkil diqqətini cəlb etdi. Alt yazını oxuyanda məlum oldu ki, bu adam Sovetlərin Xalq Komissarı Leonid Krasindir. O, Londonda rəsmi səfərdə olan Rusiya nümayəndə heyətinə rəhbərlik edirdi. Əri 1915ci ildə müharibədə həlak olan 30 yaşlı dul qadın iki uşaq anası idi. Həyatda qarşısına çıxan çətinliklərə heç vaxt baş əyməyən, enişə, yoxuşa, maneələrə baxmadan hər zaman məqsədinə doğru irəliləyən, ən çətin vəziyyətdə belə ən azından bir çıxış yolu olduğuna inanan və onu tapmağı bacaran möhkəm iradəli ledi Kler üçün sakit həyat tərzi tamamən yad idi. İlham pərisi onu gah yüksəklərə qaldırıb, ədəbiyyat, incəsənət fəzasında dolaşdırardı, gah da erkən sönən bəxt ulduzunu yenidən şölələndirmək ümidiylə, hər biri ayrıca əsər mövzusu ola biləcək eşq macəralarına giriftar edərdi. Onun qələmi də gözəl idi. Mətbuatda imzası tanınırdı. Bir sözlə, türklər demiş, xanımın on barmağında on mərifət vardı.Bu dəfə də Krasinin şəklinə baxabaxa ağlına belə bir fikir gəldi ki, komissarla görüşüb büstünü işləməyə icazə alsın. Bir halda ki, bolşevik liderlərini İngiltərənin baş naziri Loyd Corc qəbul edir, demək Rusiya blokadasına yaxın vaxtlarda son qoyulacaq. Hər kəsi heyrətə salan, yaxından maraqlandıran, bir qədər də qorxuda saxlayan ölkənin yeni liderlərini dünyaya tanıtmaq sənət aləmində müəyyən mənada yenilik ola bilərdi. Kler onsuz da rus mədəniyyətinə, ədəbiyyatına hər zaman böyük maraq göstərərdi. Rusiyanı görmək arzusu teztez ürəyindən keçsə də, bunun nə zaman və necə mümkün olacağını təsəvvür etmirdi. Həmin günlərdə tale onu təsadüfən Sovet nümayəndə heyətinin üzvü Lev Borisoviç Kamenevlə görüşdürdü. Əsil soyadı Rozenfeld olan məşhur inqilabçı həmin dövrdə Moskva şəhər Sovetinə rəhbərlik edirdi. Şeridan xatirələrində yazır ki, xarici görkəminə görə onu burjua sinfinin nümayəndəsi zənn etmək olardı. Bir neçə dildə sərbəst danışmaq qabiliyyətini, kübar davranış mədəniyyətini, nəzakətini xüsusi qeyd edirdi. Lev Borisoviçlə ledi Şeridanın söhbəti xeyli sürdü. Xanımın xeyirxah niyyətini lazımınca qiymətləndirən Kamenev onu yoldaş Krasinə təqdim etdi. Nər ikisi nə daş idi, nə qənbər. Xanımın könlündən keçənləri anlayan kimi, sözünü yerə salmayıb studiyasına təşrif buyurdular.
   
   
   
   ***
   
   
   
   L. Kamenev London mehmanxanalarından birində qalırdı. Axşamlar şəhər gəzintisinə çıxarkən Kler bir neçə dəfə ona bələdçilik etdi. Bu əzəmətli şəhərin tariximemarlıq abidələri, füsunkar parkları gəzməklə, görməklə bitibtükənməzdi. Kamenev də öz növbəsində inqilabın beşiyi adlanan Piterdən, paytaxt Moskvadan, insanlara azadlıq, bərabərlik, qardaşlıq vəd edən ucsuzbucaqsız ölkənin nailiyyətlərindən danışırdı. Axı, burjua mətbuatının yazdığı kimi, ucdantutma hər şey də pis deyildi. Belə söhbətlərdən sonra Klerin Rusiyaya marağı da artırdı. Ona yaxşı məlum idi ki, rus nümayəndə heyəti üzvlərinin hər addımını izləyir, danışıqlarına, yazışmalarına görüşdükləri adamlara göz qoyurlar. Amma, bütün bunlar onun istəklərini, arzularını, hərəkətlərini məhdudlaşdırmırdı. Bərk ayaqda kuzeni Çörçilin dadına yetişəcəyinə arxayın idi. Gözləmədiyi halda Lev Borisoviç ona bir təklif etdi:
   
   Sİz Rusiyaya gedib hər şeyi öz gözünüzlə görmək istəyirsiniz?
   
    Məgər belə şey mümkündür? deyə, suala sualla cavab verən xanım təəccübünü gizlətmədi.
   
    Arzu etsəniz , Moskvaya bərabər dönərik. Çalışaram sizi Leninlə, Trotski ilə görüşdürəm. Bəlkə elə şərait yarandı ki, onların da büstünü işləyə bildiniz.
   
    Kler eşitdiklərinə inana bilmirdi. Yəni, çoxdan bəri qəlbindən keçən bu istək olacaq işdi? Axır dəqiqəyə kimi səfər barədə kimsənin xəbər tutmasını istəmirdi. Kamenev Klerlə birlikdə qayıdacağı haqda Moskvaya xəbər verəcəyini söyləyəndə ledi söylədi ki, buna gərək yoxdur. Əgər niyyətimizi qabaqcadan bilsələr, bizə əngəl törədəcəklər. Xanım Şeridanın təklifi ilə Lev Borisoviç razılaşdı. Düz sözə, ağıllı təklifə nə deyəsən?
   
    * * *
   
    Beləliklə, həyat yoldaşı Trotskinin bacısı Olqa Davıdovna olan Kamenevin Lodondan Moskvaya kimi yol yoldaşı da Çörçelin bacısı Kler Şeridan oldu.Yola düşməzdən öncə rəfiqəsi Mey xahiş etdi ki, onun həyat yoldaşı Yan Petersdən mümkün olsa, xəbər gətirsin. Nigarançılığa səbəb İngiltərə qəzetlərində ərinin ölüm xəbərinin yayılması olmuşdu. Hələ 1919cu ilin oktyabr ayının 9da "Deyli ekspress" qəzeti yazırdı ki, Moskvada bolşeviklərin partiya komitəsinin binasında törədilən terror aktı nəticəsində çox sayda ölən və yaralananlar var.Guya həlak olanlar arasında məşhur qırmızı terrorçu Yan Petersin də meyidi aşkar edilmişdi. Bu məlumatın nə dərəcədə doğru olması tam şəkildə aydınlaşmamış, İngiltərə mətbuatında Yan Petersin Denikin ordusunun döyüşçüləri tərəfindən qətlə yetirildiyi barədə yeni xəbər dərc olundu. Milyonerin əliuşaqlı qızını dul bilib qapılarına elçi gəlmək istəyənlər də tapılmışdı. Beləliklə, ilk dəfə qırmızı komissarların bədii obrazını yaradan Kler Şeridanın bir vəzifəsi də rəfiqəsinin həyat yoldaşı barədə məlumat toplamaq olacaqdı. Kler, görən bununla kifayətlənəcəkdimi?
   
   * * *
   
    Kamenevlə Şeridan rahat qatarda narahat yollarla bir neçə ölkədən keçərək, uzun məsafə qət etdilər. Moskvada onları qarşılayanların arasında ailə üzvləri ilə yanaşı, Qriqori Yevseyeviç Zinovyev də var idi. (Onun əsil adı və soyadı OvseyGerşen Aronoviç RadomıslskiApfelbaumdurE.B.) . İki daşın arasında sevincək xəbər verdi ki, gəlişiniz barədə Kremldə ətraflı məlumat var. Lenin xanım Şeridanın təklifinə müsbət yanaşıb. Digər komissarlar da yaxın günlərdə məsələyə münasibət bildirəcəklər. Leninqrada rəhbərlik edən Q. Zinovyevin o vaxtlar hələ qılıncının sağı da kəsirdi, solu da. Təsadüfi deyil ki, Klerin qəhrəmanlarının siyahısında Leninin yaxın silahdaşlarından sayılan Qriqori də vardı. Dəmir yolu vağzalından üstü aşıq "rolsroys" markalı ingilis maşınında ingilis qonağı ilə Kamenev bir baş evə yollandı. O dövrün ən yüksək vəzifə sahibləri Kremldə məskunlaşmışdı. Kler qırmızı komissarların ailəməişət şəraitini bu dərəcədə sadə təsəvvür etmirdi. Ev sahibəsi onu yemək masasına dəvət edəndə təəccübü bir qədər də artdı. Süfrədəki sıyıq və qara çörək nə acından quruldayan mədəsini doyura bilərdi, nə heyrətdən az qala bərələn gözlərini ovudardı. Hələ mən Lev Borisoviçin xanımının qısqanclıqdan qaynayan qəlbinin ifadəsi kimi soyuq baxışlarını demirəm. Hər zaman özünə qarşı özəl münasibət görməyə adət etmiş ledi Şeridanı bu kinlikinayəli baxışlar buz baltası kimi kəsirdi. Oraqçəkicli qırmızı bayraqlı məmləkətin baş şəhərinin baş sarayında yuyunmaq üçün belə isti su olmadığını eşidəndə Kler anladı ki, görəcək günləri hələ qabaqda imiş. Ara otağı ikiyə ayıran şirmanın arxasındakı çarpayıda səhərə kimi səyahətinin ilk təəssüratlarını beynində şəkilləndirməyə çalışdı. Yuxusu ərşə çəkilmiş xanıma birdən elə gəldi ki, hardasa xoruzlar banlayır. Demək, səhər açılır, deyə düşünüb yerindən qalxdı. Pəncərədən baxanda gördü ki, zülmətə bürünən şəhər hələ qara örpəyini üstündən atmayıb. Qızıl Moskvanın pipiyi qan xoruzları bəlkə də qulaq batıran, könül bulandıran bu narahat gecənin lal sükutunu pozmaq üçün vaxtsız banlayıblarmış. Moskvada bilmirəm, amma bizdə vaxtsız banlayan xoruzları, adətən ilk fürsətdə kəsirlər. İlk gecəni kəsiləkəsilə Kamenevin mənzilində keçirən xanımı ertəsi gün xarici qonaqlar üçün nəzərdə tutulan rəsmi müsafirxanalardan birində yerləşdirdilər. İnqilabdan əvvəl bu malikanə şəkər istehsalı ilə məşğul olan sahibkara məxsus idi. Niyyətləri kimi, libasları da qara olan matroslar içəri hücum edib qışın soyuğunda ev sahiblərini eşiyə çıxarıb divara söykəyəndə ailə başçısı bir anda anladı ki, zavod da, fabrik də, malikanədə, bank hesabında olan pullar da əslində onların deyilmiş. Çar Nikolayın sayəsində bir vaxtlar zəmanə də, dövran onların bəxtinə yar imiş. Hakimiyyət dəyişən kimi, mülkiyyət də yenidən bölünməyə başladı. Anidən ona əyan olan bu həqiqət içindəki çılğınlığı söndürməklə həyatını qurtardı. Vardövləti əlindən getsə də, canı süngüyə, gülləyə nişangah olmadı. Beləliklə, şəkərçinin şirin günləri arxada qaldı və deyilənə görə, yeni hökumətə şikayət yox, şükür edərək, ailəsini də götürüb səssizsəmirsiz Parisə qaçdı.
   
    Amma evsizeşiksizlər bu malikanəyə sahib olan gündən bina əvvəlki görkəmini, rahatlığını büsbütün itirmişdi. İsti suyu bura həftədə cəmi bircə dəfə verirdilər. Hər keçən gün şükür etməyə daha çox alışan ingilis xanım isti suyun heç olmasa həftədə bir dəfə verilməsinə də sevinirdi. Xanımı darıxmağa qoymurdular. Vaxtaşırı Bolşoy teatrın tamaşalarına dəvət edərdilər. Kamenev onu amerikalı həmkarı Con Ridlə də görüşdürdü. Oktyabr inqilabı zamanı hadisələrin içində olub sonradan "Dünyanı sarsıdan on gün" əsərinin 33 yaşlı müəllifi Amerika kommunist partiyasının qurucularından biri sayılırdı. Yazarın əməyini vaxtilə Lenin yüksək qiymətləndirmişdi. İlk dəfə 1919cu ildə NyuYorkda nəşr olunan kitab barədə lenin yazırdı ki, mən bu kitabı oxumağı bütün ölkələrin fəhlələrinə məsləhət görürəm. Əsərin bütün dillərə tərcümə olunmasını, milyon tirajla hər yerdə geniş yayılmasını arzulayıram. Ona görə ki, bu əsər proletar inqilabının, proletar diktaturasının nə demək olduğu, onun həqiqi mahiyyətini qeyriadi təbiiliklə, tarixi dəqiqliklə nümayiş etdirir.
   
   Con Moskvaya dəfələrlə səfər etmişdi. Rusiyada baş verənlər barədə yetərincə təsəvvürü və məlumatı vardı. Kleri maraqlandıran məsələlər çox olduğundan təbii ki, onu sual atəşinə tutacaqdı. Amerikalı həmkarının təcrübəsindən bəhrələnmək istəyirdi. Kler bilirdi ki, Con Rid cəmi bir neçə ay əvvəl bolşeviklərin ələ keçirdiyi neft Bakısından yenicə qayıdıb. Sentyabrın ilk günlərində orada Şərq xalqlarının I qurultayı keçirilirdi. Ora necə və nə üçün getdiyi, hansı təəssüratla qayıtdığı nədənsə ledini ilgiləndirirdi. Amma Con, "bütün bunlar barədə növbəti görüşümüzdə danışarıq. Yolda üzləşdiyim macaralar da diqqətinizi çəkəcəq. Hər şey qalsın gələn dəfəyə", deyib tələsik vidalaşaraq ayrıldı. Yenidən görüşməksə bir daha onlara nəsib olmadı. Sentyabrın 25də xəstəxanaya düşdü. Söz yayıldı ki, Bakıda yuyulmamış meyvə yeməkdən zəhərlənib. Sonra dedilər ki, tif mərəzinə yoluxub. Nə illah etdilərsə sağalmadı, bədəi yara tökdü, vəziyyəti getdikcə ağırlaşdı. Oktyabrın 17də vəfat etdi. Bİr neçə gün sonra onu böyük hörmətizzətlə Kremlin divarları yanında torpağa tapşırdılar. Vida mərasimində iştirak edənlər arasında Kler Şeridan da vardı.

TƏQVİM / ARXİV