DƏLi ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
33384 | 2008-12-13 03:25
Hər bir söz, hər bir misra, hər bir kitab böyük anlamda öz sahibinin əksidir və o sahibi görən, duyan oxucunun onunla təmasıdır. Bu mənada yalnız jurnalist kimi, publisist kimi izlədiyim Pərvizin şerlərini oxuyandan sonra içimdə bir təəssüf hissi baş qaldırdı. Daxilən özümü qınadım. Qınadım ki, Pərvizi gec oxumuşam, yəni şerlərini. Poeziyasından gec xəbər tutmuşam. Əslində həmişə bir çevrədə olduğumuz günlər mənim üçün sanki xoş keçib və mən yanımda, qarşımda olanı gec görmüşəm. Ola bilsin ki, bu bir dəlilik olub.
   
   Pərvizin "Hər sabah yaşam" dəfinəli şerlər kitabını oxudum desəm, səhv etmiş olaram. Səmimi deyəcəm, bu kitabı oxumadım, bu kitabdakı insanlarla, obrazlarla, lirik qəhrəmanlarla, ən başlıcası isə Pərvizlə həmsöhbət oldum. Oxuduğum hər bir şerdə mənə elə gəldi ki, mən bu şerləri oxumuram, Pərviz danışır, söhbət edir, mən dinləyirəm. Son illərdə mənə bu qədər həmsöhbət olan poetik bir çələng rastıma çıxmamışdı. Və çox sevindim ki, gec də olsa Pərvizlə söhbətləşdim. Gördüm ki, Pərviz pıçıldayır:
   
   
   
   Bir il də basdırdın getdin,
   
   Bu gün çıxır ilin, adam!
   
   Sənə ömürlük iş düşür,
   
   Ay illər qatili, adam.
   
   
   
   Bəli, biz illəri ağına-bozuna baxmadan dəfn edirik. Arxivin bir küncünə atırıq toz basır. Heç ruhumuz da incimir. Düşünmürük ki, illər bizim ömrümüzü baltaladığı kimi biz də onları boğub, baltalayıb ovcumuzda təqvim vərəqləri kimi əzişdirib atırıq zibil səbətinə. Guya qəhrəmanlıq etmişik. Amma bilmirik ki, biz də illərin qatiliyik. Bax, bu pıçıltıları mənə həmsöhbətim Pərviz dedi. Onu da dedi ki:
   
   
   
   Fəvvarələr bağında
   
   gəzintiyə çıxmışam
   
   axşam-axşam.
   
   Qızlar gözəl,
   
   Ay dolu,
   
   Su diri
   
   Balıqlar dəli...
   
   
   
   ... Fəvvarələr bağında
   
   gəzintiyə çıxmışam
   
   axşam-axşam
   
   sənin nişanlarını
   
   bilmədiyimdən
   
   belə çıxır
   
   bu gün də
   
   mən yazıq
   
   təkbaşına
   
   bütün qızları
   
   sevməyə
   
   məhkumam...
   
   
   
   Bu lövhə hər kəsin gözünün önünə gələ bilər. İçində azacıq duyğular, ürəyində azacıq sevgi hissi olan hər kəs təkcə Fəvvarələr bağında yox, dünyanın istənilən guşəsində öz lirik məni ilə, öz ilham pərisi ilə, öz qəlbinin hakimi ilə tərkidünya insanlar kimi baş-başa qalıb pıçıldaşmaq, dərdləşmək imkanına malikdir. Hətta ona suallar da ünvanlaya bilər. Çünki o sualı eşidən də, ünvanlayan da bir ürəkdi, bir ruhdu. Necə ki Pərviz Fəvvarələr bağında bütün qızların fonunda öz ilham pərisini, öz lirik qəhrəmanını görür, amma onu təqdim etmir. Bəlkə də təqdim etsə, o da bütün qızların birinə çevrilərdə. Onda hamıya aid olan sevgidən elə hamıya düşən qədər pay düşərdi. Amma Pərviz öz lirik qəhrəmanını lap sərt desəm, öz sevgilisini hamıdan fərqli sevir. Və ona da hamıdan fərqli münasibətini dilə gətirmədən cizgilərini çəkir.
   
   
   
   Gözlərin
   
   yol çəkməkdən
   
   bu üzücü əməkdən
   
   qan-tərə bələnibsə...
   
   ... At o yolu,
   
   o asfalt yolu
   
   yola gəl,
   
   evinizin yolunu
   
   sən mənə göstər...
   
   
   
   Bəli, hər birimiz bu ifadəni işlədirik: "Gözüm yol çəkir" və yaxud da "Yol gözləməkdən gözümün kökü saraldı" və s. Bütün bunlar hər birimizə nə qədər doğma ifadələr olsa da, amma Pərvizin şerlərində deyildiyi effekti bağışlamır. Çünki Pərviz lirik səhnə, romantik bir lövhə yaradıbdır. Sən elə bil ki, gözləri yol çəkənin qarşısında peyda olub onu bu üzüntüdən qurtarmağın ən real variantını təklif edirsən. Deyirsən ki, evinizin yolunu göstər mən gəlim. Sənin də canın qurtarsın, mənim də. Bax, budur əvvəldə dediyim kimi, mənimlə həmsöhbət olan şer toplusu, şer çələngi. Və yaxud da Pərviz yazır ki:
   
   
   
   Dünya keçib məndən gedir,
   
   Mənə sarı gələn yoxdu.
   
   Ölüm, gəlmirsən, heç gəlmə,
   
   Heç sənin üçün də ölən yoxdu.
   
   
   
   Bu şerdə də açıq bir çağırış, sərt bir ittiham var. özü də o qədər açıq və sərtdir ki, damarındakı səmimiyyət onu hər birimizə aid edir. Çünki insan ağrıdan-acıdan, əzabdan bezəndə ölüm diləyirsə və həmin anda o gəlmirsə, onda üzünü bozardıb ölümü də itiham eləyir, onu da qınayır. Və bəzən də hətta onu ələ salır. Necə ki, Pərviz ölümlə, yumşaq desəm, dilxoşluq yox, əyləncə yox, sadəcə səmimi bir etirazı eşitdirəcək tərzdə pıçıldaşır. Yəqin ki, Pərvizin şerlərini bir-bir oxuyub sonna çıxan hər kəs onda səmimi pıçıltıların çəki yükünün nə qədər böyük olduğunu duyacaqdır.
   
   Mən Pərvizin kitabı ilə bağlı ədəbiyyatşünas, tənqidçi fikirləri söyləmirəm. Sadəcə bu oxucunun, az-çox sözdən başı çıxan qələm adamının fikirləridi. Təbii ki, bu kitabın dəyərini ədəbiyyat adamları da, oxucular da verəcəklər. Çünki Pərviz özü deyir ki:
   
   
   
   Göyü gəzib-dolandım
   
   Gəldim ki, yerdə yoxam.
   
   Ölüb yerə girirəm
   
   Ki, hələ gorda yoxam.
   
   
   
   Yəni hər bir oxucunun, hər bir poeziya həvəskarının ürəyində olduğunu bir şair kimi fəhmlə duyan Pərviz yerdə də, göydə də hətta gorda da olmaya bilər. Bu onun haqqıdır və haqqı da ona həmin şer çələngi qazandırıb. Deməli, Pərvizin axtardığı dəli adamlar əslində elə onun özü qarışıq sözlə yaşayan bizlərik. O cümlədən də mənim özüm. Əgər bu dəlilik olmasaydı bəlkə də sözün oduna yanıb ömrü sözə çevirmək iddiasında olmazdıq.
   
   
   
   ... Bu dünyası soyuq məzar
   
   "soyuq məzar"dan kim bezar?
   
   Durub bir də şer yazar
   
   məzardakı ölü adam?
   
   Dəli adam... Dəli adam...
   
   
   
   Bəli, yaxşı ki, bu dünyanın dəli adamları var. yoxsa, doğrudan-doğruya ağıllı adamlar bu dünyanın axırına çıxarlar. Vay halına olar dünyanın. Və mən dünyanın dəli adamlarından olan Pərvizi bu gözəl şer çələnginə və mənimlə həmsöhbət olduğuna görə təbrik edib təşəkkürümü çatdırıram.

TƏQVİM / ARXİV