AYDIN TAĞIYEVİN HEKAYƏLƏRİ

VAQİF YUSİFLİ
48382 | 2015-01-15 01:50
Əsl istedad üçün harada yaşamağın, qaynar ədəbi mühitdə ya ondan kənarda yaşamağın heç bir əhəmiyyəti yoxdur. Böyük Şoloxovu xatırlayaq. Dünya şöhrətli bir yazıçı idi, Nobel mükafatına layiq görülmüşdü, amma balaca bir qəsəbədə yaşayırdı. Bu gün Azərbaycanda da "Vətənin qıraq yerlərində" yaşayan istedadlı yazarlar tanıyıram ki, onlar nəinki yaşadıqları bölgədə, bütünlüklə Azərbaycan ədəbi mühitində də yaxşı tanınırlar. İsmayıllının ucqar bir kəndində yaşayan Musa Yaqub buna ən parlaq nümunədir.
Aydın Tağıyev isə Şabranda yaşayır. Müəllimdir. Amma o, müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biridir.
Onun lap bu yaxınlarda, təzəcə çapdan çıxmış "Bir bazar günü" povest və hekayələr kitabı ilə tanış oldum. "Yuxuda qətl" povesti və bir də yeddi hekayə. "Alma oğurlayan divlər" kitabında da on beş hekayəsi toplanıb. Həmin kitabın iki il öncə işıq üzü görüb.
O, lap əvvəldən hekayə janrına xüsusi meyl edib. Deyim ki, müasir nəsrimizdə Aydın mikro hekayələr ustası kimi tanınır, - səhv etmərəm. Bu barədə Bəkir Nəbiyev, Mövlud Süleymanlı, Sadıq Elcanlı kimi söz adamları fikir söyləyiblər. Doğrusu, çoxdan idi mənim də ürəyimdən keçirdi ki, onun hekayələri haqqında bir yazı yazım, öz ürək sözlərimi söyləyim. Hər dəfə qəzet və jurnal səhifələrində onun təzə çıxan hekayələrini oxuyur, daxilən sevinirdim ki, Aydın yaradıcılıq tempini itirməyib, yenə əvvəlki kimi sadə və təbii yazır, yenə də həyatın, gerçəkliyin adiliklərinə üz tutur, amma bu adiliklərdə qeyri-adi nəsə tapır, lap kiçik bir hekayədə öz xarakterik cizgiləri ilə seçilən obraz yaratmağa səy göstərir.
Hekayə bədii nəsrin elə bir formasıdır ki, ordan dünyaya yol başlayır. Böyük problemlər, qlobal hadisələr hekayə üçün damlada dənizi əks etdirmək qədərincədir. Mirzə Cəlilin "Poçt qutusu"nda bir xalqın avam bir nümayəndəsinin keçən əsrin əvvəllərindəki düşüncə tərzini əks etdirir, amma necə gözəl. Yaxud Haqverdiyevin, Y.V.Çəmənzəminlinin hekayələrini götürək. Mən deyərdim ki, müasir Azərbaycan hekayəsi özünün ən yaxşı keyfiyyətlərinə görə klassik nəsr ənənələrinə bağlıdır, dövrün, zamanın ən mühüm mətləblərini yığcam şəkildə təqdim etmək, lakoniklik, psixologizm məhz klassik heyətlərimizdən gələn ənənədir. Aydın Tağıyevin hekayələrində də bu mənada klassik nəsrə möhkəm bağlılıq görürəm. Aydının hekayələri çox vaxt 2-3 səhifədən ibarət olur, mətləb və hadisə də təfsilatlı deyil. Ancaq onun hər hansı bir hekayəsi oxunub qurtarandan sonra deyə bilirsən ki: "bax, bu, hekayədir!"
Onun hekayələri ilk növbədə, təhkiyə tərzinin şirinlmiyilə diqqəti cəlb edir. Təsvirləri real və inandırıcıdır. Elə ilk cümləsindən oxucunu ardınca çəkib aparır. "Çiçəkli çölün sarı gülləri solmuşdu" - Kazım kişinin əziz-xələf bir oğlu ağacdan alma dərərkən bir ilanın ona tərəf süründüyünü görür və uşaq qorxudan özünü o ağacdan yerə atır. Və bu Kazım kişiyə dərd gətirir. "Bir il sonra bağcadakı bütün ağaclar yazda çiçəkləyib meyvə gətirsələr də, alma ağacı nə çiçək açdı, nə də bar verdi".
Aydın Tağıyevin "Güllü çit yaylıq" hekayəsi bəlkə də bir povestin, ya bir romanın materialı ola bilərdi. Amma Aydın lap əvvəldən təqdim etdiyi materialı hadisələrin məzmunundan asılı olmayaraq akvarel zərifliyilə işləmək qabiliyyəti var. "Bir bazar günü"ndə Gülqız adlı bir qadının taleyindən söz açılır. Nəsrimizdə bu, təzə mövzu deyil. Ancaq Aydın tənha bir qadının qızlığından ölümünə qədər həyatını, bu həyat yolunda keçirdiyi sarsıntıları incəliklə, psixoloji dəqiqliklə təsvir edir. Sən demə Gülqızın ərə getməməyinin, qarıya-qarıya qalmasının səbəbi varmış. Ölüm ayağında köhnə bir sandığın içindən bir çit yaylıq çıxır. Bu, Aydın Tağıyevin bütün hekayələri hadisədən, mətləbdən obraza doğru hərəkət edən hekayələrdir. Hadisə tipik və səciyyəvi olduğu kimi, obraz da bədii ümumiləşdirmə gücündədir. Ancaq mən deməzdim Aydın bütün hekayələrini bu üsulla qurur, yəni real həyat hadisəsini və gerçəkliyin bu reallığını özündə əks etdirən obrazları süjetə gətirir. Psixoloji anların təsviri, mahiyyətə, alt qata enmək məharəti, dilin, təhkiyə tərzinin təbiiliyi və özünəməxsusluğu da burada mühüm rol oynayır.
Budur, Aydının "Tanışlıq" hekayəsi... Hekayə belə başlayır: "Böyükağa müəllim ilə Məmməd tanış deyildilər".
Hekayə belə qurtarır: "Böyükağa müəllim ilə Məmməd beləcə tanış oldular".
Bu iki cümlə arasında isə iki ömrün-Böyükağa müəllimin və Məmmədin ömür yolunun qısaca, amma şirin təhkiyə üsulu ilə nəqli durur. Təsadüfən Məmmədin anasının döşlərindən süd əmən Böyükağa çox imkanlı bir ailənin övladıdır. Ona görə də bir-birindən tamam fərqli, bir-birinə zidd insan olurlar. Bu hekayədə Aydın demək olar ki, heç bir hadisə təsvir eləmir, yalnız iki ömür yolunu gözlərimiz qarşısında canlandırır.
"Əgər Böyükağa müəllimi əsgər aparsaydılar və o, təsadüfən Məmmədlə bir hissədə qulluq etmiş olsaydı, heç şübhəsiz, Məmmədlə tanış olacaqdı, ancaq Böyükağa müəllimin "bronu" vardı və heç vaxt ondan əsgər olmayacaqdı.
Böyükağa müəllim ilə Məmməd evləndikləri qız tərəfindən qohum olsaydılar, yəqin ki, bir-birlərini tanıyacaqdılar. Amma Məmməd kasıb bir ailədən qız almışdı.
Böyükağa müəllim iş yerinə hər gün avtobus ilə gedib-gəlsəydi, hökmən Məmməd ilə rastlaşardı və çox mümkün idi ki, belə görüşlərin birində tanış da ola bilərdilər. Bəlkə də Böyükağa müəllim yerindən qalxıb Məmmədə oturmağa yer də təklif edərdi, çünki yaşıd olsalar da, Məmməd öz yaşından çox qoca görünürdü".
Diqqət yetirdinizmi, bu hekayədə bəlkə də bir povestə, kiçik romana sığa biləcək hadisələr, talelər işıqlandırılır. Deməli, damlada dəryanı, anda zamanı əks etdirmək mümkündür və bunu istedadlı yazıçı Aydın Tağıyev bacarır. Həmin hekayədə bir-birini görməyən Böyükağa müəllimlə Məmməd, nəhayət, gözlənilmədən "tanış olurlar". İşdən yorğun qayıdan Məmməd avtobus dayanacağında maşın gözləyir. Elə bu vaxt qarşıda bir "Volqa" dayanır, onun sahibi Böyükağa müəllim Məmmədə müraciət edir ki, maşının təkərini dəyişsin. Məmməd bu işi sevinə-sevinə görür. Maşın yiyəsi isə "budur, bu da zəhmət haqqın" deyib ona bir "Şirvan" uzadır.
Vəssalam! Hekayə beləcə başa çatır. Xatırladaq ki, hekayənin əvvəlində də bu pul haqq-hesabı vardı, sonunda da və bunun əlbəttə, simvolik bir mənası var.
"Yay gününün uzun gecəsi" hekayəsində biz başqa bir mətləblə tanış oluruq. Aydın gözlənilməz situasiyaları hekayələrində əks etdirməyi çox sevir və bunu bacarır. Bu, onun hekayələrinə novella rəngi qatır. Hekayədə otuz il öz doğma kəndindən aralı düşmüş, əvvəl dustaq həyatı keçirib sonra uzaq-uzaq şəhərlərdə ömrünü çürüdən bir adamın-Aslanın kəndə gözlənilməz gəlişindən söz açılır. Aslan arvadına teleqram vurur ki, gəlirəm. Amma bilmir ki, arvadı başqasına ərə gedib. Çünki ərə getməsəydi, Aslanın namus üstündə qətlə yetirdiyi Mədətoğlular fitnə-fəsad törədəcəkdilər. Otuz il... İndi onun otuz üç yaşlı oğlu var. Təsirli bir görüş: "Oğlu da ilk dəfə görsə də, adından yalnız bu gün sübh çağı xəbər tutduğu atası olan kişiyə sarıldı. İkisinin də gözünün yaşı sel kimi axırdı". Bəs qadın? "Düşən sərnişinlərdən sonra qatara yeniləri minməyə başladı, yaşı otuzu keçmiş cavan oğlan uzaq vaqonların birinə sarı boylandı və bir ayağı yerdə, biri vaqona qalxan bir qadının göz yaşlarını gizlətməyə çalışsa da, xısın-xısın ağladığını gördü". Fikirləşirsən ki, bu hekayə başqa cür də bitə bilərdi. Kişi xəbər tuta bilərdi ki, arvadı ərə gedib və ortaya böyük bir qanqaraçılıq düşərdi. Kişi gəldiyi kimi də geri qayıda bilərdi. Amma Aydın bundan sonra nə baş verə biləcəyini oxucunun ixtiyarına buraxır.
Aydın Tağıyevin hekayələrində hiss olunacaq dərəcədə duyumlu, görümlü milli kolorit naxışları nəzərə çarpır. Təsadüfi deyil ki, onun hekayələrinin qəhrəmanları - qocalar, qarılar, el ağsaqqalları-ağbirçəkləridir, kənd müəllimləri, çobanlar, müharibə veteranları bu hekayələrdə rəğbətlə təsvir olunurlar. Ancaq Aydın Tağıyev öz yazılarında ştampdan, stereotipdən qaçır, yeri gələndə ağsaqqalın da, zəhmətkeş çobanın da bir insan kimi xarakterini mürəkkəbliyilə təsvir edir. "Çörək" hekayəsində Mədət kişi ilə Səməd kişi arasında uşaq üstündə başlamış dava-dalaş onların ata-baba dostluq, qonşuluq münasibətlərini az qala heçə endirəcəkdi. Mədət kişi əziz-xələf oğlunun döyülməyinə daralıb onu qabağına qatır, şikayətə gedir. Ancaq mənzil başına çatmamış əməlindən peşman olur. Aclıq onlara güc gələndə oturub çörək yeyirlər.
"- Bu çörək nə yumşaqdır, - deyə oğlundan xəbər aldı, - bəyəm anan bu gün təndir qalamışdı?
Uşaq ağzındakı tikəni aşıra-aşıra:
- Yox, - dedi, - səhər Püstə xala Cavadla yollamışdı ki, isti çörəkdir!
Çeynədiyi loxma az qala Mədət kişinin boğazında qalmışdı, kişi ağzındakı tikəni güclə uda bildi. "Lənət şeytana!.." Sonra da Mədət kişi özünü də, arvad uşağı da söyüb ölü-diri qoymadı.
- Əl-üzünü yu! Düş qabağıma, geri dönürük!"
Dəlisov ağlın, qızmış ürəyin hirsini-hikkəsini eldə müqəddəs sayılan çörək yumşaldır və Aydın Tağıyevin hekayələrində belə ibrətli və təsirli səhnələr çoxdur.
Aydın hekayələrində çox zərif və işıqlı bir yumor hissi də var və dərindən fikir verəndə, bu yumorun içində güclü bir ironiya duyulur. Məsələn, Aydının həcmcə ən kiçik hekayələrindən biri olan "Çəpik" bu cəhətdən çox ibrətlidir: "Nağının əlinə əlinə vurub ləzzətli bir çəpik çalmağı vardı.
O, çəpik vuranda səs zalı doldurardı. Məktəblərində iclas, təntənəli yığıncaq-filan keçiriləndə müəllimlər qabaq cərgələrdə oturdardılar, dərslərini fərli-başlı oxumasa da, belə tədbirlərdə siniflərinin üzünü ağardardı. Direktor çıxış edib nitqini qurtarandan sonra o biri uşaqlar əl çalmağa yatıb qalsalar da, təkcə Nağının çəpiyinin səsi zala bəs idi..."
Bu təsvir bizə ötən illərin-gurultulu alqışlar dövrünün tanış mənzərəsini xatırladır. Ancaq hekayə faciəli bir məqamın təsviri ilə bitir.
Bu növbəti çəpik səhnəsində Nağının qolu sınır və məcbur olub onun qolunu dirsəkdən aşağı kəsib atırlar. Beləliklə, iclaslar, tədbirlər çəpiksiz qalır, Nağının gələcəkdə deputat olmaq arzusu ürəyində qalır. Çünki "Nağı yaxşı dərk edirdi ki, çəpik bilmədən bu dünyada yaşamaq çətin olacaq..."
Aydın Tağıyevin digər hekayələri barədə də belə ürək açıqlığı ilə söz açmaq olar. Bu hekayələrdə də Aydın özünə sadiqdir, yenə də həyat həqiqətindən çıxış edir, yenə də müasiri olduğumuz insanları bədii sözün işığına çəkir. Və yaxın illərin ağrıları, məmləkətimizin düşdüyü çətinliklər, yurddaşlarımızın keçirdiyi sarsıntılar bu hekayələrin əsas qayəsini təşkil edir.
İstərdim ki, Aydının bundan sonra yazacağı hekayələrdə həyatın, gerçəkliyin daha mühüm problemləri əks olunsun. Onun gözləri qarşısında bəlkə bizim hiss etmədiyimiz, mahiyyətinə varmadığımız hadisələr, olaylar baş verir, o, əyalətdə yaşayan, müxtəlif qayğılarla, çətinləklərlə üzləşən insanlarla üz-üzə gəlir. Onların sevincini də, fərəhini də duyur. İstərdim ki, Aydın öz hekayələrində daha böyük mətləblərdən söz açsın. Təbii ki, ailə-məişət məsələlərindən. Kənddə və qəsəbədə yaşayan insanların gündəlik qayğılarından yazmaq yaxşıdır, amma o balaca kəndlərdə, o kiçik qəsəbələrdə Aydın Tağıyevin gözləri qarşısında elə hadisələr baş verir ki, Aydın bunları da qələmə almalıdır.




TƏQVİM / ARXİV