Canı çıxan təqvimlər...

ETİBAR CƏBRAYILOĞLU
38559 | 2008-12-13 03:25
Bu təqvimin də canı çıxmaq üzrədi. Hiss olunur ki, güclə nəfəs alır. İnsafən, heç özü də bunu gizlətmir. Oturub son günlərini, saatlarını gözləyir. Bir də eşidəcəyik ki, bu il də canını belə tapşırdı...
   
   İllər də insanlar kimidi. Vaxtı çatdısa getməlidi. Lap istəyir Əjdaha ili olsun. Yerin altını beş barmağı kimi bilən metro nazirimiz Tağı müəllim Əhmədov demişkən, daha burcutmağın yeri yoxdu. Gəlmisənsə getməlisən.
   
   İlləri yola salmaqda böyük təcrübə toplayan Şaxta Babasa Dövlət Yol Polisinin bəzi əməkdaşları kimi haradasa gizlənib fürsət gözləyir. Onu türk estrada ulduzlarına da bənzətmək olar. Götürək elə başından kepka əskik olmayan Rafet El Romanı. Şaxta Baba sir-sifətdən ona oxşamasa da xasiyyətindəki bəzi məsələlərdə Rafetdi ki, durub. Şaxta Baba da Rafet kimi ildə bir dəfə hökmən Bakıya gəlir.
   
   Təqvimin halından da məlum olur ki, Şaxta Baba yenə buralara gəlməyə hazırlaşır. Bir-iki günə yəqin Qusar tərəfə gəlib çatacaq. Göz yumub-açınca görəcəyik ki, Biləcəridədi. Çiynində də hədiyyə dolu torba. İnanmıram ki, dünyanı başına alan iqtisadi böhran Şaxta Babadan yan keçə. Neftin qiymətinin aşağı düşməsi ABŞ yekəlikdə ölkəni qarışdırıbsa, deməli, çomağın bir ucu da Şaxta Babaya dəyməlidi. Yəqin bu dəfə onun torbasında hədiyyə kasadlığı olacaq.
   
   İldə cəmi bir dəfə gəlməsinə baxmayaraq, Şaxta Babaya münasibətim pis deyil. Niyə də pis olsun? İldə bir dəfə də olsa buralara hökmən baş çəkir. Yazığın imkanı buna çatır, necə deyərlər, yoxa lənət. Corc Buş atasından sonra neçə illər Amerikada prezident işlədi, heç olmasa, bircə dəfə Bakıya gəlməyə qanacağı çatmadı. Bütün bunları nəzərə aldığımdan Şaxta Babanı Corc Buşdan çox istəyirəm. Fikrim var ki, səfər ərəfəsində ona bəzi məsləhətlər verəm. Kasıb adamdı, dünyanın bu qarmaqarışıq vaxtı niyə ziyana düşsün?
   
   Şaxta Baba Bakıya çatan kimi 100 faiz Faiq Ağayevin qapısını döyəcək. Çiyninə atdığı torbanın içindən iki hədiyyə çıxarıb birini sənətçiyə, birini də onun xanımına vermək istəyəcək. Şaxta Baba, yəqin başın qarışıq olub, xəbər tuta bilməmisən. Faiq Ağayev yüz faiz həyat yoldaşından boşanıb. Bu haqda rəsmi bəyanat da verib. Sən belə elə, Faiq Ağayevgil üçün nəzərdə tutduğun hədiyyənin birini apar müğənni Nuragilə. Onun üçüncü dəfə oğlu olub.
   
   Nadir Qafarzadənin də qapısına hədiyyə aparma. Qapını döyən kimi Nadir elə biləcək ki, səni Faiq göndərib. Əjdaha kimi ağzından od püskürəcək. Qoca kişisən, sənə çox lazımdı?
   
   Sənin yerində olsam, Elariz Məmmədoğlugilə getmərəm. Onlara getsən Faytonçu Nazim səndən əməlli-başlı inciyəcək. Nazimgilin qapısını döysən, Elarizin gözünə görünmə. Ən yaxşısı Rəqsanənin evinə getməkdi. İkinci dəfə qızı olub. Nə qədər ki, növbəti plastik əməliyyat üçün xaricə getməyib, apar hədiyyəsini ver. Namiq Qaraçuxurluyasa hədiyyə ayırmağa dəyməz. Aygün Kazımova Namiqin 30 yaşında ona Göyçayda torpaq sahəsi bağışlayıb. Göyçay kimi yerdə torpaq sahəsi olan sənin hədiyyəni neyləyir? Xətrinə dəyməsin, sözgəlişi dedim.
   
   Şaxta Baba, nə qədər yadımdan çıxmayıb bir məsləhətimi də verim. Hədiyyə alanda fikir ver, bu kasıb vaxtında tez xarab olan məhsullara pul xərcləmə. Bakı küçələrindəki tıxaclardan sonra hədiyyən xarab olacaq. Körpülərimizin çoxalmasına baxma, yollardakı tıxaclarımız azalmayıb. Səbəbini soruşma, onsuz da yaza bilməyəcəyəm.
   
   Guya bilmirsən niyə?

TƏQVİM / ARXİV