adalet.az header logo
  • Bakı 20°C

Bəxtəvər "irəli"nin bazına

CEYHUN MUSAOĞLU
26949 | 2008-12-13 03:25
Yox, dostum, köhnə mövzu deyil. O hadisənin üstündən cəmi 4 gün keçib. Dekabrın 9-da olmuşdu. Adaşım Ceyhun (adımın Ceyhun olduğuna elə sevinirəm) həmtəsisçilərindən biri olduğu "İrəli" Ümumrespublika Gənclər Hərəkatının buraxıldığını bəyan etdi. Bu xəbəri eşidəndə ürəyim elə sızıldadı... Açığı, əvvəl zırıldadı. Üstünə qışqırandan sonra isə sızıldaya-sızıldaya "Ay Allah, "İrəli" niyə belə elədi" sualını fəryad donuna büküb, özü də həmin donun içində çölə atılmaq istədi. Onun qarşısını kəsməyə gücüm çatmayacaqdı. Nə yaxşı Ceyhun müəllim, əlbəttə, mən yox, o Ceyhun Osmanlı müəllim irəlidəki faciəni hiss edib ürəyimin cavabını verdi: "Hərəkatın buraxılması barədə qərar 6 nəfər həmtəsisçi tərəfindən yekdilliklə qəbul olunub. Hər bir prosesin məntiqi mərhələləri var. Artıq Hərəkatın buraxılması mərhələsinə çatdıq. Çünki qarşımıza bir çox məqsədlər qoymuşduq ki, onlara da nail olduq. "İrəli" ölkənin 30 regionunu və 20 ali məktəbini əhatə etdi. 6 nəfərlə başlayıb 6 min nəfərə çatdıq. "İrəli" bu 3 il müddətində 550-dən çox layihə həyata keçirdi. Hesab etdik ki, bu formatda fəaliyyətimizin məntiqi sonuna çatdıq. Nəzərə alaq ki, bir çox həmtəsisçilərimiz Azərbaycanda deyil, xaricdədir, bəziləri təhsil alır, bəziləri isə çalışır. Bütün bu səbəblərə görə biz Hərəkatın buraxılması barədə qərar verdik. Biz 3 il əvvələ qədər Azərbaycanın gənclər siyasətində bir növ qocalaşmanın şahidi olurduq. Gənclər təşkilatlarının sədrləri arasında yaşı 45-50 olan şəxslər də var idi. Onlar isə yeniləşmə arzusunda deyildilər. Ancaq "İrəli" Azərbaycan cəmiyyətinə yaşı 19, 20, 21, 22 olan yüzlərlə yeni sima bəxş etdi. İndi onların bir çoxu yeni təşkilatlar yaradıb, ayrı-ayrı sahələrdə fəallıq göstərirlər. Artıq "İrəli" Azərbaycanın gənclər siyasətini yeniləşdirdi. Hesab edirik ki, bu cəhətdən də məqsədimizə çatdıq".
   
   Necə də rahatlıq tapdım. Dərindən nəfəs alıb... Necə? Əlbəttə yox. Adamda tərbiyə olar, gərnəşib eləmədim. Eləcə dərin nəfəs alıb, sonra nəfəsimi dayazdan buraxdım ki, boğulmasın. Bəli, xatirələri eşələməliydim. Eeee, yekə adamsan, çaşdırma. "Eşələməliydim" yox, çözməliydim. Bu da xatirələr: 2005-ci il avqustun 26-sı. "İrəli" Ümumrespublika Gənclər Hərəkatı yaradıldı. Dövlətimiz təşkilatı qeydiyyatdan keçirmədi. Nooolsun, əsas məqsədi müəyyənləşdirməkdir. Ceyhun müəllim təvazökarlıq edib gizlətdi. Amma elə deyil. "İrəli" Azərbaycanın bütün gənclərini Qarabağ dərdi ətrafında birləşdirdi. Dərd o qədər böyük idi ki, hamımız onun içinə yerləşdik. Açarı buran kimi dərd maşını "xoda" düşdü. İşıq sürəti ilə 7-8 dəqiqəyə Şuşaya girdik. Hardan start götürdüyümüzü yazmıram. Dövlət sirridir. Şuşadakı ermənilərin dərd maşınının qarşısında dizlərini yerə qoymalarında isə sirr yoxdur. Onlar maşının qabaq şüşəsində iri hərflərlə yazılan "İrəli" sözünü oxumuşdular. Maşından düşüb təxminən atam yaşında olan birinə yaxınlaşdım. Əvvəl yaxasından yapışıb qaldırmaq istəsəm də, atam yaşında olduğunu düşünərək, çiyinlərindən tutdum. Kişi, yaxşı, qoy sən deyən olsun, onsuz da həmişə ya sən deyən olur, ya siz deyən, erməni bunu gözləyirmiş kimi, özü ayağa qalxdı. Onunla yaddaşıma əbədi həkk olunacaq qısa dialoqumuz oldu. Birinci mən başladım:
   
   - İllərdir sizin dizinizi yerə gətirə bilmirik, bu nə sirdir dərd maşınının qabağında sındız?
   
   - Sovet əsgərləri alman faşistlərinə qarşı hücuma keçəndə "İrəli!" bağırardı. Başqasının torpağına girdiyimizdən özümüzü faşist hiss edirik. Dedik yəqin bu "İrəli" o "İrəli"dəndir.
   
   - Nə fərqi var?.. Hər ikisinin məqsədi irəli getməkdir.
   
   - Belə çıxır ki, sizin maşın burdan qabağa gedəcək - Ermənistana?
   
   - Əgər Qarabağı boşaltsaz, geri qayıdacağıq. Hələ görüləsi çox işlərimiz var.
   
   - Baş üstə, indicə gedirik.
   
   Onlar getmədilər, qaçdılar. "İrəli" Qarabağı azad etdi. İşğal altında olan başqa rayonlar isə işğalın üstünə çıxdı.
   
   Dərd maşını saz vəziyyətdə işləyirdi. "İrəli"nin birləşdirdiyi gənclər maşını Təhsi Nazirlyi binasının sağ tərəfində saxladı. Sol tərəfdə qazıntı işləri aparırdılar. Binanın qabaq tərəfi nazirlik işçilərinin avtomobillərinin boyuna biçilmişdi. Təhsil Nazirlyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə dünəndən həmin yerdə "İrəli"ni gözləyirdi. 6 nəfər nümayəndə heyəti ilə onunla görüşdük. Sözə ehtiyac qalmadı. Qaş-gözlə başa saldıq ki, təhsil haqqında hazırlanmış yeni qanun qəbul olunmalıdır. Bir neçə gündən sonra qanun qüvvəyə mindi. Ölkədə savadsızlıq aradan qaldırıldı. Dünyanın tanınmış universitetləri hökumətimizə yalvarış dolu məktublar göndərməyə başladılar. Məktubların mətni təxminən belə idi ki, azərbaycanlılar ən yüksək bal topladıqları üçün onlardan başqa təhsil müəssisələrinə bir nəfər də olsun xarici vətəndaş qəbul ola bilmir. Müraciətlərin sonunda bu prosesin qarşısını almaq xahişi 22-lik hərflərlə yazıldığından gözə girirdi.
   
   Dərd maşını isə problemlərimizi təkərlərin altına salıb ölkəni gəzirdi. İşsizlik, kasıblıq, tikinti bumu, İçərişəhər təcavüzü, korrupsiya, mədəniyyətsizlik, yəni kinosuzluq, teatrsızlıq, canım sənə desin, jurnalistikasızlıq... Deyirsən, şair xalq olduğumuzu göstərim?.. Yaxşı. Jurnalistikasızlıq, abırsızlıq, vicdansızlıq, qeyrətsizlik və namussuzluq yoxa çıxdı. "İrəli" elə sürətlə irəlilədi ki, bütün eybəcərliklərin meyidini arxada qoydu. "İrəli" finişə birinci çatdı. Vətən sizi, yaxşı deyil e, yoxsa deyərdim bizi, heç vaxt unutmayacaq.
   
   Meyidləri yığışdırmaq hələ özünü buraxmayan gənclər təşkilatlarının işidir. Lap elə "Dalğa"nın. İran səfirliyinin qarşısında artistlik eləməkdənsə, "İrəli"nin meyidini sərdiyi problemləri basdırın.

TƏQVİM / ARXİV