adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BAZARDA NƏ UCUZ?..

OQTAY SALAMOV
24100 | 2008-12-13 03:25
Deyəsən, bu sözü bir dəfə də yazmışam; mənim oxuduğum vaxtlarda səhnə danışığı dərslərində dilin səlis işləməsi üçün tələbələrə yanıltmaclar öyrədirdilər. Bunların ən sadələrindən biri də bu idi: "Bazarda nə ucuz? Mis ucuz, küncüt ucuz"... Eşitdiyimə görə, daha bu yanıltmacı söyləmirlər. Asan olduğuna görə yox, informasiyanın düz olmadığına görə. İndi bazarda mis ən baha satılan mallardandı. Deyəsən, küncütü də narkotik siyahısına salıblar, heç adını tutmasan yaxşıdır. Adını eşidib özünü və üzünü görmədiyimiz ucuzlaşmadan danışmaq istəyirəm.
   
   Son vaxtların ən dəbdə olan sözü ucuzlaşmaqdır. Neft ucuzlaşır, benzin ucuzlaşır, tikinti malları ucuzlaşır, xidmət haqları ucuzlaşır... Ay başınıza dönüm, harada ucuzlaşır, ucuzlaşırsa, bizdə niyə ucuzlaşmır? Başqa şeylər bir yana, hər gün çörək almağa məcburuq və ilk günlər qiymətin saxlanması ilə çəkinin artırılması, indi isə çəkinin saxlanması ilə qiymətin düşməsi haqda sözləri bol-bol eşitsək də, ortada deyiləni gördüm deyən yoxdur. Nə çəki artıb, nə də qiymət düşüb? Yazırlar ki, noyabr ayında tikinti materiallarının qiyməti orta hesabla 26 faiz düşüb. Qardaşım, tikinti materialı deyəndə yadıma ilk növbədə daş, qum, sement və taxta gəlir. Bunların qiymətində bir qəpik də ucuzlaşma yoxdur. Bəlkə də statistikada var, vergi ödəmələrində belə göstərirlər, amma bazarda, dükanda nəinki 26, heç 2,6 faiz də düşməyib. Əgər o kant vurmaq üçün satılan rəngli ipin qiymətinin düşməsini ortalayıb orta hesaba soxuşdurmaq istəyirsinizsə, bizi niyə ələ salırsınız? Armaturun 36,3, şüşə pambığın 28,9, dəmir təbəqənin 26,3 faiz düşdüyünü qəzetdən oxuyanda adam bunun Zimbabvedə olduğunu düşünür və yadına o saqqallı anekdot düşür: Bağçaya yoxlama gəlir. Komissiyanın qarşısında müəllimə uşaqlardan soruşur: - Uşaqlara ən yaxşı qayğı harada göstərilir? Uşaqlar xorla: - Azərbaycanda! - Ən xoşbəxt uşaqlar harada yaşayır? - Azərbaycanda!.. Komissiya üzvlərindən biri görür ki, bir uşaq kənarda dayanıb için-için ağlayır. Yaxınlaşıb uşağın başını sığallayır və soruşur: - Niyə ağlayırsan? Uşaq içini çəkə-çəkə: - Mən də Azərbaycanda yaşamaq istəyirəm...
   
   Deyir dünya maliyyə böhranına görə xaricdə maşınların qiymətinin ucuzlaşması bizim banklara yaman pis təsir göstərəcək. Düşündüm ki, xaricdə maşının ucuzlaşması hara, bizim bankların vəziyyəti hara? Məlum oldu ki, birbaşa əlaqəliymiş. Sən demə, bizimkilərin əksəriyyəti bankdan kredit götürəndə girov kimi maşın qoyurmuş. Yəni tutaq ki, 70 minlik maşını qoyub 50 min kredit götürürdü, pulu vaxtında qaytara bilməyəndə maşın qalırdı banka. Həm də 20 min xeyirlə. İndi 70 minlik maşının qiyməti olub 40 min, pul alana pulu qaytarmaqdansa maşını saxlamaq daha sərfəlidir. Belədə bank nəinki gəlir götürmür, hələ üstəlik özü də ziyana düşür.
   
   Maşın demişkən, çox ciddi xəbərlər yayılır ki, yeni il başlayan kimi köhnə avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyulacaq. Deyir bizim ekologiyanı korlayır və əlavə tıxacların yaranmasına səbəb olurlar. İqtisadçı ekspert Zahid Məmmədov deyir ki, gərək köhnə avtomobillərin gətirilməsinə çoxdan qadağa qoyulaydı: "Ucuz olduğuna görə hərə gedib birini alır, çıxır küçəyə. Təsəvvür edin ki, hazırda paytaxtın yolları nə gündədir. Tıxacların əlindən mənzil başına çatmaq qeyri-mümkündür. Eyni zamanda belə köhnə model avtomobillər sürücülər üçün də sərfəli deyil. Yəni bir növ komfortunu itirmiş modellərdir ki, bəzi biznes adamları gedib Avropadan bunları gətirir, camaata sırıyır". Yəqin bu sitatı oxuyanda bəziləriniz özünüzün "hərə"lərdən biri olmadığınızın fərqinə vardınız. "Ucuz olduğuna görə hərə birini alıb"... Doğrudan da köhnə maşınların gətirilməsini və indiki köhnələrin küçələrdə hərəkətini qodağan eləsələr tıxaclar olmaz. Bəs onda o boyda körpülərə, yol aşırımlarına, tunellərə niyə bu qədər xərc çəkirdilər? Guya o maşın tüstünü bizdə yox, tutaq ki, Ermənistanda buraxanda bizim ekologiya korlanmır?
   
   Bədxahlar bir xəbər də yayırlar ki, "Təhsil haqqında qanun"un hələ də qəbul edilməməsinə səbəb Misir Mərdanovla Məleykə Abbaszadə maraqları arasında uzlaşmanın olmaması, üstəlik rektorların da hərəsinin xüsusi marağının təmin edilməməsidir. Hətta ölkənin iqtidar partiyasının səlahiyyətliləri məsləhət görür ki, qanunu Məclisə prezident təqdim eləsin ki, bunların əlavə söz deməyə cürətləri olmasın. Valideynlər artıq taleləri ilə barışıblar. İndi onların bir qayğısı var. Təhsil nazirimiz deyir ki, məktəblərdə yeni qiymətləndirmə sisteminə keçiləcək. İndi onlar bilmək istəyirlər ki, yeni qiymətin qiyməti artacaq, yoxsa o da qəzetlər yazan kimi, ucuzlaşacaq? Onlar da bilirlər ki, bizdə icbari təhsil pulsuzdur. Amma hər halda bilmək istəyirlər ki, xərcləri azalacaq, yoxsa çoxalacaq. Çox güman ki, burada ucuzlaşma olmayacaq, amma nə bilmək olar, dünyada maliyyə böhranıdır.
   
   Bizim alimlər, siyasətoloq, ekspert və politçilər israr edirlər ki, dünya maliyyə böhranının Azərbaycana ya heç dəxli olmayacaq, ya da çox az dəxli olacaq. Dediklərini hansısa iqtisadiyyat qanunları ilə sübut eləməyə də çalışırlar. Amma deyəsən, iqtisadiyyatın iqtidarı, müxalifəti var. Müxalifət iqtisadçıları deyirlər ki, "korrupsiyanın geniş yayıldığı dövlətlərə bu böhran daha böyük ziyan vuracaq". Mən biləni, hətta bizim iqtidar da ölkədə korrupsiyanın olmadığını iddia eləmir. Bəs belə olan halda, bu dəxli olub-olmamaq məsələsində hansısa ziddiyyət yaranmır ki?
   
   Yazının bu yerinə çatanda birdən hiss elədim ki, yuxarıdakı vədimdən asılı olmayaraq ("görmədiyimiz ucuzlaşmadan danışmaq istəyirəm") nədən, kimdən yazıramsa yazım, nəticə ya qiymətlə bağlı olacaq, ya da ucuzlaşma, bahalaşma ilə. Məsələn, o gün oxuyuram ki, bir dələduz özünü polis işçisi kimi təqdim eləyib, vətəndaşın 12 manatını alıb. Görsəydim, o vətəndaşın yaxasından yapışardım ki, sən nəyə görə polisin adını ucuzlaşdırırsan? Polis də 12 manat alar? Gərək sən elə o anda başa düşəydin ki, bu saxta polisdir. Və bir də... Lap tutaq ki, elə doğrudan da polisdir. Düz adamsansa, bir zibilin yoxdursa, niyə polisə pul verirsən? Razılaşın ki, burada ucuzlaşmanın, bahalaşmanın dəxli yoxdur...
   
   Biz görmüşük və öyrəşmişik ki, məmləkətimizdə nəyinsə keyfiyyətindən danışanda deyirik ki, yaxşıdır, pisdir, babatdır... Temperaturundan danışanda deyirlər ki, istidir, soyuqdur, ilıqdır... Rəng mənasında da eləcə, ağ, qara, sarı... Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammerberq Azərbaycanda insan haqlarının vəziyyətindən danışanda deyib ki, burada insan haqlarının vəziyyəti kifayət qədər tünddür. Ta orasını başa düşmədim ki, bizimkilər tərcüməni belə ediblər, yoxsa elə belə də deyib. Əşi, siz dünyagörmüş, qiymət bilən adamlarsınız, necə bilirsiniz, tünd bahalaşmaya tərəfdir, yoxsa ucuzlaşmaya? Yoxsa burada da iqtidar-müxalifət yanaşması var?
   
   
   
   P.S. Bazarda nə ucuz? İnsanlıq ucuz, söz ucuz...
   
   

TƏQVİM / ARXİV