adalet.az header logo
  • Bakı 20°C

AZAD ƏDƏBiYYAT SEVDASI

VAHİD ƏLİFOĞLU
21137 | 2008-12-06 02:32
... Rəssam kətanın üzərinə gördüklərini olduğu kimi "köçürə" bilməz. Tablodakı çay, dəniz, meşə, dağ olsa-olsa sonsuz təbiətin "bir cüt göz dolusu" ötəri, dondurulmuş və bəsit əksidir. Rəsm əsərinin səsini eşitmək, iyini duymaq, hərəkətini görmək uydurmaqdan və özünü aldatmaqdan başqa bir şey deyil. Əgər belə bir fenomenal qabiliyyət sahibi varsa, o da ancaq bu mənzərəni nə vaxtsa reallıqda görüb, başqalarına nisbətən daha dəqiq yadda saxladığına görə yalnız yaddaşı ilə öyünə bilər... Dünya bütün xırdalıqları ilə Yaradanın iradəsinin və nəzarətinin təsiri altındadı. Canı, qanı olan hər bir şeyin tam sərbəstlik istəkləri mənasız cəhdlərdi. Belə çıxmırmı ki, nədənsə azad olduğunu iddia etmək elə könüllü surətdə yeni bir nəyinsə əsarətinə düşməkdir.
   
   ... Mən öz ağlım kəsən səviyyədə apardığım araşdırmalarımla son vaxtlar "azad ədəbiyyat" sevdasına düşənləri anlamaq istəyirəm. Sözsüz ki, gəldiyim nəticələr həmin ideya daşıyıcıları ilə həmrəy olmadığımı sübut etmək deyil. Sadəcə, yaşadığım "Haramı ədəbi mühiti"nin paytaxt ədəbi mühitindən fərqini dürüstləşdirməyə çalışıram...
   
   ... İllər uzunu ədalət və həqiqət axtarışı yekunda təptəzə, qatı açılmamış ədalətsizliyin və yalanın ortaya qoyulması ilə kifayətlənməkdir, vəssəlam. Ədəbiyyatın nəsrə, poeziyaya, publisistikaya, dramaturgiyaya və s. bölünməsi və çərçivələnməsi elə bəri başdan bu sahədə azadlıqdan danışmağın yersiz olduğuna işarədir...
   
   ... Bu, eyni dağı müxtəlif istiqamətlərdən dolanmaqdır. Onsuz da keçilən yol ayrı olsa da nəticə birdir. İnsan daima onu idarə edən, buyuran və nəzarətdə saxlayan axtarışındadır. Diktatoru xalq özü yaradır...
   
   ... Hamı yığışmışdı şəhərin baş meydanına. Bu gün məmləkətin şahı seçiləcəkdi. Quşu uçurtdular. Quş qondu keçəlin başına. Bir də uçurtdular, yenə qondu keçəlin başına... Bir də, bir də... Quşu uçurdanlardan çox, meydana yığışanlar istəmirdilər keçəlin şah olmağını. Axırda keçəli döyə-döyə aparıb saldılar mal damına və şahı seçdilər. Doğrudan da keçəldən də şah olar?.. O vaxt yaxşı ki, Avropa Şurası, ATƏT yox idi. Yoxsa bağıracaqdılar ki, demokratiya tapdalanıb, keçəlin seçilmək hüququ pozulub...
   
   ... Ədəbiyyat həmişə müəyyən bir dairənin marağına xidmət edən, dodaqları boyalı və təbəssümlü, beli incə və cazibədar xidmətçi rolunu oynayıb. Xidmətçilər, yaxud qulluqçular öz sahiblərinə sözün bütün mənasında xidmət göstəriblər.
   
   ... Saray xidmətçiləri... Əyləncə və atüstü sevgi macəraları... Bic doğulmuş, əslində qanuni varislərin anaları... Bic varislərə varidat verilmir...
   
   ... Onlar zorlanmaya, bic uşaq doğmağa daxilən meyllidirlər... Yorğandan qırsaqqız yapışmış məşuqə əslində yalançı müqavimətin və etirazın ləzzətini dadmağa maraqlıdır. Ədəbiyyat da hər zaman zorlanmaya və bic uşaq doğmağa hazırdır...
   
   ... Sovet ideologiyasını tərənnüm və mədh edərək Lenin, Stalin mükafatları qazananlarla əks ideologiyaya yalmana-yalmana Nobel mükafatı alanların məntiqi fərqi nədədi, axı?..
   
   ... "Qırmızı terror"dan qaçanlar başqa rəngdə olan terrorun qanadları altına düşmədilərmi?..
   
   ... Bəşəriyyətin fəxrləri, dahiləri, humanistləri... Eynşteyn, Bor, Markes, Nazim Hikmət, Soljenitsın, Saxarov və s... Şeytandan üz döndərib iblislə diz-dizə əyləşmədilərmi?.. Belə misallar birdimi, ikidimi, yüzdümü?..
   
   ... Sadəcə bir oyun... Sadəcə bir tamaşa... Cəllad cəlladdı... Ya əlində balta olsun, ya da dar ağacı... Həyatdan məhrum etmənin üsullarının fərqli olmasının mənası nə?..
   
   ... Ədəbiyyatdakı bütün cərəyanlar və "üzmələr" boş və uydurmadır, sayıqlamadır. Bütün terminlər və ideyalar qüsurludur...
   
   ... Sifarişlə yaranan ədəbiyyatdan azadlıq gözləmək nağıldır. Çünki heç bir sifarişçi azad deyil. Sifarişin isə rəngi müxtəlif ola bilər, ruhu eynidir. Ədəbiyyat dözümsüzlüyün və dözümlülüyün törəməsidir. Dözümsüzlük və dözümlülük fərdidir, kütləvi deyil. Ədəbi əsərləri fərdlər yazır... Kütləviləşmiş dözümsüzlük müharibə, ixtişaş, itaətsizlik yaradır. Ədəbiyyat yox... Ədəbiyyat hadisədən sonra çıxır ortalığa... Ayrı-ayrı ədiblər qismən də olsa azad dola bilərlər, amma oxucular ki azad deyillər...
   
   ... Ədəbiyyat dolanışığa, mükafata hesablanırsa və o dolanışığı, mükafatı təsis edən bircə nəfər belə varsa hansı azadlıqdan danışmaq olar?.. Yazar öz düşüncələrinin, oxucu isə yazanın əsarətində... Qədim Çin fəlsəfəsində deyilir:
   
   "Mən öz düşündüklərimi özgələrlə bölüşdürməklə naqqal, özgələr mənim düşüncələrimlə tanış olmaqla əxlaqsızlıq etmirlərmi?"
   
   ... Mənə tanış gəlir ki, həyatda da, ədəbiyyatda da azadlıq, tam sərbəstlik mümkünsüzdür... Yazar da, oxucu da eyni reallığın, eyni həqiqətin içərisindədilər...
   
   ... Eşşəyi parçalayan canavar yırtıcı, az qala bütün hərəkət edən canlıları yeyən insan isə humanistdir, ədalətlidir, haqlıdır... Gülməli deyilmi?..
   
   ... Ədəbiyyatı azad etmək onu zorlamadan, təcavüzdən, əsarətdən qurtarmaqdır. Bəs ədəbiyyat necə? Azad olmaq istəyirmi? Bunu ondan soruşan olubmu?..
   
   ... Bir qızı qaçırmışdılar. Atası, anası, bütün qohum-əqrəbası yerlə, göylə əlləşirdilər ki, bəs bizim qızımızı zorla qaçıranın anası ağlar qalacaq. Bir saatdan sonra qız atasının telefonuna zəng edib dedi ki, əl-ayağa düşməyin, özüm öz xoşumla qaçmışam...
   
   
   
   P.S. ... Dünya ömür, gün oynadır,
   
   Ət altında gön oynadır.
   
   Bir əlində dən oynadır,
   
   Bir əlində tiyə, durub...
   
   
   
   P.P.S. Mən özüm də ömrümün otuz ilini (Söhbət ədəbiyyata nəsə verməyimdən getmir - V.Ə.) ədəbiyyata sərf etmişəm. Gəlin boynumuza alaq ki, ədəbiyyat heç vaxt ciddi qəbul olunmayıb. Fikir vermisinizmi, oxucular ədəbi əsərləri boş vaxtlarında oxuyurlar... Boş vaxtlarında!..
   
   

TƏQVİM / ARXİV