adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

üç QADINDAN BiRi...

VƏSİLƏ USUBOVA
29234 | 2008-12-06 02:32
Analığı onu cəzalandırmışdı: xoruz banınacan yerə tökülmüş bir kisə buğdanı dənə-dənə yığmalı, bir cüt corab toxumalı, bir də... Bir də ağlayıb yanına qoyulmuş kasanı göz yaşıynan doldurmalıydı...
   
   Bu bir nağıldı. Nağıllarda insan əzablarının heyrətləndirici təsviri də anlaşılandı. Bu fiziki cəzanın arxasında insanı yormaq, bezdirmək, çilədən çıxartmaq, ən nəhayət özünəqəsd durumuna salmaq cəhdləri durur. Bəlkə də əldən iti birisi əvvəlki iki cəzanın öhdəsindən (təbii ki, ancaq birinin) bir gecədə gələ bilər. Bəs, üçüncü?! Niyə məhz ağlamaq, göz yaşı tökmək?! Bəlkə əvvəlki iki cəzanın fiziki ağrılarını azaltmaq, incidilməkdən, təklənməkdən partlamaq dərəcəsinə çatan ürəyi soyutmaq, gərilmiş sinirləri yumşaltmaqdan ötrüdü bu üçüncü cəza?.. Özü də məhz qadına verilən cəza. Üstəlik, qadının qadına verdiyi cəza. Paxıllıqdan, gözügötürməzlikdən doğan, insan adlanan varlığın hələ-hələ ağlına gəlməyən bir cəza...
   
   Bu hekayət nağıl sərhədlərini açmış bir əfsanədi bəlkə. Əfsanə kimi anlayanda bir rahatlıq gəlir adamın duyğularına. Ancaq bir yerdə oxuyanda ki, əfsanələrə inanmayın, onlar da bir zaman həqiqət olub, təzədən fikirlər çarpaşıq düşür, nigarançılıq başlanır. Təkcə şirin, cəzbedici əfsanələrin bir zamanlar həqiqət olması fikri insanı ümidləndirir, acı əfsanələrin həqiqətə çevrilməsi isə heç arzulanan deyil...
   
   
   
   ***
   
   
   
   "Yer üzündə hər üç qadından biri ağlayır..." Bu cümlə o nağılların heç də əfsanə olmadığı fikrinə yaxınlaşdırır bizi. Bəlkə də heç üçündən biri deyil, üçündən ikisi ağlayır qadınların. Ancaq nədən? Səbəb nədir ki, yüz illər, min illər keçsə də, insanlıq bir qadının göz yaşını silə bilməyib. Bəzən, ürəkdən, çox zaman da gəlişigözəl sözlər kimi boğazdan yuxarı "gözəl", "zərif" adlandırılan qadınların əsl qiyməti heç bir dövrdə, ictimai quruluşda verilməyib. Söhbət heç də qadının yerli-yersiz təriflənməsindən, qulağına komplimentlər pıçıldamaqdan getmir. Məsələ ən adi davranış qaydalarından tutmuş ən ali məqama qədər canıyanan, özünü həmişə doğmaları qarşısında borclu sayan varlığın həqiqi, təmənnasız qiymətləndirilməsindən gedir. Həyatımızdakı roluna görə qadın qədim yunan əfsanəsində Yer kürəsini çiyinlərində saxlayan mifik qəhrəmana bənzəyir. Mübahisə istəmirəm. Elə hər kəs papağını qarşısına qoyub gözünü açandan bəri ondan ötrü hər şeyindən - şirin yuxusundan, can rahatlığından, ağzının tikəsindən, əyninin paltarından, bir sözlə, qadınlığın bütün cazibədar xəyallarından keçən Müqəddəs Varlığı düşünsə, kifayətdir...
   
   
   
   ***
   
   
   
   ... Hər ayın axırında otağımdakı təqvimin vərəqinin çevrildiyini görüb təəccüblənirdim. Sonra məsələni anladım. Axı, iş otağımın açarı özümdən başqa bir də xadimədəydi. "Nə diqqətli, səliqəli qadındı" deyə düşünməkdən başqa ağlıma heç nə gətirmirdim. Bir sabah... Bazar ertəsi ayın birinə düşmüşdü yenə. Adətən, biz işə gələnəcən otaqları silib-süpürüb gedirlər. Hələ getməyibmiş, otağıma gəldi, hal-əhval tutub hələ noyabrı göstərən təqvimin üstünə getdi. "Qoy bunu çevirək, günlər tez keçib getsin..." " Günlərin tez keçməsinə niyə belə tələsirsən? Axı,..." "Oğlum əsgərlikdədi. Yanvarda gələcək. Çox darıxıram, imkanım olsa, günləri elə tez-tez ötürərəm ki,..." İndi məsələ aydın oldu. İlyarımdı bu qadın günləri, ayları "itələmək"lə məşğuldu. İlyarımdı gecəli-gündüzlü, bəlkə gözləri yuxuda olanda da canından balasına sarı cərəyanlar axır. Ruhu ömründə ayağı dəyməyən o yerlərdə dolaşaraq balasına zərər verə biləcək hər şeyin qabağını almağa çalışır...
   
   Mən adi, bəsit bir misal çəkdim. Hər birimiz belə misallarla addımbaşı rastlaşırıq. Amma hamımız bir qadın ürəyindən keçən həyəcanları duya bilirikmi?
   
   Bəlkə Yaradan belə xəlq edib onu. Bəlkə günah özündədi? Bunu aydınlaşdırmaq çətindi. Ağlı kəsəndən atasını, qardaşını, sonra da ərini, oğlunu itirməkdən, özünü tənha, evini kişisiz görməkdən qorxur. Hər şeyə hazırdı, təki bu doğmalarının canı sağ, başı uca olsun. Bir addım atmaq istəyəndə də özündən qabaq onları düşünür. Əvvəlcə ətrafındakılar bunu ondan tələb ediblər, bu münasibət yavaş-yavaş canına, qanına hopub. Tədricən özünü - dincliyini, rahatlığını, duyğularını, lap elə qürurunu unudub. Bu günədək çox az şey dəyişib. Mətbəxdə keçən günlər seriallarla dolu axşamlara qovuşub sabahın qayğılarıyla dolu gecəynən başa çatır. Sərhədin o tayındakı həmcinslərinin həyatı ona çox şey deyir, ancaq heç nəyi dəyişə bilmir. Onlar özləriyçin yaşamağı bacarırlar; sevirlər, nifrət edirlər, acıq verməyi, qisas, hayıf almağı bacarırlar. Maşın sürürlər, idmanla məşğul olurlar, səyahətə çıxırlar. Atılmaqdan, unudulmaqdan qorxmurlar. Çünki kişiləri də özləri seçməyi, lazım gəldikdə onlara öz yerlərini göstərməyi, üz çevirməyi, "mən deyil, sən mənim nazımla oynamalısan" deməyi bacarırlar. İmkan vermirlər ki, hər yetən onlardan hesabat tələb etsin. Ona görə xoşbəxtlik ərinin kraxmallı köynəkdə, ütülü şalvarda gəzməsi deyil. Xoşbəxtlik birgə anlaşma, qarşılıqlı qayğı və bir-birini qoruma, hər şeyi bölüşmə, ömrün hər anından yararlanmaqdı. Hər birinin şərəf və ləyaqəti özünə görədi. Heç kəs namus yükünü saxtakarlıqla o birinin çiyninə yükləmir...
   
   Onlar öz talelərinə sahib çıxmağı bacarırlar...
   
   
   
   ***
   
   
   
   Bizdə "göz yaşı qadının yaraşığıdı" deyirlər. Ağlayanda kiminsə üz cizgiləri gözəlləşə bilər, ancaq bunu vərdişə çevirmək çoxmu lazımdı?! Ancaq ürək istəyəndə göz yaşları rahatlıq gətirə bilər...
   
   Bizdə qadın qəlbi çox gərəksiz qorxularla yüklənib. Bu qorxuların ən acısı da atılmaqdan, unudulmaqdan qorxmasıdı. Yanaqları yandırıb deşən göz yaşlarının ən acısı da bu duyğuların ağırlığından doğanıdı. Ancaq özünün də dərk etmədiyi iki təsəllisi var: hansı xeyirxah qüvvəsə sənin ləyaqətsiz, etibarsız birisiynən ömrünü başa vurmağını istəməyib və səni xilas edib, ikincisi də, sən atılmamısan, itirilmisən. Hər iki halda qazanan sənsən və göz yaşlarını silib gülümsəməyinçin elə bunları düşünməyin yetər...
   
   Qadın qəlbinin sirli, müəmmalı adlandırılmasından incimək yox, qürurlanmaq lazımdı. Bəsit görünən birisiynən təmasda olmaq nəinki qətiyyən maraqlı deyil, həm də yorucu və darıxdırıcıdı. Qadın elə sirləriynən çəkici və qəlbovlayandı...
   
   Sovet filmlərindən birində yaşlı kolxoz sədri deyir: "Qadınlar ən çox onlara əzab verənləri sevirlər. Uşaq doğmaq qadının ölümüdü. Ancaq dünyada ən çox sevdiyi kimdi? Öz balası!" Elə bu da qadın qəlbinin cazibədar sirlərindən biri deyilmi?!
   
   Bu sətirləri oxuyandan sonra kimsə çox sevilmək xatirinə qadınlara əzab vermək fikrinə düşməsin...

TƏQVİM / ARXİV