adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

CƏZANIN DOZASI

OQTAY SALAMOV
26621 | 2008-12-06 02:32
Cəza sözünü görən kimi cinayət haqda düşünməyin. Cinayət əsasən hər bir özbaşınalıq, pozğunluq, günah işlərə görə cəza verilmədikcə yetişən son nəticədir ki, onun cəzası dövlət tərəfindən verilir. Daha ali instansiya isə Allahın verdiyi cəzadır ki, daha ondan şikayət yeri yoxdur və ən ədalətli, düzgün hökm Onun tərəfindən verilir. Amma o cəzanı, yaxud mükafatı alıb hələ bu fani dünyaya qayıdan olmadığı üçün acısını, şirinini ancaq oxuduqlarımızdan, hədislərdən bilirik. Bu da bir növ hərbi xidmət haqda danışılanlara bənzəyir. Nə qədər danışılsa da, hər bir oğlan xidmətin nə olduğunu əsgərlik çəkəndə başa düşür. Nə isə, mətləbdən uzaqlaşmayaq və hələlik cinayət olmayan məsələlərə verilən cəzalardan danışaq.
   
   Son zamanlar vaxtaşırı olaraq əxlaqsızlıq yuvaları adlandırılan yerlərə (??) və əxlaqsızlığı özünə peşə edənlərə qarşı polis reydlərinin keçirilməsi və onların televiziyalarda, qəzetlərdə göstərilməsi, yazılması az qala siyasi və iqtisadi xəbərlərin sayından çox olub. Adamda elə təəssürat yaranır ki, məmləkət elə başdan-başa əxlaqsızlıq yuvaları, fahişələr və bıçaqlaşanlarla doludur. Sonuncular lap o qədər çoxdur ki, kimsə balta ilə, dəryaz ilə başqasını vurdu xəbəri eşidiləndə adam təzə söz eşitdiyi üçün qulaqlarını şəkləyir. Bıçaqqayırma sənayemiz yüksəlişdədir. Nə isə, yenə mətləbdən uzaqlaşırıq deyəsən.
   
   Hə, fahişələri tuturlar, televizorda göstərirlər, 40 manat cərimələyirlər, yəqin ki, qeyri-rəsmi görüm-baxım, natura ilə ödəmə və sair də olur, sonra qarabağlılar demiş, boşdayırlar bayıra. Buraxılan qadınlar da (fahişə "kişi"lərin cəriməsinin nə qədər olduğu bildirilmir) ya elə həmin gün, uzaqbaşı səhəri gün qayıdır "post"una və başlayır köhnə "peşə"sinə. Qanunvericiliyimizdə bu "iş"in cəzası elə bu qədərdir və əlavə cəza nəzərdə tutulmayıb. İndi bəzi təşkilatlar məsələ qaldırırlar ki, fahişəliyə görə cəzaları... yox, əvvəl daha mühüm bir məqamı ortaya qoyaq, sonra qayıdarıq cəzalandırmaq məsələsinə.
   
   Sovet hökumətinin vaxtında müəyyən ərazidə bir-iki "bu yolun yolçusu" olardı ki, onları da ərazidə hamı tanıyardı. Çoxları öz uşaqlarına, qadınlarına belələri ilə hətta salamlaşmağı da qadağan eləyərdi. Fahişələr də "başlarını aşağı salıb işlərini görür", öz taleləri ilə barışıb yaşayırdılar. Bilmirəm bizim mənəviyyatımızı nə korladı, iş haradan qaysaqlandı ki, indi fahişələr ən hörmətli zatlara çevriliblər. Onlar "peşə"ləri ilə fəxr eləyir, təmizləri bəyənmir, cəmiyyətdən özlərinə xüsusi diqqət və imtiyaz tələb eləyir və ...alırlar. Dəhşət orasıdır ki, belələri istədiyi vaxt ərə də gedə bilir, ailələri dağıdır, məclislərin ən yuxarı başına çəkilirlər. Namuslu, ismətli qız evdə qalır, fahişə ərə gedirsə, özü də dəfələrlə gedirsə... vallah, adam sualı tamamlamağa çəkinir. Yəni biz kişilər o qədər ...şlamışıq ki, fahişəni ismətlidən yuxarı tuturuq? Heç özünüzü sığortalamayın ki, ailənizin kəsilən dırnağını yüz beləsinə dəyişməzsiniz. Faktiki olaraq ailənizi də onlara dəyişən, fahişənizə maşın, ev, zər-ziba, obyekt alanlarınız o qədərdir ki. Qeyrətiniz olsun, kefinizi çəkin, amma bunları başımıza qaldırmayın, qoy özlərinin yerlərini və kim olduqlarını bilsinlər. Fahişəni yüksəltmək namusluları (bilirəm, gurultulu səslənir, amma neynəyim ki, onlardan fərqli olaraq bunların heç adı da yoxdur) alçaltmaq, fahişəliyə haqq qazandırmaq deməkdir.
   
   Hə, qayıdaq cəza məsələsinə. Bəzi təşkilatlar, məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, belələrinə qarşı cəza tədbirləri sərtləşdirilsə, cərimələrin məbləği artırılsa, cəmiyyəti bu problemdən qismən xilas etmək olar. Nə təklif olunur? Fahişəliyə görə cinayət məsuliyyətinə cəlb etmək? Bəlkə dövlət büdcəsini onlardan alınan cərimələri artırmaqla doldurmaq? Hələ bir öyrənin görək cəmiyyət özü bu "problem"dən xilas olmaq istəyirmi? Dedim axı, imtiyazlılarımız, pullularımız, məmurlarımız fahişələri başımıza qaldırıblar, belələri indi bizlərə yuxarıdan aşağı baxır.
   
   "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın məsələyə münasibəti fərqlidir. Xanım deyir ki, beynəlxalq təcrübəyə əsasən, radikal addımlar XII əsrdən bəri dünya ölkələrində fahişəliyin qarşısını almaqda heç bir təsir göstərə bilməyib: "Mən gözləyirdim ki, komitə o insanlar üçün tamamilə yeni təkliflər verəcək. Bu gün bu qrup insanların ehtiyaclarını öyrənib onların ehtiyaclarına uyğun olaraq da bu problemi həll etmək lazımdır". Hansı ehtiyaclarını, Mehriban xanım? Siz niyə belə güman edirsiniz ki, "bu qrup insanlar"ın hamısı ehtiyac ucbatından fahişəlik eləyir? Faiz rəqəmi söyləyə bilmərəm, amma əminəm ki, onların tam böyük əksəriyyəti ehtiyac ucbatından yox, daha asan yolla daha çox qazanmaq, canını fiziki və ya əqli işə verməmək, "ikisi vıxodnoya düşən beşgünlük dünya"da kef çəkmək üçün fahişəlik eləyirlər. Biz kişilərin gicbəsərliyindən istifadə eləyib bundan rahat, bundan gəlirli hansı iş tapa bilərlər ki?.. Komitə fahişələrin hansı ehtiyaclarını ödəməklə problemin həllini təklif etməliydi ki? Bəlkə pensiya ayırsın, adlı təqaüd təklif eləsin? Mən gözləyirdim ki, o "tamamilə yeni təkliflər"i Siz verərsiniz. Məsələn, fahişəliyi leqallaşdırmağı.
   
   Bilirəm, çoxlarınız bu təklifə qəti etiraz edəcəksiniz. Mentaliteti, adət-ənənəni misal çəkəcəksiniz. Gəlin özümüzü aldatmayaq, fahişəliyin baş alıb getdiyi bir məqamda onunla mübarizənin ən təsirli və düzgün yolu bu "peşə"ni leqallaşdırmaqdır. Bəli, fahişəxanalar açmaq, işə dəvət eləmək, əmək kitabçasına gördüyü işi yazmaq, ixtisas dərəcəsi vermək lazımdır. Onda qəbul eləyən gedib işləyəcək, dövlətə vergi verəcək və daha indiki kimi başımıza çıxıb bizə yuxarıdan aşağı baxmayacaqlar. Siz Allahınız, müqayisəyə görə məni bağışlayın, müəllim kimi, həkim kimi, aşpaz, katibə, xadimə... kimi ayın sonunda maaş alacaqlar. Çaypulu da öz yerində. Bəyəm restoranda ofisianta çaypulu vermirik?..
   
   Mehriban xanım bildirib ki, DİN bu insanların ehtiyaclarının öyrənilməsi üçün QHT-lərə müraciət edir: "Biz ona nə təklif edirik ki, bu işlə məşğul olmamasını istəyirik? Cəza sərtləşdiriləcək, onlar da başqa yollarla istəklərini həyata keçirəcəklər. Hansısa kriminal yollara əl atacaqlar". Mən də cəzaların sərtləşməsinin tərəfdarı deyiləm, amma məsələnin belə qoyuluşu ilə də qəti razılaşmıram. Gəlin açıq danışaq, biz müəllimə, həkimə, süpürgəçiyə nə təklif etmişik ki, onlardan yüksək keyfiyyətli iş tələb eləyək, ya da keyfiyyətsiz işinə görə cəzalandıraq? Elə bilirsiniz həmin fahişə, dilənçi ayda 75-100 manata işləməyə razı olacaq və tövbə eləyib namazqılan olacaq? Baxmayaraq ki, namazqılan fahişələr də az deyil...
   
   Mənə ayrılan yer dolur, amma cəza məsələləri qurtarmır. İkicə sözü də deyim, qalanı qalsın qalan vaxta. Yadınızdadırsa, bu günlərdə Qusar rayonunda bir ayının kəndə hücum elədiyini və onun ovçular tərəfindən öldürüldüyünü xəbər vermişdilər. Bu gün məlumat gəldi ki, ayı virus daşıyıcısı olub, buna görə də ovçuları cəzalandırmayacaqlar. Əsl lətifəlik xəbərdir. Onda başqa virus daşıyıcıları da var. Bəlkə hərəmiz bir tüfəng götürüb düşək şəhərə, hə? Deyir dovşan meşədə hövlnak qaçırdı. Tülkü soruşur ki, nə xəbərdi? Deyir pələng qanun çıxarıb, kimin üç qulağı varsa, güllələyirlər. Tülkü təəccüblənir: - Sənin iki qulağın var axı, sən niyə narahatsan? Dovşan qorxa-qorxa: - Əşi, bunlar kəsib sonra sayırlar...
   
   Avstraliyada deputatları parlament iclasına girəndə alkoqol testindən keçirmək istəyirlər. Çünki deputatlarla, nazirlərlə bu alkoqollu olmaq məsələsinə görə yaman çox insidentlər baş verir. Deyir, polis naziri Mett Braun büdcənin qəbul edilməsi münasibətilə təşkil olunmuş ziyafətdə alt paltarında rəqs elədikdən sonra istefa verib. Belə şeylər olmasın deyən deputatlardan biri yuxarıdakı təklifi verib. Amma yaman ağır cəzadır ha!..

TƏQVİM / ARXİV