adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

QƏLBiNiN SULTANI iNQiLAB iDi

17814 | 2008-12-06 02:31
Feliks Edmundoviç Dzerjinski və onun rəhbərlik etdiyi təşkilat barədə yazılanlar sayca çox, məzmunca müxtəlif, ciddilik əmsalına görə də fərqlidir. Amalına gedən yolda "inqilab cəngavəri"nin hər cür məhrumiyyətlərə dözdüyünü, heç bir vəchlə əqidəsindən dönmədiyini, vəzifə borcuna sədaqətini, rəhbər qətiyyətini, yüksək peşəkarlığını, insan olaraq kasıba, kimsəsizə, xüsusən küçələrdə tüfeyli həyat tərzi sürən yeniyetmələrə qayğısını vəsf edənlər də var, "qırmızı terror"un qurucusu, yüz minlərlə adamın qətlinə fitva verən amansız ölüm və zülm maşınının sükanı arxasında dayanan rəhimsiz iblis kimi tanıdanlar da. SSRİ dağılandan sonra üzə çıxan arxiv materialları əsasında yüzlərlə məqalə, kitab dərc olunub. Hər birində müəyyən tarixi faktlardan istifadə edilsə də, hər yazar öz düşüncəsinə, mövqeyinə, möv-zuya yanaşma tərzinə görə bir-birindən fərqlənir. İncə və xarakterik sifət cizgiləri, uca bo-yu, iti və cazibədar baxışları ilə yüksək zövqlü ledi Şeridanın da diqqətini cəlb edən Feliksin içindəki kin-küdurət, qisas hissi görən, doğrudanmı, bu qədər böyük imiş? İnqilab beşiyi olan Peterburqda yeni yaranan təşkilatda ilk gündən fövqəladə qəddarlığı ilə kim ad çıxarmışdı - Dzerjinski, yoxsa yaxın silahdaşları Latsis, Peters, Menjinski? Bəlkə, bütün göstərişlər "kim bizimlə deyilsə, düşmənimizdir", deyən rəhbərdən gəlirdi? İnsanlara süd gölündə üzməyi vəd edən fəhlə-kəndli hökuməti, əslində ölkəni qan çanağına çevirmişdi. Əvvəllər yalnız mühacir, yaxud dissident ədəbiyyatında bu mövqedən yazılanlara rast gələrdik. Bu qəbildən tək-tük nəşrlər ələ keçsə, onu ideoloji rəqiblərin təxribatı kimi təqdim edərdilər. Fəqət, zaman dəyişdikcə gerçəklər aydınlaşdı. SSRİ dağılandan sonra qələm sahiblərinin əldə etdikləri nisbi özgürlük, hadisələrə müstəqil yanaşma tərzi nəinki qapalı sandıqların, müc-rülərin içindəkilərini, hətta indiyədək həyatın dibində olan "qəhrəmanları" da kitaba saldı. Senzuranın ləğvindən sonra qadağan olunmuş mövzu qalmadı ki. "Qanuni oğru"lardan, "lotu"lardan, baş kəsənlərdən ağızdolusu yazmağa başladılar. Dünənə kimi şəkilləri rəsmi kabinetləri, küçə və meydanları bəzəyən xadimlərin günümüzdə xadimə qədər əhəmiyyəti olmadığını gördük. Bir vaxtlar ölkəyə gətirilməsi yasaqlanan əsərlər tərcümə edilərək oxuculara təqdim olundu. Doxsan il ömür sürmüş Roman Borisoviç Qul (1896-1986) belə yazıçılardan biridir. O, bolşeviklərə qarşı Kornilovun ordusunda vuruşub. Tale onu Almaniya, Fransa, daha sonra Amerikaya aparıb. Başına gələn cürbəcür hadisələr kimi, qələminin məhsulu da çox olub. Vaxtilə Dzer-jinski haqqında ayrıca kitab yazıb. Bu kitab ilk dəfə 1936-cı ildə rus dilində Parisdə, daha sonralarsa fransız, ispan, ingilis dillərinə çevrilərək müxtəlif ölkələrdə nəşr edilib. Dediyinə görə, hətta Nobel mükafatı laureatı yazıçı Aleksandr Soljenitsın onun açıqladığı faktlardan bəhrələnib. Mən həmin kitabla tanış olanda "dəmir Feliks" barədə məlumatımı bir qədər də artırdım. Hər yazılanı həqiqət kimi qəbul etməsəm də, bir daha əmin oldum ki, "inqilab cəngavəri" haqqında bilmədi-yim çox şey var. Hər bir insanın tərcümeyi-halı bir neçə dəfə tə-zələnir. Bu proses insan dünya-dan köçənə kimi davam edir və anketə son nöqtə ölüm şərbəti içilən anda qoyulur. Fəqət, bəzən adamın gerçək həyatı ölü-mündən çox-çox sonra aydınlaşmağa başlayır. Feliks Edmundoviç Dzerjinski də belə şəxsiyyətdir. Mən elə düşünürəm ki, onun taleyi və professional fəaliyyəti ilə bağlı bütün məlumatlar tam dəqiqliyi ilə heç vaxt bəlli olmayacaq.
   
   
   
   ***
   
   1917-ci il dekabr ayının 19-da Lenin Smolnıdakı iş otağında əsəbi halda var-gəl edərək V. D.Bonç-Bruyeviçi dinləyirdi. Xalq Komissarları Sovetinin yeni təyin olunan işlər müdiri ölkə daxilindəki vəziyyətin son dərəcə mürəkkəb olduğunu, nəinki xalq içərisində, hətta partiya rəhbərliyində narazılıqların artdığını İliçə məruzə edirdi. Hər an hər hansı bir təxribat, sui-qəsd və ya çevriliş cəhdi baş verə bilərdi. Vladimir Dmitriyeviç rəhbərə yaxın və sadiq adam idi. Bir-birlərini ailəliklə çoxdan tanıyırdılar. Vera Mixaylovna (Bonç-Bruyeviçin həyat yoldaşı) 1902-ci ildən Ulyanovların ailə həkimi idi. Qızları Lena yüksək təşkilatçılıq qabiliyyətindən daha çox şəxsi əlaqələrinin möhkəm olması səbəbindən Lenin öz adaşını Xalq Komissarları Sovetinin işlər müdiri vəzifəsinə təyin etmişdi. Daxili vəziyyət barədə eşitdikləri İliçi yaman pərişan etdi. Yenidən gündəmə gələn "nə etməli" sualına cavab tapmağa çalışdı. Bolşeviklər inqilab ərəfəsində insanlara çox şey vəd etmişdi. Vaxt ötdükcə bu şirin xəyalların yalnız xülya olduğu görünürdü. İctimai-siyasi dəyişikliklərdən sonra məmləkətin gerçək mənzərəsi heç də ürəkaçan deyildi. Ortalıq hər an qarışa bilərdi. Tarixin məhvəri təkrar geriyə dönməsin deyə, Sovetləri qorumaq üçün nəyin bahasına olursa-olsun, fövqəl səlahiyyətə və gücə malik yeni bir qurum yaratmaq, real qüvvə meydana çıxarmaq lazım idi . Yoxsa, Oktyabr təntənəsinin aqibəti də müvəqqəti hökumətin taleyi kimi qısamüddətli olacaqdı. Belə məqamda Fövqəladə Komissiya yaratmaq və onu bilavasitə özünə tabe etmək Lenin üçün bəlkə də yeganə çıxış yolu idi. Xalq komissarlığında təcili surətdə müvafiq sənədləri hazırlatdırıb imzalamaq onun üçün problem deyildi. Əsas məsələ bu quruma kimin rəhbərlik edəcəyini müəyyənləşdirmək idi. Axı, Rusiyada Leninin öz təbirincə desək, 100 mərifətli adama 90 əclaf düşürdü. Smolnıdakı 75 nömrəli otaqda azı 70 dəfə o baş, bu başa var-gəl edən İliç nəhayət ən doğru seçimini etdi. Ertəsi gün hamıya məlum oldu ki, yeni quruma rəhbərlik əslən polyak olan Feliks Edmundoviç Dzerjinskiyə həvalə edilıb. Bir gün sonra - dekabrın 20-də əks-inqilabla mübarizə aparacaq yeni komissiya yaradıldı. Xalq Komissarları Soveti yanında Fövqəladə Komissiyaya sədr vəzifəsinə Dzerjinski təyin edildi. Leninin onunla ilk tanışlığı 1906-cı ildə Stokholmda keçirilən qurultayda baş vermişdi. Haqqında kifayət qədər məlumatı vardı. Amma aralarında yaxın münasibət Fevral inqilabı nəticəsində müvəqqəti hökumət qurulanda yarandı. Moskva həbsxanalarından birində cəza çəkən Feliks 1917-ci ilin fevralında azadlığa çıxdı. Amma müvəqqəti hökumətlə deyil, Leninin tərəfdarları ilə inqilabi fəaliyyətini davam etdirdi. O deyərdi: Fevral hadisələri məni sevindirir, amma tam təmin etmir. "Apostol" (Dzerjinskinin bir ləqəbi də belə idi) Leninin silah gücünə hakimiyyəti ələ keçirmək planını birmənalı şəkildə dəstəkləyirdi. Oktyabr hadisələrində Hərbi-İnqilabi Komitənin başçısı kimi qətiyyətli addımları ilə Leninin xüsusi etibarını qa-zanmışdı. Ona məhz belə bir soyuqqanlı, qətiyyətli, işinə ciddi yanaşan, ətrafındakılara qarşı son dərəcə tələbkar, uzun illərdən bəri inqilabi ideyalara sonsuz sədaqət nümayiş etdirən, əqidəsindən dönməyən, sınmayan, sındırılmayan iradəli adam lazım idi. Taleyin oyununa bax ki, Rusiyada qurulan ilk fəhlə-kəndli hökumətinin keşiyini çəkmək rusa yox, milliyyətcə polyak olan Feliks Edmundoviçə etibar edildi. O, sosial mənşəyinə görə də fəhlə və ya kəndli sinfinə mənsub deyildi. Fəhlənin də, kəndlinin də sinfi düşməni olan mülkədar ailəsində dünyaya göz açmışdı. Amma həqiqət naminə deyək ki, Feliks ağlı kəsən gün-dən inqilabi hərəkata qoşulmuşdu. Ömrünün yarısını məhbəslərdə, sürgünlərdə keçirsə də, hər zaman sosial ədalət, bərabərlik sevdasıyla yaşayırdı. Anatoli İvanoviç Lunaçarski onun barəsində deyirdi ki, Dzerjinskinin sərt görkəmi arxasında bəşəriyyətə böyük məhəbbət gizlənir və bu məhəbbət onun çöhrəsində silinməz mətinlik ifadəsi yaradır. Feliks cavanlığında poeziya həvəskarı idi. Hərdən özü də şeir yazardı. Amma onun səmimi etirafına inansaq, inqilab illərində bir dəfə də olsun nə teatra, nə də kinoya getməyib. İmkan tapıb baxdığı yeganə film Leninin dəfn mərasimində çəkilən xronika imiş. Qadınlara aludəçilik də Feliksin təbiətinə tamamən yad idi. Onun yaxın silahdaşı Latsis deyərdi ki, Dzerjinskinin qəlbinin yeganə sultanı proletar inqilabı-dır. Lubyankadakı iş otağında keçirdiyi uzun gecələrdə ilham pə-risi onu yalnız dustaqları dindirməyə, xidməti təlimatlar yazma-ğa ruhlandırırdı. Axtarış aparmaq barədə yazılı tövsiyələrinin birində deyilir ki, bu işi gözlənilmədən, bütün kameralarda eyni vaxtda aparmaq lazımdır. Belə olan halda dustaqların əməliyyat barədə bir-birlərinə məlumat ötürmək imkanı qalmır. Kamerada kitab və ümumiyyətlə, yazılı nə varsa, hamısını yığışdırmaq lazımdır. Kiçik kağız parçalarını, hətta tənbəki bükmək üçün kağızı da nəzərdən qaçırmaq olmaz. Axtarış vaxtı əldə edilən bütün əşyaları zərflərə qoyub üzərində sahibinin soyadını və adını yazmaq vacibdir.
   
   1920-ci ildə qırmızı terrorun tüğyan etdiyi vaxtlarda insanlar bir yandan da şaxtadan qırılırdı. Odun, daş kömür qızıldan qiymətli olmuşdu. Qışın soyuğundan evlərdə yorğan-döşək buz bağlayırdı. İnsanlar bir qarın çörəyin həsrətini çəkirdi. İşsizlik günbəgün artırdı. Həm məcazi, həm də sözün hərfi mənasında adamlar az qala bir-birini yeməyə başlamışdı. Bir çox fabrik və zavod fəaliyyətini dayandırsa da, ÇK-da işlər gecə-gündüz səngimək bilmirdi. Dustaqları səhərə kimi bir-bir dindirirdilər. Dili açılmayanları sorğu-sualsız güllələyirdilər. İnsan qəssablığını özünə peşə edənlərin bir çoxu törətdikləri vəhşiliklərdən ruhi xəstəlik ta-pırdı. Deyirlər ki, milliyyətcə latış olan Maqa adlı birisinin gecə qətliamlarında axıtdığı günahsız qanlardan başına hava gəlmişdi. O, şəxsən min nəfəri güllələ-mişdi. ÇK-nın keçmiş kollegiya üzvü A. Druqov xatirələrində yazır ki, Dzerjinski siyahı üzrə ölüm hökmlərinə imza atarkən heç vaxt rəhm, tərəddüd, təəssüf hissi keçirməzdi. O özü də adətən gecələr işləməyi xoşlayardı. Çox vaxt səhəri iş otağında açardı. Kütləvi həbslər adətən gecəyarısı aparılardı. Dindirmələr, edamlar da gecələr baş verərdi. Fərqli düşünənlərin ən böyük qənimi olan Feliks inqilab düşmənlərinə qarşı mübarizədə bütün üsullardan istifadəni mümkün hesab edirdi. Bu işdə girovların götürülməsini də məqbul sayırdı. Təxribatların törədilməsini "hərbi hiylə" kimi mənalandırardı. 1926-cı ildə qəflətən baş verən vəfatından sonra ÇK-nın sədri vəzifəsində Dzerjinskini əvəz edən Vyaçeslav Rudolfoviç Menjinskinin sələfi ilə bağlı müşahidələri maraqlıdır.
   
   Təkcə polyak deyil, həm də rus ədəbiyyatının təsiri altında böyüyən Dzerjinski həssas psixoloq kimi yetişmişdi. Yeri gələndə bu məharətinin köməyi ilə əks-inqilabçı rus ziyalılarını asanlıqla tərksilah edərək yerlərində oturdurdu. ÇK-da işləmək üçün yaradıcı olmaq, incəsənəti, təbiəti sevmək əsas şərt deyildi. Ancaq bu keyfiyyətlərə dərindən yiyələnməsəydi, yalnız gizli fəaliyyət dövründə topladığı təcrübəyə əsaslanaraq düşmənlə mübarizədə tabeliyindəki əməkdaşlardan bir baş ucada dayana, çekist sənətinin zirvəsinə qədər yüksələ bilməzdi.
   
   Qayıdaq yenə mürəkkəb hadisələrlə dolu 1920-ci ilin əvvəlinə. Aclıq, şaxta, nigarançılıq içində yalnız qırmızı və ağ rəngi tanıyan Rusiyaya dumanlı Londondan Kler Şeridan adlı bir xanım təşrif buyurdu. Xoş gəlib, səfa gətirdiniz, dedilər ona. Trotski, Dzerjinski kimi yüksək vəzifə sahibləri saatlarla vaxt ayırıb, nəvaziş göstərdilər gənc ingilis ledisinə. Bəs bu gəlişin səbəbi, məqsədi nə idi? İngiltərənin İncəsənət Akademiyasında təhsil almış xanım Şeridan məşhur inqilabçıların heykəllərini yaradıb onları məşhuri-cahan etməklə "Dünyanı sarsıdan on gün" əsərinin müəllifi amerikalı Con Ridin yolunu davam etdirmək niyyətində idi, yoxsa...
   
    (ardı var)

TƏQVİM / ARXİV