adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ƏYALƏT BƏYi

VAHİD ƏLİFOĞLU
16879 | 2008-11-29 03:37
... Desinlər ki, Fərrux da ət satır...
   
   
   
   ... Dağılmış sovetlərin vaxtında beləydi ki, hamı çalışırdı tərcümeyi-halında mütləq ata-babasının "muzdur" olduğunu yazdırsın. Hətta tanınmış bəy, xan övladları da utanıb qızarmadan özlərini "muzdur" nəslinin davamçıları kimi göstərirdilər...
   
   ... Yetmiş il "muzdur"luq titulu ləyaqət, nəcabət simvolu oldu... Bədbəxtlər elə bilirdilər ki, Volodya bu dövləti məxsusi onlar üçün qurub...
   
   ... Əbülfət Mədətoğlu Bakıdan mənə iki qucaq qəzet, jurnal gətirib. Gətirdikləri Haramıya gəlib çıxması demək olar ki, mümkün olmayan çox maraqlı ədəbi nəşrlər olsa da, məni ən çox sevindirən Aqil Abbasın "Dolu" romanı oldu. Kitabın girişindəki avtoqraf da xeyli qürrələnməyə əsas versə də, müraciətin "Vahid bəy" ifadəsi xüsusi ləzzət elədi bəndənizə...
   
   ... Uzun illər yazıb-pozub halal qazancım kimi "Çadır" və "Haramı" şairi fəxri adlarına layiq görülsəm də, elə həmin günlərdə Tofiq Abdinə, türklər demiş, telefon açıb hal-əhvaldan sonra bəyan etdi ki, Vahid, əzizim, sən bəysən, əsl əyalət bəyi...
   
   ... Nənəm danışardı ki...
   
   ... Səfəralının toyunun ikinci günüydü. Hay düşdü ki, bəs ətraf kəndlərdə nə qədər tanınmış bəylər varsa tökülüşüb gəliblər kəndə. Onda qanun beləydi ki, kim evlənirdisə toy gününün səhərisi bir günlüyə olurdu hər əmri, hər göstərişi dərhal yerinə yetirilən bəy...
   
   ... Hüseyn bəy atdan düşüb cəld addımlarla girdi içəri. Səfəralı yorğan-döşək yükünə söykənib əyilmişdi şor kasasının üstünə, səhər naharını yeyirdi. Hüseyn bəy şor kasasını və rəngi bilinməyən süfrəni görməməzliyə vurub amiranə səslə dedi:
   
   - Səfəralı bəy! Bəylər qapıda səni gözləyir. Dur, görək əmrin nədi? Ova çıxaq, yoxsa qalxaq yaylağa?
   
   Səfəralı ağzının şorunu silib bir az da sığındı yükə və hırıldaya-hırıldaya dedi:
   
   - Əşi, bəy nədi? Məndən bəy olar? Qoymazsınız şorumuzu rahat yeyək...
   
   Hüseyn bəy bir göz qırpımında uzunboğaz çəkməsinin boğazından "cinli" şallağı dartıb çıxardı və endirdi Səfəralının təpəsinə. Səfəralı "ay dədə vay" deyib ilan kimi qıvrıldı və başını soxdu yorğan-döşəyin arasına.
   
   ... Hüseyn bəy quş kimi yəhərə qonub atını dəhmərlədi:
   
   - Sürün dalımca. Şor yeyəndən bəy olmaz...
   
   O hadisədən əlli il sonra Səfəralı söz düşəndə tay-tuşlarına deyirdi ki, oğlum Balakişinin ölmüşünə Hüseyn bəyin şallağının yeri hələ də göynəyir...
   
   ... Bildirçinin bəyliyi darı sovulana qədərdi. Görünür, həmin hadisə də elə payızımızda baş vermişimiş və Səfəralının hələ siftəsini dadmadığı bəyliyin ləzzətinin sonu da məhz Hüseyn bəyin şallağı imiş... Ac hara, bəylik hara... Mən çox ləyaqətin, mənliyin və kişiliyin para çörəyin qarşısında necə çilik-çilik olduğunu dəfələrlə görmüşəm...
   
   ... 90-cı illərdə məmləkətimizdə kütləvi "bəyləşmə" gedir və bu kütləviliyin də əvvəl-axır "nökərləşmə" ilə nəticələnməsi təbii idi. Bir kənddə bir bəy olar... Allah yaratdığı bütün heyvanları şir şəklində yarada bilməzdi, axı...
   
   ... Bu dediklərimizin və demək istədiklərimizin "bəyliyə" həm dəxli var, həm də dəxli yoxdu. Bəy olmaq üçün var-dövlət, zənginlik şərtdi, amma əsas deyil...
   
   ... Ədəbi aləmdə baş verənləri mərkəzdən uzaq, əyalət Haramıdan seyr etmək daha asan, daha anlaşıqlıdır. Çünki çox şey yaxından, uzaqdan olduğu kimi görünmür. Məhz hər şey uzaqdan olduğu kimi görünür... Hər kəs özünə kənardan baxa bilsəydi...
   
   ... Yalançı titullar üfunətli leşlərlə dolu dərəni örtmüş qardı. Və qış fəsli əbədi deyil...
   
   ... Bəylik həm də əxlaqın və etik normaların sərhədidir. Dünyada adlarının çəkilməsi və üzərindəki pərdələrin götürülməsi qadağan olunmuş "nəsnələr" az deyil. Bəzən həya və abır anlayışı ilə kilidlənmiş qapıları açmağa lüzumsuz cəhdlər olur... Həyatı, dünyanı, insanı, davranışı və s. olduğu kimi göstərmək sözsüz ki, ədəbiyyatın ən əsas vəzifəsidir. Bunları söyləmək üçün Kolumb olmağa heç ehtiyac da yoxdu. Mən avanqard, modernist ədəbiyyatın söyüşdən, erotikadan, seksual düşüncə tərzindən ibarət toplu şəklində təqdimatını təəccüb və təəssüflə qarşılayıram...
   
   Yaxşı ki, Haramı bu "ədəbi" (əslində ədəbsiz- V.Ə.) nəşrlərdən tamamilə kənardadı. Yaxşı ki, əhatəsində olduqlarım bu qəzetləri oxumaq imkanından məhrumdular... Ən azad həyat bəlkə də təcrid olunmuş həyatdır... Onda yaşasın düşüncələrin və duyğuların həbsxanaları...
   
   ... Müqəddəs bildiklərimin çoxunu şeirin və nəsrin ifadəsində tüpürcəyə bulaşmış gördüm... Heyf...
   
   ... Bacardığım və anladığım səviyyədə bəylikdən, əsillikdən, əxlaqdan danışacaqdım. Alınmadı...
   
   ... İstedad arzunun, istəyin deyil, ortalığa qoyulmuş həqiqətin təsdiqidi. Deyirlər həqiqət çılpaq olur... Lüt olur demirlər ki...
   
   ... Bizim kənddə bir Şahsuvar kişi var idi. Rəsmi, qeyri-rəsmi yeddi arvad almışdı. (Müsəlmanın həyata baxışında arvaddan başqa tay nə var ki? - V.Ə). Soruşanda ki, ay Şahsuvar dayı, neynirsən bu qədər arvadı? Deyirdi ki, ay bala, atam, anam məni oxutmadı, bir sənət sahibi etmədi. Baxdım ki, yemək-içməkdən, arvad almaqdan başqa bir məşğuliyyətim yoxdu. Başladım... Kəndimizin ilk postmodernisti Şahsuvar kişi...
   
   ... Həm də heyf, bu yazını başlamağa məni məcbur etmiş düşüncələrə... Min təəssüf gəlib çıxdığım nəticələrə... Qız yazarların qıpqırmızılığı, oğlan yazarların Şahsuvarlığı...
   
   ... Əbülfət, qadan alım, mənə qəzet gətirmə...
   
   ... Bəylik həm də əxlaqın bəyliyidir...
   
   ... Bacım qızı Ağcabədidə texnikuma sənəd verməliydi. Getməyə qətiyyən həvəsim olmasa da yeznəm məni də yarı zor, yarı xoş özləriynən apardı. Dayanmışdıq texnikumun qabağında, hərəkətlərindən və geyimindən ziyalıya oxşayan bir şəxs yaxınlaşdı bizə. Hamını gözdən keçirib dayandı qarşımda və dedi:
   
   - Qardaş, sən buranın müəllimisən? Bilmirsən, direktor nə vaxt olacaq?
   
   Mən özümü sındırmadan dərhal cavab verdim:
   
   - Direktor bir saata gəlməlidi...
   
   Geri qayıdanda yeznəm dedi:
   
   - Gördün? Gəlmək istəmirdin. O kişi səni texnikumun müəllimi bildi...
   
   ... Mənim nə bəy, nə də texnikum müəllimi olmaq istəyim yoxdu...
   
   

TƏQVİM / ARXİV