Avtobuslar qəza törədir...

FAİQ QİSMƏTOĞLU
65389 | 2015-01-14 09:46
Avtobuslarla bağlı davamlı olaraq həm Yol polisi, həm də Nəqliyyat Nazirliyi birgə reydlər keçirir. Çünki avtobusların iştirakı ilə Bakı şəhərində və eləcə də respublikanın avtomobil yollarında çox ağır qəzalar baş verib. Təbii ki, sərnişinləri mənzil başına aparan avtobus sürücülərinin təcrübəsi və səriştəsi digər sürücülərdən daha çox olmalıdır. Üstəlik də onlar həm fiziki və həm də psixoloji cəhətdən tam sağlam olmalarına əmin edildikdən sonra sükan arxasında əyləşməlidirlər.
Biz dəfələrlə "Ədalət" qəzeti olaraq avtobuslara qarşı keçirilən reydlərdə yaxından iştirak etmişik. Həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də Nəqliyyat Nazirliyinin əməkdaşlarının birgə reydlərini mətbuat səhifəsinə çıxarmışıq və işıqlandırmışıq. Birgə fəaliyyətlərinə görə hər iki qurumu alqışlamışıq. Aydındır ki, bu keçirilən reydlər birmənalı olaraq sərnişinlərin təhlükəsizliyinə xidmət eləyir və baş verə biləcək qəzaların qarşısının alınmasında mühüm rol oynayıb.
Keçirilən reydlər zamanı Bakının müxtəlif küçə və prospektlərində çoxlu sayda sürücülük vəsiqəsi olmayan insanlar saxlanılıb. Hansı ki onlar heç bir hüquqi sənədi olmadan avtobusları idarə ediblər və sərnişin daşıyıblar. Üstəlik də elə avtobus sürücüləri olub ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşiblər. Çox qəribə də olsa bəzi marşrutlarda işləyən sürücülər heç şəhəri tanımayıblar və hansı dayanacaqda olduqlarını da bilməyiblər. Belə "sürücülər" qəza da törədəcək və faciə baş verən kimi avtobusu qoyub qaçacaq da.
Bu gün sərnişinləri qınamaq mümkün deyil. Bir çox sərnişinlər görəndə ki, avtobusu idarə edən gəncdir, cavandır, həmin anda avtobusda əyləşmək istəmirlər. Ancaq sükan arxasında yaşlı və ağsaqqal adam görən kimi sərnişinlərin çoxu rahat halda avtobus salonuna keçir və oturacaqda əyləşir. Ona görə ki, yaşlı insanlar sərnişinləri apararkən avtobusları normal sürətlə idarə edir, digər avtomobillərlə ötüşmür və harda gəldi nəqliyyat vasitəsini saxlamır. Bununla yanaşı həmin sürücülər sükan arxasında siqaret çəkmir, radionun və maqnitafonun səsini ucaltmır, sərnişinlərlə mədəni rəftar edirlər. Əlbəttə, ötən yazımızda qeyd etdiyimiz kimi, Bakıda nümunəvi xidmət göstərən və sərnişinlərin rahatlığını təmin edən marşrutlar da mövcuddur. Məsələn, 65 saylı marşrutda işləyən bütün avtobuslarda bir qayda olaraq səliqə-səhman mövcuddur. Bununla bərabər, sürücülər sərnişinlərlə nəzakətlə rəftar edir və onlarla normal danışırlar.
Təəssüflə qeyd etmək istəyirik ki, ötən həftənin şənbə-bazar günləri iki avtobusun iştirakı ilə çox ağır qəza baş verib. Bu qəzalardan biri şənbə günü səhər saatlarında Bakı-Qazax avtomobil yolunun Sahil qəsəbəsində baş verib. Belə ki, yolun kənarında dayanmış "Cip" markalı maşının sürücüsü qəza işığını yandıraraq sarı xətdə durubmuş. Bu vaxt arxadan gələn 195 saylı marşrutda işləyən avtobus güclü zərbə ilə həmin avtomobilə çırpılır. Avtobus yoldan çıxıb yenidən dəmir çəpərə dəyir. Bu zaman arxadan gələn digər avtomobil avtobusa çırpılaraq aşır. Nəticədə arxadan gələn avtomobildəki sürücü və sərnişin qəza zamanı dünyasını dəyişir. Avtobusda olan 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Klinik Tibbi Mərkəzə yerləşdirilir.
İkinci qəza isə "Koroğlu" metrostansiyasının yaxınlığında baş verib. Burda da "Şadman" markalı yük maşını digər avtomobillər üçün qəza şəraiti yaradıb. Həmin maşın ötmə əməliyyatını pozarkən "Mercedes" və digər minik avtomobilinə toxunub. Bu zaman 62 saylı marşurtda hərəkət edən avtobus da bu avtomobillərdən birinə dəyərək aşıb. Nəticədə isə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həmin insanlar da təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
Sözümüzün canı ondan ibarətdir ki, avtobusların iştirakı ilə baş verən bu qəzalar azalmaq əvəzinə daha da artıb. Təbii ki, bunun da bir çox subyektiv və obyektiv səbəbləri var. İlk növbədə avtobusları idarə edən sürücülər işə götürülərkən sahibkarlar tərəfindən lazımi tələblər yerinə yetirilmir və tez-bazar olaraq avtobus sürücüsüz qalmasın deyə səriştəsi olmayan adamları işə qəbul edirlər. Bununla bərabər, bir çox avtobus sürücüləri və məhdud məsuliyyətli cəmiyyətlərin sahibləri belə fikirləşirlər ki, onlar qəza törədəcək, sərnişinlər həlak olacaq və bunlar da tez bir vaxtda sudan quru çıxacaqlar.
Amma bu qətiyyən belə deyil. Hər bir sərnişinin taleyi üçün həm sahibkar, həm də sürücü məsuliyyət daşımalıdır. Ən azından ona görə ki, onlar sərnişinlərin verdiyi pulla dolanır və var-dövlət sahibi olurlar. İkincisi də sərnişinlər hər hansı avtobusla, eləcə də digər sərnişindaşıma nəqliyyat vasitəsində sürücünün günahı üzündən dünyasını dəyişirsə və ya xəsarət alırsa, mütləq bunun müqabilində onun ailəsinə dəymiş maddi ziyan ödənilməli və bu məsuliyyətdən heç kəs yaxasını kənara çəkməməlidir.
Birmənalı olaraq sürücülər və sahibkarlar düşünməlidirlər ki, sərnişinlərin taleyi ilə oynamaq olmaz və bir hadisə baş verərsə bunun müqabilində ciddi maddi ziyana düşə bilərlər. Bax onda sürücülər avtobusları normal sürətlə idarə edər və sərnişinlər də mənzil başına təhlükəsiz çatarlar.

TƏQVİM / ARXİV