MƏNiM DüNYAMIN SAKiNi

ƏBÜLFƏT MƏDƏTOĞLU
34377 | 2008-11-29 03:55
... Artıq kirayənişin qaldığı otaq da onu sıxırdı. Bu zirzəmiyə bənzəyən, az qala həbsxana gözlüyü təsiri bağışlayan balaca, bir taylı pəncərədən içəriyə dolan hava da otağın nəmini azaltmırdı, əksinə, ona bir daxili sıxıntı gətirirdi, təngnəfəs olurdu. Sanki ilk dəfəydi ki, bu qapıdan içəri girmişdi. Hər şey ona yad, ögey, bəzən də əsəb doğuran bir əhval-ruhiyyə gətirirdi. Hardan başlamağı, nə etməyi yəqinləşdirmək müşkülə çevrilmişdi. Əsəbindən soyunub çarpayının üstünə atdığı paltonu götürüb divardakı mismardan asmadı. Eləcə pal-paltarlı çarpayıya uzandı. Əllərini başının altında daraqlayıb artıq rəngi bilinməyən tavana gözlərini zillədi.
   
   ... Səhər görüşəcəkləri barədə razılığa gəlməmişdilər. Ona görə də bir qərar qəbul etmək onun üçün çətinləşmişdi. Bilmirdi nə etsin ki, könlünə bir rahatçılıq gəlsin. Və elə bu qərar qəbul edə bilməmək də onu dəli etmişdi. Evdən necə çıxdığını, hara gedəcəyini bilmədən üz tutmuşdu şəhərin boş küçələrinə. İstirahət günü olduğundan hər kəs öz aləmindəydi və bu da adətən şənbə-bazar günləri nəqliyyatın, insan axınının azalmasına səbəb olmuşdu. Hər kəs bağına, istirahət zonasına yollanmışdı. O isə küləklərin at oynatdığı Bakı küçələrini gəzirdi. Heç kimə heç nə demədən, heç kimdən heç nə soruşmadan. Eləcə ayaqları aparırdı onu. Fikrində, xəyalında isə baş verənləri, nədən bir-birindən narazı ayrıldıqlarını təkrar-təkrar araşdırır, saf-çürük etməyə çalışırdı. Və...
   
   Bəli, o indi hiss etdi səhv etdiyini. Dünən axşam ayrılanda özünü bir az qaba aparmışdı. Birlikdə mikrorayon bazarına getmişdilər, xırda alış-veriş etmişdilər. Adətən alış-veriş üstündə onların arasında müəyyən giley-güzar olurdu. Çünki o, cəhd edirdi qızın aldığı ərzaqların da, ümumiyyətlə etdiyi bazarlığın pulunu ödəsin. Bu da qızın xoşuna gəlmirdi. Hər dəfə ona irad tuturdu. Dünən axşam isə əməlli-başlı gileyləşmişdilər:
   
   - Bilirsən, mənim dünyama sahib olan insana mənim nə maddi, nə də bioloji ehtiyacım yoxdur. Mən az-çox aldığım məvaciblə özüm-özümü təmin edirəm. Sən hər dəfə alınan şeylərin pulunu verəndə özümü təhqir olunmuş sayıram. Belə çıxır ki, səninlə görüşə mənim üçün bazarlıq edəsən deyə gəlirəm. Niyə belə edirsən? Bu nə hərəkətdi?
   
   Oğlan əvvəlcə susmuş, sonra özünə xas olmayan bir əda ilə demişdi:
   
   - Əzizim, mən hər halda kişiyəm. Bazarlığı da mən etməliyəm, daha doğrusu, sən lazım olanları seçib götürməlisən, mən də pulunu verməliyəm. Biz hələ ki, birlikdə yaşamasaq da ruhən bir ailəyik. Kişinin də borcu ailəni təmin etməkdi. Ona görə də nə qədər ki, biz bir dam altına gəlməmişik, bu belə də olacaq. Bir dam altına yığılandan sonra nə alacaqlarımın siyahısını təqdim edərsən. Yarıdıb-yarıtmayacağımı da onda görərsən.
   
   Bəli, bu söhbət xeyli dartışıldı və axırda dayanacağa necə gəlib çıxdıqlarından xəbərləri olmadı. Edilmiş bazarlığın zənbillərini oğlan götürmüşdü. Birdən qız ona tərəf dönüb "hə, sağ ol, mən getdim"- deyərək yerindən tərpənən avtobusa mindi. Oğlan əlindəki zənbillərlə birlikdə donub qalmışdı. İlk ağlına gələn bu bazarlıq zənbillərini elə dayanacaqda atıb getmək oldu. Lakin arxaya dönəndə onu tanıyan iki nəfərin dayanacaqda olduqlarını və kənardan müşahidə apardıqlarını hiss etdi. Məcbur olub zənbillərlə birlikdə yaşadığı ünvana gəldi. Və zənbilləri hara, necə atdığını indi lap yaxşı xatırlayır. Sanki bütün günahlar bu zənbillərdə idi. Onları küncə elə atmışdı ki, içərisindəki meyvələr - kartof, soğan, lobya, pamidor, xiyar səpələnmişdi ayaq altına. O isə heç nəyə məhəl qoymadan eləcə keçib uzanmışdı çarpayıya.
   
   Adətən belə vaxtlarda az qala mininci dəfə oxuduğu "Tarixsiz gündəlik" romanını yastığının altından götürüb çevrilməkdən qopmaq halına gələn vərəqləri təzədən oxumağa və bununla da özünə təsəlli verməyə çalışmışdı. Ancaq indi o kitab oxumurdu, çünki kitabdakı hər abzası, hər səhifəni əzbər bilirdi. Eləcə gözləri vərəqlərin üzərində gəzir, içini isə əsəb doğrayırdı.
   
   Günortadan keçmiş köhnə avtovağzalın yanına gəlib çıxdı. Sanki ürəyinə dammışdı ki, onu burda görəcək. Hissləri onu aldatmamışdı, o burada idi. rəfiqəsini yola salırdı. Kənardan gözləri ilə onu salamladı. O baxışlardan əvvəlki cavabı, təbəssümü ala bilmədi. Elə bil içində nə isə qırıldı. Nəhayət ki, avtobus yola düşdü və o, qıza tərəf addımladı. Bilmədi söhbətə hardan başlasın. Yadına düşən ilk sözü dilinə gətirdi.
   
   - Sabah toyda olacaqsan?
   
   - Hə. Nədi ki?
   
   - Deyirəm bəlkə məni toyda görmək istəmirsən? Elə gəlib girişdə nəmərimi yazdırıb qayıdıb gedim.
   
   - Bunu mənə niyə deyirsən ki? Məni də, səni də dəvət ediblər, toyun öz sahibi var. İstəmirsən gəlmə, daha məni bəhanə etmə.
   
   Bu qısa dialoq onların arasındakı soyuqluğa bir ilıqlıq qatdı və yavaş-yavaş mövzu bir-birini əvəz etdi. Bir azdan onlar yanaşı addımlayırdılar...
   
   
   
   P.S. Bəli, bütün bunları həmin o üfunət qoxuyan damda keçirdiyi anlarda bir də yaddaşında təzələdi. Və indi onunla üz-üzə dayanan qıza üz tutdu:
   
   - Görürsən də biz nələr yaşamışıq. Amma bu yaşadıqlarımız böyük sevginin yaşıl pöhrələri idi. Biz onları göyərtməmiş payıza tuş etdik.
   
   - Onsuz da bütün ömürlərin payızı var. Gərək payızı da sevə-sevə yaşayasan- dedi qız.
   
   

TƏQVİM / ARXİV