adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

üRKüŞüB SONASI, BOŞ QALIB GÖLü...

VƏSİLƏ USUBOVA
31780 | 2008-11-29 03:37

   
   Maşınımız narahat torpaq yolla irəlilədikcə özümə də aydın olmayan səbəblərdən həyəcanlanırdım. Bu yerlərdə kiminləsə rastlaşacağımıza, illərdən bəri qəlbimdə gəzdirdiyim suallara cavab ala biləcəyimə şübhəm artırdı. Batmaqda olan payız günəşinin ağımtıl, gur işığı irəlini görməyə imkan verməsə də, qabaqdan gələn qaraltını hiss eləməyimizə mane ola bilmədi.
   
   - Vəsilə, sən bu kişini tanıyırsan? Ağasalamı... Sizdən bir sinif aşağı oxuyub. Bizə məlumat verə bilsə, ancaq bu verəcək...
   
   Qardaşım maşından düşə-düşə dedi bu sözləri. Gələnin üzünə diqqətlə baxıb başımı buladım.
   
   - Muğbil kişinin oğludu...
   
   Hə, indi tanıdım. Tanıdım və xəyalım sürətlə arxaya, uşaqlıq illərimə qanad çaldı. Muğbil kişi montyor idi. Kəndimizə işıq çəkiləndə beşinci sinifdə oxuyurdum. İşıq çəkənlər məftil dolanmış iri taxta rolikləri, dirəkləri, məftil bağladıqları aşıqları babamgilin geniş həyətinə yığmışdılar, lazım olduqca gəlib aparırdılar. Bütün günü dayanmadan işləyir, kənd camaatının səbrsizliklə gözlədikləri günü yaxınlaşdırmağa çalışırdılar. O zaman 7-8 yaşlarında olan balaca qardaşlarım da kəndin bütün uşaqları kimi onların yanından əl çəkmir, məftil qırıqlarından özlərinə "araba" düzəldirdilər. Hamının söz-söhbəti işıq barədə olardı. Elektrikin qorxulu gücündən bəhs edən rəvayətlər dolaşırdı kənddə. Dirəklərin üstünə insan başının skeleti çəkilmiş və "əl vurma, öldürər" sözləri yazılmış dəmir lövhələr vurulmuşdu. Muğbil kişi öz işi, səliqəsi, xoş rəftarıynan təkcə böyüklərin deyil, bütün günü yan-yörəsində vurnuxan uşaqların da istəklisinə çevrilmişdi. O, kəndin halal çörəkli, açıq ürəkli kişilərindən sayılırdı.
   
   Mənsə bu yerlərə başqa bir işıqlı insanın xatirəsini anmağa, vaxtında dillər əzbəri olan əməllərindən söz öyrənməyə gəlmişəm. Sən demə, Ağasalamın da ürəyi doluymuş. Uşaqlıqdan vurğunu olduğu bu yerlər, bu yerlərin keçmiş yiyəsi (bəli, məhz yiyəsi) hələ sağlığında haqqında əfsanələr danışılan rəhmətlik Ələsgər Ağayev haqqında o qədər bir-birindən maraqlı epizodlar danışırdı ki, bilmirdim, qulaq asım, yoxsa qeyd eləyim.
   
   Əvvəlcə onu deyim ki, bizlər - yəni, Kolanı, Talış, Abdulyan kəndinin uşaqları yuxarı sinifləri bir yerdə, Kolanı kənd orta məktəbində oxumuşuq. O zaman əksər oğlan uşaqlarının da dərsdən sonrakı vaxtları bu axmazın qırağında, meşədə, bəndin döşündə keçirdi. Meşədən odun da yığmışdılar, moruq, göbələk, tut da. Gecə yarısınacan itmiş mal-qaranı da axtarmışdılar. Axmazda balıq tutmuşdular, qarğı, qamış biçmişdilər, bəndin döşündə çilingağac, toqqavurdu oynamışdılar. Böyüklərdən eşitmişdik ki, vaxtilə Kür bu kəndlərin böyründən axırmış, daha doğrusu, kəndlər bu çayın qırağına sığınıblarmış. Bir gün çay yatağını dəyişir, yerində axmaz qalır. İlk vaxtlar axmaz da adamların karına gəlirdi. Suyu içməli olmasa da, qadınlar qırağında paltar-palaz, qab-qacaq yuyur, kişilər balıq tutur, çöl quşlarını ovlayırdılar. Axmazla Kürün təzə yatağı arasındakı adada bulud kimi sıx, yamyaşıl meşə vardı. Yazın əvvəlində kəndimizin qız-gəlinləri bu meşəyə tut yığmağa gedərdilər. Çiyinlərində tut dolu çuqun vedrələr meşədən qayıdan qız-gəlin dəstəsi bu gün də gözümün önündədi. Meşənin ortasındakı talada pambıq əkmişdilər. Tarlanın qıraqlarında arx boyunca tut ağacları sıralanırdı. Baramaqurdu bəsləyənlərin dəhrə-baltasının səsi hava qaralınca kəsilməzdi. Yarpaqyığanlar meşəyə girəndə ağacdələnlər öz taqqıltılarını dayandırardı. Şanapipiklərin dütdültüsü, alabaxtaların qurultusu uşaqlıq dünyamdan hələ də qulaqlarımda qalan olduqca şirin, unudulmaz səslərdi...
   
   
   
   ***
   
   
   
   Arxası axmaza dayanıb söhbət edirik. Məşədi Ağasalam deyir ki, dayandığımız bu yerdə çox qədimlərdə "Süd bazarı" olub. Adından da göründüyü kimi, bu bazarda əsasən ağartı məhsulları satılırmış. Deyir, hansı kitabda oxuduğumu unutmuşam, Şah İsmayıl Xətai Muğandan Şirvana keçəndən sonra öz adamlarından doqquzunu bu bazara göndərir. Bəlkə də bu bir rəvayətdi, ancaq yaşadığın torpağa nə vaxtsa millətin qüruru olan tarixi şəxsiyyətlərin ayaq basması çox həyəcanverici bir hissdi...
   
   Ağasalam Abdulyan kəndinin adının necə yaranması haqqında da maraqlı bir izah verdi. Maşının üstündə barmağıynan Kürün bu yerlərdən necə axıb getdiyini təsvir elədi. Görürsünüz, dedi, Kür yatağını dəyişməmiş bu yer dalana oxşayırmış və buranı "Abu dalan" adlandırırmışlar. Abu dalan, yəni, Su dalanı. Maraqlı fikirdi...
   
   Vaxtında bütün respublikada məşhur olan Abdulyan qoruğu 1961-ci ildə Sabirabad Ovçular Cəmiyyətinin yardımçı təsərrüfatı kimi yaradılıb. Əslində bu ideyanın müəllifi o zaman həmin cəmiyyətin sədri işləyən təbiət vurğunu Ələsgər Ağayev olub. İmişlidəki rayonlararası qoruğu Sabirabadın Abdulyan kəndinə köçürə bilib və 70-ci ilə qədər ona rəhbərlik edib. Qoruq əvvəlcə qırqovulyetişdirmə məntəqəsi adlanırdı. Ərazisi ilk vaxtlar 3 hektar, 1963-cü ildən isə 22 hektar, 80 sot olub. Həmin il qoruq rayon ovçular cəmiyyətindən alınıb "Azərovçu"ya- Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinə verilib. Cəmiyyətin o vaxtkı sədri Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov idi. Burada toyuq, ördək, qaz, adadovşanı bəslənilib. Sonralar bu siyahıya turac, vəhşi qaz, qızıl qaz, qu, qaşqaldaq də əlavə olunub; qoruğa sayqak da gətirilib. Cəmiyyətə maddi kömək məqsədilə qoruğun ərazisində arpa, buğda, vələmir, küncüt yetişdirilirdi. Dənli bitkilərlə həm qoruqdakı, həm də köçəri quşları yemləyir, küncütü mağazalarda satdırırdılar. Axmazın o tayındakı meşənin qıraqlarında köçəri quşları yemləməkçin taxtadan axurlar düzəldilmişdi. Respublikada ilk dəfə burada qunduz bəslənilirdi. Bundan ötrü axmazda xüsusi yuvalar düzəldilmişdi. Əvvəlcə cəmi 21 qunduz vardı. Şöhrəti bütün respublikaya yayılan qoruğa Salyandan, Kürdəmirdən, Sabirabadın başqa yerlərindən ov etməyə, dincəlməyə gəlirdilər. Məşədi Ağasalam bu qoruqda respublika Nazirlər Sovetinin o zamankı sədri İsgəndərovu, xalq yazıçısı Mirzə İbrahimovu, dəfələrlə Aslan Vəzirovun özünü gördüyünü yaxşı xatırlayır.
   
   Bu qoruğun yaradıcısı olmuş rəhmətlik Ələsgər Ağayevi necə tanımasını soruşanda Ağasalam dedi ki, o kişinin necə işlədiyini, nələr yaratdığını, gecə-gündüz pərvanə kimi bu qoruğun başına dolandığını təsvir eləməyə söz tapmıram. Bunu gərək öz gözlərinizlə görəydiniz. Əslinə qalsa, ondan danışmağa ehtiyac da yoxdu. Biz lap uşaqlıqdan onun haqqında rəvayətlər eşitməyə alışmışdıq. Deyirdilər ki, o, qoruqdakı quşların ətindən bişirilən xörəyi qoxusundan tanıyırmış. Bir dəfə axşamüstü qardaşıgilə gedibmiş. Həyətdə ayaqüstü söhbətləşəndə evdən gələn xörək qoxusundan şübhələnir. O dəqiqə başa düşür ki, bu qoruqdakı quşların ətindəndi. İldırım sürətilə evə şığıyır və qazanı götürüb həyətə tullayır...
   
   Ancaq onun təbiətə sevgisi, qayğısı, bu yerləri gözəlləşdirmək, ekzotik bir guşəyə çevirmək istəyi heç kəsə gərək deyildi. Rayon rəhbərliyini pambıq planından, Moskvanın təşəkkürünü qazanmaqdan başqa heç nə maraqlandırmırdı. Meşə gündən-günə qırılıb seyrəldilir, yerində pambıq tarlaları salınırdı. Dərmansəpən təyyarələr sağa-sola şığıyıb zəhər yağdırır, təbiətin canlı muzeyini viran qoyurdular. Sutkalarla havadan dərman iyi çəkilmirdi. Daha köçəri quşlar da bu yerlərə az gəlməyə başladılar. Bir gün görürlər ki, axmazdakı bütün balıqlar ölüb suyun üzünə çıxdı. Tüstüsü başından çıxan Ələsgər əmi təyyarə bir də oradan keçəndə ov tüfəngindən yuxarı atəş açır. Güllə təyyarəyə dəyməsə də, bu hərəkəti təyyarəçilərin və onların yerdəki çəkməsilənlərinin "çest"inə toxunur. Ələsgər əmini həbs edirlər. Ancaq cəzalandıra bilmirlər. Vaxtilə qoruğa ova gələn vəzifəlilərdən biri onu xiləs edir. Amma qoruq kifayət qədər "cəzalandırılır" və tədricən məhv edilir...
   
   Bu əhvalat da həqiqətən olub. Həmyerlimiz Moskvada bir rusla tanış olur. Sən demə, həmin şəxs vaxtilə təyyarəçi olubmuş. Təzə tanışının sabirabadlı olduğunu biləndə təəccüblə soruşur:
   
   - Siz hələ yaşayırsınız? Axı, biz sizin başınıza tonlarla zəhər səpmişik...
   
   Həmin şəxs öz sovxasını bir də bu yerlərə fırlasa, hər həftə neçə həyətdə yas çadırı qurulduğunu (xüsusən cavanların yas çadırını), az qala kəndin ərazisini üstələyən qəbiristanlıqları, düzənliyə dönmüş meşəni, suyu zəhər dadan axmazı görüb əkdiklərini yüz qat biçdiklərinə əmin ola bilər...
   
   Və bu mənzərə beşguşəli qızıl ulduza dönüb o zaman raykomun birinci katibinin sinəsindən asılmışdı...
   
   Ələsgər əmidən və ondan sonra bir müddət qoruğa rəhbərlik edən Çərkəz adlı bir nəfərdən başqa bura gələnlər ancaq öz ciblərinə və buyruq verənlərinə işlədilər...
   
   Yetmişinci illərin ortalarında Aslan Vəzirov qoruğa baş çəkir və hər şeyin viran edildiyini görür...
   
   
   
   ***
   
   
   
   Məşədi Ağasalamla söhbət mənə bir şeyi də anlatdı: bilməzdim ki, kəndlərimizdə bunca təbiətə, torpağa, tariximizə bağlı olan, oxuyan, düşünən, araşdıran insanlar var. Bunu düşünməyin özü adamın ümidlərini artırır, narahat duyğularına sığal çəkir. Niyə biz ziyalıları həmişə tribunalarda, kreslolarda, ancaq boynu qalstukluların, ana dilində güclə danışanların arasında axtarırıq?!.
   
   İki otaq, bir kiçik mətbəxdən ibarət o vaxtkı "Qonaq evi" qoruqdan qalan yeganə tikilidi. Qırmızı kərpicdən hörülmüş soba, köhnə çarpayı və stol, vəssəlam... Pəncərəsindən üzüaşağı baxanda düz axmazın dibi görünür. Ağasalam deyir ki, buranı təmir elətdirib qiraətxana düzəldəcəyəm. Mənsə arzu edərdim ki, o, burada keçmiş qoruq və onun əfsanəvi sahibi haqqında kitab yazsın.
   
   Qeyd eləməyi unutduğum daha bir şey var. Məşədi Ağasalam İsgəndərov qoruğun ərazisini icarəyə götürərək fermer təsərrüfatı yaradıb. Oğlanları və digər icarədarlarla birlikdə bu yerlərin əvvəlki görkəmini qaytarmaq üçün gecəli-gündüzlü çalışırlar. Axmazın suyunu təmizləmək, balıqçılığı inkişaf etdirmək fikrindədirlər. Xeyli nar ağacı əkiblər...
   
   Mən insanların öldürüldüyü, kəndlərin, şəhər və qəsəbələrin viran edildiyi barədə çox eşitmiş, oxumuş, filmlərə baxmışdım. İndi isə nankor insanların əlləriynən öldürülmüş torpağı görür, bir zamanlar onun üstündə gəzən, uçan canlıların, çiçək açan, bar verən ağacların hələ də yaşayan ruhunu hiss edirdim.
   
   Ağasalam kişi və oğlanlarıynan sağollaşıb ayrılanda günəş çayın sağ sahilində hələ də bir parçası qalmış meşənin arxasına çəkilirdi. Ancaq üfüqdəki qızartıdan bilinirdi ki, sabah hava yenə günəşli olacaq...
   
   
   
   P.S. Bu yazını həm də məktəb yoldaşım, Ələsgər əminin istəkli qızı, cavan yaşlarından ömür-gün yoldaşını itirib üç oğlunu təkbaşına böyüdən, təhsilli, evli-eşikli edən, el-obada heç də atasından az hörmət qazanmayan nəcib və xeyirxah tibb bacısı Leyla xanımın əziz xatiri üçün yazdım...

TƏQVİM / ARXİV