adalet.az header logo
  • Bakı 20°C

"Mən xalqı yox, ayrı-ayrı insanları sevirəm"

14344 | 2008-11-29 03:54
Vladimir Sorokin çağdaş rus ədəbiyyatının ən istedadlı və qalmaqallı imzalarından biridir. Müsahibələri ən azı hekayələri, romanları qədər maraqlıdır, zövqvericidir. Nədən danışırsa danışsın - ədəbiyyatdan, kinodan, siyasətdən, həyatdan - bu müsahibələri ilə Sorokin insanda beyin devrimi yaradır. Amansızdı, amma haqlıdır.
   
    - Cənab Sorokin, "Zülmkarın bir günü" adlı yeni romanınızda siz avtoritar dövlətə çevrilmiş, xüsusi xidmət orqanlarının idarə etdiyi Rusiyanı təsvir edirsiniz. Gələcəkdəki hadisələr keçmişdə, İvan Qroznının vaxtında baş verənləri xatırladır. Siz doğrudan da, müasir Rusiyanı nəzərdə tutmusunuz?
   
   - Əlbəttə. Bu, müasir zamanın kitabıdır. Təəssüf ki, müasirliyi də ancaq satira fəndləri ilə təsvir etmək mümkündür. Biz İvan Qroznının yaratdığı dövlətdə yaşayırıq.
   
   - O, 16-cı əsrdə hökmranlıq edirdi. Sonra çar hakimiyyəti gəldi, sonra Sovet Hakimiyyəti, ən nəhayət də Yeltsin və Putinin, belə deyək, demokratik hakimiyyəti. Məgər hələ keçmişin altından xətt çəkməmişik?
   
   - Xalq və hakimiyyət bölgüsü dəyişməz olaraq qalıb. Hakimiyyət xalqdan müqəddəs fədakarlıq tələb edir.
   
   - Kitabda Vladimir Putinin də cizgilərini tanımaq olur...
   
   - Mən bu barədə fikirləşməmişəm. Birbaşa Putini satira atəşinə tutmaq elə də maraqlı deyil. Mən jurnalist deyiləm, rəssamam. Roman da sənədli povest deyil. Mən öz kitabımda "Rusiyanı demokratik ölkələrdən fərqləndirən nədir" sualına cavab axtarıram.
   
   - Hansı nəticəyə gəldiniz?
   
   - Alman da, fransız da, ingilis də inamla deyə bilər ki, "Dövlət - elə mənəm". Mənsə özümə bunu deyə bilmərəm. Rusiyada bu sözləri inamla ancaq Kremldəki adamlar deyə bilər. Qalanları isə istənilən şəklə salına biləcək materialdan başqa bir şey deyil.
   
   - Sizcə, bugünkü Rusiyanın "aşağılar"ı və "yuxarılar"ı arasındakı uçurum belə dərindir?
   
   - Doğrudan da bizdə elə adamlar var ki, onlara hər şey olar. Bunlar hakimiyyətdəki insanlardır. Onların sırasında olmayanlar isə hakimiyyətə münasibətdə tamamilə hüquqsuzdurlar. Maqnat Mixail Xodorkovski kimi varlı olmaq və bir göz qırpımında hər şeyi itirib, gözünü həbsxanada açmaq olar. Xodorkovskinin işi elə mənim təsvir etdiyim həmin xüsusi insanlar məsələsinin bir tərəfidir.
   
   - Bəs sizin kitabınızdan Xodorkovskini tanımaq olur?
   
   - Belə dəqiq paralellər aparmamışam. Amma kitab, bu xüsusi adamların varlı bir şəxsin üzərinə hucumu ilə başlayır. Amma bu hadisə sıradan bir şeydir, belə hadisələr Rusiyada həmişə olub. Yalnız hakimiyyətə qarşı loyal münasibətdə olanlar varlana bilərlər.
   
   - Kitabdakı təsvirlərə elita necə reaksiya verir?
   
   - Kitabın yaratdığı reaksiya kifayət qədər səs-küylüdür. Amma mən bütün bunları təsvir etməyə bilməzdim. Kitab ideyası məndə çoxdan var idi. Buna görə də kitabı cəmi üç aya yazmışam.
   
   - Niyə belə tələsmisiniz?
   
   - Bizim hər birimizin içində bir vətəndaş yatır. Brejnevin, Qorbaçovun, Yeltsinin vaxtlarında mən çalışırdım ki, içimdəki vətəndaşı ikinci plana atım, özümü inandırmağa çalışırdım ki, mən birinci növbədə rəssamam. Mən bir ədəbiyyat adamı kimi, Moskva andeqraundları arasında formalaşmışam, bu isə yumşaq dillə desək, anti-siyasət sayılır. Yadıma o vaxlar dildən-dilə gəzən bir pritça düşür: alman ordusu Parisə soxulanda Pikasso oturub alma şəkli çəkirmiş. Bizim də münasibətimiz belə idi. Otur və alma şəkli çək. Ətrafda baş verənlərin isə sənə dəxli yoxdur. 50 yaşım tamam olana qədər mən belə yaşamışam. İndi isə içimdəki vətəndaş oyanıb.
   
   - Romanlarınızdan bəzilərində zorakılıq ifrat dərəcədə çoxdur. "Buz" romanında adamlara buz çəkiclərlə işgəncələr verirlər. Niyə hələ də Rusiya cəmiyyətində zorakılıq belə çoxdur?
   
   - Mən uşaqlıqdan zorakılığı təbii fəlakət hesab edirəm. Totalitar Sovet rejimində bu zorakılıq elə bir güc idi ki, hər şey ondan asılı idi. O vaxt zülmkarlıq cəmiyyətin qara qüvvəsi idi. Mən bunu hələ bağçada hiss etmişdim. Məktəbdə oxuyanda da hiss elədim. Sonra başa düşməyə çalışırdım ki, niyə insanlar zorakılıq etmədən keçinə bilmirlər. Bu məsələ hələ də mənə əziyyət verir. Bəli, zorakılıq - mənim sahəmdir.
   
   - Bəs o qara qüvvə müasir Rusiyada özünü necə büruzə verir?
   
   - Bu qara qüvvə hər bir bürokratın içində yaşayır. Hətta çox xırda bir məmurun yanına gedəndə də o sizə başa salmağa çalışır ki, sizdən üstündür və siz ondan asılısınız. Bu qara qüvvə Kremlin imzaladığı hər imper fikirdə yaşayır. İmperiya isə həmişə xalqdan qurban tələb edir.
   
   - Üç il əvvəl "Mavi sala" romanındakı guya pornoqrafik səhnələrlə bağlı sizin əleyhinizə cinayət işi açılmışdı. Bu, nə deməkdir? Rusiyada senzura təzədən peyda olur?
   
   - Məsələnin mahiyyəti belə idi: onlar (cinayət işi açanlar - E.A) istəyirdilər ki, yazıçıların və ictimaiyyətin reaksiyasını yoxlasınlar. İstəyirdilər görsünlər, biz açıq senzuranı qəbul edəcəyikmi? Amma alınmadı...
   
   - Sizin əleyhinizə başlayan aksiya başqa yazıçıları qorxutmadı ki?
   
   - Əlbəttə, qorxutdu. Bu gün yazıçıların istədikləri hər şeyi yaza bilmək və üstəlik çap oluna bilmək şanslarına görə mən Mixail Qorbaçova və Boris Yeltsinə çox minnətdaram. Bundan sonra nə olacaq, bilmirəm. Axı hakimiyyət artıq kütləvi informasiya vasitələrini - televiziyanı da, qəzetləri də, jurnalları da idarə edir.
   
   - Sizin kitabınızda zülmkar Moskvadan sürgün edilən diplomatın, teleqüllədən atılan jurnalistin, çayda boğluan yuvabatıranın sayca tək olmaması ilə lovğalanır. Axı o vaxt siz jurnalist Anna Politkovskayanın qətli barədə heç nə bilmirdiniz...
   
   - Mən sadəcə təsəvvür etdim ki, əgər Rusiya Qərb dünyasından tamamilə təcrid olunub öz dəmir arakəsməsini qoysa, nə baş verəcək? Pravoslavlıq, özünüidarə, xalq hakimiyyətinin gərək yeni milli təməli olsun. Və belə bir şey alınacaq - keçmiş Rusiya bugünkini haqlasa, keçmiş bizim gələcəyimizə çevriləcək.
   
   - Bəs Rusiyanın müasir qlobal dünyada özünütəcridi nə qədər realdır?
   
   - Putin tez-tez üçüncü Aleksandrın sözünü təkrar edir: "Rusiyanın iki müttəfiqi var - ordu və dənizçilər". Bu, bir vətəndaş kimi məni qıcıqlandırmaya bilməz. Onun bu konsepsiyası özünütəcrid, Rusiyanı ancaq düşmənlərin əhatəsində görən strategiyadır, müdafiə planıdır. Mən televizoru açıram və görürəm ki, hanısa bir paqonlu adam, general deyir: "Biz çox şadıq ki, son model raketlərimiz Amerika raketlərini ən azı üç onillik qabaqlayıb". Bu, nəsə dəhşətli bir yuxudur. Biz sovet vaxtında olduğu kimi, özümüzə düşmənlər uydururuq. Bu - geriyə atılmış iri bir addımdır.
   
   - Kreml komandasına heç bir ümid bəsləmirsiniz?
   
   - Bu mənim yox, onların günahıdır. Mənim televizorum durmadan mənə deyir ki, Sovet İttifaqı vaxtı hər şey çox yaxşı olub, hakimlər və çekistlər mələk imişlər, Stalinin vaxtında isə hamı elə gümrah və qəhrəman imiş ki, gərək bu gün onlara milli qəhrəman heykəlləri qoyaq.
   
   - Bəs niyə əfsanəvi rus intilligensiyası etiraz etmir?
   
   - Doğrudan da, bu, təəccüblüdür. Mənə dəhşətli gəlir, yəni doğrudan da bizim dissidentlər, söz azadlığı uğrunda mübarizə aparanlar - yazıçılar, mühacirlər və hüquq müdafiəçiləri ancaq bir məqsədi güdürmüşlər: Sovet İttifaqının dağılmasını. İndisə Soljenitsından başlayaraq (müsahibə götürülərkən Soljenitsın sağ idi - E.A.) hamısı susur.
   
   - Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun müxalifəti bir araya gətirmək cəhdlərinə münasibətiniz necədir?
   
   - Başqa müxalifətçilərə (məsələn, keçmiş baş nazir Mixail Kasyanov və İrina Xakamadaya) olduğu kimi Harri Kasparova da böyük hörmətim var. Amma insanların böyük bir qismi üçün bu adamlar sadəcə, mövcud deyillər. Onları ancaq internetdən tapmaq olar. Əgər sabah hansısa dövlət telekanalı, yaxud radiosu Kasyanovun hansısa şəhərə səfərindən xəbər versə, onun insanlarla görüşünü yayımlasa, gərək səhəri gün həmin teleradio şirkətin rəhbəri özünə başqa iş tapsın.
   
   - Onda bəs nə edək?
   
   - Yuxarıda oturanların nəsə eləyəcəyini gözləmək böyük sadəlövhlük olardı. Hazırki bürokratiya elə kök salıb ki, hakimiyyət çətin nəsə etməyə hazırlaşsın.
   
   - Yəni hər şey bu qədər ümidsiz görünür?
   
   - Hamı içindəki vətəndaşı oyatmalıdır. Rus filosofu Nikolay Berdyayev bir dəfə dedi ki, Rusiyada ideya bolluğu var. Amma əməl - defisitdir. Bütün 20-ci əsr boyu bu, belə olub. Yalnız son beş ildə ruslar yaxşı geyinmək və babat yemək imkanı qazanıblar. Tox adam isə yatmaqdan başqa heç nə istəmir. Bugünki tələbələrin də siyasətdən gen gəzməsinin səbəbi budur. Beləsini başqa heç yerdə tapa bilməzsiniz?
   
   - Ümumiyyətlə, siz həmvətənlərinizi sevirsiniz?
   
   - "Xalq" sözü mənim xoşuma gəlmir. Uşaqlıqdan bizə "sovet xalqı" anlayışını yedizdiriblər. Mən konkret adamları sevirəm: ziyalı olan, şüurlu şəkildə yaşayan, bitki kimi ömür sürməyən adamları. Xalqı sevmək üçün gərək ya hökmdar olasan, ya da MK-nın katibi. Şair İosif Brodski bir dəfə demişdi ki "mən meşəni deyil, ağacları sevirəm".
   
   - Kitabınızda siz Rusiyanın Qərblə öz arasında qaldırdığı divarı təsvir edirsiniz. O divarın inşası hansı təsəvvürlərdən başlayıb?
   
   - 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra keçmiş partiya rəhbərləri öz "partbilet"lərini yandırıb, qara "Volqa"larından düşərək, Almaniya istehsalı olan qara "Limuzin"lərə oturdular. Başqa heç nə baş vermədi. Heç bir təmizləyici inqilab-zad olmadı. 1991-ci ilin avqustunda - Feliks Dzerjinskinin heykəli yıxılanda mən Lubyankada idim. Onda adama elə gəlirdi ki, təzə era başlayır. Amma biz Sovet hakimiyyətini düzgün qiymətləndirməmişik. Yeddi onillik ərzində o bizim insanların şüurunda dərin bir kök salıb. Birləşəndən sonra Qərbi Almaniya sosialist Almaniyasının keçmiş vətəndaşları üçün bir güzgü oldu. Bizimsə belə bir güzgümüz yox idi.
   
   - Siz ixtisasca neft mühəndisisiniz. Belorusla neft-qaz konfliktində Moskva imper münasibət sərgilədimi?
   
   - Bizim hakimiyyət hələ də Gürcüstan, Azərbaycan, Baltikyanı ölkələr, bir sözlə, keçmiş Sovet İttifaqı ölkələrinin müstəqil dövlətlər olduğunu anlamır, buna öyrəşə bilmir, bununla barışa bilmir. Yeri gəlmişkən, mənim diplom işim turbaötürücülərindəki itələyicilər barədə idi.
   
   - Bəs kitab yazanda həmin bilgilər sizə kömək elədi?
   
   - Hə, orada bir şeir var: "Hökmdar əmr elədi - biz cəftəni itələdik"...
   
   - Qərb siyasətçiləri özlərini Rusiya hakimiyyəti ilə münasibətdə necə aparmalıdır?
   
   - Qərb gərək Rusiyada insan haqları ilə daha ciddi məşğul olsun. Bütün kompromisslərə dözümlülük nümayiş etdirmək bir yana, mən hərdən sual verirəm: doğrudanmı Rusiya demokratiyaya doğru gedir? Mənə elə gəlir ki, yox! Rusiya addımbaaddım avtoritar imperiyaya doğru irəliləyir. Baş verəcək ən qorxulu şey Qərbin bizə qarşı laqeydliyidir. Əgər Qərbi neft və qazdan başqa heç nə maraqlandırmasa, pis olacaq. Bizə Avropanın xəritəsini göstərirlər və kamera sağa tərəf gedir. Kadrda Kiyev peyda olur, sonra Moskva, sonra da heç nə. Görünür, Qərb bizi elə belə də görür - Moskvadan o yana vəhşi Rusiya başlayır. Ora isə baxmasalar, yaxşıdı. Bu, böyük səhvdir. Qərb gərək Rusiyaya bir az daha diqqətlə yanaşsın.
   
   - Ümumiyyətlə, Qərb Rusiyanı başa düşürmü?
   
   - Həm başa düşür, həm də başa düşmür. Bizdə məmurların rüşvət alması, hakimiyyətin isə özünü az qala əli öpüləcək və qarşısında diz çöküləcək qədər müqəddəs göstərməsi heç kimi təəccübləndirmir. Qərb üçün bu, absurd səslənir, ruslar üçün isə bu - adi həyat normasıdır.
   
   - Bir vaxlar Almaniyada da hakimiyyətə qarşı belə bir münasibət vardı. Nasist diktaturasından sonra bu münasibət dəyişdi. Bu gün Almaniyadakı hakimiyyətin rolu, Amerikada olduğu kimi, çox təvazökardır.
   
   - Bax, demokratiya da elə budur. Rus yazıçısı Vladimir Nabokov bir dəfə demişdi: "Demokratiya odur ki, prezident poçt markasından artıq bir şey olmasın". Bizim buna çatmağımıza hələ çox var.
   
   

TƏQVİM / ARXİV