adalet.az header logo
  • Bakı 12°C

iSTiSMAR MüDDƏTi

OQTAY SALAMOV
24593 | 2008-11-29 03:37
Sovetin vaxtında hansı rayondan gəlməsinə baxmayaraq, hər bir cavanın Bakıda adamqarşılayan, görüşən, zənbil alan yerləri əsasən Azneft, avtovağzal və beşmərtəbə idi. İndi Azneft oldu Çoxneft, o vaxtkı avtovağzalın heç yeri də qalmayıb, Beşmərtəbə də deyilənə görə, istismar müddətini başa vurub, sökülməlidir. Təkcə beşmərtəbə yox, Bakıda bütün "stalinka" və "xruşşovka"lar, vaxtilə sovetin hərifliyindən payladığı şəhərin içindəki kasıb evləri, bir çox şeylər və bir çox kəslərin istismar müddəti başa çatıb. Onları uçurmaq və yerində təzələrini tikmək, yaratmaq, istismara buraxmaq lazımdır. Müddəti bitənlərdən danışmaq istəyirəm.
   
   Sovetin vaxtında olan bir çox nəmənələr indi dəbdən, istifadədən və mənadan düşüb. O vaxtlar deyəndə ki, "sabah yağış yağacaq", axşamdan çətirləri hazırlayardılar, müvafiq geyim haqda düşünərdilər. İndi "yağış yağacaq" deyiləndə bəziləri cibxərcliyini çox götürür, bəziləri telefonla mesaj atır, bir çoxları gözünə eynək geyinir (?), bəziləri maşınlarını yuduzdurur, şairlər də həmin gün məhəbbət şerləri yazırlar... Hansı məntiqlə, hansı əsasla etdiklərini başa düşə bilmədiyin üçün sən köhnə adam da ya havalanırsan, ya da özünü dünyanın ən kütlərindən biri sayırsan. Vallah, adam oğul-uşaqdan soruşmağa da utanır ki, al yaba, bu nə hoqqadır çıxarırsınız.
   
   Hoqqa demişkən, köhnə binaların sökülməsi söhbətini eşidəndə mənim "yaxşı eləyirlər, yerində müasirlərini tikəcəklər, köhnədən həmin yerdə yaşayanlara verəcəklər, rahatlıq yaradacaqlar" sözlərimi eşidəndə ətrafımdakı cavanlar və işbacaranların mənə əsl dəliyə, əlacsız xəstəyə baxan kimi təəssüflə baxdıqlarını gördüm. Birinin isə mənə lap çox yazığı gəldi, hətta qoluma girib məni şərəfə nail elədi və yana çəkib danladı da:
   
   - Ağsaqqal, doğrudan da öz dediklərinə inanırsan, yoxsa bu da sənin bizlə prikolundu?
   
   - Əstəğfürullah, ay oğul, prikol nədi, ağlım kəsəni deyirəm.
   
   - Nəyin, ağlın? Elə ona görə də oğlunun toyunda öz bəylik kostyumunu geyinəcəksən. Kişi, harada görmüsən ki, kasıb-kusub üçün mərkəzdə ev tikələr, hələ çoxlarının sənədlərinə qəmiş qoyacaqlar, kompensasiya, başqa yerdə ev də verməyəcəklər. Nə istismar müddəti, nə qəzalı vəziyyət? Belə çıxır ki, İtaliyadakı Pizza qülləsi, "Yıxılan qüllə"ni çoxdan sökməliydilər ki, qəzalı vəziyyətdədir? Amma sökmürlər, əksinə, oraya turist aparıb qazanc əldə edirlər. Yəni deyirsən italyanlar axmaq adamlardır? Gəl sənə bir məsləhət verim, get dünənki "Şərq" qəzetində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Elm-texnika, smeta, normalar şöbəsinin müdiri, görkəmli konstruktor Xalid Nəcəfovun söylədiklərini oxu, heç olmasa, qoca yaşında bil ki, istismar müddəti nədir, qəzalı vəziyyət necə olur, köçürülmə sivil ölkələrdə necə həyata keçirilir... Xalid müəllim də yaşlı adamdır, amma həm müasir düşüncəlidir, həm də bu günün gedişindən xəbərdar adamdır.
   
   Oxudum. Ağlıma batdı. Xalid müəllim deyir ki, təzə tikilmiş binanı elə istismar edərəm ki, o, beş ildən sonra yox olar. Ə kişi, vallah düz deyir, odey, istismar müddəti başlamamış yerlə yeksan olanı görmədik? Sənətkar sual verir ki, əvvəllər Bakı şəhəri üzrə 7 ballıq zəlzələyə hesablanmış tikililər, Bakı milyonerlərinin evləri, içərişəhər, bütün 3-4-5 martəbəli binaların hamısı sökülməlidir? Bu suallardan belə başa düşdüm ki, ağsaqqal ucdantutma sökülmənin tərəfdarı deyil. Amma bir şeyi də dərk elədim ki, "vsyo-taki" Xalid müəllim də sovet dövrünün adamıdır. Siz Allahınız, deyimə fikir verin: "Əvvəlcə tikmək lazımdır, sonra sökmək olar!
   
   Əsl ağsaqqal hikməti, normal düşüncə məhsuludur. Amma kimdir hikmətə baxan, düşüncəyə baxan? Harada tikəcəksən, Qobustanda, yoxsa Dübəndidə? "Baksovet"dən sürgün eləyib hesabına pul qazanmaq istəyirlərsə, əvvəl harada tikib haranı söksünlər. Əvvəl tikmək üçün öz pulunu xərcləməlisən axı. Amma söküb tikməyin hər daşı ayrıca, əlavə puldur. Kimin nəyinə lazımdır istismar müddəti bitib, bitməyib, qəzalıdı, qəzasızdı - əsas odur ki, pul gətirsin, "mən salim olum, cümlə cahan batsa da batsın"... Babat pul versinlər, "Qız qalası"nı istismar müddətinin bitməsi, ən azı qəzalı vəziyyətdə olması ilə bağlı sökməsələr, mən "vaabşe" heç nə bilmirəm.
   
   Qoy bu sökülənin, tikilənin qiyməti haqda da bir-iki söz deyim, sonra keçək istismar müddəti bitən başqa zadlara. Xalid müəllim deyir ki, Moskvada tikinti şirkətləri binaları məhlələrlə tikirlər. Şirkətlər gəlib məhlələrə girir və vətəndaşlara deyir ki, Baş Plana uyğun olaraq siz köçürsünüz, bu da sizin yeni mənzilləriniz. Yəni həmin sakinlərə şəhərin ev fondundan mənzil verilir. Və bundan sonra həmin məhlədə bina inşa edirlər. ...Belə olanda vətəndaş deyə bilməyəcək ki, evimin yerini 300-ə və ya 500-ə satıram. Deyir Qazaxıstanda, Almatı şəhərində qiymətlər müəyyənləşib. Məsələn, şəhərin mərkəzində müəyyən qədər təmiri olan evə 5 manat, az təmirlilərəsə 3 manat dəyər verilib. Yəni dövlət tərəfindən təxmini qiymətləndirmə, yəni şəhərin yerindən asılı olaraq qiymət cədvəli var. Başınızı çox yormayım, bizim köçürmələr kasıbı lüt qoymaq üçün vasitədir və halallıq adlanan söz, ümumiyyətlə, yaddan çıxıb. Axırı harada qırıldı, qırıldı. Amma mütləq qırılacaq, geci-tezi var...
   
   Sabah çox cəsarətlə, bircə qram çəkinmədən deyə bilərlər ki, "haqq, ədalət, insaf, mürvət, humanizm, insanpərvərlik, nəciblik"... kimi söz və anlayışların istismar müddəti başa çatıb, onları ləğv eləmək lazımdır. İstədim bir siyahı tutam ki, nələrin istismar müddəti ötüb. Çox nəhəng siyahı alınır, ən vaciblərini sayım: elmin, təhsilin istismar müddəti ötüb, ya da çox qəzalı vəziyyətdədir. Mentalitet canını tapşırıb. Kişiliyin, cəsarətin mayasına elə haram qatılıb ki, elə hər mənada istismar müddətləri və "srok qodnosti"ləri keçib. Belə görünür ki, ailənin, sədaqətliliyin, dostluğun, qonşuluğun, ismətin, tərbiyənin də istismar müddətləri başa çatıb...
   
   Xalid müəllim deyir ki, "əhalini təşvişə salmaq olmaz", "bəzi binaların qəzalı olması ilə bağlı televiziyalarda fikir səsləndirmək doğru deyil"... Allah köməyiniz olsun, ay Xalid müəllim, nə təşviş, nə qorxu, bunların istismar müddəti, ümumiyyətlə, qoyulmayıb, doğulanda bitib. Deyirsiniz təşvişə düşməsinlər, narahat olmasınlar, 100 il, 110 il yaşasınlar? Bunları yedirtmək lazımdır, geyindirmək lazımdır, evlə təmin etmək lazımdır. Bunlar hamısı puldur ey... Pul isə adamın öz adında, öz cibində, öz "şot"unda olanda yaxşı görünür, istismar müddəti də daimi olur.
   
   
   
   P.S. Bəzən mənə elə gəlir ki, evdə arvadın, arvada da elə gəlir ki, mənim istismar müddətim başa çatıb. Amma uşaqlar daha etibarlıdırlar, deyirlər yox, ölüncə istismar eləyəcəyik, sizdən əl çəkdi yoxdu. Malades, dədələrinin balalarıdı, mentalitetə riayət eləyirlər... Səndə vəziyyət necədi, hələ istismar eləyirlər, yoxsa sökülüb atılmalısan, oxucu?..
   
   

TƏQVİM / ARXİV