Zeytun yağı ilə 5 gözəllik üsulu
Zeytun yağının necə faydalı
olduğunu, güman ki, bilirsiniz. Onun kosmetik əhəmiyyətli olması da məlumunuzdur.
Aşağıdakı maskaları da siyahınıza əlavə etsəniz, özünüzü gözəl, təravətli, gənc dəri ilə təmin etmiş
olarsınız.
1. Əgər dəriniz
qıcıqlanırsa, çox həssasdırsa, zeytun yağını qızdırıb 20-30 dəqiqə üzü masaj edə
bilərsiniz. Daha çox quru dərili xanımlar, lap elə bəylər də bundan yararlana
bilərlər. Həftədə iki dəfə edilən bu masaj üzdəki "lənətəgəlmiş” xırda
qırışların da tədricən hamarlanmasına yardım edər.
2. Quru və normal dərilər
üçün meyvə qarışığı püresi hazırlayıb 1
xörək qaşığı da zeytun yağı əlavə edin. Qarışığı 15 dəqiqə üzdə saxlayıb, ilıq su ilə
yuyun. Meyvə olaraq banan, xurma, yemiş seçə bilərsiniz. Bu qarışığı tərəvəzlə
də hazırlamaq mümkündür. Bunun üçün sizə kartof, kök, bibər, kələm lazım
olacaq.
3. Üz dərisini
yumşaltmaq üçün 1 x. qaşığı kəsmiyi, 2 x. qaşığı zeytun yağı ilə qarışdırın. 20
dəqiqədən sonra isti su ilə yuyun. Yumşaqlıqla bərabər dərini həm də nəmləndirmək
istəyirsinizsə, kütləyə 1 çay qaşığı bal da əlavə edin.
4. Növbəti maska isə cavanlıq eleksiri adlanır: 2
x. qaşığı zeytun yağı ilə eyni miqdarda kosmetik gili krem şəklinə düşənə qədər
qarışdırın. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.
5. Dərini ağartmaq
üçün süd, zeytun yağı, yağsız kəsmik və kök şirəsini eyni miqdarda (1 x.
qaşığı) götürüb qarışdırın. 15 dəqiqə
sonra üzü yuyub təmizləyin. Bundan sonra bir parça buzu üzünüzdə gəzdirin. Sonra
da mənə sağ ol deyin!