adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Əla + və

18361 | 2008-11-29 03:37
Əlavə. İlk baxışda ikinci dərəcəli sözdür. O saat sual yaranır: nəyə əlavə? Tutaq ki, sevdiyin adama hədiyyə olaraq mənzil alırsan. Mənzilin açarları ilə bərabər daha bir açar ona verəndə, təəccüblə soruşur ki, bəs, bu nəyin açarıdır? Sən də ona təzə binanın qarşısnda saxladığın qəşəng avtomobili göstərib (markasını özünüz seçin - N.B.) deyirsən ki, heç, elə-belə, bu mənim əsas hədiyyəmə əlavədir. Nə gözəl ! Birincisi "əla", ikincisi isə "və" oldu. Bununla belə, "və" "əla" ilə bərabərdə dayanmasa da, hər halda ondan bir o qədər də aşağı enmədi. Yaxud gəlin başqa, azca ucuz xəyala dalaq. Sevdiyin adama avtomobil alırsan (yenə markasını seçməyi öz ixtiyarınıza buraxıram - N.B.), əlavə olaraq ona gözəl, ətirli, tər gül dəstəsi verirsən. Burada da "əla"nın üstünə "və" gəlir, amma artıq birinci ilə, yəni "əla" ilə qətiyyən yanaşı dura biləcək "və" deyil. Yaxud da ad günündə sevdiyin adama sadəcə gül dəstəsi almısan. Sözsüz ki, buna "əla" demək olmaz. Heç əvvəldə gələn əlavə də, yəni xanımdırsa, əyilib onun əlindən öpməyin də əla deyil. Bununla belə, pis də deyil. Vəssalam, artıq qiymət vermək olmaz. Digər misallar da gətirmək mümkündür. İraq hamımızdan, tutuq ki, düz iş görməmisən və bununla kimisə yaman qeyzləndirmisən. O da gəlib sənə əla (!) bir şapalaq ilişdirir. Amma bununla doymayır, çıxıb getmək istəyəndə "və" olaraq arxadan sənə bir təpik də vurur. Yoox, bu olmadı! Biz axı yaxşı şeylərdən, gözəl, ən əsası da müasir xəyallardan misallar gətirirdik. Doğrudur, sonuncu misalda da əlavə aktı həyata keçirildi. Özü də bu misalda da "əlavə" ikinci dərəcəli anlayış olaraq qaldı. Yəni nəyin üstündən gəldi.
   
    Bu isə əvvəldə söylədiyimiz kimi ilk baxışda belədir. Daha doğrusu, son yarım əsrdə qərb filosofları belə düşünür ki, "əlavə" ikinci dərəcəli yox, məsələnin məğzini aça bilən sözdür. Bunun üçün gərək hadisəni, yaxud kiminsə danışığını götürüb qoyasan qarşına və başlayasan onu söküb dağıtmağa və təzədən yığmağa. Buna qərb fəlsəfəsində "dekonstruksiya" deyirlər. Bu ifadə fransız Cak Derridanın adı ilə bağlanır. Dekonstruktivist klassiklərdən birinin, Can Cak Russonun "Etiraf" əsərindən bir neçə parçanı qarşısına qoyur və onu söküb-dağıdıb-yığmağa başlayır. Russonun təqdimata ehtiyacı yoxdur, çünki məktəbdə onu maarifçi kimi bizə tanıdıblar. Russo "Etiraf"ın bir yerində yazır ki, onanizm (öz xəyalınla təkbaşına cinsi əlaqə, yaxud intim və günah sayılan oyun) mənim seksual həyatıma əlavədir. Əsərin digər bir yerində isə böyük fransız maarifçisi belə bir qeydə yol verir: "Yazmaq, sadəcə, mənim həyatda danışdıqlarıma əlavədir". İlk baxışda bu iki cümlə tamam başqa mövzulara aid edilməlidir. Amma bir-birindən fərqlənən hər iki cümlədə onları birləşdirən "əlavə" sözü var. Dekonstruktivist həmin bu "əlavə" sözünü götürüb onu bərabər işarəsinə çevirir və Russonun tamamilə yeni, amma onu daha düzgün izah edən formulasını yaradır. Böyük maarifçi üçün yazmaq = onanizm, yaxud da əksinə, onanizm = yazmaq deməkdir.
   
    Böyük maarifçi demişkən, bizim M. F. Axundov üçün yazmaq doğrudan da əlavə idi. Necə əlavə? Qoy deyim. 1859-cu ildə Tiflisdə Azərbaycan dilində "Təmsilati kapitan Mirzə Fətəli Axundzadə" adında kitab dərc olundu. Bu kitabın əsasını təşkil edən komediyalar 1850 - 1853-cü illərdə yazılıb. Kitab dərc olunana yaxın sonrakı 2-3 il ərzində yazılan "Mürafiə vəkillərinin hekayəti" komediyası və "Aldanmış kəvakib" hekayəsi də əlavə olaraq "Təmsilat"a daxil edilmişdir. Onun müxtəlif illərdə yazdığı şeirləri, kiçik həcmli ədəbi-tənqidi, ictimai-siyasi, sırf bioqrafik yönlü yazıları, çoxsaylı məktubları, əlifba layihələri, bir də əlbəttə "Kəmalüddövlə" traktatı "Təmsilat"a qatışacağı olmadan tamamamilə başqa qütbdə dayanıb. "Axundov" adlı yazıçını isə biz ilk növbədə "Təmsilat"dan tanıyırıq. Sual yaranır, necə ola bilər ki, belə nəhəng yazıçı ömrünün altmış yeddi ilinin yalnız üçünü, yaxşı, qoy olsun beşini yazmağa həsr eləyib? Bu suala bizim başqa görkəmli ədibimiz, Ədürrəhimbəy Haqverdiyev cavab verir. Sən demə, o zaman Peterburqdan, yəni Avropa mədəniyyətindən uzaq düşən Qafqaz canişini burada darıxmağa başlayır. Onu darıxmağa qoymamaqdan ötrü cənub xalqlarını birləşdirən şəhərdə, yəni Tiflisdə çoxsaylı teatr tədbirləri həyata keçirilir. Axundov da kənarda qalmayıb canişin Voronsov-Daşkovu əyləndirilməsinə xidmət edən bu tədbirlərə can-başla qoşulub komediyalar yazır. Bu komediyalar ölməz əsərlərdir. Bununla belə, bu əsərlər, yəni Axundovun yazdıqlarının əsas və vacib qismi onun məmur karyerasına əlavə (!) kimi qiymətləndirilə bilər.
   
    Amma burada da "əlavə" ikinci dərəcəli söz kimi işləndi. Onu önə çəkmək, birinci dərəcəli və açar söz etmək üçün Axundovun həyatda daha hansı əlavələr etdiyi ilə maraqlanmalıyıq. Maraqlanmışıq və tapmışıq. Lakin bu yazıda tamam başqa mətləb açdığımızdan gəlin XIX əsrdən aralanıb qayıdaq bu günümüzə.
   
    Bu günlərdə bir tədbirdə tanınan-sayılan rejissorumuz tarixi əhəmiyyətli söz dedi və bununla özü də bilmədən, bəlkə də bilərəkdən Azərbaycan incəsənətində köhnəyə son qoyub, yeni eranın açılışını elan etdi. Böyük, təntənəli səslənsə də, bu belədir. İnandırıram, zərrə qədər də kinayə üçün yer yoxdur. Buna əmin olmaqdan ötrü rejissorun sözlərinə diqqət edin: "Artıq ərköyün əsərlərin vaxtı bitdi. İndi konkret məqsədi olan və konkret məqsədə xidmət edən əsərlər yaratmaq vaxtıdır". Görkəmli sənət xadiminin sözləri bütün incəsənət növlərinə, eləcə də ədəbiyyata, ümumiyyətlə bədii yaradıcılığa şamil edilə bilər. Bu gün artıq "nəyə görə əsəri yazırsan" sualı, "bu əsərdə nə demək istəmisən" sualını amansızcasına sıxışdırıb aradan çıxarmaqdadır.
   
    Bədii əsər hər şeydən əvvəl öz dövrünün sənədidir. Onu öz dövründən ayıranda, qəlibdən, formadan başqa bir şey alınmır. Doğrudur, bu qəlibdən yüz il əvvəl, yüz il sonra da istifadə etmək olar. Bir şərtlə. Yalnız öz dövrünün sənədi kimi. Yəni öz dövrünə əlavə kimi.
   
    İncəsənət haqqında əvvəlki təsəvvürlərə son qoyulur. Hər nə yaranırsa, onun qiymətini bazar qiyməti ilə ölçmək lazımdır. "Əla" yalnız bazar münasibətləridir. Yerdə qalan hər nə varsa, hər nə yaranırsa "və"dir.
   
    Sənət, ədəbiyyat öz yerində. Həyatın özü haqqında əvvəlki təsəvvürlərə son qoyulur. Məgər həyatın özü nəyəsə əlavə deyilmi?
   
    Yuxarıda göstərdiyimiz kimi "və" ucuz şokolad qutusu da ola bilər, şapalaq da, gül dəstəsi də, bahalı maşın, ev, torpaq sahəsi, vəzifə, bunun ardınca ağla nə gəlirsə onların hamısı. Bəs "əla" haradadır? Yalnız bazar münasibətlərində? Yox, bazar münasibətləri son dayanacaq ola bilməz. Bəlkə "əla"nı itirmişik, yalnız "və" qalıb? Bəlkə də...

TƏQVİM / ARXİV