adalet.az header logo
  • Bakı 18°C

Sevgidən nifrətə

1365 | 2008-11-22 02:46
Keçmişlərdə, hələ onda insanlar varlılara və kasıblara bölünmürdü, biz cavanlar bir-birimizə testə bənzər suallar verməyi xoşlayardıq. Onlardan biri belə idi: "Sizcə iki varlı oğlanın dostluğu möhkəm olar, yoxsa iki nəfər kasıb oğlanın?" Bu gün bu sualı kimə versən, deyəcək ki, əlbəttə iki varlı şəxsin dostluğu daha möhkəm olar.Çünki kasıblar kinli, paxıl olur, varlılar isə imkanlı və gözütox. Onlardan birinin başına iş gəlsə, o biri paçka ilə, paçka nədir? - çamadanla pulu gətirib qoyacaq çətinə düşən dostunun qabağına və deyəcək: "al qardaş, öz pulun kimi xərclə, işlərini qaydasına sal." Doğrudur, ikinci,varlı variantı birincidən fərqli olaraq nağıla oxşayır. Birinci bütün kin-küdurəti, qara, kirli həsədi, xudbinliyi ilə bərabər realdır. Amma nəyə görə biz reallığı dünyada daha düzgün göstərici hesab etməli, onu hər məsələdə əsas ölçü kimi götürməliyik. Pul da elə onun üçündür ki, nağıl bildiyini real etməyə sənə kömək etsin. Yəni reallığı sənin istəklərinə tabe etsin. Yaxud da əçksinə, pul vasitəsi ilə real olanı nağıla çevirəsən. Axı pul qaranı ağa, eybəcəri gözələ, qorxağı mərdə, yalanı doğruya, qocanı cavana, yəni real olanı çevirib nağıl etmək qüdrətinə malikddir. Pul kimyagərdir, möcüzəyaradandır. Və bu fikir mənə yox, Vilyam Şekspirə aiddir, "Afinalı Timon" dramında qəhrəmanının dili ilə ifadə edir.
   
   Yəni dolğrudanmı bütün dövrlərin dramaturqu, dünyanı səhnəyə, səhnəni dünyaya çevirən sənətkarın qələmindən hamımızın bildiyi, bəsit, üzdə olan məsələyə, pulun ağalığına həsr olunan dram əsəri yarana bilərdi? Bəlkə elə bu səbəbdən bəziləri "Afinalı Timon"un ya zəif, ya da ümumiyyətlə Şekspirə aid olmadığını iddia edir.
   
   Amma məsələ də bundadır ki, kim nə deyir desin, "Afinalı Timon" hətta Şekspirin digər möhtəşəm, daha böyük teatral nüfuza malik olan əsərləri sırasında belə zəif əsər deyil. Bu əsər "Hamlet"dən, yaxud "III Riçard"dan az düşündürmür. Bizim yaşadığımız dünyada zəlzələ də baş verir. Deməli, Şekspirin əsərlərində, eləcə də "Afinalı Timon"da yeraltı və yerüstü silkələnmə baş verir, kosmik dayaqlar yerindən tərpənir. Nağıl da, reallıq da bu hadisələrin fövqündə kiçilir, arxa plana keçir. Və deməli əksinə, orada, Şekspirin səhnəsində nağıl-real dünya tarmar olursa, deməli bizim yaşadığımız dünyada da eyni hal baş verir.
   
   Bu günlərdə Bakıda yeni fəaliyyətə başlayan "Zəfər" teatr studiyasının ifasında "Afinalı Timon" tamaşasına baxdım. Tamaşanı recissor Azərbacanın xalq artisti Azər Paşa Nemətov hazırlayıb. Baş rolda xalq artisti Fuad Poladov idi. Əsas rollarda, deyəsən orada heç ikincidərəcəli rol yox idi, yenə də görkəmli aktyorlarımız oynayıb. Onların hamısının adını çəkə və oyunun qeyd edə bilməyəcəyəm. Çünki bu yazı tamaşa haqqında resenziya deyil. Təkcə onu deyə bilərəm ki, həm recissorun, həm aktyorların, həm də bütün yaradıcı heyətin məharətinə minnətdar olaraq mən, və yəqin ki bütün digər tamaşaçılar bu əsərə passiv tamaşa etmədik, onu bir daha oxuduq və oxuya-oxuya orada, güzgüdə olduğu kimi özümüzü gördük. Ənənəvi teatral pafos amansızcasına tamaşadan sıxışdırılıb çıxarılıb. Axı hansı pafosdan söhbət gedə bilər, əgər sonda məlum olur ki, baş qəhrəmanın məzarı üzərində bu sözlər yazılıb: "Burada öz mənfur ruhundan ayrılmış rəzil cəsəd yatır. Bura dünyaya və insanlara nifrət bəsləyən Timonun məzarıdır. Ey yoldan ötən, ayaq saxla, əvvəl üzünü məzara tutub ona lənətlər yağdır, sonra yolunu davam elə".
   
   Məgər bu kosmik tarmar deyilmi? Nə baş verməlidir ki, insan hətta ölümündən sonra da hər şeyə, olana və olmayana bu qədər nifrət bəsləsin? Yəni doğrudanmı bu nifrətin, mizantropiya deyilən, heç qəbirdə belə sağalmayan bu dəhşətli xəstəliyin əsasında müflisləşən bir kəsin dostlarından küsməyi, sonsuz məyusluğu dayana bilər. Belə sonluğun əvvəlində nə gəlir?
   
   Müharibə! Timon müharibə qəhrəmanlarından biridir, döyüş meydanlarında şücaət göstərib. Öz vətəninini, Afinanı qoruyub. İndi isə Peloponnes müharibəsi afinalıların məğlubiyyəti ilə sona yetib. Ölkəni müharibədən qalib çıxan Spartanın əlaltısı Kritiy və onun başçılıq etdiyi "otuz tiran"dan ibarət senat idarə edir. Onlar şəhərdə təmizləmə işləri aparır, arzuolunmaz nüfuz sahiblərini müxtəlif bəhanələrlə aradan götürür. Bax onlardan biri də insanlara sadəlövhcəsinə inanan, dostlarına bütün varidatını qurban verən Timondur. O öz şəhərini və onun vətəndaşlarını bütün varlığı ilə sevir. Onlarla həyattını kefə həsr edib. Amma, bir gün gəlir, var-dövlətini son qəpiyinə qədər itirir, müflisləşir. Bu zaman gözlənildiyi kimi dostlar ondan üz çevirir. Bundan hiddətlənib özündə çıxan Timon onlardan birini öldürür. Bunun üstündə senat onu Afinadan qovur.
   
   Burdan o yana nifrət başlayır. Bu nifrət elə belə küskün alamın nifrəti deyil. Bu sevən adamın, sevgidən ayrı düşəndən sonra açıq gözlə ətrafını görməyə, anlamağa başlayan insanın nifrətidir. Bu nifrət dünyanın hər iki tərəfini, həm ağ, həm qara üzünü görən, dərindən anlayan insanın münasibətiditr. Onun insanlara, yaşadığı şəhərə və cəmiyyətə nifrəti tərkidünya, vaxtilə süfrəsinin artığı ilə dolandırdığı Apemant adlı kinik-filosofdan fərqlənir. Apemant əvvəldən nifrət edir, Timon isə yıxılandan və hər şeyi anlamağa başlayandan sonra özündə nifrət hissini alovlandırır. O, tanrıların köməyi ilə yenidən xəzinə tapır. Amma bu xəzinəni özünün əvvəlki hörmətini qaytarmaq üçün xərcləmir. Timon pullarını onun kimi doğma şəhərdən haqsız olaraq qovulan, qəhrəman sərkərdə, döyüş dostu Alkviada verir. Alkviad bu pulları vasitəsilə ətrafına döyüşçülər yığıb, lənətə gəlmiş Afinanı tarmar edəcək.
   
   Tamaşanın uğuru artıq recissor tərəfindən bu əsərin seçimindən başlayır. Əgər bu əsər təxminən iyirmi il bundan əvvəl tamaşaya qoyulsaydı, sadəcə tamaşanın bədii keyfiyyətlərindən danışmaqla kifayətlənərdik. Amma bugünki quruluşda deməyə söz çoxdur. Müasir seyrçiyə tamaşada göstərilən hadisələr, deyilən replikalar, Timonun məşhur monoloqlarındakı fikirlər son dərəcə tanışdır. Tamaşanın uğurunu azca sezilən istehza davam etdirir. Mən çox istəyərdim bu istehza bir qədər də güclü olsun, əsərin bədii həqiqətini bir qədər də çılpaqlaşdırsın. Şəhər tarmar olunur. Artıq Timonsuz. Ama şəhər tarmar olmasaydı belə, təsviri səhnənin arxasına proyeksiya olunan Timonun ölümündən sonra da davam edən nifrəti əvvəl-axır buna gətirib çıxaracaq. Timon oradan bizə əl eləyir. Bu nədir? O, bizi salamlayır, yoxsa bizə nəyisə xatırladır?
   
   Maraqlıdır ki, bu əsəri Karl Marks böyük həvəslə oxuyub. Onun təsiri altında 1844-cü ilə aid olan"İqtisadi və fəlsəfi qeydlər"inin "Pul" fəslini ypazıb. Oxumağı məsləhət görürəm. Oxuyanlara isə bir daha oxumağı.
   
   Timon. Bəs niyə afinalı? Çünki, Afina əbədi şəhərlərdən biridir. Orada hər şey baş verir.

TƏQVİM / ARXİV