adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Bizim qəribə millətimiz

ETİBAR CƏBRAYILOĞLU
44738 | 2008-11-22 02:45
Ermənistan prezidenti Serj Sarkisyanın işləri pis getmir. Babat vəzifəsi var, dolanışığı da öz yerində. Bu gün Yerevan kimi xarabada başqalarından yaxşı yaşamaq üçün daha nə lazımdı ki? Necə deyərlər, ölmək istəyirsən get Mazandarana. Ermənilərin müdiri Sarkisyansa Mazandarana yox, Qarabağa gedir. Özü də ölməyə deyil, gəzməyə.
   
   Qəribə millətik, düşmən ölkənin prezidenti bizim ərazilərə başmaq seyrinə çıxır, bizimsə kənarda durub baxmaqdan başqa əlimizdən heç nə gəlmir. Qohum-qonşudan utanmasaq, mahnı da oxuyarıq:
   
   
   
   Küçələrə su səpmişəm,
   
   Serj gələndə toz olmasın.
   
   Elə gəlsin, elə getsin,
   
   BMT-də söz olmasın.
   
   
   
   İş mahnı oxumağa, sındıra-sındıra rəqs etməyə, qafiyə tapıb şeir yazmağa çatanda heç kim bizim millətin qabağına çıxa bilməz. Yazıçılar Birliyinin üzvlərinin sayı Milli Ordunun şəxsi heyətindən yalan olmasın, iki dəfə çoxdur. Hələ mən rəqqaslarımızın sayını demirəm. Bəs necə, toy məclisinə bir boşqab plovu gətirəndə 42 rəqqas oynayır. Elə bil dünya rəqs festivalı keçirilir.
   
   Toydan söz düşmüşkən, millətimizin qəribəliyi elə ən çox belə məclislərdə üzə çıxır. Bizim toylarda tər tökə-tökə atılıb-düşən, təkcə xalq havalarımızı deyil, bütün ölkələrin rəqslərini ən çox oynayanlar bilirsiz kimlərdir? Desəm bəlkə də inanmazsız. Qohum-qardaş toyunda bu məsələyə bir anlıq diqqət ayırın, hərbçilərlə bələdiyyə işçiləri meydandan çıxmır, o qədər oynayırlar ki, üst-başlarından vedrəylə su axır. Mən bu nüansı bir qədər araşdırmışam və belə qənaətə gəlmişəm ki, rəqs bizim orduda ən vacib məsələdi. Döyüş texnikasından yaxşı istifadə etməyə bilərsən, amma əla rəqs etməyi hökmən bacarmalısan. Bacarmayanı döyə-döyə öyrədirlər. Orduda son vaxtlar qeydə alınan döyülmə faktları da bununla bağlıdı. Heç eşitmisinizmi ki, tankı düz sürmədiyinə görə kimisə döysünlər? Lakin yaxşı rəqs edə bilmədiyi üçün əsgəri o qədər döyərlər hansı hərbi komissarlıqdan çağırış vərəqəsi aldığı yadından çıxar.
   
   Başqa işçilərimiz də təxminən belədi. Bakı haqqında ən azından 654 mahnı yazmışıq, amma paytaxtda rahat maşın sürməyə bir dənə də normal yol yoxdu. Bu hələ harasıdı, ATƏT-in Minsk Qrupunun Fransadan gələn həmsədri Bernar Fasye bu dəqiqə biz tərəflərdə Həzi Aslanovdan məşhur adamdı. Qorxuram ki, yeni tikiləcək metro stansiyalarından birinə elə Bernar Fasyenin adını versinlər.
   
   Dünyanın futbol üzrə ən qəribə yığması da bizim millətin bəxtinə düşüb. Milliyə dəvət olunan futbolçularımız xarici ölkə klubları bir yana, heç yerli komandalarımızda əsas heyətə düşə bilmirlər.
   
   Bizim millətin belə qəribə işləri çoxdu. Hansı işinə əl atırsan içindən bir əmma çıxır. Amma öz aramızdı, elə mən də qəribə adamam. Bir-iki cızmaqarayla bu dünyanın nizama düşəcəyinə hələ də inanıram...

TƏQVİM / ARXİV