RƏNGLƏRİN İFADƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
27682 | 2015-01-13 01:30
Bəli, insan həyatı o vaxt maraqlı olur ki, bu həyatda işıq, hərarət, doğmalıq, ünsiyyət, ən önməlisi isə böyük hərflərlə yazılan İNSANLIQ çalarları özünü göstərsin. Yəni, həyatın məhz həmin o vurğuladığım naxışları ömür boyu səninlə yol-yoldaşı olanda, səni öz aurasına alanda dərdə də güc gələ bilirsən, ağrıya-acıya dirsək göstərib göz ağardırsan, sevinclə, könül rahatlığı ilə qol-boyun da olursan. Çünki sən əvvəldə vurğuladığım kimi, hər cizgisi, hər ilməsi yerində olan bir ömür yaşayırsan...
Bu, bir az bədii, bir az pafoslu girişi mən elə-belə yazmıram. Çünki bunun arxasında mənim könül dünyama, duyğularıma yaxın olan və bəzən də öz səmimiyyəti, öz insani yaxınlığı ilə məni dərdin içindən çəkib çıxaran bir qələm adamının, bir yazar bacımın bu gün dünyaya qədəm qoyduğu bir tarixin qeyd olunduğunu təsadüfdən bildim və elə həmin o təsadüf də mənim ürəyimdə məqamını gözləyən zərurəti oyatdı. O zərurətlə o təsadüf həm də mənim söz adamı, ruh adamı olan yazar bacıma nə isə hədiyyə etmək barədə düşündürdü. Neyləyim ki, ona layiq bir hədiyyə tapa biləcəyimi ağlım ürəyimə söyləmədi. Amma ürəyim ona söz hədiyyə etməyi mənim yadıma saldı. Mən də ürəyimin səsinə qulaq asdım. Ürəyimin söylədiklərini yazmaq, pıçıldamaq qərarına gəldim. Beləcə, bu yazıma ipucu həm də onun Türkiyədə işıq üzü görmüş "Sararmış yarpağa benziyor ömrüm" kitabı oldu.
Öncədən deyim ki, kitabı Türkiyə türkcəsinə "Ədalət"in oxucularına imzası yaxşı tanış olan dəyərli Tamilla Abbasxanlı - Əliyeva çeviribdi. Biz qələminə, ziyalılığına yaxşı bələd olduğumuz Tamilla xanımın ədəbiyyatımızın təbliği istiqamətində göstərdiyi fədakarlığı da izləyirik və ona həmişə bu işində uğur diləyirik. Bax, həmin Tamilla xanımın Türkiyə türkcəsinə çevirdiyi şerilərin böyük əksəriyyətini mən öncədən oxumuşdum. Amma açığını deyim ki, şeirləri Türkiyə türkcəsində oxuyanda, o mənə əvvəlkindən bir az da fərqli təsir göstərdi. Ola bilsin bu, türk şeir dilinin ahəngindən, onun vurğularının adamın hisslərinə təsirindəndi ki, mən bu şeirlərə bir növü yenidən ürəyimin qapısını açdım və gördüm ki, son dərəcə səmimi, son dərəcə içdən gələn bu misralar Nəzakət xanımın yaşamının ifadəsidi. Məsələn:

Bu dünya bir imtahandı, sınaktı,
Çoxu bilmiyor ne doğru, ne nahaktı.
Bir inamla yaşıyorum dünyada,
Bir inam var O doğrudu, o haktır...

Həqiqətən də bizim ən böyük inamımız, bizim ən böyük sığınacağımız və bizim ən böyük ibardətimiz o böyük Haqqadı, o böyük Yaradanadı. Bax, bunu kiçik bir şeirdə, yəni dörd misrada tam səmimiyyəti ilə ifadə etmək zənnimcə Nəzakət xanımın poetik uğuru olmaqla yanaşı, həm də onun türk oxucusu qarşısına çəkinmədən çıxmasına bir sübutdu. Və yaxud şairənin tanınmış söz adamı İbrahim İlyaslıya ünvanladığı şeirində olduğu kimi:

Nezaketim, daşı dök etegindən,
Şairlerin Tanrı tutar elindən.
Nar olmasın heç kes öz emelindən,
İnsan olmak zülmden de zülmdü...

Doğrudan da bu dünyada ən vacibi, ən gərəklisi insan olmaqdı. Təəssüf ki, elə bu dünyanın özündə insan olmaq üçün zülmlərə qatlaşmaq, zülmləri yarıb keçmək gərəkdir.
Nəzakət xanımın Türkiyədə işıq üzü görmüş kitabında onun şeirləri, yaradıcılığı barəsində tanınmış türk yazarlarının bir-birindən maraqlı fikirləri də işıq üzü görüb. Bu fikirlərlə tanış olduqca şəxsən onun imzasını izləyən, onun yaradıcılığına böyük maraq göstərən bir oxucu kimi mən qürur hissi keçirirəm. Üstəlik, bu fikirlərin bir azərbaycanlı yazar xanıma ünvanlanması da qürurverici haldır. Mən həmin o qürurların fonunda bir daha əlimdəki kitaba diqqət yetirirəm. Onun adı mənə müəyyən anları xatırlatsa da, ancaq ürəyimdən həm də başqa bir fikir də gəlib keçir. O fikri söyləməzdən əvvəl bu misraları diqqətə çatdırıram.

El çekip her yana xızılı payız,
Ağaclar soyunur yeşıl tonunu.
Yüzünə ölümün sarı çöken,
Yarpaklar bekliyor ömrün sonunu.

Mən bu payız şeirinin hardan bəhrələndiyini təxmin edərək ürəyimdən keçən fikrə qaydıram. Bildirmək istəyirəm ki, yarpaqlar öncə yaşıl olur. Biz bəzən onun qədrini, qiymətini bilmirik. Elə ki, payız, qızıldı xəzəl ağacların başının üstünü alır, onda kövrəlməyə başlayırıq. Ancaq həmin o kövrəldiyimiz an özümüzün nə qədər günahkar olduğumuzu düşünmürük. Fikirləşmirik ki, biz vaxtında o yaşıllığa, o gözəlliyə dəyər verib vaxt ayırmamışıq. Neynək, bu da biz insanların bir xüsusiyyətidi. Görünür, bəlkə də payızın qızılı rəngini görmək, ona kövrələ-kövrələ sığal çəkmək üçün seçdiyimiz bir üsuldu. Amma hər halda, saralmış yarpaqlar həm də yaşanmış ömürdü. Deməli, bu gün doğum gününü qeyd edən yazar bacım bu misralarda söylədiyi kimi, mənalı bir ömür yaşayır. O ömrün bir yarpağı da Türkiyədə işıq üzü görən kitabıdı. Ad günündə kitabın da mübarək olsun, Nəzakət xanım!



TƏQVİM / ARXİV