adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MƏN GƏZƏN çiçƏKLƏR PAYIZDA BiTiR

VAHİD ƏLİFOĞLU
26227 | 2008-11-22 02:45
... Qarşıdan gələnləri görmək, duymaq çox çətindir. Bəlkə də heç mümkün deyil. Mən nə baxıcıyam, nə də "öncəgörən"... Kəndimizin qoyun fermasının müdiri qaranəfəs təpilir kolxoz sədrinin kabinetinə:
   
   - Eyvaz müəllim, evimiz yıxılıb. İlanlar qoyunları qırdı, qalmadı...
   
   Eyvaz müəllim də müdiri səbrlə, təmkinlə dinləyib soyuqqanlıqla deyir:
   
   - İbrahim kişi, vallah, nə mən ovsunçuyam, nə də dədəm Əkbər...
   
   Hər bir insan ömrü keçilmiş və keçiləcək yollardı. Keçilmişlər mənimdi, keçiləcəklər Allahın qıyacaqlarıdı... Bir istiqamətli, bir keçidli, bir aşırımlı yola baxmağa nə var ki?.. 93-dən üzü o tərəfə... 93-dən üzü bu tərəfə... Arada çadır var... Sakit, aramla, ritmlə çalınan, oxunan mahnı elə bil qəfildən keçir şıdırğı havaya... Qolunu qaldır. İstəsən də, istəməsən də oynamalısan... Məhəbbət təkcə bir qıza yazılmış məktublar, göndərilmiş və ya göndəriləcək elçilər deyil... Məhəbbət həm də ev-eşik, nəslin davamı, yurd yeri deməkdir...
   
   
   
   ... İstək ilin bu başına yüyürər
   
   Külək vurub, bağda xəzəl qalmayıb.
   
   Karsız oğul yurd daşına yüyürər,
   
   Görər köçüb, kənddə gözəl qalmayıb...
   
   
   
   ... Bizə qızları paltar yumaq, inək sağmaq, döşək, yorğan salmaq qabiliyyətləri ilə sevdirdilər... Məcnunluq etməyə, Kərəm kimi "yanmağa" imkan olmadı... Və biz də bu "amansızlığı", bu "adiliyi" naməlum qadınlara, adlarını guya əbədi gizli saxladığımız qızlara yazdığımız sevgi şerləri ilə kompensasiya etdik. Bu özünü aldatmaqdı... Toydan iki gün keçməmiş üzə "mürəşə pişiyi kimi" duran məişət qayğılarını görməməzliyə vurmağın poetik ifadələridi. Əslində real həyat tamam başqadı. İnsan çox vaxt uydurulmuş romantikaya, min illərdi ki, təsdiqini tapmamış incə, əsrarəngiz bir aləmə, məhəbbət aləminə qaçmaqda... Varmı, yoxmu belə bir romantik, əsrarəngiz aləm?.. Bilmirəm...
   
   
   
   ... Bir ağacın ayrı-ayrı
   
   budaqlarında bitmiş,
   
   Yarpaqlar qədər də
   
   xoşbəxt deyilik...
   
   Heç olmasa, o yarpaqlar
   
   Payızda bir ağacın dibinə,
   
   Bir torpağa düşürlər...
   
   Qismətimizə bir qəbiristanlıqda
   
   Yatmaq da yazılmayıb bizim...
   
   
   
   ... O naməlum qadınlar, adları gizli qızlar olmayıblar heç vaxt... Olublarsa da indi "bankomat"ların qabağında kartların "pinkod"larını yığmağa çalışa-çalışa axşamın düşməsini, isti yorğan-döşəyi səbrsizliklə gözləyirlər...
   
   
   
   ... Hələ neçə qəmin, neçə kədərin,
   
   Bir qarış alnımda izləri yoxdu.
   
   Su deyib yanıma yüyürənlərin,
   
   Şəkilləri qalıb, özləri yoxdu...
   
   
   
   ... Anam elə hey deyərdi aldığının əslinə, nəcabətinə bax... Sümüyümüzü adam sümüyünə cala... Görünür, məhəbbət həm də sümüyün sümüyə calağı deməkdi... Bəlkə elə "əmioğlu ilə əmiqızının kəbini göydə kəsilib" ifadəsi də burdan yaranıb... Çox oldu millətin sümüyünü it sümüyünə calayanlar...
   
   
   
   ... Baxmadım, üzümə qismət güləndə,
   
   Qonşuda çox güllər bitdi, o yana.
   
   Adım tutulanda, səsim gələndə,
   
   Qızlar izlərini tutdu, o yana...
   
   
   
   .. Bizim gəncliyimiz kolxoz direktorlarının, baş "buxaltır"ların qara kostyumlu, lak ayaqqabılı göyçək oğlanlarının "at oynatdığı" illərə düşdü...
   
   ... Gözəllər vəzifələrin, çirkinlər naxırçıların gəlinləri oldular... "Könül sevən göyçək olar", "Çirkin al əsil olsun, bədəsil gözəl alma"... Qismətinə qara qızlar yazılmış məhəbbəti ən böyük var-dövlət hesab edən şalvarı yamaqlı şair kasıblar... Varlıların şeir yazmağa nə vaxtı olur, nə də həvəsi... Varlınınkı nağdıdı, kasıbınkı nisyə...
   
   
   
   Kövrək duyğuları itirmək çətin,
   
   Sən qaça bilməzsən görüş yerindən.
   
   Gecələr uğursuz ilk məhəbbətin,
   
   Daş kimi asırlar kirpiklərindən...
   
   
   
   Çox da xatirələr dəyməz xətrinə,
   
   Sənə bir dünyalıq ümid bağışlar.
   
   Sarı məktubların soyuq sətrinə,
   
   Yağar gülə-gülə duzlu yağışlar.
   
   
   
   Yollara gül-çiçək səpərsən, gülüm,
   
   Bu yollar bir toyu itirə bilib.
   
   Şirin xəyalları öpərsən, gülüm,
   
   Öpərsən, ən dadlı xatirə bilib...
   
   
   
   ... Qırışa çevrilib təbəssüm izi,
   
   Taleyi nə danla, nə də ki qına.
   
   Olan oldu daha, bağışla bizi,
   
   Üzüksüz, xınasız barmaqlarına...
   
   
   
   ... Oğul, qız böyüdü, boya-başa çatdı. Evlənən evləndi, ərə gedən ərə getdi. Evin altında bir qoca kişi, bir qoca arvad qaldı... Və kişinin rabitəsiz xəyallarında nakam ilk məhəbbətin ağ-qara lentləri fırlanmağa başladı... Bəs arvad? Bu arvad da kiminsə nakam ilk məhəbbəti deyil ki?..
   
   ... Çadırlara on yaşında girənlər iyirmi yaşında çıxdılar... Çadırlarda elə bil oğlanlar az idi, qızlar çox... Kəndlərə gəlin aparmadılar çadır gözəllərini... Çadır gözəli çadıra köçər... Daş evlər bəyənmədi çadır evləri... 93-cü ildə ərgənlik yaşına çatmış qızlar 2003-cü ildə artıq yaşı keçmiş, qarımış çadır "gözəlləriydi"...
   
   ... Yazda açan çiçəklərin üzü yayadı, yaydan sonra payıza... Payız qışa açılır... Qar içində açan çiçək... Payızda açan çiçəklər - çadır çiçəkləri...

TƏQVİM / ARXİV