adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ƏFSANƏLƏŞƏN GERÇƏK

BABƏK YUSİFOĞLU
47964 | 2015-01-13 01:21
Bəzən adam ən mürəkkəb bir sualın cavabını cild-cild kitablarda, elmi izahlarda axtarıb tapa bilməsə də sırf bir təsadüf nəticəsində və ya qarşılaşdığı hansısa hadisədə onu öyrənir. Saysız-hesabsız elə şeylər də var ki, insan oğlu bütün həyatını sərf etsə də həmin sualların izahına varmağı bacarmır. Hətta onlar son dərəcə sadə, adi görünsələr belə...

Hərdən düşünürəm, dilindən, dinindən, milliyyətindən, adət-ənənələrindən, yaşadığı məkandan, sosial mənşəyindən, ictimai mövqeyindən... asılı olmayaraq bütün insanlar (fərqli kəlmələr işlətsələr də) görəsən niyə and içirlər?!. Özü də oxşar şəkildə. Axı, Tanrının bəxş etdiklərindən başqa bəşər övladının bütün, hətta bütün davranışları fərqli deyilmi?.. Nədənlər, məqsədlər müxtəlif olsa belə min illərdi insan oğlu özünü və digərlərini inandırmaq üçün niyə bənzər şəkildə and içməyə ehtiyac duyur (əlbəttə, normal bəndələrdən söhbət gedir)? Və qədim insanlardan başlayan bu davranış hətta çox-çox sonralar rəsmi və ya dini rituallarda belə istifadə edilir, ənənəyə çevrilir. Bir çoxlarının həyatını yönləndirir, həyatın gedişatına təsir göstərir, insanların hansısa amal üçün ölümə belə getməsinə səbəb ola bilir...

Əlbəttə, bunların bəşər tarixində çox sayda örnəkləri var. Mənsə indi onların yalnız birindən danışmaq niyyətindəyəm: Simon Bolivardan. O Simon Bolivardan ki, mübarizəsiylə bir çox xalqların əfsanəsinə çevrildi...

                    ANDIN MÜQƏDDƏSLİYİ ŞƏXSİYYƏTDƏN ASILIDIR

O, "Qoca qitə"də bir çox yerləri gəzdi. Bir çox məkanlarda ayaq saxladı. Amma dostu, həm də müəllimi Rodriqeslə birgə getdiyi İtaliya - Roma səfəri onun üçün tamam başqa bir yerə çevrildi. Bəlkə də o heç Romada bunların olacağını bilmirdi də...

Simon Bolivar Anyenin sağ sahilindəki təpələrdə yerləşən və müqəddəs sayılan Monte Sakroya gəlib qədim bir məbədin qalıqları önündə duraraq doğulduğu yerləri xatırladı. Gəlmələrin yerli insanları necə əsarətdə saxladığını yadına saldı. Hiss etdi ki, köksündəki hərarət bir alov kimi çölə püskürmək istəyir. hər şeyin üzərindən keçərək ümidləri sönməkdə olan insanların gözlərinin azadlıq işığına çevirilmək istəyir.

O, içindəki bu enerjini ram etməliydi. Məqbul zamanın gəlməsi və lazım olan məkanın seçilməsi üçün. 
Bolivar kimi xarakterə malik insanlar belə şeyləri bacarırlar. O, yüz illiklər boyu insanların müqəddəs bildiyi bu yerdə and içdi. And içdi ki, doğma torpaqlarına, orada yaşayan insanların həyatına, taleyinə vurulmuş ispan qandallarının sökülüb atılması üçün bütün varlığı ilə mübarizə aparacaq. Bununla da sanki duyğularına hakim kəsilmiş amalına bir möhür basdı.

"Əcdadlarıma, onların Allahına and içirəm, namusuma, doğma vətənimə and içirəm ki, bizləri zülüm altında saxlayan ispan hökmranlığına son qoymayanədək əllərimə və qəlbimə sakitlik verməyəcəyəm".
Bu andı verərkən Simon Bolivarın cəmi 23 yaşı vardı. Və çoxları belə hesab edə bilərdi ki, bütün bunlar duyğulu, romantik bir gəncin çılğın davranışlarından başqa bir şey deyil. Çünki onun bəhs etdikləri, qarşısına qoyduğu hədəfləri reallıqdan çox uzaq görünürdü. Bundan ötrü əvvəlcə o dövrdə dünyanın bir çox ərazilərini işğala məruz qoyan İspaniya kimi bir imperiyanın ordularını məğlub etmək lazım idi. Simon Bolivarın isə bir əsgəri belə yoxuydu...g

                                                 TƏHSİL VƏ HƏYAT DƏRSLƏRİ

Zəngin nəslin övladı olsa da Simon gənc ömründə artıq çox ağır itkilər yaşamış, bir çox sarsıntıların içindən keçərək bərkimişdi...

Əslində onu köklü Latın Amerikalı saymaq olmazdı. Çünki 1783-cü il, 24 iyunda Karakasda anadan olan Simon Avropadan gəlib Venesuelada məskunlaşmış varlı zədagan nəslindən idi. Atası Don Xuan Vinseyte hərbi rütbəyə malik olsa da təsərrüfatları, mülkləri, şəkər zavodu vardı. Özündən böyük üç qardaşı və bir bacısı (qız körpə yaşlarındaca ölmüşdü) olan Simonu sonbeşik saymaq olardı.
Kifayət qədər təminatlı bu ailənin xoş günləri elə də uzun çəkmədi. Ailənin başçısı polkovnik Don Xuan Simonun üç yaşı olar-olmaz dünyasını dəyişdi və bütün işlərlə, eləcə də uşaqların tərbiyəsi ilə anaları Mariya Konsepson Palasios məşğul olmağa başladı. Bunlar çox asan başa gəlməs də qadın bir təhər işləri toparlamağı bacardı. Amma görünür taleyin övladlar üçün hazırladığı sınaqları yalnız ata ilə bitməmişdi. Belə ki, Mariya Palasios vərəmə tutularaq qısa müddətdən sonra, 1786-cı ilin yanvarındaca öldü. Dörd oğlan uşağı üçün bu sözün əsl mənasında bir xaos idi. Onda Simonun cəmi doqquz yaşı vardı. Bəzi qohumlar onlarla maraqlansa da ən çox qayğılarını çəkən sədaqətli zənci dayələri İpolita oldu.

Bolivar ilk təhsilini Simon Rodriqesdən aldı. Bu həmin müəllim idi ki, Simonun dünyagörüşlərinin formalaşmasına böyük təsiri olmuşdu. Məhz onun sayəsində yeniyetmə Avropa ədəbiyyatını, xüsusən də fransaız mütəfəkkirləri Jan Jak Russonu, Volteri yaxından tanıdı. Bir qədər keçdikdən sonra Avropaya gedən Rodriqesi müəllim kimi Andres Belo əvəzlədi. Dövrünün ən savadlı, geniş dünyagörüşlü gənclərdən biri sayılan Belo həm də Fransız inqilabına dərin rəğbət bəsləyənlərdən idi. Bioqrafların yazdığına görə, Simonun yetkinləşməsində, formalaşmasında məhz Belo, eləcə də Rodriqes müstəsna rolu oynayıb.

                                                                  AVROPAYA...

Bildirilir ki, Bolivarı təhsilini tamamlamaq üçün əmisi Avropaya göndərdi. "Qoca Qitə"yə gələrkən cəmi 16 yaşı olan Simon Bolivar ən nüfuzlu məktəblərdə oxumaqla yanaşı Avropanın tanınmış fikir sahibləriylə də yaxından tanış oldu. Buradakı həyatında həm də tez-tez səfərlərə çıxan Bolivarın Londonda gələrkən ispan ordusunda xidmət keçmiş, ABŞ-ın azadlığı uğrunda döyüşmüş, Fransız inqilabında mübarizə aparmış, həmyerlisi polkovnik Fransisko de Mirandayla görüşməsi isə onda çox böyük ümidlər yaratdı. Simon polkovnikin düşüncələrinin onun ürəyindəki arzulara uyğun gəldiyini hiss etmişdi.

1802-ci il idi. Artıq Fransadakı təhsilini bitirən Bolivar may ayında İspaniyaya yola düşdü. Burada qarşılaşdığı hadisələr heç gözləmədiyi planları onun həyatına daxil etmiş oldu. Belə ki, təsadüfən Mariya Teresa adlı aristokrat, gözəl bir ispan qızıyla qarşılaşan Simon bir qədər sonra qıza evlənmək təklifində bulundu. Və razılıqla qarşılandı. Artıq nəyisə gözləməyə gərək duymayan Bolivar vaxt itirmədən evlənərək oradan vətəninə - Veneseuleyaya döndü.

Bioqrafları onun həmin illər ərzində Venesueladakı həyatından heç də səxavətlə bəhs etmirlər. Yalnız çox üzücü bir hadisəni - yenicə evləndiyi gənc Mariyanın buranın iqliminə öyrəşə bilmədiyini və qısa bir müddətdən sonra topik qızdırmaya tutularaq xəstələnməsini, ardınca da vəfat etməsini yazırlar.
Arvadı öləndən sonra Venesuelada qərarlaşa bilməyən Simon Bolivar bir neçə ilini səyahətlərdə keçirdi. Qısa müddətə də olsa İspaniyada, Fransada yaşadı. Daha sonra isə yenidən okeanın o tayına, bu dəfə Birləşmiş Ştatlara üz tutsa da bir neçə ildən sonra "Qoca qitə"yə qayıtdı.

                                                              BAŞLANĞIC...

Bir neçə ildən sonra Avropada vəziyyətin köklü şəkildə dəyişməsi, xüsusən də Napoleonun İspaniyaya hücum etməsi Simon Bolivara radikal addımlar atmağın vaxtı çatdığına bir işarə oldu. Doğrudan da o belə bir addım üçün ən doğru zamanı seçə bilmişdi. Əlbəttə, onda İspaniyanın fərsiz kralının yalnız öz taxt-tacını qorumağa, hakimiyyətlərini xilas etməyə başı qarışdığından çox şeylər nəzarətdən kənar qalmışdı və bundan yaxşı fürsət bir də nə vaxt ələ düşıə bilərdi ki? Uzun illər Latın Amerikasında, eləcə də Avropada məskunlaşmış dostlarının, həmfikirlərinin dəstəyi ilə İspaniya hökmranlığına qarşı qəti hərəkətə keçdilər.

İlk növbədə yerlərdə baş qaldıran narazılıqları üsyanlara çevirmək, sonrasa həmin mübarizəni bütün ölkəyə yaymaq, eyni zamanda hərəkata başçılıq etmək lazım idi. Belə bir missiya üçün Simon Bolivarın çox yaxşı namizədi də vardı: ölkədə hələ də hərbi dairələrdə müəyyən əlaqələri olan polkovnik Fransisko de Miranda. Bolivar tezliklə polkovniklə görüşərək vəziyyəti müzakirə etdi və onu bu prosesə qoşulmasının vacibliyinə inandıra bildi.

(Ardı qəzetin 20 yanvar sayında)

 babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV