adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

CiDDi MÖVZU

VƏSİLƏ USUBOVA
31723 | 2008-11-22 02:45
Hərdən elə bil adamın düşüncələrinə də kilid vurulur.Beynində elə boşluq yaranır ki, iki-üç bəsit cümlədən o yana ağlına heç nə gəlmir. Mövzuların da tərs düşən vaxtı olur- gah elə bilirsən, düzü-dünya mövzudu, hansını istəsən, seçib yazacaqsan , gah da görürsən ki, hamısı qəhətə çıxıb. Mövzu başlanğıcdı. Başlamaqsa hər şeydən çətindi. Dünən hamımızın babası, bu günsə uşaqdan böyüyə heç birimizin bəyənmədiyi Vladimir İliçin bir gözəl sözü vardı: " İşə başlamaq- işin yarısını görmək deməkdi". Dönə-dönə yoxlayıb görmüşəm ki, kişi qızıl kimi söz deyibmiş. Mənim yıxılana balta çalmaqnan aram yoxdu, bu sözləri də rişxəndsiz- filansız yazıram və qəti əminəm ki, bunun məhz belə olduğunu düşünənlər az deyil...
   
   İş elə gətirdi ki, ötən həftənin axırı və bu həftənin əvvəlində həmişə oxuduğum qəzetləri dərindən oxumaq imkanım olmadı.Göz gəzdirməyinə gəzdirdim, ancaq həmişəki kimi sakit başla, rahat ürəklə doya-doya oxuya bilmədim. Bu də özünü göstərdi. Düz deyirlərmiş ki, qələm sahibi də idmançı kimi formada olmalıdı. Ara verdimi, ya təngənəfəs olacaq, ya da gah arandan, gah dağdan dəm vuracaq. Başqalarını bilmirəm, oxuduğum yazıların mövzu seçməkdə, cəmiyyətin ümumi ovqatını tutmaqda mənə xeyli köməyi olur. Məsələn, Nadir Bədəlovun yazılarını oxuyandan sonra xeyli düşüncəyə dalıram. Başqaları haqqında deməyə haqqım yoxdu, özüm barədə deyə bilərəm ki, hər cümlədə bir, ya da uzaqbaşı iki fikir ifadə eləməyi bacararam. Ancaq Nadir müəllimin hər cümləsinin dörd-beş qatı olur. Və bu qatların hər birindən də ayrıca bir mövzu işləmək mümkündü. Onun " Hava haqqında məlumat" yazısı gözəl bir hekayə mövzusuydu və hələ də təsirindən qurtara bilmədiyim o mövzunu müəllifin daha bədii şəklə salmasını arzu edərdim...
   
   Etibar Babayevin " Tarix ibrət alanlar üçün dərsdir" silsiləsindən olan yazıları artıq tarixə dönən keçmiş vətənimiz SSRİ-nin və onun rəhbər simalarının vaxtilə bizə öyrədilməyən tərəflərini açıqladıqca təəssüf və həsrət qarışıq duyğular keçirməyə bilmirsən. Bir də balaca olsaydım, başqa cür böyüyərdim, deyirsən. Qəlbimdə şübhə və inamsızlıqlara daha çox yer ayırardım. Axı, mən ( elə biz hamımız) çox inanırdım. Kreml divarları arasında atılan hər addım, danışılan hər kəlmə bizdən ötrü qanundu. O zaman yeganə televiziya kanalımız olan AzTV-də yayımlanan qurultay, plenum və konfransları diqqətlə izləyərdim. Rəyasət heyətində oturanlar mənə fövqəlinsan təsiri bağışlardı. Elə bilərdim ki, onların heç bir şəxsi ambisiyası yoxdu, dinclik bilmədən gecə-gündüz çalışırlar ki, ölkəmiz Yer üzünün ən qüdrətli dövləti, adamlarımız ən xoşbəxt sakinləri olsunlar. Nə dostluq, tanışlıq, qohumbazlıq, yerlibazlıq bilir, nə də milli ayrı-seçkilik qoyurlar. Belə düşünür, inanır və qürurlanırdım: mən dünyada ən humanist, ədalətli, sülhsevər bir ölkənin vətəndaşıyam...
   
   Nə zamansa aldandığını dərk eləmək heç də ürəkaçan deyilmiş...
   
   
   
   ***
   
   
   
   Kamal Abdullanın " Ədəbi rakurslar"ı söz deməyin yeni formasıdı məncə. Müəllif Cavid, Cabbarlı, Üzeyir bəy, Vahid və adlarını unutduğum neçə-neçə ədiblərimiz haqqında bildiklərimizi və bilmədiklərimizi bizə elə fərqli bir anladır ki, bu anlatmadan sonra o şəxslərə başqa yöndən baxmaya bilmirsən. Gözündə daha uca və əlçatmaz olurlar... Aydın Məmmədov haqqında yazılansa, ziyalılarmızın taleyinə sanki bir ağı, rekviyemdi...
   
   " Azərbaycan ziyalılığı məhv edilir; sözlə, hərəkətlə, gizli-gizli, açıq-aşkar... Ayrı-ayrılıqda hər biri böyük qüvvə olan ziyalılarımız bir yerdə böyük bir uşağa dönürlər və başqaları əgər birləşib qalib gəlirlərsə, bizimkiləri birləşdirirlər ki, məhv etmək asan olsun. Çünki qıraqdan gələn məhvi onlar özləri öz daxillərində hazırlamağa başlayırlar. Onların məhvi onların öz içlərində gizlənir. Hər birinin öz məhvi."
   
   Özü üçün yaşamağı bacarmayanların sənət yanğısını bundan artıq heç nə ilə ifadə etmək mümkün deyil...
   
   
   
   ***
   
   Çoxdan yazmaq istəyirdim bu cümlələri: Vahid Əlifoğlunun yazılarını oxuyanda elə bil ruhuna su çilənir.Hər cür gərginliyi, dilxorluğu, pərtliyi unudub ancaq xoş olan şeylər barədə düşünmək istəyirsən. Baxmayaraq ki, bu yazıların hər cümləsi, abzası üzüntülü qaçqın ömrü yaşayan şairin özü və özükimilərin gün-güzəran acılarıynan doludu. Bu günün ən qlobal problemlərini böyük dünyamızın kiçik bir parçası olan kəndlərində eşitdiyi, gördüyü baməzə, həm də ibrətamiz əhvalatlarla elə uyğunlaşdırıb qələmə alır ki, oxumaqdan doymursan. Cümlələri su kimi içilir, fikirləri yağ kimi cana yayılır Vahid müəllimin. Bu yazıların saysız-hesabsız sadə obrazları günün ən mühüm məsələlərini atmacalarla şərh edib öz düşüncələri səviyyəsində oxucuya anlada bilirlər.Eyni zamanda həmin yumorlu atmacalarda, epizodlarda elə ağır kədər yükü var ki, bunu yaşamayanlar, başına gəlməyənlər anlamaz... Sözün qısası, fil çəkə bilməyən dərdləri qələmiynən bir qarışqanın belinə yükləməyi bacarır Vahid müəllim...
   
   Çoxlarının fikrincə, Biləcəri dünyaynan bizim aramızda məcazi bir " Çin səddi"nə dönüb. Nə əli qələmlilərimiz, nə də çalıb-oxuyanlarımız bu divarı aşa bilmirlər. Aşa biləcəklərini düşünənlərimiz də hər cür əllaməçiliyə aludə olub qəribə işlər çevirirlər.Əslində, o sədd bizim təsəvvürümüzdədi, onu silə bilməsək, heç nəyə nail ola bilməyəcəyik. Hələ sovet dövründə zərb-məsələ dönmüş bir ifadə vardı. Kimin nə əyər-əskiyi olurdusa, "bununla sən Biləcəridən o yana keçə bilməzsən" deyib qınayırdılar. Belə çıxırdı ki, Biləcəridən o yana ancaq seçmə adamlar keçə bilərmiş...
   
   Ötən şənbədəki yazısında Vahid müəllim " Biləcəri sindromu"nun indiyədək əhəmiyyət vermədiyimiz maraqlı bir tərəfini də qələmə alıb: "... Sovet quruluşunda Biləcəridə məşhur bir hərbi toplanış məntəqəsi var idi. Cavan oğlanları bu məntəqədə güzəştsiz-filansız, diqqətlə, məsuliyyətlə yoxlyıb yola salırdılar Rusiyanın əyalətlərinə, şəhərlərinə... Sağlamlığında kiçik qüsurları olanları Biləcəridən bu tərəfdə saxlayırdılar, bütün əzaları normal, yerində olanları isə Biləcəridən o tərəfə. Bu, təkcə güclü, sağlam ordu yaratmaq siyasəti deyildi, həm də burada gizli, məqsədli, düşünülmüş planlar da var idi. İndi Rusiyada çatmaqaş, hündürboylu, qaragözlü " İvan"a rast gəlmək heç kimə təəccüblü görünmür..."
   
   Görəsən, biz nə vaxt öz qiymətimizi biləcəyik?!
   
   Biləcəri həm də bir dayanacaqdı, axı. Dayanacaqlar həmçinin nəfəs dərmək, düşünüb-daşınmaq, hansı tərəfə üz tutmaq qərarının verildiyi yerdi: Şərqə, yoxsa Qərbə?!
   
   Bəlkə, ÖZÜMÜZƏ?!!!

TƏQVİM / ARXİV