adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Kor olsun görən gözlər

CEYHUN MUSAOĞLU
31057 | 2008-11-22 02:45
Ötən həftə Kamal Abdullanın "Hekayələr" kitabı məni yoldan çıxardı. İmkan vermədi ki, Vaqif Yusifli fason yazıçının hekayələrindəki məna yükündən, üslubdan, rəngarəng dildən, poetikadan, yeni düşüncədən, dərdin adamın ürəyini yıxan təqdimatından, qəhrəmanlardan birinin atından, o birinin itindən, barlı, bərəkətli ölkəmizin gülündən, çiçəyindən... Yox, bu lap ağ oldu. Bara söz ola bilməz, amma bərəkət nəinki Azərbaycanda, heç dünyada qalmayıb. Maliyyə böhranı çox tabaqları çörəksiz qoyub.
   
   Nəsə də, "Hekayələr" kitabındakı 10 əsəri oxudum. Tələsə- tələsə, birini avtobusda, birini metroda, dördünü evimizdəki teleserial aşiqlərinin basqısı altında otağın bir küncündə əvvəl sıxılmış, həyəcanlı tamaşaçıların televizorun səsini qaldırması nəticəsində ikiyə qatlanmış şəkildə oxudum. Yazıq görkəmindəydim. Bu mənzərə cəllad Məmmədqulunun əl-qolunu açdı. Başı bədəndən ayırmaq lazım idi - padşahın gözünün içindəki bəbəklər elə bil üşüyürdü, titrəşən kimi olurdu bu bəbəklər. Göz tökmək, göz qapaqları yavaş-yavaş çökürdü, qara-qaranlıq kimi qaraydı qibleyi-aləmin gözlərinin işığı və bu işıq elə bil son dərəcə göz qırpıb Məmmədqulu cəllada məxsus bu səfərki cəzanın sirrini açırdı. Qulaq kəsmək - qibleyi-aləmin qulaqları elə bil yuxarı dartınırdı, xarab eləmək - üz gözü ikrahdan büzüşürdü.
   
   Vərəqləri "İlişin qayıtmağı" hekayəsinə doğru çevirdikcə kağızlardan çıxan şıq-şıq səsi azərbaycanlının qibleyi-aləmi sayılan teleserial aşiqi ananı əsəbiləşdirirdi. Məmmədqulu bunu sezməyə bilməzdi. "Nə İliş alə, sən "Qərar"da ilişib qalmalısan. "Qərar" Kamal Abdullanın Məmmədqulu cəlladı içində gəzdirdiyi hekayədi. Cəllad istəmirdi bu hekayəni sona çatdırım. Qibleyi-aləm anamın "iş", "əş"-lərimə etirazı isə onun üçün bəhanə idi. Hekayədəki başqa qəhrəman vəzir Məşdəli Məmmədquluya bir filmin iki tamaşaçısı arasındakı dialoqu danışandan sonra cəlladın beyni çönmüşdü. Deməli, belə olub da: iki dost birlikdə artıq bir dəfə tamaşa etdiyi filmə ikinci dəfə baxır. Alpinist dağa çıxır. Zirvəyə çatmağa az qalmış dostlardan biri "yazıq, adam baxa bilmir, indicə yıxılacaq" deyib otağı tərk edir və dostuna da televizoru söndürməyi təklif edir. Cavabında eşidir: "Bəlkə bu dəfə heç yıxılmadı".
   
   Məmmədqulu hekayənin sonunda Gözəl Pərnisəni əlindən uçurmuşdu. Ardınca yanıqlı-yanıqlı ah çəkmişdi: "Bunun günahı nə idi? Yoxdu axı bunun günahı". Sonra yazıçı danışmışdı: "Qəfildən belə düşünüb Məmmədqulu yüngülləşmiş bir ürəklə istədi başı üstündə əlləri ilə dimdik saxladığı bu qızı qaytarıb təzədən qoysun yerə, amma hiss elədi ki, əllərində artıq həmin ağırlıq yoxdu. Ürəyinin yüngüllüyü əllərinə keçmişdi, kimi qoyum yerə?! Vay Allah, bu nə iş idi, yox olmuşdu Gözəl Pərnisə.
   
   Cəllad "İlişin qayıtmağı" yox, Pərnisənin peyda olmasını arzulayırdı. Elə bilirdi ki, hekayəni oxuduqca oxusam, təkrar-təkrar oxusam Pərnisə uçub geri qayıdacaq. Bəs İliş? O da itmişdi axı. Kamal Abdulla onu gedər-gələrə göndərmişdi, amma başsız qaytarmışdı. Xudadin kişinin nəyi cəllad Məmmədquludan əskik idi? Bircə baltası çatmırdı. O da balta dövrü deyildi ona görə.
   
   Teleserialın həyəcanlı yeri idi. Qayınanası qızı başqası ilə görmüşdü. Anam ailəmizin adını çəkmədiyim başqa üzvünə qayınananın gəlini saçlayacağı informasiyasını verdi. Bu dəhşətli hadisədən sonra qızın küçələrə düşəcəyini isə adını çəkmədiyim ailə üzvümüz özünəməxsus tərzdə çatdırdı güllələnməyə hazır adamlar kimi divana yayxınanlara: "Bədbəxt qızı, bomja dönəcək".
   
   Kamal Abdullanın "İstintaq" hekayəsindəki Əlimədəd də azadlığı bomjluqda axtaranlardandı. Tapa bilmir. Onun evi var, ailəsi var... O, Sərgərdan olmaq istəyirdi, ola bilmirdi. Göydələnlər onun gözünə girirdi, Sərgərdanın yox. Əlimədədin yanında öz cəllad Məmmədqulusu var idi. Əlimədəd onu ölüm cangüdəni kimi arxasınca gəzdirirdi ki, hər dəfə azadlığını baltanın iti dişinə qurban versin.
   
   Ailəmizin teleserial tamaşaçıları da doğulduğu gündən bir dəfə olsun cəlladsız yaşamayıblar. Bu cəllad Məmmədquludan daha qəddar və daha qorxuludur. O, əmrinə tabe olduğu adamı baltalamaq əclaflığının möhtəşəmliyinə məxsusdur. O, əmrinə tabe olduğu adama əmr də eləyə bilər. Məsələn: "Yığışın bir yerə illərinizi teleserial qəhrəmanlarının əxlaqsızlığ təbliğ edən obrazlarını düşüncələrinizə həkk eləməyə xərcləyin".
   
   "Ay bala, niyə imkan vermirsən?" - deyərək, qibleyi-aləm televizorun səsini yenə artırdı. Eşitmişdi. "Əxlaqsızlığı təbliğ edən obrazlar" ifadəsi xətrinə dəymişdi. Teleserialın həyatdan götürüldüyünü, əksinə düzü-düz, əyrini-əyri göstərdiyini, mənəviyyatın xidmətində durduğunu tez-bazar sifətimə çırpıb, üzünü ekrana çevirdi. Elə bil o, Zərdüşt peyğəmbər, mən onun qarşısına təsadüfən çıxan kəndçi idim. Fikir verməməyə çalışdım. Növbə dördüncü hekayəyə çatmışdı. "Son gəliş". Qarşısında yerə sərilmiş bu adamı diqqətlə süzdükdən sonra Zərdüşt ona belə bir sual verir:
   
   - Sənin tanımaza-bilməzə mənə göstərdiyin bu ehtiram məni riqqətə gətirdi. Ölüm Allahın kimdir, sən onu tanıyırsan?
   
   - Tanımaz olmurmuyam? Ölüm Allahımla mən hər ötən ildə bir dəfə görüşürəm. O gün mənim bütün yaşadığım illərin eyni günüdür.
   
   Zərdüşt kəndlinin bu cavabını bəyənir və ondan soruşur:
   
   - Bəs həyat Allahını necə, onu da tanıyırsan?
   
   - Yox, onu tanımıram,- deyə kəndli səmimiyyətlə etiraf edir - Ona görə tanımıram ki, doğum günüm yadımda deyil.
   
   Kamal Abdulla yazır ki, Zərdüşt kəndçini bəyənir. Mənimsə kəndçidən zəhləm getdi. Onun torpağa düşən dizləri sanki gözümə girdi. Söhbətə bax e, "o kənddə belə bir adət vardı. Yol gedərkən rast gəldikləri adama, əgər o adam tanış adam olmazsa, hörmət və ehtiram bildirmək üçün onun qarşısında diz çökər, torpaq öpər, alınlarını yerə sürtər, ta ki o adam özü irəli gəlib yerə çökmüş bu kəndlini çiyinlərindən yapışıb ayaq üstə durğuzmayanacan belə bir halətdə qalmalarına davam edərdilər".
   
   Görəsən, həmin yerin adı "Kölələr kəndi" deyilmiş? Öz-özümə pıçıldadığım sualı qatladığım kitabın "şap" səsi müşayiət etdi. "Af-uf"la ayağa durdum. İstədim stolun üstünə atılan pultu götürüb kanalı dəyişəm. Götürmədim, deməli, kanalı dəyişmədim. Qorxdum ki, qibleyi-aləmin acığı tutar.
   
   "Xaron, mərhəmətli Xaron", "Dəvə yağışı", "Adaşlar", "Parisin seçimi, "Çəngəl çiçəyi", "Gülü qah-qah xanımın nağılı" hekayələrini evdə oxumadım. Mütaliə üçün marşrutlardan münasib yer yoxdur. Vaxt tez gedir, çöhrəsində qəmin at oynatdığı sifətləri görmürsən. Hərdən başını qaldırıb baxdığın adamların arasında Xaronu, dəvəni, Parisi görürsən, oxumaqdan bezəndə pəncərədən çölə baxırsan. Budur, Gülü qah-qah xanım, dalınca isə dişiylə çəngəl çiçəyi tutmuş dəvə gedir. Gülü qah-qah xanım ondan soruşur: "Sən kimsən?" O cavab verir: "Adam". Əclafa bax e, necə yalan danışır. Dəvə ola-ola deyir ki, adamam. Boynunu göyə elə lovğalıqla qaldırır ki, sanki dişlərinin arasındakı həqiqətən çiçəkdir. Axı mən görürəm, çiçək deyil, başsız adamdı, çəngələ keçirilib. Həri mən görürəm. Kor olsun o gözlər ki, görür.
   
   Bu mənzərəyə "123" saylı marşrutun pəncərəsindən tamaşa eləyirdim. İyrəndim. Pəncərəni bağladım. Saata baxdım. 10-00. Dünənki serialın təkrarı gedir. Qibleyi-aləm baxır. İlk dəfə baxırmış kimi, baxır. Ümid edir ki, qayınana gəlini bu dəfə saçlamayacaq. Bağışlayacaq. Böyük Xaronun adına tapşıracaq. Xaron mərhəmətlidir. Bəs gəlin? Kim deyə bilər ki, o, bir də çəngələ keçirilmiş adamı dişləri arasında tutan divə aldanmayacaq, ondan başsız adamı çiçək kimi qəbul etməyəcək, "Elmlər Akademiyası" metrostansiyasının yanındakı siqaretsatanların verdiyi sədəqə ilə ailələrini dolandıran polislər qucağında başsız adam tutan gəlini şübhəli adam qismində saxlamayacaq?
   
   Qoy cəhənnəm olsun, anamla üz-göz olmayacağam ki. Axı mənə kim deyir, Kamal Abdullanın hekayələrini oxuyub qibleyi-aləm anamın teleserial azarkeşliyinə etiraz edim? Axı mənə niyə demirlər ki, Varis adlı əlində qələm tutanın "Sonuncu ölən ümidlərdir" romanını oxu?
   
   Zəhləm gedir ümiddən. Tərs kimi Kamal Abdulla hekayələrini belə bitirməyi xoşlayır: "Səhər ağır-ağır açılmaq istəyirdi"; "Səhər artıq açılıb qurtarmışdı"; "Naqquli vadisinə axşam düşürdü".
   
   Tərs kimi hamı mənə deyir: "Ümidli ol, əzizim. Cəlladlar bir gün baltalarını atarlar, analar teleseriallardan bezərlər, gəlinlər çiçəkləri qoxlamadan qəbul etməzlər". Hə, mən də kitab oxumağı tərgidərəm. Adam balası kimi yaşamaq üçün.
   
   "123"-dən Azərbaycan Texniki Universitetinin dayanacağında düşməyə hazırlaşıram. 5 manatlıq çıxarıb sürücüyə uzadıram: "Buyurun, bir nəfər çıxın". Acıqlı-acıqlı dillənir: "Xırda ver də...". Amma pulun qalığını geri qaytarır. Qalığı götürüb düşürəm. Bir addım atıb geri çönürəm. Aaaa, sürücünün yerində dəvə oturub ki, ağzında da çəngələ keçirilmiş başsız adam.
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV