adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

SOROKiNDƏN üç MüSAHiBƏ

14893 | 2008-11-15 02:09
Vladimir Sorokin çağdaş rus ədəbiyyatının ən istedadlı və qalmaqallı imzalarından biridir. Müsahibələri ən azı hekayələri, romanları qədər maraqlıdır, zövqvericidir. Nədən danışırsa danışsın - ədəbiyyatdan, kinodan, siyasətdən, həyatdan - bu müsahibələri ilə Sorokin insanda beyin devrimi yaradır. Amansızdı, amma haqlıdı.
   
   - Latış rejissoru Alfris Hermanisin quruluşunda "Buz"un tamaşa variantına baxmısınızmı? Necədir, tamaşa romanınıza adekvatdırmı?
   
   - Tamaşa romana niyə adekvat olmalıdır ki? Məncə, rejissordan bunu gözləmək lazım deyil. Tamaşa və ya film əsərin vizual surəti deyil, əks-sədası olmalıdır. Mətndən belə beşəlli yapışmaq olmaz. Əgər onun tamaşasını qoyublarsa, deməli, artıq başqa şey alınmalıdır.
   
   - Onda belə çıxır ki, siz bu məsələdə başqa yazıçılardan fərqlənirsiniz. Adətən yazarlar öz mətnlərinin vizual variantına çox həssaslıqla yanaşırlar.
   
   - Bilirsiniz, axı mən xislətcə yazıçı deyiləm. Daha doğrusu, xislətcə rus yazıçısı deyiləm. Rus yazıçısı janr tolerantlığı hissindən məhrumdur.
   
   - Sizcə, Qərb yazarları daha dözümlüdür?
   
   - Əlbəttə. Bu yaxınlarda "Folksbüne"də Alfride Helinekin romanına verilən quruluşa baxırdım. Yadımdan çıxıb, hansı əsər idi. Amma yadımdadı ki, Frank Kastorf quruluş vermişdi. Deməli, tamaşa hazırlananda Elfride rejissora bir-iki təlimat veribmiş. Rejissor da neyləsə yaxşıdı? Seks-şopdan bir kukla alıb, onu təkərli arabaya bərkitmişdi. Tamaşa vaxtı kukla arabayla ora-bura diyirlənir və Elfridenin kağıza qeyd olunmuş təlimatlarını tamaşaçılara göstərirdi. Və Nobel mükafatı laureatı da bunu çox rahat qarşılayırdı. Siz belə bir şeyi Soljenitsın və ya Rasputinlə təsəvvür edirsiniz?
   
   - Dəfələrlə demisiniz ki, ədəbiyyatın vaxtı keçib, indi ədəbiyyat vaxtı deyil...
   
   - Bunu mən demişəm?
   
   - Bəli.
   
   - Ola bilər. Yəqin mən bunu nəzərdə tutub demişəm: artıq vizual sənətlərin zamanı yetişib. Amma görürsünüz ki, Rusiyada ədəbiyyat yenə də xirtdəkdəndi.
   
   - Mən də fikirləşirəm ki, teatrın vaxtı keçib. Siz teatra gedirsiniz?
   
   - Bu yaxınlarda "Praktika" teatrında Eduard Boyakovun tamaşasına baxmışam. Xoşuma gəldi. Amma hərdən teatrda artistlərin əvəzinə utanıram. O nə hərəkətlərdi, bunlar eləyir? Bu ki, pornoqrafiyadı. Xüsusilə də bizdə, Rusiyada. Teatrda iki "xəndək" var - biri həyasızlıqdı, biri bayağılıq. Yaxşı aktyor odur, bu iki xəndəyin arasından rahatlıqla keçə bilsin.
   
   - "Buz" romanı işıq üzü görəndən sonra söhbət gəzdi ki, Sorokin öz başına iş açıb. Kitab həddən artıq ciddidir. Bu fikrə münasibətiniz necədir?
   
   - Mənim öz ciddilik şkalam var. Prinsipcə, mən hər şeyi ciddi yazıram. Amma təxminən başa düşdüm siz nə demək istəyirsiniz. Orada mənim üçün forma məsələsi problem deyildi. Əsas kitabın mahiyyəti idi. Əslində, elə düz deyirsiniz, mən başıma iş açmışam. O "Buz" məni hələ düz beş il donduracaq.
   
   - Bildiyim qədərilə siz xristiansınız. Amma roman...
   
   - Müəllifi İşıq Qardaşlarının tərəfdaşı kimi qəbul etmək lazım deyil. Mən onların sektasının üzvü-zadı deyiləm. Sadəcə, qəhrəmanlarımı qələmə alanda tərəfsiz olmağa çalışdım. Hətta onlara yazığım da gəldi. Amma bu adamların ruhən mənə yaxın olduqlarını deyə bilmərəm. Nə bilim, belə şeylərə bir az sadə yanaşmağa çalışıram. Düzdü, mən başa düşürəm ki, burada böyük sirlər gizlənib. Amma nəsə... Baxın, pəncərənin o tayında quşlar yuva qurub. Gözəldi, hə?
   
   - Belə deyil axı - "Marinanın otuzuncu eşq macərası"nı oxuyanda bilirsən ki, müəllif bu romanı buradakı qəhrəmanlara qarşı heç nə hiss etmədən, onlarla bir yaxınlığı olmadan da yaza bilər. "Buz" isə başqa məsələdir - burada sizin romanın bir parçası olduğunuz aydın hiss edilir.
   
   - Hə, ümumiyyətlə, o romanda mənim özümə və bəşəriyyətə ünvanladığım sualar çoxdu. Əslində bu, mənim üçün bir etika məsələsidir. Çalışmışam özümüzə qeyri-insani bir nəzər salım. Bu - bir güzgü sistemidir...
   
   - Necə yəni "qeyri-insani nəzər"?
   
   - Axı romandakı İşıq Qardaşları - yarımadamlardır. Belə dəə, bərq vuran məxluqlar. Onların köməyi ilə sən insanların işıq düşməyən tərəfini görə bilərsən. İnsanın içalatını...
   
   - Yəni ət maşınından keçirirmiş kimi?
   
   - Hə. Müasir insanın hərəkətlərinə fikir verəndə görürük ki, bizim sivilizasiyamız elə ət maşını kimi bir şeydi. Görünür, Uelbek (çağdaş fransız yazıçısı Mişel Uelbek - E.A.) dünyanın supermarket olduğunu deyəndə haqlı imiş. Ancaq o şeyə inanmaq olar ki, onu alıb-satmaq mümkün olsun. Yadda saxlayın ki, Uelbek, Henri Müller, Nabokov, bir sözlə, aqnostiklər deklomasiya oxuyurdular, mənsə sadəcə sualı, problemi qoyuram. Vəssəlam.
   
   - Axı, yazıçının qoyduğu hər sualda bir azca da cavab olur.
   
   - Bilmirəm, mən yazanda bu barədə fikirləşmirdim.
   
   - Bəs siz yazanda nə barədə fikirləşirsiniz? Sadəcə cümlələr üçün sözlər tapırsınız?
   
   - Bax, siz özünüz yazırsınız da. Niyə yazırsınız?
   
   - Gördüklərimi qeyd eləmək istəyirəm. Adama elə gəlir ki, nəyisə sözə çevirsən, onu daha aydın görəcəksən.
   
   - Görürsünüz, özünüz cavab verdiniz. Yazar gördüklərini qeyd eləmək üçün yazır. Onları "qanuniləşdirmək" üçün. Uşaqlıqdan beynimdə bütöv-bütöv dünyalar var, vəssəlam. Mən də o dunyaları təsvir eləyirəm. Buna ehtiyacım var: elə bil ki, müalicə, ya da narkotiklər kimi bir şeydi...
   
   - Dediniz ki, teatr reallığı ədəbi reallıqla paraleldir. Bəs ədəbiyyat həyata paraleldimi?
   
   - Çox çətin və incə məsələdi. Düzdü, ədəbiyyatın həyatla kəsişdiyi, hətta üst-üstə düşdüyü vaxtlar olur. Yazarın sözünün hansı şəkildə təsir edəcəyini asanca müəyyən etmək mümkün deyil. Amma mən çalışıram belə şeylərə sadə yanaşım. Süni qorxuları rədd eləmək lazımdı. İnsan fantaziyası var, kağız var və insan o kağıza fantaziyalarını yazır. Sonra da kimsə oxuyur və məlum olur ki, bu, ona maraqlıdır. Beşi belə, onu belə, yüzü belə, mini belə... elə bil ki, əsər insanların səhər içdikləri apelsin şirəsi kimi bir şeydir - ona ehtiyacları var. Vəssəlam.
   
   - Siz əminsiniz ki, bunlar süni qorxulardır? Axı, əgər sizin yazdıqlarınız çoxlarına maraqlıdırsa, deməli, yazdıqlarınıza görə daha çox məsuliyyət daşıyırsınız. Üstəlik, insan fantaziyası çox cazibədar ola bilər...
   
   - Hər bir yaradıcılıq növünün ilahi bir gözəlliyi var. Onda günah ola bilməz. Əgər sən qətli təsvir edirsənsə, bu, günah deyil. Günah - kimisə qətlə yetirməkdir. Ədəbiyyatda ən böyük günah isə süni qorxulara yenilməkdir.Yazdıqlarını filtrdən keçirməkdir. Belə eləsən, yaradıcılıq aktının təmizliyinə ləkə gətirmiş olursan. Bununsa adı artıq kommersiyadır. Yəni sən kollektiv zövqü nəzərə alıb yazırsan, ona tabe olursan.
   
   - Etiraf edin ki, siz qorxursunuzg Yazdıqlarınızın mahiyyətcə ağ kağız üstündəki qara hərflərdən bir azca artıq bir şey olmasını deməkdən ehtiyatlanırsınız.
   
   - Hər şeyə ayıq başla yanaşmaq lazımdır. Əgər yazılanlar kiminsə şəxsiyyətini təhqir edirsə, ya da milli, dini nifrəti, nifaqı qızışdırırsa, hə - bunlar ziyan gətirə bilər. Sırf fantaziyada isə belə şeylər yoxdu. Mən də fantaziya yazıram, publisistika ilə məşğul olmuram.
   
   - "Gənc Verterin iztirabları"ndan sonra Almaniyanı bir intihar dalğası bürüdü. Gənclər özlərindən Verter düzəltməyə başladılar. Hötenin bu əsəri minlərlə gəncə hər hansı bir publisistik yazıdan qat-qat daha çox təsir elədi...
   
   - Bu, onların öz problemidir. İnsan hər şeydən təsirlənib ağlını itirə bilər. Ya qorxmalısan, ya yazmalısan. Mən belə deyərdim: bu - sürət maşını kimi bir şeydi. Qardaşım, qorxursansa, canın çıxsın, sükan arxasına keçmə. Sizin dediyinizdən belə çıxır ki, Raskolnikov müsbət qəhrəmandır?
   
   - Yox. Amma "Cinayət və cəza"da müəllifin qatili ittiham etdiyini aydın hiss edirsən. O əsərdə etik neytrallıq söhbəti yoxdur. Amma məsələn, Kventin Tarantinonun filmlərində hər şey etik neytrallığa söykənib. Düzdü, hər iki müəllifin əsərində qətl hadisəsi var, hər ikisi "adam öldürtdürür"... amma fərq də var axı...
   
   - Onda bəsdirin məsələni qəlizləşdirdiniz! Hamı seçimini eləməlidir. Ədəbiyyatın insanlara necə yaşamaq lazım olduğunu öyrətməsinin əleyhinəyəm. Ədəbiyyatdan həyat dərsi yox, zövq almaq lazımdı. Ədəbiyyat başı daha yaxşı işləmək üçün səfərbər eləməlidir. Daha ona öyrətməməlidir ki, adam arasında özünü necə aparmalısan. Yazar öz əxlaqını həyatda qorumalıdır, ədəbiyyatda yox. Elə humanist addımları da həyatda atmaq lazımdır. Xeyir əməli yazmaq yox, eləmək lazımdır..
   
   - Bəs kağız nə üçün lazımdı? Üzərində təcrübə aparmaq üçün?
   
   - Əlbəttə. Gərək elə yazasan ki, kağızdan tüstü çıxsın!
   
   
   
   P.S. Sorokindən ikinci müsahibəni gələn şənbə oxuyun.
   
   

TƏQVİM / ARXİV