adalet.az header logo
  • Bakı 20°C

QALXANIN ENMƏSi

ƏBÜLFƏT MƏDƏTOĞLU
35450 | 2008-11-15 02:13
Qəzetlərdə oxudum ki, dünya bazarında neftin qiyməti enməkdə davam edir. Bir vaxtlar var idi ki, neftin qiymətinin qalxması bəh-bəhlə təriflənirdi. Birjalardakı hay-küy qəzet səhifələrinə, telekanallara gen-bol yol açmışdı. Bu qiymət artımı elə meydan sulayırdı ki, adamın ağlına nə vaxtsa onun elə həmin sürətlə də aşağı düşəcəyi gəlmirdi. Necə deyərlər, bizim bir məşhur şüarımız var, bu şüarda olduğu kimi.
   
   Yəqin şüarımızı xatırlayırsınız da, bayrağımızla bağlı deyilmişdi. Və həqiqətən də zaman o bayrağı yurdsevərlərin, millətsevərlərin sayəsində yenidən qaldırdı. Bu bir tarixdi və bu tarixi də biz artıq qanımıza, canımıza, yaddaşımıza köçürmüşük. O ki qaldı neft məsələsinə... Hə, burda məsələ bir az qəlizdi.
   
   Qəzetlər yazırlar ki, bu günlərdə neftin qiyməti 55 dollardan da aşağı düşüb. Hətta konkret birjanın adını, ünvanını da nişan verməklə diqqətə çatdırırlar ki, "İCE" birjasında brent markalı neftin qiyməti 54,92 dollar təşkil edibdir. Mən bu xəbəri oxuyanda ağlıma ilk gələn məsələlərdən biri, yəni fikir bu oldu ki, görəsən dünyada öz iqtisadiyyatını, öz sabahını neftin üzərində quranlar, tutaq ki, Yaxın Şərq indi hansı halları keçirir? Axı bazarda qiymətin düşməyi büdcəyə tərs vurulan şillədi. Bu şillənin qarşısına çıxmaq, duruş gətirmək həm dözüm, həm də iqtisadi proqnozlardan düzgün baş çıxarmaq tələb edir. Yoxsa "qazanc qudurmayanı da yeyə bilər". Onda vəziyyət təkcə urusca yox, ingiliscə də, farsca da, ərəbcə də ta nə bilim hansı dillərdəsə qarışar bir-birinə. Elə birjalardakı hay-küy kimi. Bütün bunlar təbii ki, iqtisadçıların, ekspertlərin hesablamaları ilə, rəyləri ilə nizamlandığı halda qaçmaq, baş verən inflyasiyalardan, yoxsulluqdan yaxa qurtarmaq, yan keçmək kimi bir işıq ucu qoyur. Ancaq aləm onda qarışır ki, həmin o güvənilən iqtisadçı da, ekspert də öz fikirlərində yanlışlığa, qeyri-dəqiqliyə yol verir. Bax, kasıbı da onda ağlamaq tutur.
   
   Həyatın özünəməxsus çalarlarından biri də özünə diqqət tələb etməsi, onunla hesablaşmağa hərkəsi vadar etməsidir. Yəni təbiət qanunları bəzən cəmiyyət qanunları ilə daban-dabana ziddiyyət təşkil edir. Və hətta bəzi hallarda bu qanunlar bir-birini "yeyir" də. Amma elə qanunlar da var ki, onların təkcə bazarın və yaxud da bütövlükdə iqtisadiyyatın durumu ilə o qədər də sıx bağlılığı yoxdur. Sadəcə bu münasibət ətrafın təsirindən və bir az da açıq ifadə etsək, orqanizmin o təsirlərə olan reaksiyasından asılı olur. Bax elə əvvəldə dediyim qalxanın enmə məsələsi də bu qəbildəndir.
   
   İnsanda ən çox qan təzyiqi ya qalxır, ya da enir. Vay odur ki, bu təzyiq oynaq olsun. Məsələn, bazarda ən çox satılan bir məmulatın qiyməti kimi - səhər bir qiymətə, günorta bir, axşam bir. Hətta bəzi satıcılar dilişirinlik edib "axşam bazarıdı" deyib malın qiymətini istədiyi kimi müəyyənləşdirir. İnsanın qan təzyiqi də oynaq olanda həmin prosesi yaşayır. İllah da axşamlar qan təzyiqi elə oynayır ki, ona dözüb duruş gətirmək yalnız həkim müdaxiləsi ilə mümkün olur. Səbəb kimi də deyirlər ki, axşamlar ağrı-acının artması adi haldı. Guya təbiətən insan axşama doğru süstləşdiyindən, yorulduğundan onun müqavimət hissi azalır və xəstəlik də özü üçün daha geniş meydan əldə etmiş olur. Nə bilim, vallah,belə eşitmişəm, belə də yazdım. Nə qədər doğru olub-olmadığını həkimlər daha yaxşı bilər. Məni bax elə yazının bu məqamında düşündürən qalxan qan təzyiqimin niyə enmək istəməməsidir? Axı ovuc-ovuc həbləri, müxtəlif təbii müalicələri qəbul etməklə artıq özümü qan təzyiqinə "əsir etmişəm". Kimin yanında da deyirəmsə, hərə öz bildiyi təbii müalicəni məsləhət görür. Həkimlər də ki, bazara yeni girmiş dərmanları...
   
   Bəli, neftin qiyməti enir. Yəni, türkün məsəli, qalxan şey enir. Bir az da loru ifadə etsəm, həmin o türkün məsəli qalxan şeyin enməsi dünyada bir anlaşılmazlıq yaradır. Amma qan təzyiqinin qalxıb enməməsi heç bu boyda dilxorçuluq yaratmır. Ola bilsin ki, burda ümumiylə fərdinin bir-birinə o qədər də təsiri olmaması əsas götürülür, amma təzyiq elə dünyada da qalxıbdı. Təbii fəlakətlər, iqtisadi problemlər, müharibələr, daha nə bilim nələr-nələr. Bir sözlə, qalxan nədisə enənin nə olacağını ayağa düşəndə görəcəyik.

TƏQVİM / ARXİV