adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

üMiD VƏ QORXU

VƏSİLƏ USUBOVA
30512 | 2008-11-15 02:09
İş otağım idarəmizin birinci mərtəbəsindədi. Həm də elə yerdədi ki, arada başımı qaldırıb bir azca sola döndərməyim kifayət edir ki, küçədən keçənləri, dayanan maşınları, ağacları, plakatları görüm. Otağıma girən "bəh-bəh" eləyib mənə bəxtəvərlik oxuyur, burada darıxmazsan, deyirlər, elə gəlib-gedənlərə baxsan, fikrin dağılar, ürəyin açılar. Nə sadə şeymiş bu ürəyi açılmaq, fikri dağılmaq... Belə asan və bəsit şəkildə ağrı-acıları dağıtmaq mümkün olsaydı... Onlara başqa şey deyirəm. Deyirəm ki, bu adamlar mənim nəyimə lazımdı, eyni üzləri, eyni yerişləri nə qədər görmək olar?! Sözlərini qəribliyə salsam da, dediklərində həqiqət var. İşdən yorulanda aradabir, bəzən lap tez-tez sağ ovcumu çənəmə dayaq verib gözümü zilləyirəm pəncərəyə. Amma heç kəs bilmir və mən də izah eləmək fikrində deyiləm ki, bu pəncərədən baxanda heç də siz düşünən hissləri yaşamıram. Əksinə, heç kəsi görmür, eşitmirəm. Son zamanlar özüm də anlamadığım hisslər keçirirəm ki, bunlara da nə darıxmaq, nə də bezmək deyə bilərəm. Elə hey xatirələrə dalır, düşündükcə düşünürəm. Həm də ancaq uşaqlıq illərimi düşünürəm. Yadımda qalan, yaddaşıma həkk olan bütün epizodlar təkrar-təkrar gözlərimin önündən keçir, həsrət qarışıq üzüntülər əldən salır məni. Özüm özümü danlayır, yaxamdan əl çəkmək istəməyən xatirələri göz önündən qovmaq istəyirəm. Amma bacarmıram. Elə bil içimdə başqa bir adam var, bardaş qurub oturub ürəyimin başında, səbrlə, aramla o illərdə baş verənləri mənə danışır, bir-bir yadıma salır. Ona etiraz edirəm, sən mənim vaxtımı alırsan, işləməyə qoymursan, deyirəm. Xatirələrlə yaşamaq hələ tezdi, insan tamam gücdən düşəndə, heç nəyə qadir olmayanda gününü yubatmaqdan ötrü xatirələrlə yaşayır. O zaman ki, artıq xatirələrindən başqa heç nəyi qalmır. Sən məni işimdən ayırırsan, belə getsə, məni lap dəli edəcəksən... Hələ ki, o inadcıl, yad adama qalib gələ bilmirəm. Amma onun da məni üstələməməsi üçün yollar axtarıb tapıram. Məsələn, başlayıram filosofluq eləməyə...
   
   Və mənim fəlsəfəmə görə, insan ömrü iki hissədən ibarətdi. Bu iki hissənin ikisi də Ümid və Qorxu adlanan iki duyğuynan idarə olunur. Birinci hissə gələcək haqqında arzuların təzə-təzə rişə atdığı anlardan başlayır. Nə qədər balacasan, dünya da çox kiçikdi, üfüqlər də sən deyən geniş və sonsuz deyil. Günəş də doğulub böyüdüyün kəndin sol qırağındakı pambıq tarlalarının o başından qalxıb, sol tərəfdəki bəndin dalında batır. Bu sənin dünyandı və bu balaca dünyanda hər şeyin və hər kəsin var. Bir də bu var olanları itirmək qorxun. Çeşidli qorxular yer alıb ürəyində. Ananı, atanı, bacı-qardaşlarını itirməkdən qorxursan. Dərslərini də çox vaxt elmə, biliyə olan marağından yox, müəllimlərin qorxusundan oxuyursan. Lap elə həyətində bəd, tutağan iti olan evlərin çəpərinin böyründən keçəndə ürəyin az qalır ağzından tökülsün. Böyüklər danışanda ki, qonşu kənddə kiminsə evini yarıblar, qızılını, pulunu, xalça-palazını, həyətdən mal-qarasını aparıblar, gözünə yuxu gedincən hər çıqqıltıdan diksinirsən. Böyüklər də dillərini dinc qoymurlar ki... Uzun qış gecələrində qonum-qonşuynan yığışıb nələrdən danışmırlar. Sehrdən-cadudan, cindən, şeytandan, kiminsə babasının, nənəsinin Al arvad görməsindən, bu Al arvadının necə bədheybət bir məxluq olmasından, keçmişdə hansı mollanınsa arpanı divara yeritməsindən, xoşu gəlməyənləri canavarlara qoşmasından. Daha demirdilər ki, söhbətlərini uşaqlar da eşidirlər və eşitdiklərinə də artıqlaması ilə inanırlar. Üstəlik də tapşırırdılar ki, hava qaralandan sonra su üstünə getmə, ağac altında durma, yerə isti su tökmə və s. və i.a. Sən də kiçik ağlınla, dar düşüncənlə ürəyi sakit yaşa görüm necə yaşayırsan... Gecə həyətə düşəndə gözünü qaranlıq künc-bucaqdan, bağ-bağçanın dərinliyindən çəkə bilmirsən. Elə indicə o qaranlıqdan bədheybət bir varlığın çıxacağını, bundan sonra, Allah bilir, nələr olacağını təsəvvür eləməyə çalışırsan. Özünün də uşaqlıq fantaziyaların hədsiz-hüdudsuzdu. Qorxunun gözü böyük olar, deyiblər. Yerinin içində də ürəyin döyünə-döyünə düşünür-sən ki, birdən uşaqlarla meşəyə odun yığmağa gedəndə azıb gecəni orada qalarsan və ya axşamüstü böyüklərin yadından çıxıb pambıq tarlasında gecələməli olarsan... Və bütün qorxduqlarının da hamısı başına gələ bilər...
   
   Böyüklər bəzən həyati şeylər də danışırdılar. Allah iraq eləsin, deyirdilər, dünya yaman qarışıb, müharibə olmasa yaxşıdı. Biz günümüzü görüb dövranımızı sürmüşük, Tanrının bu uşaqlara yazığı gəlsin. Həm də onların dediklərinə görə, bütün bu işlərin baiskarı Amerikaydı, yoxsa SSRİ-yə qalsaydı bütün Yer üzünün çəmənlərində qurd quzuynan otlayardı. Bu söhbətlərdən sonra da halın dəyişərdi, ürəyin az qalırdı partlasın. Davalı kinolardakı uşaqların halını gözünün önünə gətirincə yorğanın altında tər basardı səni...
   
   Yavaş-yavaş böyüyürsən. Qorxduqlarının çoxu da başına gəlmir. Zaman keçdikcə anlayırsan ki, o qorxduqların heç də dəhşətli deyilmiş, sadəcə uşaq xəyalının yaratdığı cazibədar bir romantikaymış. İndi qəlbini çulğayan qorxuların yanında bəxtəvərlik, şirin bir həyat sevgisiymiş...
   
   İndi böyümüsən və türlü-türlü qorxular ömür daşındı sənin. Uşaqlıqda hər şey şirindi, dadlıydı - bunları itirmək qorxusu da həmçinin. İnsan nə gün görürsə həyatı anlayanacan görür, hər şeyi olmasa da, çox şeyi dərk edəndən sonra ömrün dadı qaçır. Qorxular bir yandan azalırsa, bir yandan artır. Baxıb görürsən ki, dünən qorxduğun o xəyali varlıqlar bugünkü real xəbislərin yanında əyləncəli bir düşüncəy-miş. Keşkə bu dünyada Al arvad da, cin-şeytan da, iblis də olaydı, amma insan adlanan varlıq da təpədən dırnağa İnsan olaydı. Sənin də o saf xəyalların puç olmayaydı.
   
   İndi nədən qorxursan?! Qorxursan ki, səni anlamazlar, düz başa düşməzlər. Xəyanətdən, atılmaqdan, unudulmaqdan, şərdən-böhtandan qorxursan. Sevgilini, ömür yoldaşını, övladını, iş yerini itirmək qorxusu tərk eləmir səni. Qorxa-qorxa, qorxduqlarını itirə-itirə üzübəri gəlirsən. Və yaxşı ki, səni tərk etməyən bir duyğu - Ümid gedir səndən qabaqda. Ən əziz adamını torpağa tapşıranda belə (mən insan övladıyçın bundan qara gün tanımıram), O, səninlə olur. Qəbiristanlığa girəndə düşünür-sən ki, hər şey burada bitir, bundan o yanası yoxdu. Daha yaşamağın nə mənası?! Geri qayıdanda tamam başqa şeylər gəlir ağlına. Yenə də yaşamaq, tikmək, qurmaq istəyirsən. Yaxşı ki, Tanrı insanı belə yaradıb. Yaxşı ki, ümidlərin ömrü bizim ömrümüzdən uzundu. Bəlkə bizi sınmağa, əyilməyə qoymayan o naməlum qüvvənin adıdı Ümid...
   
   
   
   P.S. Bu cümlələri yazanda hava qaralırdı. Pəncərəmin önündən işdən evlərinə dönən adamlar keçirdi. Hərfləri güclə seçsəm də, işığı yandırmadım. Ümid işığında ağ vərəqlərə köçürdüm bu yazını...

TƏQVİM / ARXİV