Gedər "Ağ Ev", Buza da qalmaz...

ETİBAR CƏBRAYILOĞLU
34911 | 2008-11-15 02:09
Corc Buşun qara günləri başlayıb. Bir vaxtlar dədəsinin də oturduğu "Ağ Ev" əldən çıxmaq üzrədi. Düzdü, Buşun rəsmən taxtdan düşməyinə hələ bir neçə ay var. Yanvarın 20-də səhər tezdən Buşu "Ağ Ev"in həndəvərinə belə buraxmayacaqlar. Amma Amerikanın qara dərili ilk prezidenti Barak Obama lap ağını çıxarıb. O gün həyat yoldaşı Mişeli də götürüb gedib "Ağ Ev"ə. Yəni Buşa qandırmaq istəyib ki, Corc, sənin dövranın bitdi. Yorğan-döşəyini, diş fırçanı, ayaqqabı kremini qablaşdır. Bu gün-sabah köçürsən. Deyilənə görə, hətta Barak qardaş Buşu hirsləndirmək üçün mahnı da zümzümə edib:
   
   
   
   Gedər, ay Buş, Bu "Ağ Ev", sənə də qalmaz.
   
   
   
   Bir yandan baxanda Amerika Birləşmiş Ştatları kimi nəhəng dövlətin prezidenti olmaq elə Bakıda kirayənişin qalmağa oxşayır. Günlərin birində mənzilin sahibi gəlib qapını kəsdirir. Deyir ki, qardaş, sənə böyük hörmətim var, amma evi boşaltmalısan. Sən də yığışıb köçürsən. Başqa çıxış yolun qalmır. Nə etməli? Gəmidə oturub gəmiçiylə dava edəsi deyilsən ki?
   
   Buşun da "Ağ Ev"də kirayə qalmaq vaxtı bitmək üzrədi. İndi özünü elə aparır ki, guya heç vecinə deyil. Amma gözlərindən hiss edirəm ki, yaman peşmançılıq çəkir. "Ağ Ev"də qara adamın yaşamasıyla barışa bilmir. Hələ mən itini demirəm. Bir neçə gün öncə necə əsəbləşibsə, jurnalist həmkarlarımızdan birinin barmağını salıb ağzına, dişlədikcə dişləyib. İt elə bilirdi ki, ömrünün sonuna kimi bütün Amerika onun nazıyla oynayacaq. "İt demə, dəxi o da bizim birimiz"-deyib qayğısına qalacaqlar. Sənin də dövranın başa çatdı. Bundan sonra səni prezidentin yox, eks-prezidentin iti kimi təqdim edəcəklər. Təzə prezident Barak Obamanın iti səndən dəyərli olacaq.
   
   Qara dərili Barak Obamanın üzü ağ olsun, Corc Buşa da, onun itinə də bəzi vacib mətləbləri başa saldı. Qanan adam üçün Obamanın indidən "Ağ Ev"i gəzməyi çox şeydi. Belə şeyləri Buş çətin başa düşə. Buş səkkiz il dünyanın bir nömrəli dövlətinə başçılıq elədi, bir dəfə kitab-dəftər üzü açmadı. Roman nədi, heç şeir kitabını varaqlamadı, meyxanaya qulaq asmadı. Başı qarışdı Bin Ladenlə gizlənpaç oynamağa, Səddam Hüseynin tifağını dağıtmağa. İranı top-tüfənglə hədələməyə. Hələ mən Gürcüstana gəlib Tiflisin əsas meydanında rəqs etməyini demirəm. Bir də ayılıb gördü ki, Barak Obama həyat yoldaşı Mişellə kəsdirib "Ağ Ev"in qapısını.
   
   Buşun kitabdan uzaq qaçmağı bir yana, deyirlər ki, daha pis-pis vərdişləri varmış.
   
   Bunu mən demirəm, ABŞ camaatı orada-burada danışır. Danışır nədi, hətta kino da çəkiblər. "Harold və Kumar: Quantanamodan qaçış" filminə yəqin ki, baxmaq imkanınız olub. Quantanamo kimi yaxşı qorunan həbsxanadan qaçan iki məhbus "Ağ Ev"ə daxil ola bilir. Məlum olur ki, ABŞ prezidenti Corc Buş kabinetində oturub marixuana çəkir və vəzifəsinə nifrət edir, imkanı olsa, o boyda ölkəyə rəhbərlik etməz.
   
   Mən bu neçə ildə nə qədər çalışdımsa, Buşu başa düşə bilmədim. Həmin filmi çəkənləri bir dəfə çağırıb soruşmadı ki, ay balam, mənim nəşə-filan tüstülətməyimi harada görmüsüz?
   
   Buş prezident maaşı alanda Amerikada onun marixuana çəkdiyini göstərən film prokata çıxdı. İndi görün o, vəzifədən gedəndən sonra nələr çəkəcəklər... Bunu vəzifədə olanda düşünməliydi. Bilməliydi ki, atasına qalmayan "Ağ Ev" ona da qalmayacaq!

TƏQVİM / ARXİV