adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Bağlı kitab

20710 | 2008-11-15 02:09
Ötən həftə Şota Rustaveli adına Gürcü Teatrı Bakıya qastrol tamaşaları ilə gəlmişdi. Xoşbəxtlikdən bu tamaşalardan birinə düşmək mənə də nəsib oldu. Açığı, özüm də elə teatrın Bakıya gətirdiyi tamaşalardan yalnız birinə, "Hamlet"ə baxmaq istəyirdim. Çünki o biri tamaşaların müəlliflərinin kim olduğu haqda heç nə bilmirdim. Mən artıq bildiklərimlə kifayətlənmək yaşına çoxdan gəlib çatmışam. Odur ki, özümə təzə müəllif, təzə bədii yanaşma kəşf etmək həvəsində deyiləm. Bildiklərim isə az deyil, onları yenidən yadıma salıb yeni nəzərlə gözdən keçirsəm, nəinki mənə kifayət edər, hətta lazım olduğundan daha çox məlumat ala bilərəm. Darıxmağa azca da olsa, vaxt qalmayacaq. Məsələn, mən bilirəm ki, "Hamlet" pyesinin müəllifi Şekspirdir. Verdiyim qiymətli məlumata görə, oxucunun təşəkkürünü qəbul etməyə hazıram. Mən onu da bilirəm ki, bu, eləcə də digər əsərlərin Şekspir adlı şəxsin müəllifliyi ilə əlaqədar uzun illərdir ki, qızğın mübahisələr gedir. Hətta bununla bağlı az qala ayrıca elm yaranıb, bir-birinə əks mövqedə dayanan məktəblər formalaşıb. Bildiklərimdən biri ilə fərəhlənmək istəyirəm. Pyesdə əsərin qəhrəmanı çoxlu monoloqlar söyləyir və onlardan ən məşhuru budur. Qəhrəman növbəti dəfə təkliyə çəkilir və deyir: "Olum, ya ölüm?" Bu sualdan sonra başlayır uzun monoloq söyləməyə.
   
   Rejissor Robert Struanın tamaşasında isə bu monoloq, bir neçə başqa məşhur monoloqlar kimi söylənmir. Qəhrəman əsər boyu ələ salıb gəzdiyi digər iştirakçılardan ayrılıb tənhalığa çəkilməyinə çəkilir, hətta "Olum, ya ölüm?" sözlərini də dilinə gətirir, amma monoloqu demir. Daha doğrusu, monoloqu söyləməyə ona imkan vermirlər. Kim? Daha düzgün olardı, deyək nə?
   
   Səhnənin arxa fonu boyunca üstünə Şekspir dövrünə, hətta əsərin özünə işarə edən alayarımçıq şəkillər çəkilmiş, adam boyundan azca hündür lövhələr düzülüb. Sən demə, onlar rejissorun fikrincə, elə "Hamlet" əsərinin mətnidir."Hamlet" kitabıdır. Gah bağlanır, gah açılır. Öndə isə tamaşanın iştirakçıları XVI əsrdə yazılan bu kitabın içindəki mətni xatırladan, ona işarələr edən nəsə oynayırlar. Elə ki, dediyimiz monoloqu söyləmək vaxtı çatır, Hamlet tək qalıb səhnə önünə gəlir, digər iştirakçılar həmin o kitabın rəmzini verən lövhələri yerindən çıxarıb tamaşaçılara yaxınlaşır, qəhrəmanı əhatə edib yerbəyerdən "olum, ya ölüm?" deyə-deyə ona sufloyr kimi xatırladırlar. Qəhrəman isə susub. Belə olanda daha bir iştirakçı stulu gətirib oturur, əlindəki kitabı dizi üstə qoyur, sonra ehmalca açıb monoloqu axtarır və tapandan sonra suflyor kimi qəhrəmana yavaşcadan pıçıldayır: "Olum, ya ölüm?". Qəhrəman susmağında davam edir, monoloqu söyləmək niyyəti yoxdur, o düşünür. Yəqin ki, monoloqu. Sonra onu əhatə eləyən kitab rəmzlərini arxaya, öz yerinə qovur.
   
   Tamaşanın rejissoru demək olar ki, əsərin mətnindən imtina edib. Bunu onun tamaşaçının hisslərinə, zövqünə hörmət kimi də qəbul edə bilərik. Axı nə qədər teatral poza alıb monoloq söyləmək olar? Gəlin orada, kitabda yazılan sözlərin təsviri ekvivalentinə tamaşa edək.
   
   "Olum, ya ölüm?" Görün insan gəlib necə bir vəziyyətə düşməlidir ki, bu iki yoldan hansını seçmək sualı qarşısında qalsın. Bu vəziyyətə düşən əslində nə sağdır, nə ölü. Bəlkə bu, bizim hamımızın, təbii, ola da bilər ki, qeyri-təbii vəziyyətimizdir. Bu təbii, yaxud qeyri-təbii vəziyyətdə ola-ola zənn edirik ki, yaşayırıq. İstər varlı olsun, istər kasıb. Sadəcə olaraq, bu sualı kimsə özünə verir, kimsə yox. Daha çox varlılardan olan adamlar bu suala yaxındır. Günlərin bir günü onların uşaqları ətrafda var olanların varolma dərəcəsindən də o yana keçdiyini görüb cana gələcək, onda bu sualı özlərinə verəcəklər. Hamlet kimi. Çünki var olan hər nə varsa, hansısa bağlı kitabda yazılanlara işarədir. Yazılan yazılıb! Ondan o tərəfə keçmək olmaz.
   
   Amma var olandan imtina etmək heç bir varlının ağlına gəlməz. Çünki bunu istəmir. Onların varını yalnız tutub əllərindən almaq olar. Elə "Hamlet" əsərində olduğu kimi. Əsərdə əsas məsələ Norveç krallığına qalib gələn Hamletin mərhum atasının torpaqları ilə bağlıdır. Norveç kralının oğlu atasının itirdiyi torpaqları qaytarmaq fikrindədir. Ona görə də şahzadə Hamletin kral əmisinə məktub yazır. Məktubda Polşa ilə müharibə aparmaq üçün Norveç ordusunun onun ölkəsindən keçməyinə icazə istənilir. Norveç ordusu gəlib keçir, Polşa ilə vuruşur, qalib gəlir və qayıdanda görür ki, Hamlet və onun əmisinin krallığı intriqalardan, saray çəkişmələrindən çürüyüb məhv olub. Hərənin meyidi bir tərəfdə düşüb qalıb. "Yığışdırın səhnədən bu meyidləri! Hamleti isə cəngavər kimi dəfn edin!" Tacı gətirin qoyun mənim başıma. Bura bizim torpaqlardır!
   
   Bunlar Şota Rustaveli adına teatrın tamaşasında yoxdur. Amma tamaşadakı məsxərə vasitəsilə işarə olunan kitabda var. Və bunu hamı bilir. Yəni "Hamlet" adlı tamaşaya gələn hər kəsin bu mətndən xəbəri təbii ki, olmalıdır. Buna görə də onu təkrar etməyin əhəmiyyəti yoxdur.
   
   Mən sənətim etibarilə teatrşünasam. Amma qastrol tamaşasına resenziya yazmaq fikrində deyiləm. Bu teatrın və onun rəhbəri olan Robert Struanın axtarşları, estetikası haqqında mühakimə yeritmək fikrində də deyiləm. Bu, mənim üçün yeni və maraq dairəmdən tamamilə kənar bir məşğuliyyət ola bilər. Odur ki, orada yalnız özümə aid olanı görməyə cəhd edirəm. Mənə daha çox maraqlı gələn yazılana işarədir.
   
   Hər bir sözün görüntüsü də var. Deməli, hər bir görüntünün də, öz növbəsində, yazılı variantı var. Sadəcə yazılı söz, görüntüdən az yer tutur. Məsələn, deyirik "ağac". Görüntüsü var? Var. Yaxud deyirik "əvvəllər burada yolboyunca sıra ilə ağaclar düzülmüşdü, sonra onları kəsdilər, indi isə bircə dənə olsa, ağac yoxdur." Bu cümlənin necə, görüntüsü var? Əlbəttə var. İndi ətrafımıza daha geniş, panoram nəzər salaq. Sonra onu sözə çevirək. Biz nə görürüksə, bu da azdır, hələ bundan sonra da nə görəcəyiksə, onların hamısı bağlı kitabda artıq yazılıb. Gözümüzün qarşısında baş verənlərin hamısı o kitaba işarədir. Yazılan yazılıb. Sadəcə olaraq oxumağı bacarmaq lazımdır.

TƏQVİM / ARXİV