adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ARI QUŞU

VAHİD ƏLİFOĞLU
96791 | 2008-11-08 00:10
Rəhmət sənə, Mirzə Cəlil!
   
   
   
   ... Çadır şəhərciyinin iki addımlığından keçən kanalın qırağındakı söyüd ağacının altı bu gün də qələbəlik idi. Yayın dəhşətli istisi və cansıxıcı bürküsü bircə burda hiss olunmurdu. Çünki bu söyüd ağacının bitdiyi yer həm çadırların "qatarlandığı" düzənlikdən hündürdəydi, həm də kanalın bozbulanıq suyu bu kiçik təpənin ətəyi ilə aramsız axıb getməkdəydi...
   
   ... Ağacın düz dibində, kölgənin ən qalın yerində, üstünə şirmayıya oxşar lövhə vurulmuş (bu lövhə stola sonradan əlavə edilmişdi ki, domino daşları şaqqıldaşsın - V.Ə) stol qoyulmuşdu və stolun ətrafında dörd nəfər əyləşmişdi. Əyləşənlərin böyür-başında ayaq üstə dayananlar da, bir az aralıda qupquru torpağa dirsəklənənlər də var idi. Şirmayı lövhəyə çırpılan daşların şaqqıltısı bu kədərli və üzüntülü mənzərəyə xeyli nikbin və oynaq əhval-ruhiyyə gətirməkdəydi... Ayaq üstə dayananlar da, torpağa dirsəklənənlər də həyəcanla, intizarla gözləyirdilər. Beş-on dəqiqəyə çadırın bugünkü domino çempionları məlum olacaqdı. Çox məsuliyyətli və tarixi anlar idi...
   
   ... Sonuncu dəfə daşları düzüb götürdülər. Dirsəklənənlər də artıq ayaq üstə idilər...
   
   ... Əvəz kişi fikirləşmədən, götür-qoy etmədən inamla, şəstlə "dubel ikini" tulladı stolun üstünə. Həsən əmi "altının ikisini" qaldırmışdı havaya ki, çırpsın "dubel ikinin" kəlləsinə, heç kimin gözləmədiyi bir hadisə baş verdi. Görünür, bu günün çempionlarının adlarının çadır tarixinə düşməsi şəhərciyin qismətinə yazılmamışmış. Tamaşa arvad elə bil yerdən çıxdı. Hönkürə-hönkürə çökdü stolun böyrünə və iki dəfə əllərini şappıltı ilə yendirdi dizlərinə... Həsən əmi "altının ikisini" ustufca, üzüquyulu qoydu yerə, təəccüblə, nigarançılıqla soruşdu:
   
   - Noolub, ay arvad? Niyə əl qatmısan üz-gözünə?
   
   Tamaşa arvad yaylığının ucu ilə gözlərini qurulayıb kövrələ-kövrələ dedi:
   
   - Tay bundan artıq nə olacaqdı ki, ay Həsən kişi? İranlılar nəvələrimin üçünü də ərzaq siyahısından çıxartdılar. Evim yıxıldı... (Əslində bu ifadə "Çadırım yıxıldı" olmalıydı - V.Ə).
   
   ... Tamaşa arvadın kimliyinə və hadisəyə aydınlıq gətirmək məqamıdı artıq.
   
   "Bu çadır şəhərciyi "komplektləşdirilib" əsasən Füzuli və Cəbrayıl köçkünlərindən, Laçından iki ailə təsadüfdənmi, yoxsa elə hansısa səbəbdənmi gəlib çıxıblar bu şəhərciyə. Ailənin birini görən olmayıb. Adları siyahıda getsə də deyilənə görə, hardasa, İmişlinin kəndlərindən birində mal-heyvan saxlayırlar... İkinci ailə ibarətdir həmin bu tamaşa arvaddan və onun üç nəvəsindən ki, Tamaşa arvad çadır binnət olandan çadırda yaşayır, amma nəvələri tələbədirlər, təbii ki, çadırda yaşamırlar... Və bu səbəbdən də iranlılar Tamaşa arvadın ailə üzvülərinin üçünü, yəni nəvələrinin çadırda olmadıqlarını aşkara çıxarmış, adlarını ərzaq siyahısından silmişlər"...
   
   ... Həsən əmi Tamaşa arvada hadisənin təfərrüatı ilə bağlı bir-neçə sual da verib stolun üstünü yüngülcə döyəcləyə-döyəcləyə başladı fikirləşməyə. Hamının nəzərləri dikilmişdi stolun üstündə aramla enib-qalxan barmaqlara. Guya bu məsələnin həlli məhz Həsən əminin barmaqlarından asılı idi. Ortalıqda zindan kimi ağır bir sükut hökm sürməkdəydi... Həsən əmi ağır-ağır başını qaldırdı öz qəti və müdrik qərarını çatdırdı Tamaşa arvada, həm də ağacın dibindəkilərə:
   
   - Dur, ay arvad. Dur get çadırına. Elə bu saat ağsaqqallardan da beş-üçünü götürüb gedəcəm Bəhrəmtəpəyə. Eşitməsələr Sabirabada, lap böyük iranlının yanına getməli olsam da sənin nəvələrinin ərzağını verdirəcəyəm. Biz necə qeyrətimizə, kişiliyimizə sığışdıra bilərik ki, kölgəmizə sığınmış bir laçınlının ərzağını iranlılar kəsələr...
   
   Həsən əmi sınmış könülləri riqqətə gətirən nitqini yekunlaşdırıb susdu...
   
   Tamaşa arvadın sifətindəki bayaqkı təlaşdan, nigarançılıqdan əsər-əlamət də qalmamışdı. Əllərini dizlərinə dayayıb qalxdı və gedə-gedə dedi:
   
   - Allah balalarınızı saxlasın. Siz olan yerdə mənim bu müşkülüm nədi ki, düzəlməyə...
   
   ... Həsən əmi qalmışdı iki odun arasında. Bilmirdi ki, tay-tuşlarının bir-neçəsini götürüb getsin iranlıların görüşünə, Tamaşa arvadın ərzaq məsələsini həll etməyə, yoxsa oyunu davam etdirib çadırın domino çempionunu müəyyən etsin... Çətin idi... Hər iki məsələ həqiqətən çox vacib, çox əhəmiyyətli məsələ idi... Bu iki məsələdən biri çox güman həll olacaqdı ki, Həsən əminin nəvəsi balaca Həsən (Həsən əmi öz adını qoymuşdu nəvəsinə - V.Ə) adamların arasından sivişib gəldi babası yekə Həsənin yanına. Yekə Həsən, yəni Həsən əmi balaca Həsəni qaldırıb qoydu dizlərinin üstünə. Balaca Həsən qucağındakı qutunu qoydu stolun üstünə və dedi:
   
   - Baba, bax gör bu qutuda nə var?
   
   Həsən əmi nəvəsinin, yəni balaca Həsənin saçlarını mehribancasına sığallayıb qutunun qapağını açdı. Qutunun içində qəribə bir quş balası var idi. Həsən əmi quşu qutudan götürüb qoydu stolun üstünə. Ərafdakılar dərhal irəli əyilib baxdılar quşa... Elə bu məqamda quş haqqında qısa bir məlumat verək. "Quşun boğazından düz quyruğuna kimi, qarnının altı ilə sapsarı zolaq uzanırdı. Təzəcə çıxmağa başlayan lələklərinin ucu və alnındakı kəkili qırmızıydı. Başı ağ olsa da gözlərinin üstündən nazik qara xətt keçirdi"... Quşun ayağına uzun qatma bağlamışdılar ki, uçub getməsin.
   
   - Haramıdan almısan bala bunu - Həsən əmi soruşdu.
   
   Balaca Həsən sevinə-sevinə, xoşbəxtcəsinə:
   
   - Anam çadırımızdan tutdu - dedi.
   
   Həsən əmi quşu bir az o yana, bu yana çevirib belə bir mülahizə irəli sürdü:
   
   - Bu quş çöl bülbülüdü. Çox gözəl də səsi var...
   
   Əvəz kişi sanki Həsən əminin son qərarını gözləyirdi, azca yerindən dikəlib dedi:
   
   - Sən nə danışırsan, Həsən kişi? Bəyəm bu çöl bülbülüdü ki, Qubadlı meşələrində nə qədər istəsən var bunlardan...
   
   ... Yeri gəlmişkən qeyd etmək çox önəmlidi ki, son vaxtlar Həsən əmi ilə Əvəz kişinin arasında bir soyuqluq əmələ gəlmişdi. Səbəb də o idi ki, bu iki ağsaqqal bir yer uğrunda, yəni çadırın baş ağsaqqalı titulu üstündə üstüörtülü mübarizə aparırdılar və bir-birinə güzəşt etmək qətiyyən ağıllarına da gəlmirdi,..
   
   Həsən əmi Əvəz kişinin müdaxiləsinə dözə bilməzdi və heç dözmədi də... Nəvəsini yerə qoyub ayağa qalxdı, Əvəz kişiyə tərəf meylləndi:
   
   - Əvəz, gözünü aç, adamını tanı. Mən deyirəmsə çöl bülbülüdü, deməli, çöl bülbülüdü...
   
   Əvəz kişinin də geri çəkilmək fikri yox idi və bir daha hamını əmin etdi ki, heç çəkilməyəcək də:
   
   - Həsən, bilmədiyin şeydən danışma. Otur yerində. Bu, kol bülbülüdü, vəssəlam... Həsən əminin tərəfdarları Həsən əminin, Əvəz kişinin tərəfdarları Əvəz kişinin kürəyində toplaşmağa başladılar... Bir az da keçsəydi həqiqətən böyük bədbəxtçilik olacaqdı və bu gün şəhərciyin tərcümeyi-halına qara ləkə kimi düşəcəkdi.
   
   ... Lap vaxtında çadırın ən yaşlı sakini Əsəd babanın görünməsi "isti başları" xeyli soyutsa da mübahisə mübahisəliyində qalırdı... Dünyagörmüş qoca məsələni birdəfəlik həll etmək üçün əlindən tutub gəldiyi uşağa üzünü tutdu:
   
   - Qaç, bala. Qaç, Kamran müəllimə de ki, gəlsin bura...
   
   İyirmi dəqiqədən sonra Kamran müəllim ağacın dibindəydi... Artıq məqam çatdı ki, Kamran müəllimin görünüşü və kimliyi haqqında məlumat çatdıraq: "Kamran müəllim təxminən olardı 55-60 yaşlarında. Arıq, qısaboy bir adam idi. Biologiya müəllimiydi. Başında təvərəsi kirlənmiş ağ panama, boğazında rəngi bilinməyən qalstuk. Sənətinə və sinninə yaraşmayan enli qara cığırları olan boz pencəkdəydi. Kəsəsi, əsl çadır ziyalısı"...
   
   ... Kamran müəllim icazəsiz-filansız yaxınlaşdı stola, pencəyinin döş cibindən eynəyini çıxarıb taxdı gözünə və əyildi quşun üstünə... İndi hamı Kamran müəllimin dəqiq söyləyəcəyi fikrin intizarındaydı... Sözsüz ki, bu fikir həm Həsən əmi, həm də Əvəz kişi üçün yekun rəy olacaqdı... Çünki tay burdan o yanası yox idi... Kamran müəllimin bu qəliz məsələnin həllində biliyinə şübhə ola bilməzdi...
   
   ... Kamran müəllim başını qaldırıb bayaq onu çağırmağa getmiş uşağa dedi:
   
   - Qaç bizə. Sayalı xalana (Sayalı xala Kamran müəllimin həyat yoldaşıydı- V.Ə) de ki, sandığın üstündəki kitabı versin, gətir mənə...
   
   Kamran müəllim kitabı qoydu qabağına başladı yavaş-yavaş vərəqləməyə. Qəribə kitab idi. Hər səhifəsində müxtəlif formalı quş şəkilləri çəkilmişdi. (Bu ki çadır sakinlərində, hörmətli oxucularda və eləcə də müəllifdə sonsuz maraq yaratdığına görə yaxından tanış olmağa çalışdıq. Kitabın üz qabığı, əvvəlindən və axırından xeyli vərəqlər çıxıldığına rəğmən təəssüf ki, nə adını, nə də müəllifini müəyyən edə bilmədik- V.Ə). Kitabın ortalarından Kamran müəllim dayandı. Əvvəlcə kitabdakı quş şəklinə diqqətlə baxdı, sonra qayıdıb həmin diqqətlə də quşa baxdı... Kitaba və quşa baxma prosesi bir on-on beş dəfə təkrar olundu.
   
   ... Nəhayət, Kamran müəllim kitabı qatlayıb vurdu qoltuğuna, eynəyini çıxarıb qoydu cibinə, heç kimin üzünə baxmadan özündən tam razı və arxayın formada elan etdi:
   
   - Bu quş nə çöl bülbülüdü, nə də kol bülbülü. Arı quşudu, vətəni Afrika olsa da bizim ölkədə də çox yayılıb. Bir neçə növü var...
   
   Bu elmi və əsaslı izahdan sonra Kamran müəllim sağollaşmadan çıxıb getdi...
   
   ... Bir həftədən sonra iranlılar çadıra növbəti ərzağı payladılar. Paylanış zamanı məlum oldu ki, Tamaşa arvadın nəvələrinin "ərzaq payı" dayandırılıb...
   
   ... Həmin gün Həsən əmi çadırında uzanıb mürgüləyirdi və gəlininin "dəmə" qoyduğu plovu səbrsizliklə gözləyirdi. Bu xəbəri eşidib xeyli pərişan və pəjmürdə oldu...
   
   

TƏQVİM / ARXİV