HAVALANMIŞ BAKI HAVASI

ƏBÜLFƏT MƏDƏTOĞLU
27292 | 2008-11-08 00:09
Havalar yaman oynayır. Bir gündə beş-altı dəfə haldan-hala düşür. Daha doğrusu, naşı rəqqas kimi əlini oynadanda ayaqları yadından çıxır, ayaqlarını oynadanda əlləri. İllah da ki, Bakı havası. Adam çaşıb-qalır. Bilmir qış geyimində evdən çıxsın, yaz geyimində, payız, yoxsa yay. Belə baxanda Bakı üçün bu adi bir haldır. Görünür, mənim indiki durumum ya havaları gözümdən salıb, ya da özümü havalandırıbdır. Elə ona görə də qalmışam bu havaların əlində.
   
   İki gün öncə müalicə həkimim qaş-qabağını tökmüşdü. Onun bu görkəmi məni bir balaca diksindirdi. Baxma, həkim qaş-qabaqlı olanda xəstə də özünü narahat hiss edir. Elə bilirsən ki, kəndirin kəsilən, üzülən vaxtıdır. Rəhmətlik Əli Kərim gəlib düşdü yadıma. Onun elə ki, "həkim xəstə sahiblərinin qulağına nə isə pıçıldadı" deməli, "salam-əleyküm, həkim" fikri qulaqlarımda səsləndi. Sağ olsun, həkimim dilbilən idi. Mənim də əhvalımın pozulduğunu hiss edib toxtaqlıq verdi:
   
   -Ağlına səfeh-səfeh şeylər gətirmə, sənlik bir iş yoxdu. Qonşu palatadakı xəstənin halı ürəyimcə deyil.
   
   Bilmirəm mənə toxtaqlıq verirdi, yoxsa bu həqiqət idi, amma hər nə idisə ürəyimə xal salmışdı. Odur ki, özümü toparlayıb soruşdum:
   
   - Yaxşı, bəs mənim vəziyyətim necədi? Müsbət bir dəyişiklik hiss etmirəm axı...
   
   Həkim üzünə xoş bir təbəssüm gətirib (ha cəhd etdim bunun qondarma olub-olmadığını anlaya bilmədim) özündən razı halda dedi:
   
   - Balam, on illik ağrı-acını yığıb canına durub gəlmisən ki, məni on günə sağalt. Bu mümkün olan şey deyil axı. Hardaydın bu on ili, niyə gözləyirdin sürünə-sürünə gəlmək məqamını? İndi özün gecikdirmisən biz də batmanla gələni misqalla çıxarırıq. Ona görə də tələsmək lazım deyil. Şükür et ki, hər şey yaxşılığa doğru gedir.
   
   Təbii ki, mən Tanrımı hər şeydən uca və bütün qüdrətlərin sahibi hesab etdiyimdən ümidim daha çox onadır və ona da həmişə şükürlər edirəm. İndi həkimim də mənə "şükür" məsəlini xatırladanda özümdən asılı olmayaraq hər iki əlimi göyə açdım və Tanrıdan kömək, ümid diləyirəm.
   
   Hə, deməli, xəstəxananın da havası heç ürəyə yatan deyil. Hər xəstənin öz havası, hər həkimin öz havası, hər tibb bacısının öz havası. Hələ xəstə yanına gəlib-gedənlərin də havasını demirəm. Bunları üst-üstə gələndə tarazlıq yaranır, təbii ki, Bakı havası ilə. O havayla ki, bizi gün ərzində haldan-hala salır. Gah tıncıxdırır, gah tərlədir, gah üşüdür. Doğrudan, Bakı elə bil "üşütməli" şəhərdi. Yayda istisi səni əməlli-başlı "titrədir", payızda, qışda da ki, müşahidə olunan havaları.
   
   Şəhərin küçələri ilə hara gedəcəyimi bilmədən başıaşağı veyil-veyil yol ölçürəm. Hiss edirəm ki, məndən öndə də gedən var, arxada da gələn. Və elə bu hiss etdiyim məngənənin içərisində nədənsə birdən-birə tıncıxmağım, təngənəfəsliyim, narahatçılığım bir anlıq qeybə çəkilir. Elə bil kimsə bütün bunları məndən alıb aparır. Və yadıma Ramiz Rövşənin beyti düşür:
   
   Bir adam yol gedir bizdən qabaqda...
   
   Doğrudan da bizdən qabaqda da gedən var, arxamızca gələn də. Amma bu yol hər kəsin özünə aiddir. Heç kim özündən qabaqkının yolunu getmir. Olsa-olsa ləpirlər hardasa toqquşur, kəsişir, üst-üstə düşür. O da ötəri bir məqamda. Deməli, biz tələsməklə, yüyürüb yortmaqla deyil, hər kəs öz yolunda, hər kəs öz işindədi. Və hər kəs də öz ağrısını daha yaxşı bilir, çünki ağrıyan yeri göstərmək üçün baş sındırmır və...
   
   Hə, Bakı havası, sənin də havalı-havasız günlərin çox olur. Olsun, amma bu çoxluğun içərisində sən də özünə dürüst bir yol seçə bilmirsən. Görünür, havalanmısan, ondandı...

TƏQVİM / ARXİV