MÜASİR AZƏRBAYCAN ROMANI

VAQİF YUSİFLİ
53715 | 2015-01-10 09:31
(icmal)
(Əvvəli ötən şənbə sayımızda)


Azərbaycan romanının üçüncü mərhələsi ilk növbədə, özünün yeni müəllifləri ilə diqqəti cəlb etdi. Bu yazıçılar Azərbaycan romanında bir sıra yeniliklərin, novator meyllərin də müəllifləri oldular. Nəsrdə öz lirik-psixoloji hekayələri ilə uğur qazanan İlyas Əfəndiyev "Söyüdlü arx", "Körpü salanlar", "Dağlar arxasında üç dost", daha sonra "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca" romanları ilə nəsrimizə yeni bir nəfəs gətirdi. Uzun müddət inqilabi-tarixi, sosial məzmunlu, istehsalat və quruculuq motivləri üzərində qurulan romanlarımızda məhz lirika qıtlığı duyulurdu, az qala robotlaşan "müsbət qəhrəmanlar"ı İlyas Əfəndiyevin zəngin daxili dünyası, intellektual mənəvi aləmi ilə diqqəti cəlb edən yeni ruhlu qadın və kişi obrazları əvəz etdi. Əlbəttə, bu fikri söyləyərkən biz qətiyyən iddia etmirik ki, lirik-psixoloji üslub "sırf ictimai motivi sıxışdırıb kənara qoydu, əlbəttə, belə düşünmək sadəlövhlük olardı. Bu məsələnin ən dəqiq, doğru izahını sonralar görkəmli tənqidçi Yaşar Qarayev belə əsaslandırmışdı: "Məsələ ondadır ki, fərdi duyğular, surətin mənəvi aləmi ictimai dövrü və mühiti nə dərəcədə inikas edə bilir. Təbiidir ki, bütün mühüm ictimai hadisələr cəmiyyət üzvlərinin mənəvi həyatında dərin iz buraxır və sənətkar ictimai həyatı bu fərdi-mənəvi aləmin güzgüsündə əks etdirə bilir (Yaşar Qarayev).
Yeni roman müəllifləri sırasında İlyas Əfəndiyevlə yanaşı, İsa Hüseynovun, İsmayıl Şıxlının, Sabir Əhmədlinin, Bayram Bayramovun, Salam Qədirzadənin də adları xüsusi qeyd olunmalıdır.
İsa Hüseynov Azərbaycan ədəbiyyatına "Yanar ürək", "Doğma və yad adamlar" kimi həyatı, ictimai mühiti bütün reallığı ilə əks etdirən, cəmiyyətdə gedən mənəvi aşınmaları sərt psixoloji səpgidə canlandıran romanlarla gəldi. Sonra tarixi-fəlsəfi romanın ilk nümunəsi -"Məhşər" yarandı. İsmayıl Şıxlı "Dəli Kür" romanı ilə milli xarakter anlayışına münasibəti kökündən dəyişdi. Bu fikri Fərman Kərimzadənin "Qarlı aşırım" romanı barədə də söyləyə bilərik. Sabir Əhmədli "Aran", "Görünməz dalğa", "Dünyanın arşını" romanları ilə Azərbaycan kəndinin kəskin ziddiyyətlər doğuran sosial-mənəvi mənzərəsini əks etdirdi. Burada indi adları az qala unudulan Bayram Bayramovun "Yarpaqlar", Salam Qədirzadənin "Qış gecəsi" romanlarının da o zaman oxucularda yeni hisslər, duyğular oyatdığını qeyd etməliyik. Populyar yazıçı olduğu kimi, romanların da müəyyən müddət belə populyarlığı olur və bu populyarlıq geniş oxucu kütlələrinin marağı ilə ölçülürsə, Vidadi Babanlının Azərbaycan ziyalılarının mənəvi-əxlaqi həyatından söz açdığı "Vicdan susanda" romanını da gərək unutmayaq.
Əlbəttə, biz Azərbaycan romanının yeni mərhələsində vaxtilə bir sıra əsərləri ilə geniş oxucu kütlələrinin rəğbətini qazanmış Mirzə İbrahimovun, Mehdi Hüseynin, Əbülhəsənin də xidmətlərini xüsusi qeyd etməliyik. "Böyük dayaq", "Pərvanə" (Mirzə İbrahimov), "Yeraltı çaylar dənizə axır" (Mehdi Hüseyn), "Tamaşa qarının nəvələri" (Əbülhəsən) romanları məhz yeni mərhələnin yaratdığı bədii-estetik ab-havaya tam uyğun idilər.
Beləliklə, altmışıncı illərdə yeni tipli Azərbaycan romanı nəsrin "sükanı" arxasına keçdi.
Sonrakı onilliklərdə Əzizə Cəfərzadə, Fərman Kərimzadə, Çingiz Hüseynov, Vidadi Babanlı, Süleyman Vəliyev, Əlibala Hacızadə, Hüseyn Abbaszadə, Ənvər Yusifoğlu, Cəmil Əlibəyov, Həsən Seyidbəyli, Yusif Səmədoğlu, Anar, Elçin, Sabir Azəri, İsi Məlikzadə, Əlisa Nicat, Mövlud Süleymanlı, Seyran Səxavət, Məmməd Oruc, Afaq Məsud, Əli Əmirli, Mustafa Çəmənli, Arif Abdullazadə kimi romançılar yetişdi. Bu müəlliflərin əsərlərinin elə təkcə adlarını sadalasaq, böyük bir kəmiyyət "mənzərəsi" yaranar. Lakin milli romançılığımızın yeni mərhələsi kəmiyyət faktoru ilə deyil, keyfiyyət göstəricisi ilə qiymətləndirilməlidir. Və burada qətiyyən pessimizmə yuvarlanmarıq.
Azərbaycan romanı özünün malik olduğu milli "ərazidən" sıyrılıb tədricən üfüqlərini genişləndirir və o zamankı postsovet məkanında da "bayrağını" sancmalı olur. Söhbət təkcə ondan getmir ki, bizim bir sıra romanlar Ümumittifaq, hətta ondan kənarda - xarici ölkələrdə də çap olunur, yayılır və Amerika, ingilis, fransız, alman romanları ilə müqayisədə lap cüzi də olsa, tanınırdı. Söhbət həm də ondan gedir ki, Azərbaycan romanı dünya roman praktikasına və poetikasına uyğunlaşmağa, o böyük təcrübədən faydalanmağa başlayır. Bunu daha çox səksəninci illərdə yazılan romanlarımızda müşahidə edirik. Azərbaycan romanına mifoloji-fantastik elementlər daxil olur - Çingiz Hüseynovun "Fətəli fəthi", Elçinin "Mahmud və Məryəm"i yaranır. Dastan poetikasının, folklor ruhunun bütünlüklə bir roman süjetinə "çökməsi" Mövlud Süleymanlının "Köç" romanının yaranmasına səbəb olur. İsa Hüseynov "Yanar ürək" romanından "imtina edib" tamamilə yeni roman strukturu yaradır, məlum tarixi qaynaqlara tamam fərqli bir münasibətlə yanaşıb əcdadlarımızın yeni tarixini "bərpa" edir və bu bədii prosesin özü müəyyən etiraz doğursa da, maraqlı hadisə idi. Və indi tam qətiyyətlə deyə bilərik ki, İsa Hüseynovun bu roman təcrübəsi Azərbaycan ədəbiyyatında doqmatik şüura təsirsiz qalmadı. ("İdeal", "Cəhənnəm" romanları).Yusif Səmədoğlu "Qətl günü" romanı ilə, Qərb roman təcrübəsi ilə Şərq roman təcrübəsini bir araya gətirdi, "roman içində roman" nümunəsini ortaya qoydu. Yox, bunları qətiyyən eksperiment saymaq olmaz, Azərbaycan romanında baş verən bu "hadisələr" dünya roman sənəti ilə səsləşən məqamlar idi. Sonralar Afaq Məsudun "İzdiham", Kamal Abdullanın "Yarımçıq əlyazma", Həmid Herisçinin "Nekroloq" romanları meydana gəldi və bu nümunələr də sübut elədi ki, milli roman ənənələri öz yerində, amma dünya romanında baş verən proseslərə də qoşulmaq vacib və zəruridir.
Burada bir mühüm məqamı da qeyd etmək istəyirik. Bəziləri iddia edir ki, Azərbaycan romanı hələ dünya romanı səviyyəsinə gəlib çatmayıb. Bu, kökündən yanlış bir fikirdir. Necə ola bilər ki, 127 illik tarixi olan Azərbaycan romanı Dünya romanı səviyyəsində bir nümunə ortaya qoya bilməsin? Əgər "dünya romanı səviyyəsi" məsələsi ortalığa qoyulursa, biz "Qılınc və qələm" kimi klassik nümunədən tutmuş ən azı on romanın ("Şamo", "Gələcək gün", "Dəli Kür", "Məhşər", "Qarlı aşırım", "Qətl günü", "Dünyanın arşını", "Mahmud və Məryəm", "Fətəli fəthi", "Köç") adını çəkərik. Çox təəssüf ki, biz bu romanları dünyada tanıtdıra bilməmişik.
Bir də axı, "dünya romanı səviyyəsi" özü sürüşkən bir ifadədir. Kim sübut edə bilər ki, "Dəli Kür", "Qətl günü", "Mahmud və Məryəm", "Fətəli fəthi" dünya romanı səviyyəsində deyilg
Azərbaycan romanında milli gerçəkliyin inikası ilə yanaşı, tarixi xəttin güclənməsi prosesi baş verdi. Təbii ki, bu prosesdə əvvəlki sabit ənənələrə kortəbii sədaqət daha çox diqqəti cəlb edir. Tarixi romanlarda bioqrafik ünsürlər, tarixi hadisələri və şəxsiyyətləri yalnız "bədiiləşdirmək" prinsipləri hələ də qalmaqda idi, belə əsərlərdə "tarixi özünüdərk", milli idrakın işığı, "vətəndaşlıq ağrısı", tarixi gerçəkliyin öz fəlsəfəsi müasir, miqyaslı bir ölçüdə" (Y.Qarayev) reallaşmırdı. Və onlarla belə tarixi romanlarda müasirlik deyil, yalnız statistik mənada "tarixizm" nəzərə çarpırdı. Lakin bu stereotipin əksinə olan romanlar da yarandı. "Dəli Kür" (İ.Şıxlı), "Məhşər" (İ.Hüseynov), "Geriyə baxma, qoca" (İ.Əfəndiyev), "Babək" (Ə.Məmmədxanlı), "Qətl günü" (Y.Səmədoğlu), "Fətəli fəthi" (Ç.Hüseynov), "Mahmud və Məryəm" (Elçin), "Qarlı aşırım", "Xudafərin körpüsü", "Təbriz namusu" (F.Kərimzadə), "Bakı-1501" (Ə.Cəfərzadə), "Mirzə Şəfi" (Ə.Nicat), "Köç" (M.Süleymanlı) romanları milli tariximizə yeni baxış bucağını müəyyənləşdirdi.
O ki qaldı milli gerçəkliyin, müasir reallığın bədii inikasınag müəyyən şablonçuluğu və stereotipi bu tipli romanlarda da izləyə bilərik. Hələ də bir çox romanlarda "istehsalat" romanlarının təsiri özünü göstərirdi, hələ də "müsbət qəhrəman" bütün işləri yoluna qoyan və əsərin sonunda "mənfilər" üzərində qələbə çalan obraz kimi diqqəti cəlb edirdi. Bu romanlarda əllinci illərin bir sıra bəsit romanlarının sxemi təkrar olunurdu, konflikt və xarakterlər eyni modellə quraşdırılırdı, dəyişilən, yeniləşən həyatın ritmi qətiyyən duyulmurdu. Yalnız bu stereotipi dağıdan bir sıra romanlar yarandı və romanlarda sosrealizmin məlum prinsiplərinə sığmayan fərqli obrazlar, "gəmidə oturub gəmiçi ilə dava edən" (Elçin) qəhrəmanlar ədəbiyyata yol açdı. Həmin romanlarda həyat hadisələri bəzəksiz-düzəksiz, bütün təzadları, mürəkkəb hadisə və olayları ilə canlandırıldı. Buna nümunə kimi Sabir Əhmədlinin "Yaşıl teatr", "Dünyanın arşını", "Yasamal gölündə qayıqlar üzürdü", Elçinin "Ağ dəvə", "Ölüm hökmü", Mövlud Süleymanlının "Səs", Əfqanın "Gülyanaq", Sabir Azərinin "Dalanda" romanlarını misal gətirə bilərik.
Son iyirmi ildə yaranan Azərbaycan romanlarını ilk növbədə, müəyyən problemlər üzrə nəzərdən keçirmək lazımdır.
Burada müəyyən ümumiləşdirmə aparsaq, belə bir nəticəyə gələrik ki:
a) Azərbaycan romanı son iyirmi ildə mövzu-tematika baxımından heç də qıtlıq çəkməmişdir. Tarixi roman ənənəsi davam etmiş, müasir mövzuda, dövrün, zamanın, ictimai-siyasi hadisələrin təsiri ilə yeni romanlar yazılmışdır.
b) Yeni roman axtarışları bu janrın forma-struktur baxımından da təsnifatına yenidən baxmağa imkan yaradır. Roman-reportaj, roman-dialoq, roman-xronika, roman-utopiya, roman-pamflet, roman-besseller, roman-tədqiqat, roman-kino kimi təzə roman tipləri yaranmışdır.
c) Azərbaycan romanının poetikası da özünün yeni bədii-estetik çalarları ilə diqqəti cəlb edir. Romanların dili, üslubu, sənətkarlıq xüsusiyyətləri barədə də müəyyən müsbət fikirlər söyləmək olar.

(ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV