adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

ƏN UZUN GECƏ

VƏSİLƏ USUBOVA
26392 | 2015-01-10 09:10

O uzun gecədən elə də uzun zaman keçməsə də, hər halda arxada qalıb, haqqında söhbət açmaq da vacib deyil bəlkə. Ancaq yaşanmışları xatırlamaq, xoş duyğuları kimlərləsə bölüşməyin özü də bir zövqdür və yeri gəldikcə yararlanmaq adamın karına gəlir...
Düzünə qalsa, söz açmağa da utanıram. Adamı qınaya bilərlər. Mən indiyəcən bilmirdim ki,...
Həmin gün həmkarlarımdan biri otağıma gəlmişdi. Sözarası soruşdu:
-Bu gün ayın neçəsidi?
-Dekabrın 21-i.
-Bilirsən nə günüdü?
Gözlərimi döydüm... Çox gözlətmədi:
-Dekabrın 21-i ilin ən uzun gecəsidi...
-Nə yaxşı... Mənə gülmə, hələ bilmirdim...
-Hə, əzizim... Hazırlaş ilin ən uzun gecəsini qarşılayıb yola salmağa...

***

Bəs, niyə demədi ki, keçirməyə?! Onu qarşılamaq və yola salmaq mənlik deyil. Öz vaxtında gələcək və gedəcək. Amma keçirmək mənlikdi...
Görəsən, başqaları nə edirlər?!.
Qonağım gedəndən sonra da bu sual yaxamı buraxmadı. Yenə pəncərəmin o üzündə Günəş qüruba enirdi. Ən uzun gecənin yaranmasında da onun payı hamıdan çoxdu, yəqin. Həmişəkindən tez batıb, səhər gec çıxacaq. Neçə dəqiqə, neçə saniyə?! Mənası nədi, anlamı nədi bunun?! Bəs, niyə insanın qəlbində sirli duyğular oyadır?! "Əzəldən yaranıb tamaşa dünya" deyən böyük şairimiz bilibmi ki, görən dünyanın doyulmazlığı barədə ən gözəl tərifi yazıb?!
Bəs, mən neyləyim bu gecə?! Heyf ki, insan yaşadığı planetə uzaqdan baxa bilmir. Baxa bilsəydi... Onda Yer üzünün müxtəlif məkanlarına qaranlığın necə, nə zaman çökdüyünü, planetdəki canlıların qaranlıqda necə bir həyat sürdüyünü, zülmət gecələrin kimlərdən ötrüsə romantik anların müjdəçisi, kimlərçünsə ildən də uzun və əzablı yaşantı olduğunu, sabahın tez açılmasının şiddətlə arzulanmasını görə bilərdi bəlkə. Görərdi... və öz ömrünə də təzədən bir nəzər yetirərdi. Hər anın qədrini bilməyə, yaxşını pisdən seçməyə, gəncliyinin, sağlamlığının, vaxtının qədrini bilməyə, özünə gərək olanı vaxtında götürməyə tələsərdi. Tələsərdi və... ömrünü mənalı, rəngarəng etməkçün varından-yoxundan keçərdi...

***
Çarəsiz insan... Nə qədər oxusa, öyrənsə də, həyat bilgiləri ona azlıq edir. İbrət götürməkdə gecikir həmişə. Özünü ağıllı, bilikli sayır, ancaq başına gəlməyincə dərk eləmir yaşamın mənasını. Bəlkə elə ömrün gözəlliyi də bundadı?! Hər şeyi (?) dərk edəndən sonra yaşamaq maraqsız və dadsız olur. Heyrətlənmədən, heyran olmadan, yanılmadan, aldanmadan, aldanışların səbəbini axtarmadan yaşamaq nə verə bilər insana?! Bəlkə buna görə biz cavanlıqda məsləhəti sevmirik, eşidəndə darıxırıq, elə bilirik ki, özümüz bənzərsiz bir həyat sürəcəyik və öz səhvlərindən sonra ağıllanan yaşlılara da fərqliliyimizi sübut edəcəyik...
Bir də ayılıb görürük ki,...
Mən haralara getdim?! Uzun gecəynən bağlı yazımın dadını qaçırdım, deyəsən... Oxucum həssasdı və insan xəyalının da yüyənsiz ata bənzədiyini bilməmiş deyil...
Həmin uzun gecədə nə qədər fikirləşdimsə, məzmunlu, yadda qalası bir iş görə bilmədim. Əvvəl istədim oturub kiməsə uzun bir məktub yazım. Əsrin bütün sürətli ünsiyyət vasitələrinə meydan oxuyum, şam işığında, pərvanələr əhatəsində quş lələyiynən yaza-yaza özündən sonrakı yüz illəri heyran qoyanlara rəhmət oxuya-oxuya ruhumu təzələyim. Amma ürək eləmədim, məktubu alan mənə gülər, dedim...
Bir də həmin gecə "Uzun gecə" İran filmini xatırladım. Sabahın açılmasını istəməyənlərin pərdələri qapamaqla bunu gerçəkləşdirmələrini təbəssümlə düşündüm...
Vəssalam...

***

Yox, bu hələ hamısı deyil. Bəlkə bu düşüncələrimi heç yazmayacaqdım. Əgər... günün birində bənzərsiz qadın və bənzərsiz şairə Nurəngiz Günün dekabrın 21-də-ilin ən uzun gecəsində çox sevdiyi dünyamıza və Günəşə əlvida deməsini oxumasaydım...
İndi mən uzun gecələrdən qorxmağa başlamışam... Tanıyar-tanımaz onunla bağlı bütün cazibədar xəyallarım dondu...
Qoy sabahlar vaxtında və üzümüzə xeyirlə açılsın!...


TƏQVİM / ARXİV