adalet.az header logo
  • Bakı 18°C

Mənmi qocalmışam, ya zəmanəmi

MƏMMƏD DƏMİRÇİOĞLU
39119 | 2015-01-10 09:04
Ağamalı Sadiq Əfəndinin əziz xatirəsinə

1991-ci il


Gecə saat 12 radələri olardı. Yatmağa hazırlaşırdım ki, telefon zəng çaldı. Həyat yoldaşım Zemfira xanım telefonun səsindən kimin zəng etdiyini tanıyırmış kimi:
-Bu zaman zəng edən ancaq dostun Ağamalı Sadiq olar - deyib, dəstəyi mənə uzatdı. Doğurdan da belə idi. Dəstəkdən Ağamalı Sadiqin ağır, ləngərli səsi eşidildi:
-Ayə, Dəmirçioğlu,(bu təxəllüsü mənə özü yaraşdırmışdı) neynirsən? Yatmamısanki?
-Yox, hələ yatmamışam, nə olub ki, gecənin bu vaxtı xeyirdirmi?
-Qardaş, xeyir deyəndə ki...Ayə, desəm inamayacaqsan. Bir erməni dığası tutmuşam.
-Nə erməni Ağamalı? Gecənin bu vaxtı hardan tutmusan ermənini?
-Tutmuşam deyəndə ki, evdə tək idim. Birdən qapı döyüldü, açıb gördüm ki, 20-25 yaşlarında qarayanız bir adam dayanıb qapının ağzında. İdimindən hiss etdim ki, xoş niyyətli adam deyil. Əlində bir vedrə var idi. İçində də iki baş pendir, bir torba süzmə, bir xeyli də yumurta. Dolu olan vedrəni mənə uzadıb dedi ki, bu sizə çatacaq. Danışanda ləhcəsindən hiss etdim ki, ermənidi. Tez dartıb içəri saldım. Yaman nataraz ermənidir. Silah gücünə əllərini bağlamışam. Sən Allah, gec də olsa özünü yetir, görək bunu nə edirik.
Söhbət əsnasında heyrətdən donub qalmış Zemfira xanımın üzünə baxdım.
-Gecə vaxtı nə erməni, - deyib yoldaşım da həyəcanını gizlədə bilmədi.
Ağamalının səsi dəstəkdən birdə eşidildi:
-Əmməd, bu köpöğlu elə yalvarır, elə yalvarır, deyir saz da çala bilirəm. Qurumsu ermənisiyəm deyir, (Qurumsu İncə dərəsi ilə qonşu olan erməni kəndidir - M.D.)sən canın, sazını da götür, görüm yalan danışmır ki?
Üzümü yoldaşıma tutub dedim:
-Ay qız, o sazı mənə ver görüm, deyir erməni saz da çala bilir. Gətir görək düzmü deyir.
Zemfira xanımın həyəcanı yumşaldı, üzündə xoş bir təbəssüm yarandı:
-Ay kişi, erməni hara, saz hara? Yəqin dostun səni görmək istəyir, bunu da bir bəhanə kimi ortalığa atıb.
-Ay Xatın, (Özbəkistanda həyat yoldaşına Xatın deyə müraciət olunduğu üçün məndə belə çağırırdım, elə indi də belə çağırıram)nə vaxt görmüsən ki, Ağamalı mənimlə belə zarafat etsin. Elə bir ciddi, ağır taxtalı kişi mənimlə belə zarafat edərmi? - deyib tez əynimi dəyişdim.
Sazı götürüb maşına əyləşdim. Ağamalı gilin evi bizdən çox uzaq deyildi. 8-ci mikrorayonda, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayırdılar.
Qapının zəngini basdım. Az keçməmiş qapı açıldı, Ağamalı məni içəri dəvət etdi. Maraqlı bir mənzərə ilə qarşılaşdım. Qapının ağzında orta boylu, qarayanız bir adam taburetkaya bağlanmış halda oturmuşdu. Ağamalı əlindəki tapançanı ona tərəf tuşlamışdı.
-Əmməd, canınçün güclə əlini bağladım, hələ də çapalayır ki, əllərini bir təhər açsın. Bu tapança olmasaydı Allah bilir nə edəcəkdi bu dığa.
Bu zaman əlibağlı erməni üzünü mənə tutub yalvarmağa başladı:
-Ara , ara, ay musurman, ara, balalarına yazığın gəlsin. Ara, öldürməyin məni, bu vedrədəki pendirləri də, qatıqları da sizə verirəm, mənə yazığın gəlsin. Sizinlə qonşu olan Qurumsu kəndindənəm. Sizin Qaymaqlı kəndini də tanıyıram. Ara, orada şofer Çaxmırıda, dülgər Əsədi də tanıyıram. Məni balalarının başına pırlat.
Ağamalı bir mənə baxıb, bir erməniyə baxıb:
-Əmməd, ağlın nə kəsir bu ermənidən? - dedi.
-Ay qardaş, gəl polisə zəng edək aparsınlar. Biz burada bunu öldürüb əlimizi niyə qana batıraq ki. Erməni qan adını, polis adını eşidən kimi yenə yalvarmağa başladı:
- Ara balalarına qurbanına olum, məni polisə verməyin. Mana yazığna gəlsin. Bir çətən külfətim var. Sizin kəndlərdə o qədər qartof satmişam ki. Qaymaqlı kəndindən Qaleyçi Nəbini də, Musa kişini də tanıyıram, deyib daha da çox yalvarmağa başladı. Ağamalının hərəkətlərində bir yumşalma hiss olunurdu, üzünü mənə çevirib:
-Əmməd, bu erməni sənin atanı, babanı da tanıdı. Bəlkə bunu bir sazla da sınağa çəkək. Erməni saz adını eşidib gülümsəyərək: - Ay musurman, Allahına and olsun sazına da çala bilirəm. O sazı ver mənə hansı havanı desən hamısını çalım, - dedi.
Ağamalı tapançanı azacıq aşağı salıb dedi:
-Məmməd, mən silahla onu nişanda saxlayacam, bir onun əlini qolunu aç. Sazı da ver görək nə çala bilir.
Beləliklə mən erməninin əlini-qolunu açıb sazı ona tərəf uzatdım. Ağamalı:
-Erməni, sazı " Baş divani"yə köklə görüm.
Erməni əlləri əsə-əsə sazın aşıqlarını sağa-sola burdu. Bir xeyli əlləşib, əksinə, sazı tamam kökdən saldı. Bunu görən Ağamalı tapançanın küpü ilə onun başına vuraraq :
-Ayə, Məmməd, bu yalan danışırmış. Bəs sən saz çalıram deyirdin, heç sazı kökləyə bilmirsən, - dedi.
-Ara, qurbanına olaram, əllərim əsir. Bir özün köklə ver mənə, hansı havanı desən çalaram.
Ağamalı silahı mənə uzatdı:
-Sən bu tapançanı ona tuşla dur. Tapança tətikdədir. Gördün qımıldanır, üstümə hopbanmaq istəyir, təpəsini odda.
Erməni bu sözləri eşidib daha da əsməyə, yalvarmağa başladı:
-Ara, balalarına qurban olum, ara, əlini tətiyə vurma, birdən əlində açılar, məni yazığna edərsən.
Ağamalı sazı kökləməyə başladı.
-Erməni, bu sazı nə günə qoydun, indi kökləyib verəcəm sənə. Əgər birbaş "Divani" çalmasan beyninin qatığını tökəcəm gətirdiyin qatıq vedrəsinə.
Erməninin gözü isə mənim əlimdəki tapançada idi. İndi bayaqkından daha çox əsir, daha çox yalvarırdı.
-Ara, başına pırlanım əlini ora vurma, birdən açılar. Ara vallah Qurumsuluyam, adımda Arşaqdır. Vallah bütün İncəliləri tanıyıram, - deyib dili ilə qurumuş dodağını yaladı. Ağamalı sazın bəmini bəm, zilini zil kökləyib üzünü erməniyə tutaraq dedi:
-Götür görüm ay dığa, çala bildin, demək anan səni namaz üstə doğub, çala bilməsən özündən küs.
Erməni sazı əlinə götürüb, çanağına bir çırtma vurdu, sonra bir gözünü yumub sinədən üzü yuxarı sazın qoluna baxıb qolun əyilib əyilmədiyini yoxladı. Sonra ovcunu sazın arxa tərəfinə tutub xərəyin irəli geri olmasını yoxladı. Mən isə mat-mat erməninin peşəkarlara xas olan bu hərəkətlərinə baxıb göz qaş ilə Ağamalıya işarə etdim ki, kafir usta sənətkara oxşayır. Sonra o sazın qayışını çox böyük ustalıqla çiyninə keçirib simlərə bir təzanə çəkdi. Birdən-birə ev eşik diksinib sanki yuxudan oyandı. Erməni əsl ustad görmüş aşıqlar sayağı bir neçə dəfə təzanəni eyni pərdə üstə vurub birdən ən aşağı beçə pərdədən üzü yuxarı heyrətamiz bir gəzişmə etdi. Tüklərim biz-biz oldu. Sonra baş pərdədə çox ağır olan bir neçə gəzişmələr edib, yenə üzü aşağı beçə pərdəyə endi. Erməni artıq hər şeyi unutmuşdu. Pərdələr ütündə səyyarə misal uçan barmaqları birdən baş pərdənin ütündə dayandı. Dayanıb da baş divaniyə keçid aldı. İlahi, bu nə ovsun idi, nə möcüzə idi?
Saz qumrov kimi ötür, baş divaninin gülləri, xalları pərdə-pərdə enir ,qalxırdı. Qaşları çatılıb, alnı qırış-qırış olmuş erməni indi qosqoca bir ozan babaya oxşayırdı. Elə bil yatmışdım yuxudan oyandım. Üzümü Ağamalıya tutub dedim:
-Bəy, bu qulluqda çodar olmaz, ay olmaz.
Bu nə sirr idi, nə sehr idi anlaya bilmədim...
Bu ara otaqların qapıları açıldı. Bir andaca hər şey aydın oldu. Nabat xanım gülməkdən uğunub getdi. Nofəl qəh-qəh çəkib:
-Məmməd əmi, inan özmüzü gülməkdən güclə saxlamışdıq, - dedi.
Ağamalı da qəhqəhə çəkib dedi:
-Ayə Əmməd, bu ermənini tanımırsan ki ? Bu mənim kiçik qardaşım Alxandı. İt oynadanın biridir. Mənə dedi ki, Məmməd uzun illərdir Özbəkistanda yaşayıb, çox güman ki, məni tanımır. Gəl bir maraqlı səhnə düzəldək. Mən də əla erməni rolu oynaya bilərəm. Hə, qardaş bir cəmdək də yaxşı çəpiş əti gətirib, canin üçün elə bir pörtdəmə hazırlamışıq ki, lap həl-məldir.
Gülməkdən gözləri yaşlanan Nabat xanım:
-Məzən olsun Ağamalı. Allaha and olsun biz özümüz də az qala inanmışdıq ki, evimizə erməni girib. Sonra məlum olmuşdu ki, tapança da oyuncaq tapança imiş.
Nə isə... Məclis quruldu, buğlanan çəpiş pörtdəməsi ortalığa gəldi. Ağamalı:
-Dəmirçoğlu, düzünə qalsa, mən son vaxtlar içə bilmirəm. Daha doğrusu həkimlər də icazə vermir. Alxan da kənddən yaxşı başı xamırlılar gətirib. Dedim həm Alxanla tanış ol, həm də vurmaqda ona yoldaşlıq elə, tək içə bilmir - deyib, badələrə araq süzməyə başladı.
Elə bu ara telefon zəng çaldı. Arayan bizim Xatın idi. Saz səsini eşidib dedi:
-Gördün, sənə dedim Ağamalı bəy sazı da götür dedisə, demək məclis var. O da məsələdən agah olub xeyli güldü...
O unudulmaz günü, bu maraqlı əhvalatı ara-sıra yeri düşdükcə dostlara danışıram. O möcüzə dolu gecə, indi olduğu kimi gözlərim önündə canlanır. Badələr dolub-boşalır, sağlıqlar deyilir, ara Alxan, ara Ağamalı bəyin özü saza sarılıb havadan-havaya keçərək gəlib dədə koroğlunun üstündə dayandı. Alnından, yanağından puçur-puçur olub üzü aşağı axan tərini yaylığı ilə silib ahəstə səslə Koroğlunun qocalığını danışmağa başladı:
-Hə, mənim əzizlərim, o vaxt idi ki, Koroğlu qocalığını boynuna alıb, 7777 dəlisini ellərinə-obalarına yola salmış, Qıratın nallarını sökdürüb Yağı qoruğuna buraxmışdı. Nigar xanımla birlikdə Çənlibelin ətrafını seyr edərkən bir çobana rast gəldilər. Koroğlu çobana yaxınlaşıb çiynindən asdığı yarı ağac, yarı dəmir əşyanı göstərib soruşdu:
-Çoban qardaş, o nədir elə çiynindən asıbsan. Nə çomağa oxşayır nə silaha.
Çoban əyri-əyri bu eşmə bığ, bazburtlu, yekəpər qocaya baxıb dedi:
-Sənin dünyadan xəbərin yoxdur deyəsən. Bu odlu silahdır, adı da tüfəngdir. Koroğlu mat-mat çobana baxıb dedi:
-Ay oğul, bu necə silahdır ki, nə kəsən ağzı var, nə də deşən ucu?
-Qoca, bu elə bir silahdır ki, istədiyin adamı 20-30 metr uzaqdan vurub öldürür. Koroğlu heç inanmayıb dedi:
-A bala, nağıl danışma, bir sübut et görüm dediklərin düzdürmü?
Çoban uzaqda otlayan kalçanı göstərib dedi:
-Bax o kalçanı bir an içindəcə öldürəcəm, amma bu şərtlə ki, sözüm düz olsa kalçanın pulunu iki qat ödəyəcəksən.
Koroğlu razılaşır. Çoban tüfəngi sinəsinə qaldırıb heyvanı nişan alır. Tüfəng açılan kimi kalça bir dəfə yuxarı qıfçınıb arxası üstə yerə sərildi. Koroğlu qaçıb heyvana yaxınlaşdı. Qan içində ölən heyvana baxıb başını buladı...
Ağamalı sanki bir qoca Koroğlu olmuşdu. Sazı sinəsinə basıb "Koroğlu bozuğu" ütündə oxuyurdu:

Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Ötmür dəhanımda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə igidin yası,
Kar etmir qılıncı, polad libası.
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?

Axır əcəl gəldi, Yetdi Hay, haray,
Çəkdiyim qovgalar bitdi, hay, haray.
Tüfəng çıxdı, mərdlik getdi ay haray,
Mənmi qocalmışam, ya zəmanəmi?

Koroğluyam, Qırat üstdə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim.
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi?


TƏQVİM / ARXİV