XAŞ + XAŞ

ƏBÜLFƏT MƏDƏTOĞLU
65956 | 2015-01-10 08:46
Öncədən onu deyim ki, dünyamız o qədər qarışıb, o qədər başlanğıcla sonluq yerini dəyişib ki, adamlar bir az xoflu olublar. Ona görə də kiminsə yanında asqırmaq da, öskürmək də az qala kriminal bir hadisəyə çevrilib. Ona görə də mən indi deyəcəyimi, yazacağımı içimdə xeyli götür-qoy etdim. Doğrudur, indi adamın iç dünyasına da etibarı qalmayıb. Çünki sevdiyin, canından artıq istədiyin birisinə 359 dərəcə bucaq altında baxanda səndən şübhələnir. Axı söhbət orda 1 dərəcədən gedir. Ona görə də məcbur olursan demək istədiyini və yaxud təqdim etmək istədiyini bütün çılpaqlığı ilə ortaya qoyasan. O qədər şəffaf olsun ki, heç kim nöqsan tuta bilməsin. Belə ki, ilin əvvəlində, lap dəqiq desəm, ötən ilin sonunda bir "Saxta baba" adlı yazı yazmışdım. Kimlərsə müxtəlif yerlərə yozdular və sonra gördüm ki, bu yozanların özləri saxtadırlar. Bax, bu mənada gerçəyi demək nə qədər çətin, nə qədər müşkül olsa da hər halda deməyə borcluyuq. Və mən də bir söz adamı olaraq, o borcun məsuliyyətini dərk edirəm. Ona görə də yazımın başlığındakı sözün hansı mənalara yozulacağını öncədən nəzərə alıram...
Bəli, Bakıya qar yağdı. Amma qar yağmamışdan çox dəyərli kişilərdən biri söz verdi ki, əgər Bakıya qar yağsa sizi xaşa qonaq edəcəm. Bilmirəm Allah onun arzusunu nəzərə aldı, yoxsa bizim istəyimizi, hər halda, sonda qar yağdı. Və biz də Bakıda şuşalı qaçqınların bişirdiyi xaşın dadına baxdıq. Məclisin birinci hissəsi çox rahat keçdi. İkincidə ürəyimizə yaxın olan adamlar yadımıza düşdü. Həmin anda bizi xaşa qonaq edən dostumuz heç nə demədən əlini telefona atdı. Harasa, kiməsə zəng etdi. Danışıqdan öyrəndik ki, elə bu məclisdə oturanların istəklisi olan bir xanımın işə vaxtında çatması üçün xidmətini təklif edir. Necə deyərlər, o bizim də istəyimizi öz istəyi kimi gerçəklişdirdi. Və məlum oldu ki, ürəklər yaxın olanda istəklər də üst-üstə düşə bilirmiş. Necə deyərlər, ürək yaxınlığı həm də istək yaxınlığıymış. Nəticədə, Bakının bu qarlı günündə biz həm özümüz əyləndik, istirahət etdik, həm də bizə doğma olan bir Allah bəndəsinin qulluğunda dayandıq. Və deməli, məclisimiz də şirinlədi, xaşın üstünə xaş əlavə olundu. Lap çılpaq desəm, o hərəmizə bir pay xaş söz vermişdi, məclis şirinləşdiyindən ikincisinin də yükünü çəkdi. Nətisədə xaş + xaş oldu, amma xaşxaş olmadı. Lakin...
Bəli, bütün həyatımız boyu hər şeyin ləzzətinə, hər şeyin gözəlinə can atırıq. Bu bizim haqqımızdır. Amma düşünmürük ki, biz hər şeyin gözəlini istədiyimiz kimi, o gözəllik də ona can atanın ən azından normal olmasını istəyir. Amma nədənsə bu münasibətlər, bu istəklər heç vaxt bir-biriylə düz gəlmir. İstək gerçəkliyi, gerçəklik istəyi kölgədə qoyur. Görünür, bu da Allahın qəribə bir yazısı, qəribə bir hikmətidi. Axı, hər şeyin gözəlinə nəsib olmaq haqqı yalnız ona məxsusdur. Biz sadəcə olaraq o gözəlliyin axtarışındayıq, onun Məcnunuyuq. Deməli, məcnunlar leylilərinə qovuşmadığı kimi, bizlərin də o gözəlliyə qovuşması yalnız və yalnız bir arzudur, bir xəyaldır, bir yuxudur.

Gəl,
etiraf edək
sənə
sevgidən daha çox
sevgi oyunu
önəmlidi -
o da səbəbsiz deyil...
axı
bizim birimiz
əyləncələrdən
bəhrələnən
o birimiz isə
Füzulinin
göylərə
qaldırdığı
Məcnun kökənlidi...

***

Bəli, Bakının Yeni ilinin arzulanan qarında biz bir qəribə səhərin müsafirləri kimi bir araya gəldik. Amma indi də fikirləşirəm ki, görəsən niyə dəcəllik edib bir-birimizə ovuc içi boyda qar yumurlayıb atmadıq. Axı, qartopası bizim uşaqlıq xatirələrimizdi. Əgər biz o qarı xışmalayıb bir-birimizə atsaydıq, yəqin ki, xatirələrimizin də yaddaşına nə isə atmış olardıq və xatirələrimiz də oyanardı. Oyanan xatirələr isə həzin və son dərəcə ruhu, könlü oxşayan məqamların pıçıltısıdı. Şəxsən mən həmişə o pıçıltıların işığı altında xəyala dalmağı, özümü unutmağı xoşlamışam və arzu etmişəm. Təsəvvürümdə çox şeylər canlanıb, ilk öncə başımı dizim üstə qoyduğum anamı düşünmüşəm, onun laylasını xatırlamışam. Sonra isə səni düşünmüşəm, sənin əllərinin istisini, nəfəsinin hərarətini duymuşam. Və mənə elə gəlir ki, bütün bu dünya öz mənzərəsiylə, öz gerçəkliyi ilə mənim ixtiyarımdadı, mənə aiddi. Bunu da sən etmisən, daha doğrusu, sənin hərarətin, sənin sevgin edib. İnsan sevdiyinin yanında, sevildiyi yerdə qeyri-adi gücə sahib olur. Düşünmə ki, bütün bunlar bəlağətli, təmtəraqlı sözlərdi, ifadələrdi. Əgər belə düşünsən səndən inciyə bilərəm, ürəyim ağrıyar. Axı, mən sevgini hər şeydən yuxarıda, hər şeydən üstün və hər şeydən öndə görmüşəm və görürəm də. Odur ki, bu sözləri, cümlələri bilgisayara diqtə etdiyim anda da bütün vücudumda sənin nəfəsini, sənin əllərinin təravətini duyuram. Bu da təbiidir, axı o hissləri, o duyğuları mənə Tanrı bəxş edib. Deməli, sənin özünü də Tanrı mənə tuş gətiri, yollarımız kəsişib. Kəsişən yollar isə yeni yolun başlanğıcı deməkdir. Biz həmin o yeni yolun qol-qola gedən yolçularıyıq... Gedirik... Gedirik və ürəyimiz bir də Allah bilir ki, hara qədər gedəcək...
Biz isə bir anlıq dayanıb düşünməliyik. Düşünmək ona görə zəruridir ki, mən bir zarafat etmək istəyirəm. Axı zarafat mütləq mənada gərəkdir. Yolumuzu uğurlu, maraqlı və şən etmək üçün. Odur ki, həmin zarafatı sənin də qulağına pıçıldayıram.

Hamıyla yolum düz gəlir,
Səninlə yola getmirik.
Yanaşı, qoşa gedirik,
Amma qol-qola getmirik.

Əlin bulaşmır yüzlüklə,
Astar küsübdü üzlükdən
Tutub durmuşuq düzlükdən
Sağa, nə sola getmirik.

Dediyim söz üz qarası,
Yoxdur pulu, nə parası.
Gör çatıb işin harası -
Hətta futbola getmirik.

***

İstənilən halda insanı yaşadan və insanı duyğulandıran gerçəklikdi. Gerçək olan nə qədər acı olsa da, o səni düşünməyə, dərk etməyə məcbur edir. Əgər düşünə bilirsənsə, deməli, yaşayırsan, deməli, varsan. Var olan isə Allahın nəzərində olandı. Bax, bütün bu məntiqin arxasında bir reallıq da var, o da təbii ki, səmimiyyətdən bəhrələnən, səmiyyətdən göyərən gerçək insani hisslərdir. Açıq etiraf edək ki, istənilən münasibətin arxasında səmimiyyət və gerçəklik dayanmırsa, onun bar-bəhrə verməsi, ayaq tutub yeriməsi mümkün deyil. necə deyərlər, ən yaxşı halda ömrü qırx gün olacaq. Qırx gün başa çatdıqdan sonra kimin kim olduğu, kimin nə istədiyi sabun köpüyü kimi partlayacaq və...
Deməli, biz kim oluruq olaq, dəxli yoxdur, insan, adam olmaq üçün daha çox mübarizə aparmalıyıq, daha çox çarpışmalıyıq. İstər vəzifə, mənsəb qazanmaq, istər həyatın ən böyük mənası olan sevgiyə qovuşmaq üçün mütləq böyük hərflərlə yazılan Adam olmalıyıq. Təəssüf ki, biz bəzən ya adam ola bilmirik, ya da özümüzü həsr etdiyimiz, özümüzü pərvanəsinə çevirdiyimiz bizi adam kimi adam gözündə, adam yerində görə bilmirik. Görünür bu da bir taledir, bu da bir qismətdir. Yeri gəlmişkən, bəlkə də yazmaq, demək doğru olmasa da, amma içimdən gəldiyi üçün deməyi, yazmağı özümə borc bildim. Lap elə bilgisayarda bu söylədiklərimi öz zəif barmaqlarıyla yaddaşa köçürən xanım da mənim nə dediyimi və nə demək istədiyimi bəzən suallarla, şübhələrlə qarşılayır. Deməli, bu da həyatın bir tərs silləsidir. Onu hərəmiz bir cürə qəbul edirik. Bu yerdə yadıma "Zamana ehtiyacı var" məsəli düşür. Olsun, amma məsələlər bəzən biz olmayandan sonra özünü göstərir. Elə bu şeirimdə olduğu kimi.

Gözləmirdim, bu şaxtanı, b uqarı
Qəfil gəldi gözlərinin içində.
Çilikləndi bir sevginin vüqarı,
Əridikcə sözlərinin içində.

Biz taleyi - qoşalaşmış zər kimi,
Deyəcəyəm, incitsə də hər kimi...
Tərsə yozma bu sonuncu fikrimi -
İzim itir izlərinin içində.

Xan çinar tək ildırımdan laxladım,
Dözüb durdum, haqqa ümid bağladım!
Gözlərimdə iki gilə saxladım -
O qolların, o dizlərin üçün də!

Yaşatdığın bu sevincin, əzabın
Özün qoydun öz sözünlə, öz adın...
İtiyinin, qazancının hesabın -
Biləcəksən Əbülfətin üçündə.

Bəli, 2015-in ilk köşə yazısında mən söhbətə xaşla başlamışdım. Onun ləzzətini yəqin ki, bilənlər var. amma bu dünyanı, ətrafımızdakı pislikləri unutmaq üçün bəzən adamın könlündən xaşxaş da keçir. Axı uyumaq heç də həmişə pis deyil. Mən bunu təbliğ etmirəm, xaşxaş olmasın, sevdiyinin qoynu olsun. Təki uyub unudasan hər şeyi. Bir anlıq da olsa...

TƏQVİM / ARXİV