adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

QATIQDAN ZƏHƏRLƏNƏNLƏR VƏ YA QATIQ MƏSƏLƏLƏR

OQTAY SALAMOV
29774 | 2008-11-08 00:09
Azərbaycanda nemətlərin içərisində ikisinə, bəzən də xiyar da daxil olanda üçünə yazığım gəlir. Qatığa və bozbaşa. Biri dünyanın düz vaxtında ağartıların şahı idi, köpü olan, zəhərlənən, sərinləmək istəyən, ürəyi qalxan qatıq içər, canını rahatlayardı. Biri də əsasən "palatka" toylarının şah yeməyi idi, Azərbaycan kulinariyasında elə indi də hörmətli yeməklərdən sayılır. Amma ağzının danışığını, dediyi sözün mənasını bilməyənlər, susmaq lazım gələndə danışan, danışmaq lazım gələndə sarsaqlayan adamlar "qatıqlayaraq" qatığı hörmətdən saldılar. Musiqiçilər də bayağı mahnılara nəyə görəsə "bozbaş" adı qoyub yeməyin dadını qaçırdılar. Barı "rzaküftə"dən-zaddan qoyaydılar ki, ayda-ildə bir dəfə yadımıza düşərdi. Xiyar da ki, elə xiyardı, yedirdirlər... Qatıqlamalardan danışmaq istəyirəm.
   
   Qəzetlər yazırlar ki, guya müxalifət liderlərinin bəzilərinə vəzifələr təklif olunur. Hətta onlardan biri istəyir ki, Təhlükəsizlik Şurasında təmsil olunsun. Bu məsələnin özü bir az ağartılı söhbətdir, amma uyuşmuş qatıq deyil. Söhbətə münasibətin özündə isə ayran da var, oşala (sıvorotka) da, sırf qatıq da. Siyasi ekspert kimi təqdim olunan Cümşüd Nuriyev deyir: "Müxalifətdə elə bir ağıllı adam görmürəm ki, Təhlükəsizlik Şurasında təmsilçilik etsin". Cümşüd müəllim (vaxtilə bəy idi) məndən inciyə bilər ki, ondan sitatı ağartı haqda danışılan yazıda gətirirəm. Amma gərək sözü dediyi ünvana özü də diqqət yetirəydi. Bizdə nə iqtidar xaricdən gəlir, nə də müxalifət. Heç kim də deyə bilməz ki, iqtidardakıların hamısı ağıllıdır, müxalifətdəkilərin hamısı axmaq. Dünyanın hər yerində gec-tez bir iqtidarı bir müxalifət əvəz eləyir. Ona görə də müxalifəti, eləcə də iqtidarı aşağılamağa heç kəs canfəşanlıq göstərməsin, küləyə qarşı tüpürmək kimi bir işdi bu. Cümşüd müəllim 1993-cü ili yada salır, ondakıların təcrübəsizliyindən danışır və ümumiyyətlə, müxalifətdəkilərin idarəçilik təcrübəsinin olmadığını lağa qoyur. Yaxşı, idarəçilik təcrübəsi haradan olmalıdır? Müəllimin sözündən belə çıxır ki, indi kim vəzifədədirsə, həmişə də onlar olmalıdırlar. Elə-belə, ağartı xatirinə yada salıram ki, Cümşüd Nuriyev komitə sədri qoyulanda idarəçilik təcrübəsi heç də aşıb-daşmırdı... Amma indiki müxalifət(lər)in oyuncaq olduğu ilə mən də razıyam. Ağıla qalanda isə, mübahisəli söhbətdir... O yanlı-bu yanlı mübahisəlidir...
   
   Qəzetlər hıx deyib dirəşiblər ki, "Xəzər"TV-nin əməkdaşı İlhamə Novruzovanı soyublar, üstünə bıçaq çəkib pullarını, sumkasını aparıblar. İlhamə Novruzova and-aman eləyir, bəyanlayır ki, məni soymayıblar, belə iş olmayıb, qəzetlər deyir yox, soyublar, sənin xəbərin yoxdu. " - Qatıq var, qatıq, Zəngilan qatığı! - Ayə, qatıq, Zəngilan neçə ildir ermənidədir, nə Zəngilan qatığı? - Qatıq özünsən, inəyi Zəngilandan gətirmişəm daa!"...
   
   Eldar Namazov deyir ki, "müxalifətin birliyi yazda yaradılmalıdır". Yadıma köhnə bir mahnının sözləri düşdü: "gözəllər sona olur baharda, gəlinlər ana olur baharda"... O vaxt soruşurdular ki, gəlinlər mal-qoyundu ki, sezonla doğsunlar?.. Bizim tərəflərdə qatığın içinə pendir doğrayıb saxlayanda adına "Axtarma" deyirlər...
   
   Təhmasib Novruzov: "Gözükölgəli olmayan müxalifət formalaşmalıdır". Bundan... Heç nə, vaxtilə kefiri butulkada satırdılar, göy də qapağı olurdu...
   
   "Tərəfimizdən yaradılan əməliyyat qrupu"... Görəsən, bizim rəsmilərin peşə danışığını hansı dildən tərcümə edirlər? "Meyitin Qasım Qasımova məxsus olması aydınlaşıb"... Turşumuş qatıqdı...
   
   Amerikanın Azərbaycandakı səfiri Enn Dersi (hələ də öyrənə bilmədim ki, bu xanımın ad-soyadı əslində necədir - Ənn Dörsi, Ann Dersi, Enn Dersi?): "Bəxtim gətirib ki, amerikalıyam". Yadıma Əlikram Hümmətov düşdü. İndi hollandiyalıdır. Məcnun necə oxuyurdu: "Bəxtim-taleyim yoxdu, mən ki, Məcnunam... Qışın buz qatığı, yayın ayranı, payızın qaymağı yadıma düşdü". Allah rəhmət eləsin...
   
   Yazıya hazırlaşanda elədiyim qeydlərə baxıram, ortada bir söz də yazmışam: "Bayraqdar". Mənasını yadıma salanda gördüm dostumuza sataşmaq çıxır. Əslində haqlı olaraq özünü respublikanın baş bayraqdarı adlandıran Elman Türkoğlu KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədlini xəyanətdə suçlayır və qəzetlərə bəyanat göndərərək onu duelə çağırır: "Zəlimxan Məmmədlinin nəzərinə çatdırıram ki, səni mən Elman Türkoğlu Bayraqdar bütün qəzetlərdə, televizorlarda telepata (qəzetlər yazır ki, yəqin "teledebat" yazmaq istəyib) çağırıram və Qanlı gölün yanındakı qəbirstanlığa duelə çağırıram. Bu meydan, bu şeytan". Di gəl başa düş, meydan hansıdı, şeytan hansı. Belə olanda ya Cümşüd Nuriyev düz deyir, ya Elman Türkoğlu, ya da mən - hansısa birimiz qatıqlayırıq. Atalar məsəli: "Qatığın varsa, çək başına"...
   
   İndi deyəcəklərim tamamilə ayrı, müstəqil bir yazının mövzusudur. Amma birbaşa qatığa dəxli olduğu üçün mütləq yazmalıyam. Əvvəllər, təzə yazmağa başlayanda ürəyimdən nə vaxtsa "əməkdar jurnalist" adı almaq keçirdi. İndi çağırıb versələr götürmərəm. Əgər "106 house"nin (ATV) aparıcısı Yusif Ağayev "əməkdar jurnalist"dirsə, bu ad mənə bilmərrə gərək deyil. Bu mövzu haqda danışanda az qala dostlarla düşmən olacaqdım; biri dedi ki, gərək "əməkdar artist" verəydilər, o biri dedi ki, "əməkdar incəsənət xadimi" də olardı, üçüncüsü dedi əməkdar şoumen, tamada statusu da yaradılsa yaxşı olar. Dedim artistlər, incəsənət xadimləri nədə günahkardılar ki, onları təhqir eləyirsiniz. Jurnalistlər təhqir olundu, bəyəm azdır? Qorxuram din xadimləri də baş qaldıra, "xalq mollası", "əməkdar mürdəşir" titulları istəyələr. Yox, onlar belə qatıqlamazlar...
   
   Azad İstehlakçılar Birliyinin (ayıb da olsa, AİB) sədri Eyyub Hüseynovun açıqladığı bir fakt məni tərsinə şapalaq kimi tutdu. Deyir, müddəti ötmüş məhsullar satışdan yığışdırılmır: "Bu tipli məhsullar adətən regionlara göndərilir. Bir çox yerlərdə əhalinin alıcılıq qabiliyyəti zəif olduğu üçün dükandan malı nisyə alır. Satıcılar da, adətən, istifadəyə yararlılıq müddəti bitmiş məhsulları məhz alanlara satır". Ay atanın evinəcən, zəhəri də nisyə alasan... Vallah, millətə qatıq lazımdır ki, barı ölməsin. Amma hələ bu azdır, dalına qulaq asın.
   
   Deyir, dünyanın düz vaxtında başqa şeydən zəhərlənənə qatıq verirmişlər ki, zəhəri məhv eləsin. Dostumuz Faiq Qismətoğlu bir dəfə qatıqdan zəhərləndiyini söyləyəndə ona gülmüşdük. Daha gülmərik. Yuxarıda adını çəkdiyim Eyyub müəllim söyləyir ki, indiki qatığa zəhərli maddələr qatırlar, qaymaqlar polietilendən hazırlanır. Elə-belə, havadan, qatıqçıları sevmədiyindən demir ha, sübut eləyir. Deyir mütəxəssislər hesablayıblar ki, yaxşı bəslənmiş heyvanın südündən alınan qatığın yağlılığı maksimum 9-10 faizə qədər ola bilər. Bu gün mağazada satılan qatıqların əksəriyyətinin üzərində yağlılıq göstəricisi 14-20 faiz qeyd olunur. Deməli, özləri boyunlarına alırlar ki, qatqısı var. Qatqı da... Qatığa da qatqı qatırlarsa, deməli, tam qatıqlayırlar. Bundan sonra zəhərlənənlər sirkə içməyi məsləhət görsələr, deyəcəksiniz ki, bu da qatıqlayır...
   
   

TƏQVİM / ARXİV