Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | NƏ ŞİRİN SÖZDÜR AZADLIQ... Adalet.az | NƏ ŞİRİN SÖZDÜR AZADLIQ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NƏ ŞİRİN SÖZDÜR AZADLIQ...

19824    |   2008-11-08 00:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə şirin sözdür azadlıq! Nə acıdır onsuz yaşanan həyat... Nə gözəl sözdür məhəbbət, səadət, ədalət, sədaqət! Nə böyük bəladır bütün bunların varlığına ümidi itirmək. Sabaha güvəni olmayanın dünəninin mənası solar, bu gününün qiyməti qalmaz. Sa-baha inamı ölənin üzünə səhər açılmaz.
   
   Oxuduğum kitablar, aldığım dərslər həyatımda az olmasa da, mənə yetmədi. Bilik dəryasına sevincək baş vurub yenidən su üzünə çıxanda sahildəki cəhalət qumluğunda qəmə batdığım günləri də taleyimdə yaşadım. Vaxt olub ki, ədalət uzaq düşüb bəxtimdən. Belə olanda namərd tənəsindən, şər, böhtan yağmurun-dan məni hansı çətir, hansı şəmsiyyə qoruya bilərdi? İstəyiblər dərdimdən elə haray çəkəm ki, ürəyi dağlanan özgürlər bunu eşidib öz günlərinə şükür etsinlər. Düşündüyümü danışmayım, gördüyümə inanmayım, eşitdiyimə münasibət bildirməyim. Verilən yağlı vədlərə ümid bağlayıb inanmadığım yalançı bütlərə sitayiş edim. Özünü şərlənməkdən sığortalamaq üçün kimlərisə ləkələyənlər günbəgün artdı. Məhrumiyyət selinin ağına-bozuna baxmadan hər kəsi yuyub aparma təhlükəsi çoxaldıqca, satqınlıq xilasetmə kəmərinin əvəzləyi-cisi oldu. Kimsə düşünmədi ki, bu kəməri bir dəfə taxsa, adı insanlıq siyahısından ömürlük silinəcək. Şərəfsiz, ləyaqətsiz, namussuz, qeyrətsiz yaşamağa alışanlar bunun nə demək olduğunu anlamazlar. İnsan təkcə anadan, atadan yetim qalmır. Zəif, arxasız, kö-məksiz olduğunu bilən kimi, sənə böyük səxavətlə tənhalıq zülmünü yaşadanlar, mənəvi iztirablarından zövq alanlar, evlər yıxmağa, ailələr dağıtmağa qol qoyanlar sevincək düşüb dövrəndə yallı gedəcəklər. Telefonlarının səsi batacaq, lal-dinməz olacaq, sanki birtərəfli rabitə vasitəsinə çevriləcək. Çünki sən artıq heç kimə gərək deyilsən. Əlində real siyasi güc, maddi imkan yoxsa, insanların əhatəsində yetimliyin, təkliyin, tənhalığın nə demək olduğunu sənə göstərəcəklər. Və nə yazıq ki, kimsə özü üçün bundan ibrət dərsi almayacaq. Amma şöhrət, sərvət oğruları köhlən atlarına minib nə qədər çap-salar da, zəfər tağından başını dik tutaraq keçə bilməyib. Bəzi məclislərdə yuxarı başa çəkilsələr də, mərd kişilər cərgəsində yer almayıb. Kəndlərdə odun doğrayan oğulların sayı azaldığından sapı özümüzdən olan baltalar başqalarının əlində alətə çevrilib. Soruşan gərək ki, hər dəfə kimisə baltalayanda barmağınız balamı ba-tır? Kimi satır, kimi alır, bu sövdələşmələrdən kimlərəsə nəsə çatır. Bazarda malların qiyməti qalxdıqca, çoxunun əli ətəyinə yük olur, əməyi bir az da dəyərdən düşür. Kömək üçün Allaha açılan əllər artıq neçə vaxtdır işdən-gücdən ayrıldığından ibadətə yaramır.
   
   Nə yaxşı ki, sevincim əlimdən, qəlbimdən oğurlanan qayğılı günlərimdə məni sevgisiz qoymayan insanlar da tapıldı. Zalımlar nə qədər arxamca çapsalar da, kölgəmi qılınclasalar da, təhlükədən sovuşum deyə, heç vaxt namərd atına minmədim. "Mərdi qova-qova namərd edərlər" düşüncəsinə varlığımla üsyan etdim. Mayası təmiz olanlar namərd gülləsinə tuş gələr, amma namərd adını üzərinə götürməzlər. Bərkə-boşa düşəndə boşda bərk dayanıb, bərkdə başın boş buraxdım ki, kədərimi, qəmimi düşmən görüb sevinməsin, dost üzülməsin. Vaxtilə qədim Roma siyasətçisi, filosofu Siseron deyirdi ki, bizim hər birimiz sürümüzdəki qoyunların sayını bilirik. Amma dostlarımızın sayını söyləməkdə çətinlik çəkirik. Mən də axıradək bilmədim ki, kimdir mənim dostum, kimdir düşmənim?
   
   Ləyaqətə dəyər verib, əqrəb xislət nakəslərə qənim kəsilən, saxtakara sədəqə kimi qara qəpik də verməyən, saf, duyğusal insanlar dostumdur. Bu nizamsız dünyanın nizamını ayarlamaq istedadına, kövrək qəlbə, incə zövqə, sima-sında, baxışında Tanrı payı olan nura, insaf payına, mədəniyyət ziyasına sahib olan insanlardır dostum mənim. Qoca dünya çirkab içində boğulanda, Yer üzündə su azalıb, axan qanlar çoxalanda, havanın, torpağın, suyun mayasına zəhər qatılanda, insanın təmizliyini qoruyub saxlaması, sözünə, özünə, əqidəsinə sadiq qalması böyük qəhrəmanlıq sayılanda, əlinə qələm alıb doğrulardan doğrana-doğrana yazmaq nə qədər çətin olsa da, şərəflidir. Mən həyatda hər şeyə əlinin zəhməti, alnının təri, ürəyinin hərarəti ilə nail olan, bu dəyiş-kən dünyada param-parça hala gələn mənəvi varlığa paradan çox güvənən insanların sorağındayam. Tibb elminə görə, hər kəsin ürəyi yumruğu boyda olur. Amma bu o de-mək deyil ki, hər yekə yumruq insanın ürəyi də böyükdür. Ürək genişliyi, könül sevgisi, qəlbin gücü ayrıca bir məf-humdur ki, fiziki ölçülərə gəlməz.
   
   Zamanın güclü qasırğalarından müvazinətini itirib mayallaq aşmayan, qızmar günəş altında saralıb-solmayan həqiqi dost indi gündüz işığında çıraqla axtarılır. Çıraqlarmı zəiflədi, dostlarmı qeybə çəkildi? Dostluq da bir oddur, alovdur. Amma Novruz tonqalı deyil ki, bayramlarda üstün-dən atılasan. Bu odun-alovun içindən elə keçməlisən ki, alışasan, amma yanmayasan. Sevincinlə, uğurunla düşməni yandırıb-yaxasan. Deyirlər, "dost başa baxar, düşmən ayağa". Sən hərdən dostunun ayağına da diqqət yetir ki, daşa dəyməsin, yollar nabələd olanda "azdım" deyib, naxələflər cərgəsinə keçməsin.
   
   Əvvəli pivə satmaqla işə başlayıb, sonralar naşir kimi məşhurlaşan Ginnesin rekordlar kitabına 50 stəkan su içənlərin, 50 yumurtanı bir oturuma yeyənlərin adlarını salırlar. Dünyada hər kəsin diqqətini çəkən rekordlar kitabında əlli illik dostlardan, dostluqdan bir dəfə də olsun söz açılmadığından, su içənlər, şüşə yeyənlər, dəmir gəmirənlər daha çox təşviq və təbliğ olunduğundan dostluq anlayışı ilkin anlamını itirir, məna yükü kiçilir, cılızlaşır, çürüyür, yavaş-yavaş unudulur. Adamları daha çox birləşdirən ümumi istisadi maraqlar, qorxu hissi, kimdənsə, nədənsə asılılıq olur.
   
   
   
   ***
   
   
   
   Dünya yaranandan bəri hey bölünür. Əslində, Yer üzü necə varsa, elə qalır. Bölünmə şərtidir. Hissələr gah kiçilir, gah böyüyür. Dillər, dinlər fərqli, istəklərsə birdir - dünyaya hakim olmaq. Savaşlar buna görə aparılır, nahaq qanlar sel-su yerinə buna görə axıdılır. Hər kəsin öz Allahı var. Laməkan Allahsa, bizə görə təkdir.
   
   Göydən baxanda ölkələr də şəxsi həyət-bacalar kimi bölünüb, hasarlanıb. Hərə öz gücünə, imkanına görə yerdən, sudan, səmadan öz güvənliyini saxlamağa çalışır. Kimsə yeni savaşdan sığorta-lanmayıb. Silahlar ona görə artır, təkmilləşir, ordular ona görə hazırlanır, qüdrətlənir. Hər dövlətin öz ordusu var. Amma bir "hərbi birləşmə"də var ki, tərkibi beynəlmiləldir. Hədəf - rəhbər işçiləri, ən yüksək vəzifə tutanları yüksək peşəkarlıqla ruhu incimədən yıxmaqdır. Baş qərargahı bilinmir ki, haradadır. Burada çağırışçılar deyil, peşəkarlar xidmət edir. Xidmət könüllülük əsasındadır. Amma şərtlər fərqlidir. Gərək beynəxalq yaltaqlar dilini biləsən. Bir zərrə də dinin-imanın qalmaya. Əqidən - əqidəsizlik ola. Dünyanı öz evin, hər kəsi də öz düşmənin biləsən. İşin kimdən keçirsə, onun bayrağının altından keçəsən. Bəzən çirkli dəsmal da bayraq ola bilər, təki rəngi düz gəlsin. Ən çox sevilən marşlar, mahnılar müxtəlif dillərdə səslənsə də, sözlərinin məna tutumu eynidir: mənəviyyatdan, Vətən, millət sevgisindən tez qurtul ki, gücə sitayiş edəsən. Güc birlikdə deyil, birilərindədir. Ona görə bir nəfərə xidmət etməyi öyrən ki, tezliklə yüksələsən. Bunu mənimsədinsə, marş irəli! Demək ki, sən oldun məddahlar ordusunun əsgəri! Bu "ordu"nun köməyilə bir vaxtlar şahları, paşaları, xanları, bəyləri yıxıblar. Zaman dəyişsə də onun cəbhəxanasındakı silahların modernləşməyə ehtiyacı yoxdur. Yerli şəraitə, mentalitetə uyğun fərdi təlim keçmiş "əsgər"lər odlu və ya soyuq silah tanımaz, üst-başında partlayıcı maddə daşımaz. Çünki seçmə "qoşun hissəsi"nin "döyüşçü"sünün silahı - şərbət dadan zəhərli dili, xoş təranələr tək səslənən boyalı sözləri, saxta gülüşü, dana heyranlığı ifadə edən baxışları, mərhəmət maskası altında gizlənən riyakar siması, səxa-vətlə rüşvət paylamaqda ixtisaslaşan, yorulmadan çəpik çalmaqdan, pul saymaqdan halal zəhmətə həsrət qalan əlləridir. İstər komandir olsun, istər sıravi əsgər, burda kimsənin qəlbi hisslər, doğal duyğularla isinmir. Hər kəsin ürəyi kənardan idarə olunan naməlum primusun oduyla qızınır. İstisinə isinmədiyi kimi, tüstüsünə də kor olmur. Məddahlar ordusundan qurtuluş yoxdur. Məddah sehrbaz kimi, lazım gəlsə alçaq dağları zirvə kimi təsvir edir, qurbağa gölündə sualtı qayıqlar gördüyünə utanmadan şahid qismində ifadə verir. Ağa qara, qaraya ağ deməklə gözünün qarasını itirməkdən də çəkinmir. El-oba içində üzü qara olmaqları bu "cəngavər"ə ayıb deyil, təki günləri qara olmasın. Lazım gəlsə, yeddi notu sırasıyla saya bilməyəni böyük bəstəkar elan edər. Bethoven də kar idi deyib, karına gələn karı da, koru da musiqi və gözəllik yarışmalarında münsiflər heyətində oturdar. Cibindəki pulun hesabını bil-məyəni baş hesabdar qoyar.
   
   
   
   ***
   
   Ağıl əməllə ölçülər. Nə edək ki, onu dəyərləndirən, qiymət verən tərəzinin daşları standart ölçü vahidləri ilə düz gəlmir. Səbrini udub, zamanını gözləyə bilsən, çox şey qazanarsan. Bu dünyada zamanı gələndə çox şey insana verilər, bəzən geri alınar. Bir şey ki, verilər də, alınar da, sanma ki, əbədi sənindir. Sənin olmayandan bərk yapışma ki, itirəndə özünə dərd, ürəyinə yük eləməyəsən. Bizim olan bir şey varsa, içimizdəki azadlıqdır, məhəbbətdir. Dağa, da-şa, dənizə, torpağa, suya, oda, səmaya, sabaha şəfqətli sevgidir.
   
   Nə yaxşı ki, taleyimdə ağıllı olduğu qədər gözəl, gözəl olduğu qədər ağıllı, hər ikisinin cəmi qədər duyğusal, səmimi və mehriban insanlar da var. Onları ömrümün daşlı-kəsəkli, enişli-yoxuşlu yollarında, aşırımlı döngələrində hər an yanımda gördüm, ümidlərimin, xəyallarımın qırılmaz qanadlarında hər zaman yaşatdım.
   
   Bizim yelkənli qayığı hərəkətə gətirən də sevgidir, məhəbbətdir. İstiqamətimiz, niyyətimiz mövqeyimiz kimi düz, arzularımız əməllərimiz kimi təmizsə, dəniz firtınalı olsa da yol adamı yormaz. Nə gözəl duyğudur riyasız, boyasız saf məhəbbət... Nə böyük səadətdir onun varlığına inanmaq və bütün həyatın boyu ümid adlı öz yelkənli qayığında azadlığa, məhəbbətə, üfüqlərdə parlayan o nurlu şəfəqə doğru can atmaq!..
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK